RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəAzər Cahangirovun dostları qovuşduran şad günü

Moskvada bu gün, sentyabrın 27-də əziz dostumuz Azər Cahangirovun növbəti yuvarlaq ildönümü tamam olub.
Həmin günü əsl bayram sayanların, Azəri qəlbən sevənlərin əksəri Bakıda, Azər Moskvada, ya hardasa bir başqa yerdə, mən Avropa səmtə uçmağa hazırlaşmaqda, bayram da, hamımızın birgə iştirakı ilə keçirilməsini gözləməkdə.
Azər ağıllı, tədbirli, uzaqgörən adamdır.
Bir neçə il əvvəl Bakıda vaxt pəncərəsi tapa bilmişdi, irəlicədən danışaraq təzə, köhnə, lap köhnə dostları, qohumları toplamışdı və hər ehtimala qarşı sözarası işarə də eləmişdi ki, birdən 2019-un sentyabrında yığışmağımız çətin oldu, ona görə də bu məclisi həm də onun əvəzi kimi nəzərdə tutun.
Azər Cahangirov Azərbaycan ziyalılığının ən nümunəvi, Azərbaycan vətənsevərliyinin ən mötəbər təmsilçilərindəndir.
Azərbaycan yalnız onun adında deyil, hər an bütün varlığında yaşayır. Ona görə də Azər harda olsa, həmişə arxayınam ki, orda mütləq Azərbaycan var.
Azər harda varsa, orada Azərbaycanın və onun işıqlı insanlarının uğurları ilə iftixar duyğusu var.
Azər harda varsa, orada daim Azərbaycanı layiq olduğu yüksəklərdə görmək arzusu var.
Azər indi - dünyanın hər üzünü görəndən, müdrikləşəndən sonra belə olmayıb.
Azər ilk gəncliyindən, ömrü boyu belə olub.
Harada işləyibsə, vicdanlı olub, işə ürəyini sona qədər verib, mütləq Azərbaycan naminə, hətta ən dar macalda belə, nəsə faydalı bir əmələ imza atmağa çalışıb.
Cavanlığında, komsomolda çalışdığı vaxtlarda da enerjili, təşəbbüskar, yorulmaz, əsl Azərbaycançı idi, hərbçi olanda, sovet güc sistemində çalışanda da həmin xüsusiyyətlər onunla idi, hamımızın Türkiyə həsrətlisi olduğumuz əyyamlarda SİTA-nın- TASS-ın Türkiyədə xüsusi müxbiri işləyəndə də belə idi, indi də həmin cürdür.
Moskvada yaşaya-yaşaya Azər hamınızdan çox Bakıdadır.
Hansısa yerli və xarici saytda, qəzetdə, jurnalda Azərbaycanın böyük adına və xəttinə azacıq da olsa xələl gətirəcək ən xırdaca bir izə rast düşəndə həyəcanla zəng vurur ki, nə edək, hansı qabaqlayıcı addım ataq, nə tədbir görək?
Və sidq-ürəkdən təəccüblənir ki, niyə bizim tərəflərdə məsələyə hələ heç bir reaksiya yoxdur.
Moskvada, hətta Rusiyanın hansısa başqa bir şəhərində Azərbaycanın fəxri sayılmalı hansısa görkəmli adamla bağlı mərasim keçirilirsə, təqdimatlar olursa, yubileylər təşkil edilirsə, Azər ora can atır, varlığı ilə o toplantılarda, o yığıncaqlardakı Azərbaycan havasını bir az da gurlaşdırır.
Ürəyi soyumur, götürüb o haqda Rusiya mətbuatında da yazır.
Dostumuz, istedadlı bəstəkar və müğənni Rizvan Sədirxanovun bəstələri səslənən, haqqında xoş sözlər söylənən konsertlərin, izdihamlı yığıncaqların hamısında hamımızın əvəzindən iştirak etmək, hamımızın əvəzinə sevinməkçün tələsir və bir də baxıram ki, gecə yarısı qatıldığı, Azərbaycan dalğası keçən tədbirlərdən telefonla çəkdiyi videolar gəldi poçtuma.
Azərbaycan, bu millət Azər Cahangirov kimi işıq daşıyıcısı olan insanları ilə güclüdür.
Azər sədaqətli insandır, bel bağlamalı dostudur.
Haçan Bakıya gəlirsə, mütləq əbədi uyuyanlarını ziyarət etməyə yönəlir.
Dünyadan getmişlərinə nə qədər etibarlıdırsa, onu bu dünyaya, həyata bağlayan doğmalarına, övladlarına, dostlarına və ürəkdaşı Nəzirəsinə də o qədər sədaqətli, etibarlıdır.
Azər minnətdar olduqlarına borc duyğusu içərisində nəbz kimi vuran bir əsgər kimidir.
Bizdən uzaqlarda qarşıladığı bu yeni doğum günündə, əlbəttə ki, bizimlədir.
Həm də lap yaxında - ürəyimizdədir!
Azər həmişə gerçək yaşından qat-qat gənc görünüb, indi də belədir, ümidvaram 20-30 il sonra da belə olacaq.
Çünki qəlbi xeyirxahlıqla, nəcibliklə, dürüstlüklə, saflıqla doludur!
Azəri Azər edən, Azəri bizimçün çox sevimli, çox qiymətli edən bu keyfiyyətlərdir.
Nə qədər ki, nəfəsi gedib-gəlir, bu məziyyətlər də onunla qalacaq!
Dədə Qorqud sevdiyi soydaşlarına uzun və sağlam ömür diləyəndə "Üç otuz on yaşına dolasan" deyirdi.
Həmin ölçüylə Azər hələ xeyli cavandır, çünki üçüncü otuzu hələ indi başlayacaq!
Qardaşım Azər!
Səni bağrıma basıram və ömrünün qarşıdan gələn hər yeni gününün sənə və sevdiklərinə xoşbəxtlik, uğurlar, sevinclər gətirməsini arzulayıram!
Bayramı isə mütləq keçirəcəyik!
Bir-birimiz haqqında deyilməsi vacib olan gözəl sözləri adı günlərdə deməyə ya dil dönmür, ya çoxu deyilmədən ürəkdə qalır, yaxud deyilsə də,sanki təmtərağı az olur.
Biz bayram istəyirik!
Məclis lazımdır - hətta birgə oturub susmağı ilə də bir-biri ilə danışa bilən sadiq dostların məclisi!

27 sentyabr 2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook