RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəMuzeydə yaşayan doktor

Orta əsrlərdə müsəlman Şərqində misilsiz hikmət sahiblərinə “həkim” deyirdilər. 
İbn Sinaya, Ömər Xəyyama, Nizami Gəncəviyə və belə-blə müstəsnalara.
Bu gün ana dilimizdə biz “həkim” sözü ilə təbibi, müalici, insana dava-dərmanla, cərrah bıçağı ilə şəfa bağışlayanları nəzərdə tuturuq, amma bununla yanaşı elə hərdən “doktor” kəlməsini də işlədirik.
Və doktor sözünü tez-tez alimə də aid edirik: hansısa elmlər üzrə doktor.
Bu dünyada mənim ən çox sevdiklərimdən, əzizlərimdən olan, xatirəsini, doğma surətini hər an qəlbimdə gəzdirdiyim Cavad Heyət Həkim idi, Doktor idi.
Həm bu sözün klassik, həm də çağdaş anlamında!
O, dünyada tanınan, təbabət tarixində qızıl əlləri və tibb elminə dair qiymətli araşdırmaları ilə qalan nadir Həkimlərdən, Doktorlardan idi.
Lakin həm də tarixin, fəlsəfənin, dilçiliyin, ədəbiyyatşünaslığın çox sirlərinə vaqif, bu sahələrin hər birinə aid sanballı əsərlərin müəllifi idi.
Əsl Həkim – Hikmət Sahibi idi.
Və mənim dostum idi.
Dostum, müəllimim, məsləkdaşım, doğmam!
Nizami muzeyini elə ədəbiyyatımızı sevdiyi qədər sevirdi. 
Xatirə kitablarımızdan birində belə ürək sözləri də qalır ki, buranı seyr eləmək azdır, burada yaşamaq lazımdır.
Muzeyimizdə böyük Cavad Heyətin adına bağlı bir guşə yaratdım. 
Abidəsi də burdadır, onun şərəfli ömür yolu ilə bağlı fotolar, sənədlər, xatirə əşyaları da. 
Təbii ki, bu guşəni vaxt ötdükcə daha da genişləndirəcək, zənginləşdirəcəyik.
Əsas odur ki, həmişə mənən Nizami muzeyindəki klassiklərlə nəfəs-nəfəsə olmuş, onlarla ruhən birgə yaşamış Doktor Cavad Heyəti bura gətirdim ki, elə əyani olaraq da pərəstiş etdiyi söz bahadırları ilə daim eyni məkanda yaşasın!
Həmin guşədəki bir bənd şeiri mən Doktorun məzar daşında həkk edilməkçün yazmışdım.
Təbrizdə doğuldu, varlığıyla – həm parlaq şəxsiyyəti, zəkası, nurlu əməlləri, saf varlığıyla, həm də yaradıb onillərcə yaşatdığı “Varlıq” dərgisi ilə xalqımızın birliyinin, bütövlüyünün rəmzi, simgəsi idi Cavad Heyət.
Bakıdakı məzarı da yenə xalqımızı qovuşduran mötəbər körpülərdən biri sayılsa, haqqı var!
Böyük Ustada Salamlar, Şərəflər olsun!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook