RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBöyük ruhun gücü

Onlar yaxın dostlar idilər və bu mehribanlıq, bu ülfət ömürlərinin sonuna qədər davam etdi.
Bədəl bəy balalarına həmişə tövsiyyə edərdi ki, həyatda Süleyman əmi kimi saf, dürüst, vicdanlı olun və bir neçə dəfə təfərrüatı ilə danışsa da, məqam düşdükcə bəlli bir əhvalatı təzədən nağıl eləyərdi ki, həmin hadisınin ibrəti uşaqlarının hafizəsindən heç vaxt silinməsin.
Əhvalat vaqe olmuşdu 1893-cü ilin 10 yanvarında.
Qori seminariyasında təhsil aldığı vaxtlarda gələcəyin məşhur yazıçısı Süleyman Sani Axundovu – o vaxt ikinci sinifdə oxuyan müdavimi məktəbin müdiri, məşhur “Vətən dili” dərsliyinin müəllifi Aleksey Osipoviç Çernyayevski pul verərək göndərir ki, gedib seminaryaya çörək alsın.
Balaca Süleyman tapşırığı səliqə ilə yerinə yetirir, amma aldığı çörək nəzərdə tutilduğundan az çıxır.
Niyəsini soruşulanda cavab verir ki, qiymət baha idi, verilən pula bu qədər etdi.
Süleymandan şübhələnirlər ki, yəqin pulun üstündən götürüb.
Bu ittihama dözməyən, ləkələnməyini heç vəchlə qəbul etməyən Süleyman bir şüşəçidən tapança alaraq özünə qəsd etmək istəyir və xoşbəxtlikdən yarası yüngül olur və uşaq salamat qalır.
Ertəsi gün həmin Çernyayevski özü şəxsən gedib çörək dükanından qiyməti soruşanda bəlli olur ki, uşaq haqlı imiş, məhz dünəndən çörək bahalaşıbmış…
Süleyman Sani Bədəl bəyin uşaqlarını öz dogma balaları kimi sevirdi və onların hərəsinin adını bir əsərinə daxil etmişdi.
Əfrasiyab da, Şəmsi də, Davud da, Turqut da Süleyman Saninin bütün əsərlərini oxumuşdular, “Qorxulu nağıllar” isə onların ən sevimli kitablarından idi.
1965-ci ildə lap çoxdan hər iki dost – məktəb müdüiri Bədəl Bədəlbəyli də, nasir Süleyman Sani Axundov da haqq dünyasında idilər.
Və uşaqlıqdan yaddaşında, ürəyində gəzdirdiyi “Qaraca qız” hekayətini bir balet librettosuna çevirən Əfrasiyab Bədəlbəyli əlyazmasını verdi keçmiş həyat yoldaşı, SSRİ xalq artisti, ilk Azərbaycan balerinası Qəmər Almaszadəyə.
Əşrəf Abbasov çox cazibəli, təsirli, ruhu tərpədən musiqi bəstələmişdi və Əfrasiyab bir neçə səbəbdən çox arzulayırdı ki, bu əsər tezliklə səhnəyə gəlsin.
Əvvələn ona görə ki, özü də librettoçu kimi müəlliflərdən biri idi.
İkincisi ona görə ki, Qəmər xanım təcrübəli bir xoreoqraf kimi əsərə gözəl quruluş vermişdi.
Üçüncüsü və bəlkə də ən mühümü ona görə ki, Əfrasiyab bununla həm də unudulmaz Süleyman əmi qarşısında daha bir borcundan çıxacaqdı.
”Qaraca qız”ın bir baletə çevrilərək səhnəyə gəlməsi elə görkəmli ədib Süleyman Sani Axundovun da həyata təzə qayıdışı olacaqdı.
İlk Azərbaycan baletini – “Qız qalası”nı 1939-cu ildə Əfrasiyab Bədəlbəyli özü bəstləmişdi.
1939 o əsərin səhnəyə çıxdığı ildir. Əslində isə birinci baletimiz bundan da 2 il öncə hazır idi.
Hərdən “Qaraca qız”ın da əvvəlinə “ilk” kəlməsi artıraraq onu birinci uşaq baleti kimi təqdim edirlər.
Zənnimcə, artıq oturuşmuş, ən müxtəlif yazılarda təkrarlanan belə bir yanlış qiymətləndirmədən imtina etmək lazımdır.
Əşrəf Abbasovun “Qaraca qız”ı peşəkarca yazılmış dəyərli bir baletdir ki, heç vəchlə birbaşa uşaqlar üçün nəzərdə tutulmayıb.
Əlbəttə, bir uşağın, yeniyetmənin kədərli taleyi və mənəvi paklığından bəhs edən bu əsərə uşaqlar da tamaşa edə, böyüklərdən az zövq almaya bilərlər. Lakin heç vəchlə bu mükəmməl əsərin əhatə dairəsini və təyinatını daraldaraq onu sırf uşaqlar üçün balet kimi səciyyələndirmək olmaz.
“Uşaq musiqisi” deyilən bir istiqamət sənətdə var, balacalar üçün bilavasitə onların iştirakı və ifası üçün düşünülən əsərlər də az deyil. Fəqət həmin əsərlərin musiqi dili, yazılış texnikası, icra özəllikləri də əsaslı şəkildə seçilir.
Əşrəf Abbasovun “Qaraca qız” baleti isə ən tələbkar musiqşünaslıq təhlilləri baxımından yanaşılarsa bütün məziyyətləri ilə açıqca göstərir ki, uşaq baleti-filan deyil, elə sözməsəli, böyük baletidir ki var, sadəcə mövzu bir uşağın taleyi ilə bağlıdır.
Təsadüfi deyil ki, həmin baletdə baş qəhrəman Qaraca qız 2 ifa ilə təqdim olunur. Əvvəlcə, Qaraca qızın daha kiçik olduğu çağlar, ikinci və əsas obrazsa, Qaracanın bir qədər böyüdüyü, artıq ilk yeniyetməlik illərinə çatdığı dövr. Premyerada balaca Qaraca qızı məktəbli Nisə Qasımova oynamışdı, yeniyetmə Qaraca qızı isə misilsiz Leyla Vəkilova.
Həmin ilk tamaşadan heç 2 il ötməmiş -- 1967-ci ilin son günündə, yeni ilin lap astanasındaykən Leyla xanım da o çağların bir sənətkar üçün ən ali təltif sayılacaq SSRİ xalq artisti adına layiq görülür.
"Qaraca qız"ın sənət həyatımızda parlaq bir bayrama çevrilən ilk nümayişi axşamında isə tamaşa edənlərin birinin də xəbəri olmamışdı və heç bir əlamətdən hiss etməmişdilər ki, onların gözü qarşısında zərifliyin möcüzələrini yaradan, səhnədə sanki quş olub uçan Leylalanın ayaqları hər dəfə yerdən ayrılanda pərdə ardında dayanan, səhnədə baş verənləri qıraqdan həyəcanla, təşviş içərisində seyr edən rejissorun, orkestri idarə edən dirijor Əfrasiyab Bədəlbəylinin, baletmeysterin, digər ifaçıların ürəyi qopur.
İş ondadır ki, birinci pərdədə Leyla Vəkilovanın ayağı burxulmuşdu.
Əsər isə 3 pərdə idi.
Təsəvvür edirsinizmi burxulmuş ayaqla balerinanın rəqs etməsi nə deməkdir?
Sizi, bizi qoyaq bir kənara, heç ən peşəkar balet ustaları nə o vaxt təsəvvür edə bilirdilər, nə indi nə şəkildəsə izah edə bilirlər ki, bu necə mümkün ola bilərmiş.
Bu, qəhrəmanlıqdan da artıqdır!
Şiddətli, dözülməsi mümkünsüz ağrıya tablaşaraq bütöv tamaşanı sona qədər oynaya bilmək və kimsəyə heç nə hiss etdirməmək insanın fiziki imkanlarından xaric məsələdir.
Belə hünərləri yalnız və yalnız böyük ruhun hesabına göstərmək olur...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook