RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBakıxanov soyadı daşımağın şərəfi və məsuliyyəti

Təməl əvvəldən belə qoyulub, onların mayası belə yoğrulub, başlanğıcdan dərsi, tərbiyəni belə alıblar ki, bu soyadı daşıyırsansa, sən ömrün boyu hər an fədakarlıqla millətin, yurdun xidmətində dayanmağa hazır olmalısan.

Ey Qüdsi, ibrətlə bax bu gedişə,
Ağılla şüru et sən də hər işə.
Əqlə istinadın mənası çoxdur,
Bəxt üz döndərsə də, zərəri yoxdur.
Nakam yaşasa da şüurlu insan,
Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.

Bakıxanovlar şəcərəsindən olanların əksərinin əzbər bildiyi və ömür boyu əməl etməyə səy göstərdiyi bu şeir-düstur, əslində, hər bir yurddaşımıza ünvanlanıb.
Bu sətirlərdəki həqiqəti Abbasqulu ağa Bakıxanov ilk növbədə öz övladlarına, öz nəslinin təmsilçilərinə tövsiyə edib, sonra da xalqın bütün balalarına.
Abbasqulu ağa xoşbəxt bir ömür yaşadı. Çünki ona, ən azı, özünün elə bu şeirində tövsiyə etdiyi və umduğu nadan olmamaq səadəti qismət idi.
Ömrü boyu oxudu, öyrəndi, dəfinələr kimi qiyməti zaman ötdükcə azalmayıb artan kitablar yazdı, yaratdıqlarıyla özünə abidələr yapdı.
Və həmin misraların ibrətindən nümunə götürən Bakıxanov nəslinə mənsub hər dəyərli övlad da həyatı uzunu hansı sahədə çalışdısa, baslıca amalı zəhmətsevərlik, biliksevərlik, usanmadan çalışmaq, faydalar verməyə can atmaq oldu.
Tərcümeyi-halını özündən yaxşı kim nağıl edə bilər ki! Bakıxanov ömür yolunun başlanğıcını belə təsvir edirdi: “Fağır mən – Mirzə Məhəmməd xan Sani (İkinci – R.H.) oğlu Abbasqulu Qüdsi hicri 1208-ci ildə, zilhiccə ayının 4-də, pəncşənbə günü, 1-ci saatda (miladi tarixlə 1794-cü il iyul ayının 3-də, cümə axşamı – R.H.) Bakının Əmirhacıyan kəndində anadan olmuşam.
Məni 7 yaşımdan oxumağa qoydular, lakin vəziyyətin qarışıqlığı və müharibələr nəticəsində olan dəyişikliklər məqsədə istənilən səviyyədə yetməyə mane oldu. 10 il ərzində farsca azacıq savaddan başqa bir şey qazanmadım. Bundan sonra Qubada 10 il ərəb dili və sair fənləri təhsil etməklə məşğul oldum. Vəsaitin azlığına, digər maneə və əngəllərə baxmayaraq, mən yenə bir qədər təhsil almağa müvəffəq olmuşdum. Bu zaman Qafqaz ordusu və vilayətlərinin fərmanfərması (baş komandanı – R.H.) general Yermolov 1235 (1820)-ci ildə məni dəvət edib dövləti vəzifələrdə işə təyin etdi. Tiflisdə rus dili və yazısını öyrəndim.
…Vəzifə işlərilə əlaqədar bir çox ölkələri gəzdim.
Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm, bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı”.
Abbasqulu ağa demir ki, bu qədər oxuyandan, öyrənəndən, gəzib-dolaşandan, təcrübələr əldə edəndən sonra mən də alim oldum.
“Cəhalətim azaldı” deyir.
Və yalnız bundan sonra – cəhalətinin azaldığını dərk etmək mərtəbəsinə yetişincə başlayır başqalarını da cəhalət əsarətindən qurtarmaqçün kitablar yazmağa.
Abşeronda, Qubada, Azərbaycanın dörd bucağında Abbasqulu ağa Bakıxanovun adıyla bağlı yerlər, onun heykəli, büstləri var. Xatirəsinin əbədiləşdirildiyi məkanların hər birində Bakıxanov daim canlıdır.
Onun elmi və ədəbi yadigarları nəşr edilir, haqqında tədqiqatlar yazılır, şeirlərinə musiqilər bəstələnir.
Bakıxanov soraqlı bu əsərlərin hər birində o diridir, yenidən müasirimiz kimi bizimlə görüşə gəlir.
…Orta əsrlərdən üzü bəri Azərbaycan ziyalısının bir neçə üstün keyfiyyəti keçib gəlir ki, Abbasqulu ağa da onlara sahib idi. Çoxdillilik, çoxşaxəli savad, özünü yalnız Azərbaycanın deyil, bütöv Şərqin övladı və vətəndaşı saymaq duyğusu. Bu məziyyətlər Abbasqulu ağaya keçmiş şərəfli nəsillərin mirası kimi gəlib çatdı. Ancaq artıq XIX əsr idi, dünya başqalaşırdı, yeniləşirdi və bu başqalaşan, yeniləşən dünyanın doğurduğu yeni önəmli ziyalı keyfiyyətləri vardı ki, Abbasqulu ağa Bakıxanov onları da əxz etdi. Və bu təməl üzərində doğurduğu sanballı elmi və ədəbi incilərlə tariximizin ən nadir simalarından birinə çevrildi.
Abbasqulu ağa Bakıxanov yurdunu, xalqını, dilini sevən bir vətənpərvər idi. Amma çoxqanadlı bilikləri, Şərq və Qərb dillərinə bələdliyi ona bir mühüm mətləbi də anlatmışdı ki, Azərbaycan nə qədər sevimli olsa belə, dünya da var və Azərbaycan bu böyük dünyanın bir parçasıdır. Abbasqulu ağa milli xudbinlikdən, əyalətçilikdən uzaq idi, digər xalqların yaratdığı yaxşı olan, bəşəri olan sərvətlərə sayğısı böyük idi. Bircə göstərici – Varşavada böyük alim Kopernikə abidə ucaltmaq üçün vəsait toplananda o da həmin xeyir işə ilkinlərdən biri olaraq qoşulmuşdu.
Abbasqulu ağa şeirlərində “Qüdsi” təxəllüsünü işlədir. “Qüdsi” – yəni pak, müqəddəs.
Və onun ömür sapı vətənindən çox-çox uzaqlarda – qızmar ərəb səhralarında, Məkkə ziyarətindən geri qayıdarkən Mədinə yolunda qırıldı. 1846-cı ilin dekabrında Dəməşq karvanı ilə gedən Abbasqulu ağa bir neçə günə 6-7 min insanı tələf edən vəbanın qurbanlarından oldu. Onu Vadi-yi Fatimədə dəfn etdilər. Müsəlman inamı belə ölümü müqəddəs sayır. Amma əlbəttə ki, Bakıxanov kimi uca bir insanın müqəddəsliyinin əsl səbəbi onun harada dəfn edilməsində yox, bəxtinə düşmüş ömür möhləti içərisində nələr doğurmasındadır.
Bakıxanovun qüdsiyyətini onun özündən və bizim hər birimizdən çox yaşayacaq əsərləri, xalq naminə gördüyü unudulmaz işlər yaradır.
Qısa – 52 illik ömür yaşayıb, rus ordusunda polkovnik rütbəsinə qədər ucalmış və hətta bəzi soraqlara görə, general çininə də layiq görülmüş Abbasqulu ağa Bakıxanov tariximizdə bir hərbi xadim, diplomat kimi deyil, elm və mədəniyyət elçisi kimi daha artıq əbədiləşib. Bu gün Abbasqulu ağa Bakıxanovu anarkən onun hərbi hünərləri və siyasətçi uğurlarından deyil, elmi və ədəbi şücaətindən söz açılır. Fəlsəfə, tarix, nücum, coğrafiya və başqa bir çox elmlərlə dərindən maraqlanmış Abbasqulu ağa Bakıxanov üz tutduğu bu bilik sahələrinin hər biriylə əlaqədar dəyərli əsərlər yadigar qoyub getmişdir. Ancaq bu zəngin bilik sahibinin elmi irsiylə yaxından tanış olandan sonra mühüm bir həqiqətlə də qarşılaşırıq – Abbasqulu ağa fəlsəfə ilə məşğul olanda da, əxlaqşünaslığın suallarını incələyəndə də, astronomiya, coğrafiya ilə bağlı kitablar yazanda da peşəkar astronom, filosof, coğrafiyaşünas… deyil, tarixçiydi: elm tarixçisi! Hətta tarixi əsərinin – bu sözün həm dolayı, həm birbaşa anlamında – “Gülüstan-i İrəm”in mütaliəsindən də bəlli olur ki, burada da o, peşəkar tarixçi deyil, tarixin tarixçəsini, xülasəsini oxuculara çatdırmaq istəyən bir elm tarixçisidir. “Gülüstan-i İrəm”lə əlaqədar bu son fikri ona görə yazmırıq ki, həmin kitabda ayrı-ayrı tarixi hadisələrin təsviri, izahı, dəqiq il, ay və günlərinin göstərilməsində yanlışlar var; Nuhun tufanı ilə Gülüstan bağlaşması arasındakı böyük zamanı bir kitab hüdudlarında şərh etmək istərkən büdrəmələrin, xətaların olması qaçılmazdır. Ancaq mətləbimiz özgədir – məhz məsələni bu cür qoyması – insanın yaranışından başlayıb XIX əsrə qədər gəlib çatması göstərir ki, Abbasqulu ağa Bakıxanov tarix mövzusuna onun hansısa müəyyən dövrünü götürüb dəqiqliklə qələmə alan bir peşəkar tarixçi kimi deyil, maarifçi məqsədlərlə – oxucuda Şirvan və Dağıstan xalqlarının bütöv tarixi haqqında ümumi təsəvvür yaratmaq istəyən elm tarixçisi kimi yanaşır.
Təbii ki, müxtəlif mövzulu, bir-birindən xeyli fərqli əsərlərin hər biri hansısa münasibətlə əlaqədar yazılmağa başlanmışdı. Lakin onların hamısının ortaq bir yazılış münasibəti də vardı ki, bu da Bakıxanovun başlıca amalı olan xalqa xidmət etmək ehtirasından qaynaqlanırdı.
…Günlərin birində özünəmi lazım olur, ya kiminsə iltimasına görəmi – uşaqların təlimi üçün asan və anlaşılan bir dildə yazılmış kitab axtarır, tapa bilmir. Və başını bulayıb keçmir. Qərara alır ki, bu boşluğu da doldursun: “Bəzi işlənməkdə olan kitablar o qədər qarışıq-dolaşıq ibarələrlə yazılmışdır ki, müəllimlərin çoxu özləri onları dərk edə bilmirlər. Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq xeyli çətindir.
…“Nəsayeh” adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım. Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin”.
Belə öyüd verirdi Qüdsi: “Sənə tapşırılmayan işi görməyə çalışma. Çünki ondan xeyir görməzsən və öz işindən də geri qalarsan”; “Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu, pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir”; “Hər mənsəbdə olsan, öz həddini bil ki, özünü olduğundan nə aşağı tut, nə də yuxarı”; “Bilmədiyin bir işi inkar etmə və bildiyin bir işin düzgünlüyünə də çox bel bağlama. Çünki bizim biliyimiz hələ həddən ziyadə az və ağlımız gücsüzdür”; “Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz”; “Yaxşı əməldən iki dəfə zövq alarsan: birincisi, onu edəndə, ikincisi, onun əvəzi sənə çatanda”; “Öz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki nəfsin istədiyi qədər. Məlumdur ki, adam çox dalınca qoşduqda azdan da əli çıxar”…
Və bu sözlər heç vaxt köhnələn deyil. Bu kəlamlar aqil bir insanın həyatın bərkindən-boşundan çıxaraq əldə etdiyi inamlardır.
Bu zərbülməsəllər həyatda yalnız bir məqamda nəfsini ram edə bilməmiş müdrikin hikmətləridir – hər işdə könlünü tox tutmağı bacarmış bu dahi yalnız elmdən doymadı, həmişə sözə təşnə oldu.
…Ensiklopedistlərin və o sıradan son böyük ensiklopedistimiz Abbasqulu ağa Bakıxanovun yaradıcı olaraq özəlliklərindən biri də elmə valehliyi və valeh olduğu bilikləri insanlara da çatdırmaq həvəsi idi.
…Amerika haqqında çox oxumuşdu. Oxuduqlarından öyrəndikləri onu məftun etmişdi. Və növbəti dəfə düşünmüşdü ki, niyə mən bilənləri xalq bilməsin?
Qələmi götürmüşdü: “Amerika adlı ölkənin necə kəşf edilməsi və vəziyyəti bizlərdə naməlum qalıb, yalnız oranın adı bəllidir. Ona görə də bizim diyarın əhalisinin də Amerikanın vəziyyətindən xəbərdar olmaları üçün bu kitabı tərtib etdim”. “Kəşf ül-qəraib”in müqəddiməsindəndir bu.
Abbasqulu ağa Bakıxanovun elmi və ədəbi irsinin dəyərini artıran, səviyyəsini yüksəldən mühüm bir məqam da var. O, çoxdilliydi – fars, ərəb dillərini və təbii ki, öz azəri türkcəsini gözəl bilirdi. Bu üç dildə şeir yazmasından savayı, mühüm olan cəhət onun Şərqin zəngin yazılı mənbələriylə maneəsiz, tərcüməçisiz – birbaşa rabitə yaratmaq imkanının olmasıdır. “Gülüstan-i İrəm”i, “Təhzib ül-əxlaq”ı, “Kəşf ül-qəraib”i, “Eyn əl-mizan”ı, “Qanun-i Qüdsi”ni, “Riyaz ül-Qüds”i, “Mişkat ül-ənvar”ı, “Əsrar ul-mələkut”u ortaya çıxarmaq üçün Abbasqulu ağa Bakıxanov fars, ərəb, türk dillərində yazılmış yüzlərlə qaynaqla tanış olmalıydı və hər üç dili mükəmməl bilməsi sayəsində məhz belə də etmişdi. Ancaq bütün bunlar öz yerində, Abbasqulu ağa Bakıxanov həm də XIX əsrin adamı idi. Avropanın elm və mədəniyyət sahəsində öncül mövqeyə keçdiyi bu zamanda Abbasqulu ağanın bir üstünlüyü də onun ruscanı elə ana dilincə bilməsi, bu dil və həmin dilə çevrilmiş əsərlər vasitəsilə Avropa mənbələri ilə tanışlıq imkanına malik olması idi.
Dil bilgisinin açdığı meydan Abbasqulu ağa Bakıxanova müqayisə, mənbələri qarşılaşdırmaq, saf-çürük etmək şəraiti yaradırdı. Elə bütün bunların sayəsində o, yüzdən artıq Şərq və Qərb mənbəyindən istifadə edərək Azərbaycanda ilk dəfə tarixə dair tədqiqat biçimli əsər yazdı.
Azərbaycanlı Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm”i səlis, asudəcə anlaşılan fars dilində yazması da, sonra həmin əsəri ruscaya tərcümə etməsi də maraqlı göstəricilərdir və bu, şəxsiyyətin elminin səviyyəsinin yüksəkliyinə dəlalət edir.

Arizu eylər könül dildar gəlsin, gəlmədi,
Zülfi kafir, gözləri xunxar gəlsin, gəlmədi.
Hər pərivəş cilve-yi hüsn eyləmiş, mən gözlədim,
Dilrübalər fövcünə sərdar gəlsin, gəlmədi.
Cana gəldim bivəfalar ülfətindən, istərəm,
Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.
Dərdü möhnət keçdi həddən, bəs ki çəkdim intizar,
Gözlədim ol şux gülruxsar gəlsin, gəlmədi.
Ləhce-yi canpərvərindən şur salsın aləmə,
Əndəlib-i sahət-i gülzar gəlsin, gəlmədi.
İstədim, Qüdsi, deyim vəsf-i camalın dilbərin,
Kuşiş etdim zinət-i göftar gəlsin, gəlmədi.

Dövrünün şeir dili ilə tutuşduranda Abbasqulu ağanın bu qəzəli yetərincə saya təsir bağışlayır. Amma nə qədər rəvan, anlaşıqlı, xalq deyiş tərzinə yaxın bir biçimdə qələmə alınsa da, hər halda Qüdsinin bu qəzəli də və əlimizdəki “Divan”ında yer alan bir çox başqa qəsidə, müxəmməs, məsnəvi, qitə, rübai, mənzum parça da bəlli klassik ənənənin yüzfaizli təsirindədir. Abbasqulu ağa şair babalarının ondan neçə əsr öncədən cızdığı çevrədən addım qırağa qoymur. Amma Qüdsinin təhsilini, tərbiyəsini, zövqünü, dünyagörüşünü, Qərb ədəbiyyatı və musiqisinə dərindən bələdliyini nəzərə alsaq, ehtimal etmək olar ki, o, bəlli çərçivələri sındıra da bilərdi.
Amma etməyib.
Dahi Puşkinin anası Nadejda Osipovna qızına növbəti məktublarından birində yazırdı: “Dünən Abbas bizdə Aleksandr, Sobolevski (A.Puşkinin dostu, alim-biblioqraf – R.H.) və qrafinya İveliçlə (Puşkinlərin qonşusu, savadlı bir xanım – R.H.) nahar etdi. Təbii ki, Lev də onlarla nahar edirdi. Sonra “kapitan”, şair, Məhəmməd övladı və Sobolevski teatra getdilər. Müsəlman dostumuz orada Yer üzündəki balet hurilərinə tamaşa etməkdən ləzzət aldı”.
Şübhə yox ki, Avropada olduğu müddətlərdə Abbasqulu ağa opera həzzini də dadırmış, rus və polyak şairlərini də, fransız poeziyasını da həvəslə oxuyurmuş, amma vətənə dönüncə yenə sabit sözəbaxanlıq və dəyişməz etibarla muğamın, xalq havacatının, dədə-baba şeirinin əyyam-i qədimdən var olan qalasına sığınırmış. Maraqlıdır ki, elmdə Qərb elm həyatında gözünə dəyən yenilikləri, gərəkli saydığı cəhətləri Şərqə tətbiq etməkçün ardıcıl səy etsə də, bu biri istiqamətdə Abbasqulu ağa axıradək ənənəçi olaraq qalıb.
Bu yöndə də təşəbbüslər etsəydi, nə gözəl olardı!
Bütün başqa səmtlərdə varlığında və qələmində avropalıyla asiyalını üzvi şəkildə qovuşduran Abbasqulu ağa şeir-sənət məsələlərində sonacan müsəlmançılığından əl çəkməyib.
Bəlkə onun geniş alim təfəkkürü qətiləşdirdiyi hansısa səbəblərə görə məhz bu yolu daha düzgün sayırmış?
Amma sonrakı zamanların artıq tamam başqa üstün ziyalıları və qələm adamlarının təşəbbüsləri, həmin mütərəqqi təşəbbüslərin sevimli nəticələri açıqca göstərdi ki, hər halda çəpərləri sındırmaq, calaqlar, peyvəndlər etmək faydalı bəhrələr doğururmuş.
Bu yolda Abbasqulu ağa da irəliləmiş olsaydı, yeniləşmə, müasirləşmə, dünyalaşma sarıdan bir neçə onil də qabağa düşmüş olardıq.
…Hələ sağlığında Abbasqulu ağa həm Azərbaycanda, həm Gürcüstanda camaat arasında da tanınan, sevilən bir kişi idi. Onun qəzəlləri, müxtəlif mənzumələri həm xanəndələrin, həm axund və dərvişlərin dilindən düşmürdü.
Polyak Mateuş Qralevski 1877-ci ildə Lvovda çapdan çıxmış “Qafqaz. 12 illik əsirliyin xatirələri” adlı kitabında yazırdı ki, “Abbasqulu ağa Ərdəbildə məscidə girir və axundun onun haqqında danışdığını eşidir: “İndi isə sizə cənnətməkan Abbasqulu ağanın məşhur sözlərini oxuyacağam”.
Və sonra axund kitabı açıb şövqlə oradan parçaları qiraət etməyə başlayır. Oxunanlar dinləyənləri məftun edir və onları həyəcana gətirir.
Bunları görən şair ağlayır və onun ağlaması məsciddəkilərin diqqətini cəlb edir. Axund soruşur: “Ey müsafir, sən bizimlə birgə bu kitabdakı bilik qidası və nitq şəhdini dadmaq əvəzinə niyə ağlayırsan?
– Mən sevincdən ağlayıram. Siz bu kitabı tərif edirsiniz. Onu yazan mənəm…”
Hər bir insan üçün həyatda olmayacağı günlərdə necə xatırlanacağını, özündən sonrakıların ona necə qiymət verəcəklərini hansısa sehrlə görməkdən böyük nə səadət ola bilər!.. Amma belə bir qisməti hətta möcüzə şəklində belə ağla gətirmək çətindir. Tale Qüdsiyə bu xoşbəxtliyi də qismət etdi. Əkdiyi xeyirxahlıq toxumlarının, bütün böyük və savab işlərinin müqabilində ulu Tanrı ona elə sağkən sağ olmayacağı çağlardakı şərəfli qismətini, istiqbalını da əyan etdi.
Ərdəbildə baş verən hadisə sanki qaibdən nazil olan güzgüdə görünən gələcək idi…
Böyük Cavad xanın nəticəsi, ilk müstəqil cümhuriyyətimizdə xarici siyasətə başçılıq etmiş görkəmli ziyalımız Adil xan Ziyadxanov təxirsiz dövlət işlərilə yanaşı mənəvi yatırımız haqqında da daim düşünürdü və “Azərbaycan” ünvanlı əsərində Abbasqulu ağa Bakıxanov irsinin xalqa çatdırılması işindəki nigarançılığını gizlətmirdi: “Təəssüf olsun ki, mərhumun əsərləri bu çağacan təb olub çıxmayıbdır. Abbasqulu ağanın qohumlarından mərhum təbib Mustafa xan keçmişdə artıq bir şövq və həvəslə Abbasqulu ağanın əsərlərini yığıb təb etdirmək istəyibdi. Heyif olsun ki, o biçarəyə də əcəldən macal olmadı ki, həmin əsərləri meydana çıxarıb xəlqi də feyzləndirsin. İndi Abbasqulu ağanın nəvəsi və general Bakıxanov Hüseyn ağanın qızı Reyhanət xanım həmin əsərləri yığıb cəm eləməyə şüru etmişdir. Tez bir zamanda biçiz müsəlman şagirdlərinin nəfinə təb və nəşr etdirəcəkdir”.
Bu sətirlər yazılanda yeni – XX əsr təzə başlanmışdı və artıq o əsr köhnəlib qaldı keçmişdə, XXI yüzil asta-asta yaşa dolur. Abbasqulu ağa Bakıxanov və onun yaratdıqları isə əskiləşmədi, boyatlaşmadı. Bu gün bizə bir az da cəlbedici gəlir.
“Üç sandıq kitab göndərdim. Əlbəttə, əlf əlbəttə, onları yaxşı qoruyub saxlayın. Qoymayın nəm çəksin, siçan yesin”.
Bu, Abbasqulu ağanın ailəsinə göndərdiyi məktublarındandır.
Kitaba bunca sevgi ilə, bunca canıyananlıqla yanaşan Abbasqulu ağa Bakıxanov özü də dəyərini itirməyəcək, əsrlər adlayacaq kitablar yaratdı.
Azərbaycan istiqlalı tarixində adı həmişə yaşayacaq Adil xan Ziyadxanov bunu da yazırdı ki, bakılılar fəxr edə bilərlər ki, Azərbaycanın paytaxtı olan Bakının Əmirhacıyan kəndində əsil və nəcib bir xanəvadədən Mirzə Məhəmməd xan oğlu Abbasqulu ağa dünyaya gəlmişdir.
Bu sözlərlə sonacan barışmaq çətindir.
Abbasqulu ağa ilə tək bakılılar yox, bütün Azərbaycan fəxr edə bilər və edir də.
Millətə başucalığı gətirən insanlardan biri kimi o, həmişə tarixin qızıl yarpaqlarında yaşayacaq.
…Abbasqulu ağa Bakıxanov haqqındakı söyləmələr də, nəslinin elçilərinin yaddaş-yaddaş keçirərək bugünə gətirib çıxardıqları xatirələr də anladır ki, o, Xəzəri çox sevirmiş. Bu sevgini Bakıxanovun Xəzərlə bağlı ən çeşidli araşdırmaları da təsdiqləyir. Və 1993-cü ildə Abbasqulu ağanın kötükcələri Xəzər Gəmiçiliyi İdarəsinin rəhbərliyinə gəmilərdən birinə Bakıxanovun adının verilməsi ilə əlaqədar xahiş məktubu tərtib etmək üçün mənə müraciət edəndə qələmi tərəddüdsüz götürdüm.
Və haçandır ki, o gəmi Xəzər sularında üzür.
…Xəzərdəki “Bakıxanov” gəmisi öz yerində, amma elm, mədəniyyət, mənəviyyat dənizimizdə də bir Abbasqulu ağa Bakıxanov gəmisi var ki, o, daim güvən yerimiz olacaq, ona həmişə ehtiyac duyacağıq, hər zaman onun görüşünə tələsəcəyik…
Məşhur “Əsrar ul-mələkut” əsərinin sonunda Abbasqulu ağa üzünü göylərə tutaraq dua edirdi: “Özünə xas olan Sifətlərlə yanaşı, yaratdıqlarının mahiyyəti ilə də dahilərin əqlini heyran edənə həmd olsun”.
Gözümüzü göydən çəkib bu sözləri keçmişdəkiləri, indikiləri və gələcəkdəkiləri doğurduqlarıyla həmişə heyran qoymuş və qoyacaq Abbasqulu ağa Bakıxanov kimi qüdsiyyət dolu insanlara da yaraşdırsaq, haqq olar!
…XXI əsr asta-asta yaşa dolur.
Bu gün şərəfli Bakıxanovlar nəslinin ağsaqqalı dəyərli bəstəkarımız, Xalq Artisti Tofiq Bakıxanovdur.
Onun qardaşı unudulmaz Məmmədrza Bakıxanovla da mən yaxın idim.
1980-90-cı illərdə Məmmədrza müəllimlə, 2000-ci illərdəsə Tofiq müəllimlə – təxminən hər həftə nəslin keçdiyi yol haqqında çox gerçəkləri yaddaşında daşıyan bu iki qiymətli şəxsiyyətlə saysız söhbətlərim olub və həmin davamlı ünsiyyətlərim mənə çox şey verib.
Əvvələn, bu şəcərə mənimçün çox doğmalaşıb.
Bu iki qardaşın doğruçu, dəqiq, təfərrüatlı xatirələrini dinlədikcə müxtəlif tarix kəsiklərində ömür sürsələr də, şəcərənin onlara qanla qismət olan diktəsinə əsasən amalları xalqa təmənnasız xidmət olmuş Abbasqulu aganı da, generallar Cəfərqulu ağa Bakıxanovu da, Həsən ağa Bakıxanovu da, Abdulla ağa Bakıxanovu da, Azərbaycan musiqi salnaməsinə möhürlərini vurmuş Əhməd Bakıxanovu da, Məmmədxan Bakıxanovu da, Tələt Bakıxanovu da, ölkəmizin ziyalı həyatında seçkinlər cərgəsində olmuş xanımlar – Rəna, Nigar, Zivər, Afət Bakıxanovaları da sanki canlı olaraq seyr etmişəm.
Böyük, şanlı nəsillərin övladı olmaq bir tərəfdən şərəfdirsə, digər yandan məsuliyyətdir. Ağlın dünyanı dərk eləyəndən, şövkətli soyunu, üstün babalarını tanıyandan sonra sənin çiyinlərinə qeyri-iradi ağır yük də qonur. Adının yanında həyatın boyu daşıyacağın soyadın keşikçisi olmaq, bu şərafətli soyada layiq ömür sürmək vicdan borcuna çevrilir.
Bakıxanovlar nəslinin davamçılarının bir məziyyəti də daim bu olub ki, heç vaxt şöhrətli soyadın kölgəsində gizlənməyə, sayğılı soyadın açdığı imkanlardan yararlanmağa cəhd etməyiblər. Əksinə, çalışıblar ki, bu mötəbər soyadın ləyaqət sanbalını öz pak, xeyirli, nəcib əməlləriylə bir qədər də artırsınlar.
Onların bir başqa qəlbəyatan keyfiyyəti də təəssübkeşlikləridir.
Həm vətən, xalq adına, həm də soyad naminə təəssübkeşlik.
Doxsanı haqlayan, bu sinnində də həyat eşqi ilə, yaradıcılıq həvəsi ilə dolu bəstəkar Tofiq Bakıxanov tez-tez müxtəlif xahişlərlə mənə də müraciət edir, başqa qapıları da döyür. Və diləklərinin, umacaqlarının biri də şəxsi deyil. Xahiş edir ki, hansısa yaddan çıxmış sənətkar haqqında yazı hazırlansın, xatirəsi anılsın, ildönümü keçirilsin, xidmətləri olmuş, ancaq indi xatırlanmayan hansısa yaradıcının bu gün də faydalı ola biləcək kitabları, notları yenidən nəşr edilsin. Həm də bütün bunları sadəcə xahiş etmir. İlk işi görən, ilk addımı atan, möhkəm hafizəsi ilə o şəxsiyyətlərlə müasirlərimiz arasında mötəbər körpüyə çevrilən də elə birinci özü olur. Lakin hərdən şəxsi xahişləri də olur. Lakin məgər Abbasqulu ağa Bakıxanovla bağlı hər hansı xeyirxah bir istəyin həyata keçirilməsinin təmənna olunması bu sözü deyənin Bakıxanov soyadı daşımasına görə şəxsi təvəqqe sayılmalıdırmı? Axı Abbasqulu ağa Bakıxanov da, qüdrətli Azərbaycan quruculuğunda can qoymuş digər adıbəlli Bakıxanovlar da təkcə bu nəslə məxsusdurlarmı? Onlar lap çoxdan vətəninkiləşiblər, millətinkiləşiblər!
Elə mən bu yazını başa çatdıranacan həmişə nigaran olan Tofiq Bakıxanov dəfələrlə zəng vurub, soruşub. Və mən də ürəyimdə buna çox sevinmişəm, fərəhlənmişəm ki, Abbasqulu ağa kimi zirvələrimizin, şanlı nəsillərin belə təəssübkeşi, qayğısına qalanı, canıyananı var.
Demək, qanı saf olanlar, yolu, məsləyi, əqidəsi, məramı dürüst olanlar birgədirlər, haqq yolunda çalışmalarında yenə əl-ələdirlər.
Elə bu kitabda da Bakıxanovlar yenidən qovuşublar.
Birgəlikləri ilə, bu kitabın səhfələrindən bir daha boylanan parlaq, gərəkli işləriylə yenə örnək göstərirlər, dərs verirlər.
Kaş bütün millətimiz də daim yurd naminə beləcə əl-ələ, ürək-ürəyə ola!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook