RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəFilologiya üzrə elmi şura

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Filologiya Problemləri üzrə Elmi Şura haqqında ümumi məlumat

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 19 noyabr 2014-cü il tarixli 18/3 nömrəli qərarı ilə elmin və texnologiyaların inkişaf meylləri nəzərə alınmaqla yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi, elmi tədqiqatların əlaqələndirilməsi, elm və təhsilin inkişafının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəliliyinin artırılması və s. məqsədlər üçün Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində 14 elmi şura, o cümlədən Filologiya Problemləri üzrə Elmi Şura yaradılmışdır.

Ölkəmizdə filologiya elminin əhəmiyyətli inkişaf tarixi, zəngin ənənələri var və bu mühüm elm sahəsi üzrə tədqiqatlar müasir dövrdə də fəal şəkildə davam etdirilir. Hər il filologiya elminin müxtəlif istiqamətləri üzrə çoxsaylı dissertasiya mövzuları müdafiə edilir. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Filologiya Problemləri üzrə Elmi Şuranın əsas vəzifəsi bu sahədə ilkin ekspertiza aparmaqdan ibarətdir. Əvvəllər ayrı-ayrı elm sahələri üzrə mövcud olmuş koordinasiya şuraları dissertasiyalarda təkrar mövzuların tədqiq edilməsinin qarşısını almaq məqsədi daşıyırdısa, indiki şuraların həm fəaliyyət dairəsi, həm də səlahiyyətləri genişlənmişdir. Respublikanın bütün müvafiq elmi tədqiqat institutları və elmi müəssisələrində, eləcə də ölkənin bütün ali təhsil ocaqlarında ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, mətnşünaslıq, folklor, kitabxanaşünaslıq, dokumentalistika, dilçilik və digər istiqamətlərdə 23 ixtisas üzrə müdafiə ediləcək dissertasiyaların mövzusu əvvəlcə Filologiya Problemləri üzrə Elmi Şurada ciddi şəkildə araşdırılaraq tədqiq edilir.

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Filologiya Problemləri üzrə Elmi Şura AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyət göstərir. Filologiya Problemləri üzrə Elmi Şuraya akademik Rafael Hüseynov rəhbərlik edir. Şuranın tərkibinə Azərbaycanın filologiya sahəsindəki ən görkəmli alimləri cəlb edilmişdir.

Əsasnaməyə görə, ayrı-ayrı elm sahələri üzrə Elmi Şuraların iclasları ildə 4 dəfədən az olmayaraq keçirilməlidir. Lakin Şuranın fəaliyyət göstərdiyi 2015 və 2016-cı  illərdə filoloq alimlər müvafiq olaraq 8 və 10 dəfə toplaşaraq araşdırılacaq mövzularla bağlı müfəssəl müzakirələr aparmışlar. 2015-ci ildə baş tutmuş 8 iclasda həm fəlsəfə, həm də elmlər doktorluğu üzrə ümumilikdə  234 sənəd müzakirə edilmiş, bunlardan 188-i təsdiq edilmişdir. 2016-cı ildə isə yalnız iyul-avqust aylarının məzuniyyət dövrünü çıxmaq şərti ilə digər aylarda baş tutmuş 10 iclasda 283 mövzu müzakirə edilmiş və onlardan 202-si təsdiq edilmişdir.

Rəqəmlərdən də göründüyü kimi ənənəvi olaraq filologiya elmləri üzrə dissertasiya müdafiə etmək istəyənlərin sayı digər elm sahələri ilə müqayisədə üstünlük təşkil edir. Lakin əvvəlki dövrlərlə müqayisədə həm bu tədqiqat mövzularının miqyası genişlənmişdir, həm də yeni araşdırmaların müasir dünya elminin yüksək tələblərinə uyğunlaşması istiqamətində ciddi irəliləyişlər müşahidə edilməkdədir.

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook