RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəAllahın nərdivanı yaxud zənbil daşıyan uşaq

Bəlkə o zamanlar 50 dəfə yanımdan keçib, ola bilsin hətta mənə köməyini də təklif edib, mən də imtina etmişəm.
Olsun ki, ona köməyi dəyə biləcək çoxları da o illərdə elə mənim kimi yanından ötüb gediblər və bilməyiblər ki, bu gənc qətiyyən sıradan olan bir adam deyil, içərisində eşq daşıyır və gün gələcək onun şöhrəti Azərbaycandan çox kənarlara yayılacaq, 15-20 il sonra səsi lap uzaqlardan eşidiləcək.
Hardan biləsən?!
1990-cı illərin əvvələri idi.
Elə indiki kimi o vaxtlar da mən həftədə azı bir dəfə məşhur Təzə bazara gedirdim.
O vaxtlar iri bir həsir zənbilim vardı, adətən onu götürürdüm (bu vərdiş də, o zənbil də mənə ağsaqqal dostum, professor Faiq İslamzadədən keçmişdi), alış-verişimi edib piyada evə qayıdırdım.
Elə indi də əli dolu zənbilli adamlar görəndə bazarda onlara yanaşaraq: “Verin, kömək edim” deyən yeniyetmələr olur, ötən əsrin 90-cı illərində isə belələri lap çox idi.
Aydın məsələdir ki, sənin aldıqlarını götürərək bazarın mərtəblərini qalxan, küçəyədək müşayiətçin olan köməkçinin cibinə yüngülvari də olsa nəsə qoyursan.
Mən bir qayda olaraq belə köməklərdən imtina edirəm. Çünki özümün görməli olduğum bütün işləri əsasən özüm yerinə yetirirəm, həm də bu cür köməkdən yarınmada nəsə ürəyimə yatmayan bir cəhət də var ki, sanki başqasından artıqsanmış kimi onu muzdla özünçün işlədirsən.
Hərçənd köməyindən istifadə etməsəm də, bu cür uşaqların məni tanıyanlarına, abırlılarına hörmət etdiyim də az olmayıb.
Həmin narahat 1990-cı illərdən xeyli ötəndən sonra, lap bu yaxınlarda o çağlar başqalarının bazarlıq dolu zənbillrəini daşıyanlardan biri mənə özü etiraf etdi ki, o zamanlar sizi tez-tez görürdüm.
Təbii ki, daha həmin işlə məşğul olmur.
O illərdə də bu uşağı bazara aparıb çıxaran, öz zəhmətiylə dolanışıq üçün qəpik-quruş qazanmağa sövq edən ehtiyacmış.
Ev-eşiklərini, yer-yurdlarını itirərək köçkün düşüblərmiş. Valideynləri doğma Füzulidən, Qoçəhmədli kəndindən didərgin düşəndən sonra müvəqqəti olaraq Yevlaxda yaşayırmışlar, bu yeniyetməsə gəlibmiş Bakıya. Kirayə tutduğu mənzildə qalırmış və münasib bir iş tapanacan başını elə Təzə bazarda girləyirmiş
Təbii, bazarın öz mühiti, öz həyatı var və oranın daimi sakinləri bir-birləriylə gündəlik ünsiyyətdədirlər, qarşılıqlı olaraq biri digərinin dərdi-sərindən də agahdır, qabiliyyətlərinə də bələddir.
Elə bu gəncin də “iş yoldaşları” xəbərdarmışlar ki, onun yaxşı səsi var.
Hərdən nahar vaxtı, ya axşamüstülər bazarda camaat seyrələndə rica edərmişlər ki, oxusun.
Bu gənc də elə himə bəndmiş, çünki onlar deməsə də, elə həmişə ürəyindən oxumaq keçərmiş və “bir ağız desənə” təklifini eşidincə tərəddüd etmədən başlarmış bildiyi xalq mahnılarından, təsniflərdən zümzümə eləməyə.
Hərdənsə ətrafı unudaraq səsini qaldırar, lap zilə də qalxarmış.
Və bazara gələnlərdən də bu səsi eşidənlər, həmin məlahətli avazın elə bazar divarları arasında qalmasını rəva görməyən xeyirxahlar da tapılır.
...Təzə bazar həmin Təzə bazardır.
Yəni yeri həminki yerdir, amma orası da var ki, içəridən xeyli dəyişib.
“Həmindir” yazıram ona görə ki, 20-30 il əvvəlki özünəməxsus bazar mühiti yenə köhnəki kimi qalmaqdadır.
Hər dəfə bazara gedəndə artıq yaşlaşmış qabaqkı tanış üzlərə də ara-sıra rast gəlirəm orda.
Ancaq görəsən Təzə bazardakılar vaxtilə buralarda müştərilərin zənbilllərini daşıyan, hərdənbir onlarçün oxuyan həmin gənci heç xatırlayırlarmı?
2006-cı Azərbaycan Televiziyasında Birinci Milli Muğam müsabiqəsində qaliblər sırasında Qoçaq Əsgərovun adını eşidəndə yadların düşübmü ki, bu Qoçaq həmin Qoçaqdır, onların Qoçağı?
2009-cu ildə Özbəkistanda, Səmərqənd şəhərində keçirilən beynəlxalq musiqi festivalında qaliblər sırasında adı yer alan Qoçağın onların Qoçağı olduğunu biliblərmi?
2007-ci ildən başlayaraq Qoçaq başlayıb dünyanın məşhur sənət festivallarında iştirak etməyə.
2009-cu ildə Böyük Britaniyada WOMAD, 2010-cu ildə Avstraliyadakı WOMADelaide, yenə həmin il Yeni Zelandiyada Taranaki, 2012-ci ildə Yunanısatnda WOMEX, 2013-də Böyük Britaniyadakı Proms, 2014-cü ildə ABŞ-da SXSW müsabiqələrində, həmçinin Avropanın, Asiyanın və Yaxın Şərqin çoxsaylı musiqi yarışmalarında, Romada baş tutan Musica dei Popoli (2012), Hollandiyanın RASA Muziek & Dans, İspaniyanın Casa Asia festivalında (2012 ), Şanxay Dünya Musiqi festivalında (2014), İsrailin məşhur Jerusalem Oud festivalında (2014) müvəffəqiyyətlə çıxışlar edən Qoçaq Əsgərovun haqqında bazarda hər gün fasiləsiz səslənən radiolarda xəbərləri eşidənlərin arasında onu xatırlayan köhnə tanışları olubmu?
Görən o bazardakı köhnə tanışlardan neçəsi bilir ki, Qoçaq Əsgərovun səsi yazılmış disklər Böyük Britaniyanın "ARC Music Production" və "Nascente Records", həmçinin İtaliyanın "Felmay Records" və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılıb?
Görəsən Qoçaq 2018-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görüləndə vaxtilə onunla yanaşı elə bu bazardaca əmək sərf edənlərdən onu axtararaq təbrik edənlər olubmu?
...Dünən bazarda başqalarının zənbilini daşıyan o uşaq bu gün Azərbaycan mədəniyyətinin şöhrətini dünyaya daşıyan sevimli bir sənətkardır.
Bu həyatdır!
Bu, istedadın və zəhmətin insanı ən aşağı mərtəbələrdən ən ucalara qaldırmağa qadir ilahi gücüdür!
Bu, Gözəl Allahın daha bir dəfə və parlaqcasına haqqı öz yerinə qoymasıdır!..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook