RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəÇiçəkləri diksindirib xöşbəxt edə bilən qərib adam

O çağlar – 1970-ci illərin sonları, indi illərin üstündən baxanda aydınca görürüsən ki, sanki bütün mahiyyəti ilə büsbütün ayrı zamanmış.
Yəni zahirən məlum məsələdir ki, 10 il, 20 il, 30 ilə əvvəlki vaxt, o yana qalsın, heç bir saat qabakı, 5-10 dəqiqə öncəki zaman da indiki an kimi deyil.
Arxada qalıan vaxtın tam təkrarsız, artıq axıb getmiş öz hüsnü, öz özəlliyi varmış.
Yunan müdriki də çoxdan təsdiqləyib ki, axan çaya yalnız bir dəfə girmək olar.
Yəni sonra lap yüz dəfə gir, bir an öncəki artıq ötüb getmiş olacaq, KEÇMİŞ olacaq!
Lakin illər keçsə də, çox şey olduğu kimi qalır axı!
İnsan, onun vərdişləri, hər dövrün – ilk növbədə insanların əməlləri ilə müəyyənləşən – rəngləri nisbətən gec, aramla, tədriclə dəyişəndir.
Hərdən işlətdiyimiz “vaxt sürətlə keçir” deyimi boşuna yaranmayıb.
Bəlli həqiqətdir ki, vaxt hərdən iti, bəzən ləng hərəkət etmir.
Onun müəyyən sürəti var ki, əsasən sabitdir.
”Əsasən”i ona görə hər ehtimala qarşı yazıram ki, bir ilin o biri ilə nisbətən uzunluğunda hər dəfə saniyənin neçə mində biri qədər təvfavüt var, hərçənd bunu sıradan olan insanların hiss etməsi mümükünsüzdür.
Bir fərq ki, neçə minilə yığılaraq gözəgörükən ola, onu yazıq adam nə təhər duya biliər?!
Bunlar astronomluq məsələlərdir.
Vaxtı hərdən astagəl, hərdən yeyin kimi göstərən və onu bu cür görünməyə vadar edən bizik – adamalardır.
1970-ci illərdən nə keçib ki!
Böyük Zaman Saatının nəzərində bu elə ani bir vaxt kəsiyidir ki, onu Tarix Müstəvisində “göz qırpımı” adlandırmaq da şişirtmə təsiri bağışlayar.
Fəqət siz dünaya da baxın, insanlara da fikir verin.
Elə bil bizə bəlli işıq sürətindən qat-qat üstün, dərrakəmizdən kənar hansısa ilahi sürətlərə malik hava gəmiləri hamımızı ayrı bir vaxt adasına uçurub.
Dünya həmin dünyadır, həmin adamlarıq, amma həm də bu nə həminki dünyadır, nə də biz həminki bizlərik.
1970-ci illərdə bir-birimizə məktub yazar məktub alardıq, səbirsizliklə bu şəhərdən o şəhərə, bu ölkədən o ölkəyə yolladığımız məktubların cavablarını gözlərdik. Həmin məktubları adətən cırıb atmağa əlimiz gəlməzdi, yadigar fotolar kimi saxlardıq.
Biz – yəni dünyanın dörd bucağındakı insanlar.
İndi necədir?
Oturursan kompüterin qarşısında, ya da elə telefondaca dünyanın istənilən uzaqlığındakı tanışına məktub yazıb dəqiqələr, hətta bəzən saniyələr ötüncə cavab alırsan.
Daha nə məktubları xüsusi müəqəddimələrlə başlamağa ehtiyac var, nə də bər-bəzəkli sözlər, təsirli ifadələr axtarmağa lüzum.
Münasibətlər də, hisslər də daha komktret, daha rasional olub.
Bu isə o deməkdir ki, həm də səmimiyyət, hərarət əvvəlki kimi deyil.
O vaxt – 1970-ci illərdə xatirimdədir ki, radio-televiziyaya, qəzet-jurnallara məktublar qalaq-qalaq gələrdi, sətirlərdə insanların ürəklərinin döyüntüsünü sezərdin.
Bu da yadımdadır ki, o vaxt yeganə olan televiziyada da, radioda da ayrıca “Məktublar redaksiyası” vardı.
Çoxdan ləğv olunub. Məktub axını olmayandan sonra kimə lazımdır belə şöbələr?
Radioda “Muğam” verilişi yeni səslənməyə başladığı və dərhal da geniş dinləyici auditoriyasının dərin rəğbətini qazandığı həmin 1970-ci illərin ikinci yarısında bir gün redaksiyaya kiminsə verilişin bunca populyarlığına qısqanclığındanmı, ya kiminsə muğamın xalq arasında belə sevilməsinə narahatlığındanmı, ya bəlkə də kiminsə muğama olan diqqəti bir az artırmaqçün qızışdırıcı fənd işlətməsinin ifadəsi olaraqmı yetərincə fərqli məktub gəlmişdi.
Müəllif yazırdı ki, muğam keşmişin qalığıdır, əsrin sürətləri ilə uyğun olmayan, ömrünü başa vurmuş musiqidir, ona bu qədər vaxt həsr etməyə, belə mənasız təhlilələrə gərək yoxdur.
Və həmin “Muğam radio jurnalı”nın təəssübkeş redaktoru, dostum Elxan Babayev bu məktubu cavabsız qoymamağı qət etmişdi.
Təbii, özü də cavab verə bilərdi.
Həmin dövrdə canlı klassik sayılan muğamçılarımız az deyildi. Bu məktubu cavablandırmağı onlardan hər hansı birinə də etibar etmək olardı.
Lakin Azərbaycanın o qədər bilgin muğam ifaçısı və muğamşünasları arasında bu məktuba cavab verəcək ən uyğun şəxsiyyət kimi Konservatoriyanın professoru, ixtisasca ədəbiyyatşünas olan Arif Məmmədov seçilmişdi.
Arif müəllim muğama atəşin məhəbbətlə elə hərarətli çıxış etmiş, elmi cəhətdən əsaslandıraraq elə sərrast cavab vermişdi ki, ürəklərdən tikan çıxarmışdı.
Bu dəfə Arif müəllimin adına sıra-sıra təşəkkür məktubları gəlmişdi.
Muğamın taleyinə ən çox nigaran olanlardan biri, ustad xanəndə Hacıbaba Hüseynov “O çıxışı əvvəldən sona qəhərlənə-qəhərlənə, iftixar edə-edə dinlədim”, -- söyləmişdi.
…Bu qəribə adamın (indinin gözüylə qəribə, bu gün sanki çox uzaqda qalmış həmin 1970-ci illərdəsə saysız muğam aşiqlərindən biri olan) Arif Məmmədovun minik avtomobili vardı. Təbii ki, həmin avtoçomobilin baqaj hissəsi də olmamış deyildi. Ancaq bu bilikli və duyğun insan həmin baqaj bölümünə heş vaxt nə aldığı bazarlığı yığar, nə də bağqa yükünü yerləşdirərdi.
Həm də o hissəni daim gül kimi təmiz saxlardı.
Çünki Arif müəllim hara getsə maşınının baqaj hissəsində ayrıla bilmədiyi üçlüyü özü ilə daşıyardı: ud, skripka, saz.
O eşq ki onda vardı baqaj hissəsi balaca olmasaydı, yerləşsəydi, hətta pianinonu da özü ilə gəzdirərdi.
Arif müəllimin fortepianodakı muğam gəzişmələri ayrı aləm idi.
Skripkada muğamı elə ifa edirdi ki, kamançanın şirinliyi yalan olardı.
Sazı ki, heç demirəm!
Hələ oxusu! Nə təsirli xırdalıqlar, nə füsünkar, nə cazibəli boğazlar!
Dostlarla rayonlara səfərə getdiyi əsnada bir də görərdin hanısısa söhbət, hansısa mənzərə onu riqqətə gətirərdi.
Əylərdi maşını., açardı baqaj bölümünü.
Dağlar, yamaclar, otlar, çiçəklər elə onların özləri kimi məsum musiqiləri eşidincə dikisinərdilər, bu bihuşedici təranələrl’ sığallandıqca bəxtiyar olardılar.
Məgər hər günmü, hər ilmi, hər onildəmi onların həyatında belə xoş möcüzələr baş verirdi?!
Azərbaycanda dostlarını, tələbələrini, pərəstişkarlarını, yeri düşdükcə isə dağı, yamacı, otu, çiçəyi birca anda xoşbəxt etməyi bacaran belə bir heyrətamiz insan vardı.
Bütün varlığı musiqi ilə dolu Arif Məmmədov…

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook