RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəÜzeyir bəyin gördüyü işıq

Həyat onu sınaqlara erkən cəlb etdi.
Hələ uşaq idi, yeniyetməliyini yaşayırdı, ömrün əslində qayğısız olmalı bu illəri həm öz taleyindən, həm d' vaxtın kəc gedişi ucbatından çətin gəlmişdi.
1941-ci ildə onun 14 yaşı vardı, Böyük Vətən müharibəsi deyilən və İkinci dünya savaşının ən müdhiş parçası olacaq ağır illər yaşanırdı, balaca Firudin Bakıdakı leytenan Şmidt adına ma.ınqayırma zavodunda fəhlə işləyirdi.
Ahıllar, cavanlar hamıs; səfərbər edilmişdi, arxa cəbhədə qalanlar və zavodda-fabrikdə, kolxoz-sovxozda çalışanlar əksərən qadınlar, yeniyetmələr, bir də ya səhhəti, ya da yaşı orduya aparılmalarına imkan verməyənlər idi.
Ancaq məni həmişə düşwndürən bu olub ki, Covet İttifaqının elm, təhsil, mədəniyyət siyasəti necə mükəmməl qurulubmuş!
O qədər ağır dövrdə, xüsusən başlanğıc illəri az qala ümidsiz olan, milyonları insanı udan müharibədə belə sovet dövləti mədəniyyətə münasibətdə təmkinini itirmirmiş, cəbhədə 'lav' hər nəfərə ciddi ehtiyac olsa da, sənət xadimlərinin seçilmişlərini əsgər aparmırmış, döyüşlərə göndərmirmiş.
Və bu azmış kimi? müharibə vaxtı həmin Şmidt zavodunda da yəqin bir çox başqa yerlərdəki kimi özfəaliyyət dərnəyi fəaliyyətdəymiş.
Heç kəsin də ağlına gəlmirmiş qımıldansın ki, bu qan-qadalı gedişatda, ölkənin can hayında olduğu dönəmdə teatra, musiqiyə, şeirə, illah da özfəaliyyət dərnəklərini davam etdirməyə nə ehtiyac!
Əksinə,bu qəbil işıq daşıyan təşəbbüslər insanlara daxildən güc verirmiş, ürəklərdə sabaha inam oyadırmış, bu davanın da, ölüm-itimin də tezliklə bitəcəyi ümidlərini qüvvətləndirirmiş.
Həmin Şmidt zavodunda da aktyor Ağadadaş Qurbanovun dram dərnəyi rahat zamanlardakı kimi işini davam etdirirmiş.
Bir gün gənc, yeniyetmə fəhlələrə müraciət edir ki, Mirmehdi Seyidzadənin “Qızıl quş” tamaşasını hazırlayırıq, müşkülə düşmüşük, bizə təcili olaraq Bəbir xan rolunu oynamağa bir uşaq lazımdır, istəyirəm yoxlayım, aranızda kimin həvəsi, bacarığı varsa bu işə qoşaq.
Elə həmin özfəaliyyət dərnəyindəkilər də Firudin yaşında olanlar idi və bu yeniyetmə ilə yüngülvari tanışlıqdan, ilk yoxlanışdan sonra Ağadadş Qurbanov onu tərddüdsüz tamaşada oynayanların sırasına əlavə edir.
Zabitlər evindəki uğurla başa çatan tamaşadan sonra isə Ağadadaş Qurbanov ciddi-cəhdlə Firudin Mehdiyev və daha bir neçə yeniyetmənin teatr texnikumuna qəbul olunması təşəbbüsünü qaldırır,istəyinin gerçəkləşməsinə də nail olur.
Beləcə, Firudin Mehdiyevin böyük sənətə aparan yolu açılır.
Həm teatr texnikumunda oxuyur, həm də Milli Dram Teatrında köməkçi heyətdə ara-sıra çıxış etməyə başlayır.
1944-cü il imiş. Artıq bütün əlamətləri ilə hiss edilirmiş ki, üzücü müharibədəki qələbə deyəsən yaxınlaşmaqdadır.
Sovet ordusu qələbələr çalaraq addım-addım irəlilədikcə sabaha bağlı niyyətlər, diləklər, işlər də insanları daha çox düşündürürmüş.
Bir gün cavan rejissor Şəmsi Bədəlbəyli dram teatrına gəlir.
Onun xahişi ilə bütün cavanları toplayırlar.
Şəmsi müəllim qayıdır ki, musiqili komediya teatrını təşkil etmək istəyirik. Mənə səsi olan, oxumağı bacaran aktyorlar lazımdır.
Firudin Mehdiyevi, Lütfi Məmmədbəyovu, Məlik Dadaşovu, onun qardaşı Salmanı, Arif Babayevi, Müxlis Cənizadəni və bir çox başqa cavanları dəvət edir musiqili komediya teatrına.
Başlayırlar işləməyə.
Firudin Mehdiyevsə onların arasında ən fəalı idi. O qədər fəal ki, hətta başlamışdı aparıcı rolları da öyrənməyə.
Şəmsi Bədəlbəylinin də xəbəri vardı ki, bu gənc bütün baş rolları əzbər bilir. Ona görə də 1945-ci ildə bir ara Lütfəli Abdullayev xəstələnəndə Firudinə "Sabah tamaşada sən oynayacaqsan", -- deyir.
-- Axı?
-- Axısı yoxdur, oynayacaqsan, yaxşı da alınacaq. Bilirəm ki, Lütfəlinin bütün rollarını mənimsəmisən.
Tamaşa müvəffəqiyyətlə keçir və bu debütdən sonra daha çox vaxt Lütfəli gündüz tamaşalarında özü çıxmır, rollarını ifa etməyi buraxır Firudinin öhdəsinə.
Hər tamaşa isə bir az da təcrübələnmək, bir az da püxtələşmək üçün yeni fürsət idi. Çünki onunla eyni səhnəni bölüşənlərin neçəsi tanınmış aktyorlar, müğınnilər idi, hər birindən hər tamaşada nəsə öyrənmək girəvəsi vardı.
Lakin bu arada yolunun səmti bir qədər dəyişir.
İncəsənət işləri idarəsində rəhbər vəzifə tutan, Mircəfər Bağırovla yaxın olduğundan sözünün dalı da, qabağı da kəsən İbrahim Zeynalov ( sonraların məşhur sənətkar qardaşalrı Teymur və Tofiq Mirzəyelərin atası) günlərin birində, yaxşı tanıdığı, əslən qubalı olduğunu bildiyi Firudini çağırır ki, Qubada dram teatrı açılır, sən gərək orada işləyəsən.
Firudin yalvarır ki, axı mən burada işləmək istəyirəm, olarmı getməyim Qubaya?
Cavab sərt olur: “Mütləq getməlisən! Getməsən səninçün yaxşı olmayacaq. Sabaha qədər fikirləş”.
Firudin gəlib evdə anasıyla məsləhətləşir.
“Ay oğul, çox da müharibə qurtarıb, görmürsən tuthatutdur. Səni də göndərərlər Sibirə, başıma haranın daşını salaram onda! Necə deyirlər, o cür də hərəkət elə”.
Nə biləydi ki, könülsüz qəbul etdiyi bu təklif, işləməyə candərdi razılıq verdiyi Quba teatrı onun taleyini dəyişəcək, məhz ata-baba yurdunda onun gələcəyin müğənnisi və opera aktyoru olmasının aqibəti müəyyənləşəcək.
Quba teatrında Fikrət Əmirovun “Gözün aydın”ı tamaşaya qoyulmalıymış. Mərkəzi Komitənin zəhmli Birinci katibinin xüsusi nəzarəti və nəvazişi altında olan Quba teatrına cavan bəstəkarın özünü də ezam edirlər ki, tamaşanın hazırlıqlarında bilavasitə işitirak etssin, lazımi köməklərini göstərsin.
Fikrət biləndə ki, Firudinin musiqi təhsili yoxdur, təəccüblənir: “Sənin həm gözəl səsin, həm də incə musiqi duyumun var, teatr texnikumu təhsili azdır, sən gərək yaxşı musiqi savadı alasan”, -- deyir.
Başlanğıc üçün Fikrət Əmirov Firudinə özünün “Gülüm” romansını öyrədir ki, işdi-şayəd sabah onu hardasa, kimlərəsə təqdim etmək istəyəndə ehtiyatında yalnız xalq mahnıları deyil, sanballı bəstəkar əsəri də olsun.
“Gözün aydın”ın Quba teatrında premyarsından sonra Fikrət Firudini aparır Üzeyir bəyin yanına.
Və Firudin “Gülüm”ü oxuyur.
Xeyirxahlıq mücəssəməsi, peyğəmbər xislətli Üzeyir bəyə onun qəbuluna gətirilmiş cavanın bircə ağız oxumasını eşitməsi yetərli idi ki, qabında nə olduğunu görsün və nəcib qərarını versin.
O gün biz, millətimiz, Azərbaycan sabahın daha bir parlaq sənətkarını qazanırdı.
Bunu o gün tək Üzeyir bəy görürüdü.
Bu gün bütün Azərbaycan bilir və görür!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook