RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəMükafatların ən yaxşısı və ya milyonun birincisi

Bu nigaran sətirləri Nəcəf bəy Vəzirov yazıb.
Özü də Bakıda yox, Moskvada yazıb.
Yer məsələsini ona görə vurğulayıram ki, Azərbaycandan xeyil aralıda ola-ola ürəyi buradaymış, buraların dərdi-səriylə yüklüymüş.
Yazdığını yollayır Bakıya və 1876-cı il sentyabrın 23-də həmin düşüncələr Həsən bəy Zərdabinin “Əkinçi”sində dərc edilir.
Nəcəf bəy belə qayğılanırdı: “Doğrudur, bizim müsəlmanlar arasında arif və qanacaqlı əşxaslar çoxdur, amma bizim bəzi işlərimizə baxan gərək bizi dəşti-qıpçaq əhli hesab etsin. Buna səbəb oldur ki, bizim adəti-qədiməmiz zəmanə rəftarı ilə düz gəlmir. Biz qanacağımızı artırmağa səy edəndə adətən qədimləri dəyişdirməyə səy etmirik!”.
Bütün varlığı və ruhu ilə maarifçi, millət oyadıcısı olan Nəcəf bəy belə ağsaqqlacasına xalqının haqqında fikrə dalanda hələ tələbə idi, 22 yaşı vardı.
İstədiyi nə idi?
Milləti, yurdu üçün diləyi bu idi ki, keçmişimizdə yaxşı nə varsa qoruyaq, yaşadaq, ancaq dünənə qapılıb qalmayaq, müasir dövrün səsinə də qulaq asaq, köhnə vərdişlərimizi və bilklərimizi yeni günə də uyğunlaşdırmağa hazır olaq.
Haqlı məsləhətdir, köhnəlməyən vəsiyyətdir, keçmişdə olduğu kimi indi də, gələcəkdə də gərək elə bu cür hərəkıət edək.
Mühiti bir addım irəli aparmağa daxilən səfərbər olan belə insanları cəmiyyətin, yurdun ehtiyacı təbii bir şəkildə doğurur, onlar heç də həmişə hamar olmayan yollardan keçə-keçə Vətən üçün, xalq üçün gərəkli işlərini yerinə yetrirlər.
Fərqi yoxdur, hansı sahədə çalışırlar.
Bu qəbil insanlar mahiyyətcə hamısı bir-birinə qohum, yaxın, ruhdaş, məsləkdaşdır.
Eyni səsi çıxaran qoşa sim kimi!
Rasim Müzəffərli həyatı boyu çox sahələrə üz tutub, ən müxtəlif işlərlə məşğul olub.
Bəzən bu qəbil adamları qınayırlar ki, çox səpələnirsən, çox parçalanırsan, bir xətti tut get, nəticən də, uğurun da daha bol olar.
Məgər özlərindən asılıdır?!
Belə insanları səmtləndirən izahı mümkünsüz, aydın cizgilərini dəqiq görmək, təsvir etmək mümkün olmayan şüuüraltı bir qüvvədir, içəridən gələn “fayda verə biləcəyin, gərəkli ola biləcəytin heç yerdən kənarda qalma” çağırışıdır.
Zehndə və qəlbdə yenilikçilik, quruculuq, məllətə yanmaq cövhəri varsa, sən artıq müstəqil deyilsən, iradən öz əlində deyil, daxilindəki həmin işıq özü səni qabağına qatataraq hara lazım bilirsə, o tərəfə də aparacaq.
Və səndən ancaq və ancaq yaxşı izlər qalacaq.
Sənin mayan başqa cür yoğrulubsa, səndə sırf özünə xas bir düşüncə səliqəsi varsa, nəyə əl vursan, gördüyün iş başqalarınınkından fərqlənəcək, hökmən bir qədər irəligetmiş, daha çəkici, daha yeni olacaq.
Heç kim də heç vaxt buna görə təəccüblənməsin, qibtə etməsin, kin bəsləməsin ki, niyə onda o cür alınır, məndə yox?
Səbəb sadədən sadə.
Axı sən o deyilsən, axı o, çox fərqlidir!
Rasim elmlə məşğul olub, dərs deyib, nəğmələr bəsətələyib, şeirlər yazıb, musiqi birlikləri qurub, naşirlik edərək kitablar buraxıb və hər bir işində də seçilib, hansı xəttə üz tutubsa, ora ayrı bir rəng qata, başqa bir dad gətirə, yeni çalarlar, indiyəcən olmamaış hansısa cizgilər əlavə edə bilib.
Bunlara qarşısına xüsusi məqsəd qoyaraq nail olmayıb.
Təbiəti belədir, bacardığı budur, olduğu budur!
Şəxsiyyətinə lap yaxınlaşsan, ömrünə sirayət etsən anlayacaqsan ki, elə gündəlik yaşayışında, davaranışlarında, dostluğunda, təmaslarında da beləymiş.
Ta binədən ruhu belə biçilib, ülgüsü belə cızılıb, qəlibi belə qurulub, ayrı sayaq da ola bilməz!
Sadədən sadə bir örnək bu həqiqəti ovuc içərisindəki kimi aydınca ortaya qoyur.
...Hər gün gömrük məntəqələrində bu tərəfdən o yana, o yandan bu tərəfə nə qədər yük keçir.
Təbii ki, müvafiq sənədləşmələr aparılır, gömrük bəyannamələri doldurulur, arayışlar tərtib edilir, rəsmi kağızlar imzalanıb möhürlənir.
Rəsmiyyətin tələb etdiyi adi, üstündən müəyyən müddət ötəndən sonra daha dəyər daşımayan, əlavə yer tutmasın deyə çoxusu zibilliyə atılan kağız-kuğuz.
Heç görmüsünüzmü kimsə üstündən illər keçəndən sonra hansısa gömrük bəyannaməsi ilə fəxr edə, bircə vərəqlik sənədi əzizləyə-əzizləyə saxlaya, şövqlə ondan danışanda gözləri parıldaya?
Rasimin heç yatanda yuxusunda da girməzdi ki, günlərin birində iş elə gətirəcək ki, ona hansısa mühüm dövlət qurumu, illah da gömrük komitəsi kimi iqtisadiyyat, maliyyə təmayüllü bir təsisat üçün nümunəvi sənəd dəstinin tərtibçisinə çevrilmək nəsib olacaq.
1980-ci illər sona yaxınlaşırdı, 90-lar gəlirdi, həm ictimai-siyasi baxımdan çox mürəkkəb, həm də dolanışıq baxımından xeyli sıxıntılı olan həmin illərdə bir-birinin ardınca cürbəcür kooperativlər, məhdud məsuliyyətli cəmiyyətlər, özəl şirkətlər yaradılır, hərə ailəsini dolandırmağa bir çarə arayırdı.
Rasim də o dövrdə bütün başqa fəaliyyətlərini davam etdirə-etdirə, azadlıq hərəkatının fəallarından oa-ola bu sahəyə də baş vurmuşdu, əsasən xarici ticarətlə məşğul olan balaca bir şirkət də qurmuşdu.
Təbii ki, bununla bağlı ara-sıra işi gömrük komitəsindən də keçirdi.
İllər elə illər idi ki, Azərbaycan cəmiyyəti milli dirçəlişini yaşayırdı, vətənpərvərlik hissi hər zaman olduğundan daha coşqun idi və ana dilinin gerçəkliyimizdəki mövqeyi də durmadan güclənirdi. Valideynlər uşaqlarını anadilli məktəblərə verməyə daha qərarlı idilər, rusca təhsil almışlarımız azərbaycanca nitqlərini qaydaya salmağa can atırdı, idarə və müəssisələrdə sənədlərin, yazışmaların Azərbaycan dilində aparılması artıq bir normaya çevrilirdi.
Belə qəfil keçidsə, bir çox yazışmaların, sənədləşmənin çox zaman rusca aparılmış olduğu müəssisələrdə ciddi narahatlıqlar, çətinlikıər də doğururdu – belə kəskin dönüşə uyğunlaşmanın öz müşkülləri vardı.
Xatirimə bununla bağlı ovaxtkı “Kommunist”, indiki “Azərbaycan” nəşriyyatında baş vermis bir məzəli əhvalat da düşür.
Sovet dövründə məktəblərdə əmək və rəsm dərslərində istifadə etmək, eləcə də şagirdlərin müstəqil məşğul olmasına köməkçi vəsait kimi «Сделай сам» (“Özün düzəlt”) adlı rəsmlər, cizgilər, tövsiyyələr topluları buraxılırdı.
“Kommunist” nəşriyyatının rusdilli bir sex müdiri direktorun rusdilli müavininə günün hökmü ilə ana dilində yazdığı tələbnamədə xarici söz işlənməsin deyə mətni öz bildiyi səviyyədə tərcümə etmişdi: “Xahiş edirəm ambardan 500 nüsxə “Özün qayır” buraxılmasına icazə verəsiniz”.
Son dərəcə mədəni, həm də işbacaran şəxs olan direktor müavini də ənənəvi «Не возражаю» vizasını fikrində tərcümə edərək müraciətə ana dilində dərkənar qoymuşdu: “Ehtirasım yoxdur!”.
Rasimin həm ruscasının, həm azərbaycancasının mükəmməlliyini, eləcə də onun hansı qabiliyyətin sahibi olmasını yaxşı bilən Dövlət Gömrük Komitəsindəki bir tanışı xahiş edir ki, bəlkə bizə köməyini əsirgəməyəsən?
Bütün sənəd formalarını, blankları Azərbaycan dilində hazırlamaq, ən uyğun terminləri, yığcam ifadələri tapıb yerinə qoymaq, başqa dillərdə illərdən gələn ənənəsi olan sənədlər şəbəkəsini milliləşdirmək işin sahibi olan peşəkar gömrükçülər üçün qəliz idi, onda qalmış Rasim ola.
Lakin təklifi məmnuniyyətlə qəbul edir və çox ləngitmədən tapşırığı uğurla da başa çatdırır.
Çünki ilk növbədə, gördüyü bütün başqa işlər kimi buna da cani-dildən, həvəslə başlayır.
İkincisi, işə sadəcə texniki sənəd dili üzərində çalışma kimi yanaşmır, bunun ümummilli mənasını daxili fəhmiylə duyaraq kiçicik də olsa töhfəsini verməyə cəhd edir.
Üçüncüsü də, xəmiri belə yoğrulub, o bu cür bacarır.
Heç bu olmasın, o olsun!
Tutalım, ixtisası olmayan coğrafiyadan Rasimin orta məktəb üçün bir dərslik yazmasına zərurət yaransaydı, inanıram, gedib gecə-gündüz oxuyacaqdı, araşdıracaqdı, elə bir kitab doğuracaqdı ki, indiyəcən olan dərsliklərdən bir çox yenilikçi, orijinal cəhətləriylə seçiləcəkdi.
İkinci Dünya Müharibəsibdən sonra əsir götürülmüş almanların Azərbaycanın müxtəlif bölgələrində inşa etdikləri çeşidli binaları görmüşəm.
Həmin əsirlər ucdantutma peşəkar inşaatçılar, mühəndislər, ömürləri boyu belə işlə məşğul olmuş adamlar deyildilər ki!
Ancaq nə tikiblərsə, çoxu indiyədək qalır və gözəlliyi, səliqəsi, etubarlılığı ilə diqqət çəkir.
Bu xarakterdir, keyfiyyətdir, özlükdür.
Rasim də nə etsə, orda Məni var, Özlüyü var, dəsti-xətti var.
O vaxt Rasimə anadilli gömrük sənədlərini düzəltəsməsinin bir mükafatı da yadigar qalır.
O zamanlar idi ki, müstəqilliyimizin varlığına dayaq olan ən xırda uğur da insanın köksünü qabardırdı, iftixar oyadırdı.
Dövlət Gömrük Komitəsinin təmiz Azərbaycan dilində tərtib edilmiş ilk idxal bəyannaməsini Rasim Müzəffərlinin rəhbəri olduğu “Azərservis” şirkəti doldurur və nömrəsi də 0000001.
Yəni bu sıradan milyonu olacaq sənədin ilki, birincisi!
Bunun necə ləzzət olduğunu hiss etmək üçün gərək sən də haçansa qaz əti yemiş olasan!
Rasim bugünədək çox işlər görüb və bildiyim qədər indiyədək ona verilən yeganə gözəgəlim təltif Macarıstan hökumətinin bu xalqın mədəniyyətinin tanınmasında göstərilən xidmətlərə görə xarici elm və mədəniyyət xadimlərinə verdiyi mükafatdır.
Rasim bu şərəfə macar ədəbiyyatının klassiki İmre Madaçın (1823–1864) təqribən 4 min misradan ibarət, 1861-ci ildə yazılmış, indiyədək dünyanın 40-a yaxın dilinə çevrilmiş “İnsanın faciəsi” dramının Azərbaycan dilinə poetik tərcüməsinə görə layiq görülüb.
Həyatı boyu çalışanların yetməli olduğu mükafatla bağlı məşhur bir latın zərbülməsəli də macar müdrikinin həmin köhnəlməz dramında onun öz misralarına qovuşur:

Hamı üçün gecə-gündüz çalışdı,
Mükafat ummağın vədəsi çatdı.

Rasim kimi insanaların kənardan mükafatlar gözləməyə heç vaxt ehtiyacı olmur. Hər başa çatdırdıqları işin zövqü belə işıqlı yaradıcılarçün elə ən ali mükafata bərabərdir.
...O dostumuz indi buralardan uzaqdadır, Kanadada yaşayır və daha ümid də eləmirəm ki, yenidən buralara qayıda.
2020-nin fevralında 86 yaşı tamam oldu, keçdi 87-yə.
Adil Bəbirov böyük Qara Qarayevin ən yaxşı (və xüsusi münasibət bəslədiyi) tələbələrindən idi və heyiflər ki, parlaq istedadına rəğmən Adil az yazdı.
Hərçənd nə bəstələyibsə, hamısı gözəldir.
Hərdən Adili gətirirəm Bakıya, Azərbaycana.
Vaxt fərqini nəzərə alaraq ona münasib ola biləcək saatda zəng vururam, obiri başdan minkilometrləri aşan yorğun, xırıltılı səsi gəlir, məni eşidincə elə bil bir az gümrahlaşır, açılışır.
3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə danışırıq, hiss edirəm həmin anlarda nə qədər rahatdır, xoşbəxtdir və bunu da düşünürəm ki, yəqin söhbətimizdən sonra hələ neçə saat (ya bəlkə neçə gün) bu havada, bu dalğada qalacaq.
Elə bu gün növbəti dəfə Adil yadıma düşdü, tanış nömrəsini yığdım.
Nəsə yadıma sanki vaxt zəlzələsinin baş verdiyi çağlar, 1990-cı illərin qatışıq gedişatı, bir quruluşun çökərək yenisinin başladığı namüəyyənlik əyyamları gəldi.
Adil müəllimin anası vəfat etmişdi. O vaxtlar hələ cümə axşamları verilirdi, Adilin də dost-tanış dairəsi geniş olduğundan hər dördüncü gün evə gedib-gələnlər çox idi.
Həm də gələnlər yalnız musiqiçilər, qələm sahibləri, ziyalılar deyildi, hər cür adam vardı, aralarında tanımadıqlarımız da az deyildi.
Axşamların birində geyimindən, ədalarından, bir az da yekəxana danışığından təzə milyonçulaşmış biznesmen olduğu duyulan bir nəfər də orada idi.
O gedəndən sonra sükut oldu və handan-hana həmişə məxsusi emosionallığı ilə seçilən bəstəkar Faiq Sücəddinov əsəbi tərzdə dilləndi ki, axı kimdir o?! Çox da villaları, firmaları, maşınları, pulu var! O mənim kimi Rəşid Behbudovun necə məşq etməsini görməyib, o mənim kimi Şövkət Ələkbərovanı 5 addımlıqdan eşitməyib, o mənim kimi Vaqifin yanında dayanaraq həmin anda yaranan improvizələrindən ləzzət almayıb! O nə görüb! Mən ondan qat-qat varlıyam!
Rasim Müzəffərli də varlı və çox varlı adamdır!
Haçansa bankı olduğuna görə yox!
İçərisində bir gözəllik bankı yarada bildiyinə görə!
...Hansısa işin son nöqtəsini qoyanda adətən ürəkdə bir dinclik, asudəlik yaranır.
Yəqin ki, məşhur macar mütəfəkkirinin “İnsanın faciəsi” dramının tərcüməsinin ən axırıncı sətirlərini tamamlayıb son nöqtəni qoyanda Rasim eyni hissləri yaşayıb.
O misralarda Pərvərdigar insana ağıl verir:

Söylədim sənə insan:
Çarpış, güvən və inan!

Rasim peyğəmbər yaşına yaxınlaşan indiki illərinə gəlib çatanadək daim öz istedadına, ağlına, sevənlərinə, dostlarına, millətinin və yurdunun dəyərlərinə güvənərək, hər yaxşı əməlin mütləq bəhrələr verəcəyinə inanaraq çarpışıb, çalışıb, yaradıb.
Bir milyon mükafatdansa, milyonda bir adama nəsib olan, insanı içəridən güclü edən bu duyğular qovuşağından üstün nə mükafat olar?!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook