RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBir ayrılıq, bir ölüm

Qəmli soraq uzaq Amerikadan gəldi. 
Böyük pianoçu Çingiz Sadıqovu iitirdik. Dünyaya gözlərini qürbətdə yumdu. 
Qürbət, ayrılıq qüssəlidir, ölüm ondan betər.

Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı!

Neyləməli ki, o da, bu da nə istəklərimizə, nə iradəmizə tabedir, onlar insanın əbədi yol yoldaşıdır...
Bəlkə kimsə zənn edər ki, Çingiz Sadıqov 20 ildən artıq idi xaricə getmişdi, artıq oralara alışmışdı. 
Qətiyyən o cür düşünmürəm! 
Əminəm ki, Kaliforniyada sürdüyü illərin hamısında Vətən onun içində, o, qürbətin mühasirəsində idi. Doğrudur, doğmalarını da aparmışdı oralara, əzizləriylə özünə simsar bir mikromühit yarada bilmişdi. Lakin Bakını, könlünün minbir teli və həyatının saysız xatirələriylə bağlı olduğu tanış küçələri, məhəllələri, binaları, ağacları, səhnələri ki daşıyıb qürbətlərə aparmaq mümkün deyildi. Onların ürək sıyıran xiffətisə ilin üstünə il, ayın üstünə ay, günün üstünə gün gəldikcə qəribi qarabaqara izləyir.
Yeniyetməlik, cavanlıq çağlarından elə mədəni və ictimai bir ab-hava əhatəsində yaşamışdı, sovet onillərində dövrün diktəsiylə daim elə bir mühitdə olmuşdu ki, adətən rus dilində danışmışdı və bu dil ona ana dili qədər yaxın idi. Amma ana dilində danışmağa başlayanda uşaqlıq illərindən ruhuna hopmuş o qədər şirin Qarabağ ləhcəsiylə danışardı ki, sanki elə bu dəqiqə Şuşadan gəlib. 
Halbuki Bakıda doğulmuşdu, paytaxtda boya-başa çatmışdı. 
Onun içindəki yurd, xalq ruhu o qədər dərin və o qədər bariz idi ki, onillərcə axarında olduğu həyat bu saflığa zərrəcə təsir edə, həmin ruhu sozalda, solğunlaşdıra bilməmişdi.
Elə həmin səbəbdən çalğısında da həmişə canayatan bir müasirliklə yüksək zövqlü xəlqilik qovuşuqda idi.
Və mən Çingiz Sadıqov itkisinin xəbərini üzüntüylə, qəlb ağrısıyla qarşıladım. 
İlin son günləriylə sadəcə təqvim ili bitir. Lakin Çingiz Sadıqov kimi nadir insanlar və sənətkarların gedişi ilə mənəviiyat, mədəniyyət tariximizdəki bütöv dövr, parlaq bir epoxa tamamlanır. 
O, incə duyumlu musiqiçi, mahir pianoçu, əvəzsiz müşayiətçi idi - bunlar öz yerində. Amma o həm də son dərəcə maraqlı həmsöhbət, bildiklərini, xatırladıqlarını cəlbedici bir tərzdə söyləməyi bacaran tarix bələdçisi idi. Bu keyfiyyəti ilə əziz Çingiz müəllim 80-ni adlayandan sonra da və bəlkə də yaşı daha çox artdıqca əvvəlkindən daha ziyadə dəyər, maraq, əhəmiyyət kəsb edən körpü idi. 
Ona görə də 88-ni bitən 2017-ci ilin ilin yazında başa vuraraq ömrünün 89-cu ilinin yaşamağa başlasa da, belə sanballı yaşında da Çingiz Sadıqovun və ümumən, bu qəbil qənimət insanların qayıdışsız gedişi, əlbəttə ki, vaxtsızdır.
Ara-sıra Bakıya gəlişləri nəzərə alınmazsa, 1994-cü ildən bizdən min kilometrlərlə aralıda idi.
Birləşmiş Ştatlara köçmüş olsa da, sağ idi, yaşayırdı və nə qədər ki, nəfəsi gedib-gəlirdi mənimçün onun gənclik illərində bağlı olduğu mədəni mühitin insanları- Bülbül də, Rəşid də, Şövkət də, Tofiq Quliyev də, Müslüm də... diri idilər. 
Vaxtilə , 1990-cı illərin lap əvvəllərində Azərbaycan radiosunda onun haqqında 2 geniş veriliş hazırlamışdım, saat yarımdan artıq söhbətini lentə almışdım. 
Həmişə içərisi məhəbbətlə, işıqla dolu idi və indi yadigara çevrilən həmin söhbətin anları canlanır hafizəmdə və düşünürəm ki, Çingiz müəllim nə qədər saf, nə qədər nəcib idi! 
O, insanların, yaxınlarının, dostlarının, əziz saydıqlarının ən adi hərəkətlərini, sözlərini də adilikdən çıxararaq mənalandıra, sevdirə, qeyri-adi kimi təqdim edə bilirdi. 
Çingiz müəllim canlı klassik idi və nə heyf ki, bir cüt əlin barmaqlarından da az qalmış son klassiklərimizdın daha birini itirdik. 
Bizdən ayrıldı, getdi onsuz da xatirələrində, içəri dünyasında həmişə birgə olduqlarının əbədi ruhlar aləminə. 
Ruhu şad olsun! 
Yaratdıqları ilə həmişə ruhumuzu şad etmiş və edəcək unudulmaz sənətkarımız və dostumuz Çingiz Sadıqov var olduğumuz müddətcə sevgilərimizdə yaşayacaq! 
P.S. Bu anlarda Çingiz müəllimlə vidalaşmaq imkanım yoxdur. Məndən uzaqlardadır. Bu sətirləri elə ilk ayrılıq sözləri, vəfa borcumun və acımın ifadəsi kimi yazdım. Söz yox, onun böyük sənətkar və insan surətini insanlara daha dolğun çatdırmaq üçün gələcəkdə müfəssəl yazacağam.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook