RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəOnu o edən

İnidi nə o cür tamaşaçı var, nə elə aktyorlar.
Nə qiymətləndirməyin və düşündüyünü ifadə etməyin ovaxtkı ustaları var, nə də qəzet sözünün oçağkı hörmət-izzəti.
Ancaq mən inanıram, sadəcə ümid etmirəm, qəti əminəm ki, su gəlmiş olduğu arxa bir də qayıdacaq.
Teatra sözdə yox, əməldə məbəd kimi yanaşan nəsillər yenə yaranacaq.
Çünki teatrın yaşı nə yüzdür, nə də üç yüz.
Heç bu tarix beş yüz il çərçivəsinə də sığmır, min il də onunçün balaca tərcümeyi-haldır.
Teatrın yaşı minillərlə ölçülür və bu sevgi artıq lap köhnə əsrlərdən bəri düşünən, duyan, mədəniyyətlə nəfəs alan insanın iliyində, qanındadır.
Çox da kino ortaya çıxıb onun rəqibinə döndü, çox da televiziya gəlib onu bir az da sıxışdırdı, çox da kompüter erası başlanaraq kitabın, tetarın, səhnənin əvvəlki cazibəsini azaldan kimi oldu.
Yaddaşda yaşı minillərlə ölçüləni bir əsr ərzində çökdürmək olmaz.
Teatrın böyük gələcəyi, möhtəşəım zəfərləri, insanla yenidən əvvəlki əyyamlardakı sayaq ürək-ürəyə qalacağı günlər hökmən yenidən gələcək!
İndi hanısısa səhnədə əla bir tamaşa oynansın (“indi” yazarkın” mən lap indini, 2020-nin yazını-yayını deyil, heç olmazsa 7-8 ay bundan əvvəli nəzərdə tuturam), qəzetlərdə də ən istedadlı alimlərimiz həmin premyera haqqında çox dərin, ciddi təhlilli bir məqalə yazsın.
10 milyonluq respublikada bu hadisənin ürəyində, zehnində əks-səda oyadacağı neçə min, ya neçə yüz adam olacaq.
Və bəlkə yüzdən də xeyli az?
Mən müqayisə edə bilirəm, çünki onu da görmüəşəm, bunu da görürəm.
1960-70-ci illərdə Azərbaycanın əhalisi indikindən ikiqat az idi. Amma respublikanın əsas qəzeti olan “Kommunist” yarım milyon tirajla çıxırdı.
Rəsmiyyəti çox, bədiiliyi az da olsa, bu qəzeti cavanlı-qocalı azərbaycanlıların demək olar ki, hamısı oxuyurdu.
O qəzetin, aydın məsələdir ki, siyasətlə bağlı öz həqiqəti vardı, onu yazırdı.
Lakin ara-sıra elm-sənət mövzularına da yer ayırırdı.
Yazırdısa, demək, baş vermiş hadisə, haqqında bəhs edlən kitabmı, fiilmmi, tamaşamı, aktyormu, yazıçımı, bəstəkarmı, alimmi respublikanın diqqət mərkəzinə gəlməyə layiqdir.
İndi təsəvvür edin 1964-ci ilin noyabrını.
Akademik Dram Teatrında İlyas Əfəndiyevlə Tofiq Kazımovun “Sən həmişə mənimləsən”i oynanıb və premyeradan azacıq sonra əsas işi belə yeniliklərdən və hadisələrdən yazmaq olan “Ədəbiyyat və incəsənət” qəzetində deyil, nüfuz göstəricisi “Kommunist”də məqalə dərc edilir.
“Kommunist” yazırsa, bunun mənası odur ki, hadisə artıq ümumazərbaycan əhəmiyyətlidir, sıravi sənət uğuru sayılmır, respublika rəhbərliyi səviyyəsində diqqətdədir.
Belə yazıları isə adətən ən sanballı şəxsiyyətlər imzalayırdı.
Söhbət teatrdan gedirsə, o dövrdə danışıqsız olaraq hamının böyüklüyünü və gücünü qəbul etdiyi Cəfər Cəfərov bu sahədə ən birinci idi.
Cəfər Cəfərov riqqətini belə ifadə edirdi: “Tamaşanın müvəffəqiyyəti hər şeydən əvvəl – Həsənzadənin və Nargilənin dialoqunu aparan aktyorlardan asılıdır. Ürəklə deyə bilərik ki, Əli Zeynalov və Amaliya Pənahova bu dialoqu ustalıqla aparır, tamaşaçıların rəğbətini qazanırlar. Əli Zeynalov təcrübəli və tanınmış aktyordur. Onun qələbəsi gözlənilməz deyildir. Lakin Amaliya Pənahova hələ teatr institutunun ikinci kursunda oxuyur. O ilk dəfədir ki, səhnəyə çıxır., böyük aktyor mühitinə daxil olur, qocaman bir səhnədən səslənir. Odur ki, onun qələbəsi gözlənilməz olduğu qədər xoşdur, sevindiricidir, fərəhlidir. Səhnəmizə gənc bir istedad, öz sənətinin aşiqi olan bir aktrisa gəlmişdir. Biz onu ürəkdən alqışlayırıq”.
Təsəvvür edirisinizmi bu nə deməkdir?
Yox, o illəri görməyənlər, o illərin mühitindən, ruhundan xəbərsiz olanlar, buna yaşı çatmayanlar sözsüz ki, dolğunluğu ilə həmin tərifli sözlərin o zaman içində hansı təsir gücü daşıdığını ağlına gətirə bilməz.
Bu bir möhür idi.
“Kommunist” qəzetində Cəfər Cəfərov kimi mötəbər alim və dövlət xadimi təsdiqləyirdi ki, teatr instututunda ali təhsilini başa vuraraq diplom alarkən “aktyor” ixtisası qazanacaq bu gənc artıq həmin adı daşımağa haqq edir.
O, aktirsadır!
Həm də hansı canlı klassiklərin səhnədə olduğu bir gündə!
Belə müstəsna qiymət verilmiş, bütün respublikanın haqqında danışdığı həmin 19 yaşılı tələbə, böyük səhnənin sadəcə siftəsini etməmiş, dadını duymamış, həm də orda elə ilk addımından qətiyyətli zəfər qazanmış bu gənc qız sabah yenə auditoriyaya girməli, mühazirələr dinləməli, müəllim tövsiyyələrinə qulaq asmalı, digər kurs yoldaşları kimi tapşırıqlar yerinə yetirməli, tədris teatrındakı tamaşalarda ona tapşırılan rolları ifa etməlidir.
Amaliya ona görə Amaliya oldu ki, nə qəfil gələn şöhrət, nə ildırım sürəti ilə Azərbaycan boyu tanınması, nə ona dərs deyən və ömrünü sənətə həsr etmiş bir sıra müəllimlərinin heç onun qədər məşhur olmaması yerişini, ədasını, xasiyyətini, təbiətini dəyişə bildi.
Nə özünü dartdı, nə diqqət mərkəzində olmağından başı gicəlləndi.
Böyük səhnəyə dəvət ediləndə də eşqlə, bütün ürəyi ilə oynadı, auditoriyalarda, tədris tamaşalarında ona rol tapşırılanda da eyni məsuliyyətlə, eyni həvəslə işlədi.
Həm də bu ona görə belə olmadı ki, Amaliya xüsusi təvazökarlıq edirdi.
Yox, özü belə idi, təbiəti bu təhərdi və ömrünün sonunacan da bu cür qaldı.
Hətta özünün teatrı olanda da səhnəyə çıxdımı, sadəcə aktyorlardan biri idi.
Və səhnəyə, ekrana, efirə hər gəlişində, hər növbəri ifasında o bircə həqiqəti sübut etmək istəyirdi: “Mən aktrisayam!”.
Baxmayaraq ki, ona bu qiymət hələ yolunun lap əvvəlində ən uca səslə verilmişdi.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook