RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBizimlə həmişəlik qalanlar

Hər işi gərək vaxtında görəsən.
Elə ki, nə qədər çətin olsa belə hansısa işi məhz görməli olduğun vaxtda yerinə yetirirsən, müəyyən müddət ötəndən sonra həmin addımı məhz həmin vaxt atmağının nə qədər yerində olmuş olmasına sevinirsən.
Bir az da qürur qatışıq daxili məmnunluq hissi keçirirsən ki, nə yaxşı sonraya saxlamayaraq bunu zamanındaca etmişəm.
Çünki elə niyyətlər, elə işlər olur ki, bəzən lap azacıq vaxt ötüncə onları gerçəkləşdirmək mümkünsüzləşir. Ya şərait imkan vermir, ya əvvəlki həvəsin olmur, ya daha nisgilli səbəblər çıxır ortaya və maneəyə çevrilir. Sonrakı peşimançılıq, “kaş vaxtında edəydim” təəssüfələri, müsəmanın sonrakı ağlı isə nə illah etsən də, kara gəlmir.
Keçən artıq keçib getmiş!..
Azərbaycan Radiosunun səs xəzinəsində dahi Üzeyir bəyin “Olmasın, bu olsun”unun montajının lent yazısı qalır.
Həmin radio-tamaşanın rejissoru o çağlar ali təhsilini başa vuraraq Azərbaycan Radiosunda yenicə işə başlamış Rauf Kazımovski idi.
İndi həmin köhnəlməz yadigarı dinləyirsən, “O olmasın, bu olsun” özü qalır bir qıraqda, başlayırsan ifaçılar barədə düşünməyə.
Varlığı və yaratdıqları ilə hərəsi Azərbaycan teatr tarixinin parlaq bir səhfəsi olan cənnətməkan sevimli aktyorlar çıxış edir, tamaşanın aparıcısı isə səsindən orta əsrlər yağan mərhum diktorumuz Soltan Nəcəfov.
Əslində artıq həmin tamaşadakıların, o montaja aidiyyəti olanların hamısı rəhmətliklərdir.
Həmin səbəbdən də bu radiotamaşanın qiyməti ildən-ilə qat-qat artır.
Oradakı hər səs özü ayrılıqda bir əsərdir, amma o səslər içərisində biri xüsusi məna və çəki daşıyır.
Yeri gəlmişkən, “radiotamaşa” kəlməsini, çoxdan adətkərdə olduğumuzdan, elə rahatca işlədirik və fərqinə varmırıq ki, məntiqlə bu sən deyən sərrast ifadə deyil.
Hərçənd bu söz dilimizdə haçandır ki, rəsmi yük qazanmış kimidir, lakin anlamı baxımından yanlışdır, qələt-i məşhurlar sırasından hesab edilməlidir.
“Radioquruluş” deyilsəydi, təbii ki, daha doğru səslənərdi.
Fəqət Azərbaycan Radiosunun fonotekasında qorunan bir sıra-sıra köhnə səhnələşdirmələri dinləyəndə görürsən ki, (eşidirsən yox, məhz görürsən ki!) bunlara münasibətdə elə “tamaşa” kəlməsi əsl yerindədir.
Çünki hətta xüsusi səs effektləri tətbiq edilmədən belə böyük aktyorlar elə oynayırlar, səslərini elə ecazkar bir tərzdə idarə edirlər ki, onları eşidə-eşidə həm özlərini, həm içərisində olduqları həyatı ən xırda ayrıntıları ulə seyr edən kimi olursan.
Rauf Kazımovskinin “O olmasın, bu olsun”unu da həmin təhər!
Baş rolda Mirzağa Əliyevdir.
Ancaq artıq elə sağkən əfsanələşmiş aktyor Mirzağa Əliyevin həmin tamaşaya cəlb edilməsi asanlıqla, rahatca baş verməmişdi.
Rauf Kaazımovski beynində və kağız üzərində artıq rolları da paylayıbmış, mizanları da qurubmuş, musiqiləri də sıralayıbmış, bir sözlə, pyesi radioda təqdim üçün tam hazır edibmiş.
Lakin yazılışları gecikdirirmiş və radionun rəhbərliyi də təəccüblənirmiş ki, görən cavan rejissor niyə günü günə satır?
O dövrdə Azərbaycan teatrlarında Məşədi İbad rolunu məharətlə ifa edə biləcək bir neçə gözəl aktyor vardı.
Radionun da nüfuzu yüksək idi, hansını dəvət etsən, sevinə-sevinə gələcəkdi.
Di gəl, Rauf ürəyində zirvə sənətkarı – Mirzağa Əliyevi tutmuşdu.
Çünki əvvələn, bu canlı klassikin iştirakı ilə tamaşanın həm sanbalı, həm cazibədarlığı artacaqdı, həm də digər aktyorlar Mirzağa Əliyevlə birgə çıxış etdiklərindən özlərini bir az yığışdıracaqdılar, bir qədər də şövqlə oynayacaqdılar.
Ancaq ayrı bir səbəb də vardı.
Mirzağa Əliyev artıq yaşlanmışdı, daha səhnədə deyildi, bir zamanlar Məşədi İbadın ən qənirsiz ifaçısı olmuş bu mahir sənətkar yaradıcı ömrünün qürubunu yaşayırdı.
Onu tamaşaya cəlb etməklə həm də Rauf Kazımovski Azərbaycanın müxtəlif nəsilləri arasında körpü qurmuş olacaqdı.
Lakin Rauf dəfələrlə müraciət etsə də Mirzağa Əliyev bu radiotamaşaya qatılmağa razılıq vermirmiş.
Çünki həm bir qədər nasazmış, səhhəti artıq sözünə baxmırmış, həm də yaddaşlardakı əlçatmaz Mirzağa Əliyevi ürəyi istəyən kimi oynaya bilməyəcəyi rolla həmin ucalıqdan endirə biləcəyindən ehtiyatlanırmış.
...Bir gün Mirzağa Əliyev Soltan Nəcəfovla rastlaşır.
Soruşur ki, ay Soltan, sizdə – Radioda bir cavan rejissor var, əl çəkmir məndən, qırsaqqız olub yapışıb yaxamdan ki, “O olmasın, bu olsun”u sizsiz yazmaq iustəmirəm. Kimlərdəndir o, necə rejissordur?
Soltan qayıdır ki, Mirzağa qədeş, birincisi çox istedadlı rejissordur, ikincisi də necə yəni kimlərdəndir? Siz onun atasını yaxşı tanıyırsınız, Mirmahmud Kazımovskinin oğludur.
Mirzağa Əliyev təəccüblənir: “Paho! Bəs mənə niyə indiyəcən tanışlıq verməyib?! Heç soyadını da deməyib. Elə hər zəng vuranda deyir ki, radioda işləyirəm, rejissoram, tamaşa hazırlayıram.
Mirmahmudla biz çox yaxın olmuşuq – qardaş kimi! Ancaq mən ona həm də ustad kimi baxırdım, həyatda da, sənətdə də mənə həmişə arxa olub, çox işimə çox köməyi yetib.
Rəhmətlik Mirmahmuda xatir gərək özümü səfərbər eləyib oğlunun tamaşasında oynayım. Raufa de bir bizə baş çəksin.
...Tamaşa yazılır, Mirzağa rolunu əla ifa edir və lap azacıq sonra 1954-cü ilin 25 oktyabrında Azərbaycan görkəmli sənətkarını əbədilik itirir.
Vaxtında göstərilmiş inadın bəhrəsi bu olur ki, Mirzağa Əliyevin keyfiyyətlə yazılmış son böyük rolu tarix üçün qorunub saxlanır.
Ancaq elə o arada Rauf Kazımovski iki daşın arasında daha bir münasib fürsətdən yararlanaraq tarixi əhəmiyyətli daha bir faydalı işi görməyə macal tapır.
Səməd Vurğun Radio Verilişləri Komitəsi sədrinin yanına gəlibmiş. Elə sözarası deyir ki, bu günlərdə radioda “O olmasın, bu olsun”a qulaq asdım, valeh oldum. Əhsən o rejissora! Üzeyir bəy eşitsəydi, o da çox bəyənərdi.
Sədr də qayıdır ki, bizim cavan rejissor Rauf Kazımovski hazırlayıb həmin tamaşanı, bu dəqiqə çağırtdırım, qoy sizin dilinizdən bu qiyməti eşidib bir az da ruhlansın.
...Rauf Kazımovski üçün məşhur şairin tərifli sözlərini eşitmək, əlbəttə ki, xoş idi. Lakin o, cavanlığına baxmayaraq peşəkar idi, girəvəni qaçırmamaq vərdişi canında idi və öz ayağı ilə gəlib studiyaya çıxmış Səməd Vurğunu boş buraxmaq istəmir, xoş sözlərə görə təşəkkürdən sonra rica edir ki, birlikdə səs yazılışı otağına getsinlər, şair bir neçə şeirini oxusun, lentə alsınlar.
Səməd Vurğun imtina etmir. Gedirlər, yazırlar və yenə lap az sonra 1956-cı ilin martında Azərbaycan Vurğunsuz qalır.
Hələ böyük şairin 50 yaşı vardı. Sanki bütün gələcək qarşıda idi...
Beləcə, bədahətən yaranmış həmin lent yazısı, Səməd Vurğunun öz səsindəki şeirləri radionun səs xəzinəsindəki ən əvəzsiz incilərdən birinə çevrilir.
...Azərbaycan səhnəsinin təkrarsız aktyorlarından olan Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat etdi.
Adamın heç ihanmağı gəlmir ki, o vaxt vur-tut 44 yaşı vardı.
Bəşirin tezliklə həyatdan gedəcəyini isə yaxınları artıq neçə aylar öncədən bilirdi.
O, sağalmaz xərçəngə mübtəla olmuşdu.
Bəşir Səfəroğlunu 1968-ci ilin ortalarında Xəzər Gəmiçiliyinin xəstəxanasında əməliyyat etmişdilər. Amma xəstəni yarıb artıq işin işdən keçdiyini, şoğərib mərəzin dərinlərə kök atdığını görüncə əlavə heç nə etmədən yaranı tikib bir həftə sonra xəstəni evə göndərmişdilər.
Yaxınlarına da demişdilər ki, təbabət burada acizdir, hər şey Allahın ümidinədir. Bir ay da yaşaya bilər, üç ay da, altı ay da. Nicat yoxdur...
Bəşirin özünə isə bu müdhiş həqiqəti açmırdılar.
Zavallı sağalacağına ümidli idi. 42-43 yaşında kim bədbin ölüm düşüncəsini özünə yaxın buraxar?!
Bəşir özü bilmirdi, ancaq bilənlər bilirdi və bilənlərdən biri də Bəşirin ən etibarlı dostlarındam olan Rauf Kazımovski idi.
Əziz dostunun qayıdışsız ayrılıq səfərinin astanasında olduğundan xəbər tutan kimi Rauf onun haqqında film çəknəyi qət edir.
Anlayır ki, vaxtı heç yoxdur, bir neçə ay sonra hər şey bitə də bilər, ya gün ötdükcə Bəşir elə heysizləşər ki, heç filmə çəkiləsi halı olmaz.
Ancaq 1967-ci bitməkdə idi, telefilmdə çəkilməli filmlər ilin əvvəlindən planlaşdırılmışdı, maliyyə də hələ birinci rübdən bölünüb qurtarmışdı.
Rauf gəlir Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini Nəbi Xəzrinin yanına.
Söyləyir ki, bəs, hal-qəziyyə belədir. Bəşiri itiririk. Bu filmi çəkməsəm, ondan ayrı-ayrı bədii filmlərdəki balaca rollarından başqa bir şey qalmayacaq.
Nəbi Xəzri tərəddüd etmədən “Sən işini başla”, – deyir.
“Təsəvvür et ki, film plana da salınıb, maliyyəsi də həl edilib. O məsələlərlə özüm məşğul olacağam. Sən ləngimə!”.
Zahirən sanki məsələnin ən ağır tərəfi həllini tapmışdı, amma ortaya daha ciddi əngəl çıxır.
Bəşir çəkilməyə qəti etiraz edir: “Ay Rauf sən nə danışırsan, nə film, nə çəkiliş! Görmürsən nə kökdəyəm? Təzə əməliyyat olunmuşam, qoy üç-dörd ay keçsin, bir az babatlaşım, sonra baxarıq.
Fağır hardan biləydi ki, səhhəti gün-gündən babatlaşmağa deyil, pisləşməyə doğru gedəcək, hər ötən gün taqətini, gücünü əlindən daha çox alacaq!..
Araya futbol girir.
1968-ci il Azərbaycanın idman tarixinin xoşbəxt illərindən idi. Həmin ilk ilk dəfə Azərbaycanın 2 futbol komandası SSRİ çempionatında yüksək liqada çıxış edəcəkdi. Bakının “Neftçi” komandası və o zamanlar Kirovabad adlandırılan Gəncənin “Dinamo”su.
SSRİ çempionatının da cədvəli elə tərtib olunmuşdu ki, ilk oyunda, mövsümün açılışında Bakıda, Respublika stadionunda 2 Azərbaycan komandası qarşılaşmalı idi.
Bəşirin bərk futbol azarkeşi olmasından Rauf yaxşı agah idi.
Zəng vurur: “Bəşir, gözün aydın, razılıq almışam, “Neftçi” ilə “Dinamo”nun oyununda topa ilk zərbəni sən vuracaqsan. Bu tarixi bir gündür, hazırlaş, elə filmimizi də bu çəkilişlə başlayarıq”.
Beləcə, Rauf futbol fəndi ilə Bəşirin saqqızını oğurlayaraq onun haqqındakı filminin çəkilişlərini başlayır.
Çətini birinci addım idi, ardı sürətlə gedir.
Rauf danışırmış ki, hərdən çəkiliş vaxtı Bəşir ağrılardan şikayətlənərək zarıyırmış, deyirmiş elə sancı tutur ki, sanki içərimi doğrayırlar.
Rauf çevrilirmiş, dəsmalını çıxarırmış ki, guya tərini silir.
Gözünün yaşını silirmiş...
Bəşirə filmin premyerasını görmək qismət olmadı.
Lakin Rauf Kazımovskinin fədakarlıqla ən dar macalda yaratdığı bu kinolent bizi və bütün sonrakı nəsillərin insanlarını böyük Bəşir Səfəroğlu ilə görüşdürür və görüşdürəcək, onu həmişə təzə nəsillərin müasirinə çevirəcək.
Eləcə də Rauf Kazımovskinin uzaqgörənliklə, vaxtı fövtə verməyərək Nəsibə Zeynalova haqda çəkdiyi film.
Eləcə də sanki gizli bir fəhmlə öz ömür yolunun da insafsızca erkən bitəcəyini duyaraq neçə misilsiz sənətkarımızı kinolentin yaddaşında əbədiləşdirən bir-birindən baxımlı və qiymətli parçalar.
...Kim ki Rauf Kazımovskini həyatda görüb, onunla ünsiyyətdə olub, əməkdaşlıq edib, təsdiqləyər ki, o, qızıl kimi adam idi.
Həmin qızıl kimi adam, həmin qızıl kimi sənətkar, bu millətə qızıl kimi də dəyəri zaman ötdükcə artmaqda davam edən əzizdən-əziz miras yadigar qoyub gedib.
Millətin yaddaşını həmişə təzələyən, millətin ruhuna daim qida verən miras yaradanlarsa getmir.
Milləti ilə həmişəlik qalır.
Həmişə 48 yaşında qalacaq rejissor Rauf Kazımovski kimi!..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook