RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəAllaha kim daha yaxındır?

Daha bu şeir heç kimə gərək deyil. Nə gürcü dilindəki əslində, nə Azərbaycan dilindəki tərcüməsində. Bu şeiri yazmış Simon Çikovanini bizimkilərin tanıması bir yana qalsın, tərcüməçi İsmayıl Soltandan da çoxları bixəbərdir.
Bəlkə Badisəba xanımın yadigar kağızları arasında bir köhnə qəzet səhifəsində rast gəlməsəydim, heç mən də haçansa belə bir şeirin varlığından hali olmayacaqdım.
Başqalarında hansısa təəssüratlar, həyəcanlar oyatması çətin görünən bu şeir Badisəba xanımın ürəyini sıyırırmış, içərisini silkələyirmiş, uyumuş xatirələrini oyadırmış, gözlərini yaşla doldururmuş.
O bozarmış qəzet səhifəsində Badisəba xanımın ixtiyarsız axmış göz yaşlarının izləri də qalır.
O göz yaşları damladıqca, belə yana-yana anmağı bacaran bircəsi varkən Firidun bəy Köçərli hələ diriymiş.
1930-cu illərdə də, 1940-cı illərdə də, 1950-ci illərdə də.
İndi də diridir.
Bizlər anırıq onu - diridir.
Amma bu dirilik ayrı dirilikdir. O yanmaq ayrı, bu anmaq ayrı.

Axır o Dəli Kür, dəli nəğməkar...
Uçurub yolunda min dağ, min hasar,
Bəzən fəğan çəkir, bəzən lal olur...
Baxır qədim Qori, dumanlı dağlar.
O burda oxudu, burda boy atdı,
Öyrəndi dağların mübhəm dilini.
Bu dağ küləkləri sevib oynatdı,
İllərlə o gəncin şəvə telini.
Ey dağlar qoynuna sığınan yuva,
Sənsən bu dünyanın ilk etibarı.
Qori, ey qafil tək uyuyan qala,
Səndədir aləmin hüsnü, vüqarı.

Elə bil Firidun bəy haqqındadır bu sözlər.
Bir zamanlar o da belə idi. Şəvə saçlı, dağ küləkləriylə danışan, oxuyan, öyrənən, öyrədən, Qorini doğmaca evi bilən.
Elə bil Badisəba xanımın öz ömrüdür bu şeirə şəkli düşən.
Amma nə onun, nə bunun haqqındadır şeir.
"Ellər atası"na həsr olunmuş minlərlə qoşqudan biridir. Ömrünü başa vurmuş saysız şeirlərdən biri.
Lakin hər halda o ad da bundan sonra həmişə Qoriylə qalacaq.
Bu balaca şəhər XIX-XX yüzillərdə iki əlamətiylə yaddaşlara möhürünü vurdu.
Orada 1876-cı ildə açılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə, bir də orada doğulmuş Stalinlə.

Üzərindəki qızılı qabartma naxışlar və rəsmlər, onların tən ortasında hüsnxətlə həkk edilmiş "F.K." hərflərinin incə bir zərgərlik işinə çevirdiyi bu nəfis albom Köçərlilər ailəsinin olub.
Lap başlanğıcına Badisəba xanımın bütün səhifəni tutan qocalıq şəkli yapışdırılıb.
O şəklin altında hansısa yazıların qalması gümanıyla ehtiyatla, asta-asta şəklin ovxalanan yapışqanını qaşıyıram. Həqiqətən şəklin altından yazılar görünür: "Tərbiyəçimiz Firidun bəy Köçərlinskiyə onu sevən və hörmətlər bəsləyən İrəvan gimnaziyası pansionerlərindən. 23 oktyabr, 1895".
Ehmallıca bir az da qaldırıram şəklin uclarını. 22 şagirdin imzaları, adları, soyadları - A.Parsadanov - 7-ci sinif, İ.Sultanov - 5-ci sinif, F.Hüseynbəyov -5-ci sinif, V.Rotçev - 5-ci sinif, M.Atabəyov - 3-cü sinif, Z.Makinski, A.Erivanski - hazırlıq sinfi... İndi ardınca olsan, bu adların hərəsi maraqlı bir taledir.
Bu albomda Firidun bəyin acılı-şirinli ömür anları əbədiləşib.
Və bir şəkil də var orada.
Qoridə çəkilib, həm də görünür həvəskarın işidir. Çünki o çağın gümüş qatışıqlı fotoları indi də lap təzəcə kadra alınıbmış kimi bütün cizgiləriylə canlı, çağdaş şəkillərdən daha diri görünür. Bu şəkilsə sapsarı saralıb, solğunlaşıb. O qədər ki, oradakı görüntü zorla sezilir, qatı duman layının ardındaymış təəssüratı bağışlayır. Lakin hər halda ikimərtəbəli evin eyvanında dayanmış iki nəfər tanınır. İki xoşbəxt cavan. Firidun bəylə Badisəba xanım.
İllər sonra hər dəfə bu albomu vərəqləyəndə, o munis günləri xatırlayanda Badisəba xanım necə qəmlənməyəydi, necə xiffət etməyəydi.
Şəkillər, məktublar, yazılar, o günlərlə bağlı ən xırda bir nişanə belə Badisəba xanımın yaddaşındakı qalın zaman buludlarını bircə anda dağıtmağa, keçmişi bütün ayrıntılarıyla bərpa etməyə qadir idi.
Bizimçün o keçmişin içərisindəki əziz surətləri aydınlığıyla görmək daha çətindir.
Amma cəhd edək.
Çünki indimizin çox təməlləri o keçmişin qoynundan ucalır.

Firidun bəy haqqında ən doğruçu ömür tarixçəsini 1930-cu il aprelin 30-da şagirdi Fərhad Şərqli Ağazadə yazıb. Öz bildiklərinin üstünə Firidun bəyi yaxından tanıyan Rəşid bəy Əfəndizadədən, Haşım bəy Nərimanbəylidən, ustadın digər şagirdlərindən öyrəndiklərini artırıb, Köçərlinin 7 il sonra qayıdışsız məhv ediləcək əlyazmalarını, məktublaşmalarını oxuyub. Ona görə də Firidun bəyi olduğu kimi, bütün saflığı və ucalığıyla görməyə, göstərməyə nail olub: "Atası Əhməd bəy Qarabağın ortabab bəylərindən hesab olunurdu və Əyricə kəndində özünə məxsus mülkü və torpağı vardı. Qış fəslini burada və yay fəslini də Şuşada yaşardı.
Oğlunun tərbiyəsində nə atasının təsiri olmuşdu, nə də anası Mina xanımın. Çünki anası Mina xanım o vaxtın bütün xanımları kimi, savadsız idi, atasına gəldikdə, bu da türk dilini sevməzdi, o əsrin mollaları və bəyləri yalnız fars dilinə rağib olduqlarından Əhməd bəy də fars dilini sevərdi. Firdovsinin "Şahnamə"sini əzbərdən bilirdi, onlarca səhifəni uca səslə oxuyub dinləyənləri heyran buraxardı. Çox istərdi ki, oğlu, balaca Firidun da atası kimi "Şahnamə"çi olsun. Amma Firidun bəy nə şahnaməçi oldu, nə də farsçı".
Həyat öz adi axarı ilə getsəydi, elə Əhməd bəyin istəyi çin çıxardı. Amma Firidun bəy yalnız atasının övladı deyildi, həm də (olsun ki, daha əvvəl) Vaxtın yavrusu idi.
Dədə-baba qaydasınca ibtidai savadını "Quran", çərəkə, "Gülüstan", "Bustan"la başlamışdısa da, atası onu dövrün bəylərə yaraşan dəbinə görə Şuşadakı rus məktəbinə də qoymuşdu.
Hər insanın ömründə mütləq kimsə, kimlərsə olur ki, həyatının hansı anındasa onun qarşısına çıxır, gəlməyiylə də səmt küləyi kimi yönünü dəyişir, yolunu müəyyənləşdirir, taleyini dəyişir.
Gün gələcək, Firidun bəy özü belə bir Dəyişdiriciyə, Səmtləndiriciyə dönəcək, bütöv millətin qolundan tutmağa, onu sağlam yola tuşlatmağa qadir şəxsiyyətə çevriləcək.
1879-cu ildə, 17 yaşındaykən onun qarşısına Azərbaycan xalqının daim minnətdarlıqla anmalı olduğu bir müəllim çıxır.
Gənc Firidun bəyin qolundan tutan bu insanın qolu şikəst idi. Şamaxı rusu olan Aleksey Osipoviç Çernyayevskinin (1841-1894) bilək sümüyünün bir tayı cərrahiyyə edilərək çıxarıldığından biçarə həmişə sol qolu boynundan asılı gəzərmiş. Amma bu narahat halıyla o, millətimiz üçün "Vətən dili" dərsliyini doğura bildi, Azərbaycanı kənd-kənd dolaşaraq sərraf gözləriylə sabah bu yurda gərək ola biləcək uşaqları tapdı, atalarını dilə tutaraq yumşaltdı, o yeniyetmələri Qori seminariyasına apardı, oxutdu, adam elədi.
O uşaqlar olmasaydı, Azərbaycan indiki Azərbaycan olmazdı.
Və həmin qənimət yurddaşımız Çernyayevski bu xalq üçün son ən böyük faydasını verməkçün 1893-cü ildə Azərbaycan dilində "Fikir" adlı qəzet buraxmaq uğrunda üzücü çarpışmalara başladı.
Qarşısında o qədər əngəllər yaratdılar ki, bir il sonra ürəyi partladı.
Aleksey Osipoviçin çox uzaqları və çox dərinləri görə bilməsinin sübutu elə Firidun bəydir.
Əsl müəllim bəsirətiydi.
O, illərcə seçdiyi, dərs dediyi, təmasda olduğu yetirmələri içərisində ən çox Firidun bəyi sevmiş, ən çox ona ümidlər bağlamışdı.
Şəhər məktəblərində azərbaycanlılara vəzifə verilməsi çar hökuməti tərəfindən arzuedilməz sayıldığı, təxminən yasaq edildiyi halda Firidun bəyə Qori seminariyasını bitirdikdən sonra İrəvan gimnaziyasında şəriət və türk dili müəllimliyinin etibar edilməsi də məhz Çernyayevskinin zəmanətlərinin, dayaqdurmalarının sayəsində mümkün olmuşdu.
Seçimində yanılmamışdı bu nadir insan.
1907-ci ildə Firidun bəyə şeyxülislamlıq təklif olunmuşdu. Belə vacib kürsüdə onun kimi mütərəqqi bir simanın əyləşməsinin gərəkliyini düşünən o çağkı bir sıra qabaqcıl ziyalılar, o sıradan Mirzə Cəlil də Firidun bəyə tövsiyə etmişdi ki, razılıq versin. Sultan Məcid Qənizadə israrlı idi: "İndi Qafqazda səndən savayı elə bir adam yoxdur ki, şeyxülislamlığa səndən artıq layiq olsun. İndi bizim üçün bu fikirdən əl çəkmək millətin istiqbalını nadanlara və buna oxşayan sarıqlılara tapşırmaqdır. Bunu da biz millətə xəyanət hesab edirik. Hər bir müsəlman necə ki, görürəm, sənin adını çəkir, ona görə biz sənə təkid edirik ki, bu yolda çalışasan".
O, müəllimliyi üstün tutmuşdu.

Allaha kim daha yaxındır?
Hər gün dilində Allah kəlamı səslənən bir dindar, din böyüyü, ya sözü ilahi dərəcədə ali tutan, elmə, maarifə, millətə xidməti məsləklərin ən layiqlisi sayan, olsun ki, heç ənənəvi ibadətlərə vaxtı çatmayan bir ziyalı? Firidun bəy yaşantısı ilə, keçdiyi yolla sübut etdi ki, Yaxşı Müəllim Allaha şeyxülislamdan da qat-qat yaxın və əziz ola bilərmiş!

Böyük yollar hələ yeni başlanırdı, ürək arzularla doluydu, qarşıda ümidli gələcək bərq vururdu və Firidun bəy ən məhrəm istəklərindən birinin gerçəkləşməsinə tələsirdi.
Bu məktubu 1895-ci il sentyabrın 13-də İrəvandan yazırdı.
Qardaş qədər əziz bildiyi bir insana göndərdiyi bu diləkçə-məktubda ürəyini açırdı: "Bəradər-i mehribanım Əbdürrəhman ağa! ...Dilicanda Sizdən ayrılandan bir neçə gün sonra Qarabağa gedib olan əhvalatı atama, bacılarıma və sair qohum-əqrəbaya söylədim. Cümləsi şad və xoşhal oldular. Hamıdan ziyadə bacılarım sevindilər ki, Sizin kimi nəcib silsilə ilə qohum olmaq bizə müyəssər oldu və atamın, bacılarımın arzusu budur ki, tezliklə bu iş itmamə yetsin. Ona binaən Sizdən və zihörmət Fatma xanımdan təvəqqe və iltimas edir ki, bu işi tezlikcən əncamə yetməyə izn verəsiniz ki, mən də yazım, atam və bacılarımdan birisi gəlib əqd-i nikah etsinlər və qış düşməmiş mən də gəlib Badisəbanı gətirim. Çünki qışda yollar tutulur, çox soyuq və sazaq olur".
Firidun bəyin doğmaları, əlbəttə ki, sevinməliydilər. Nəhayət ki, yaşı 33-ə çatanda Firidun bəy daşı ətəyindən tökmüşdü, evlənməyə qərar vermişdi və seçdiyi gözəlin 16 yaşı vardı.
Xoşbəxt olmağı bacarançün dünyada əslində az şey lazımdır.
Sevimli bir ömür dostu, sevimli peşə, səni duyan, anlayan dostlar.
Firidun bəy qənaətcil, xüsusi təmtəraqsız bir ömür yaşayıb. Amma yaşadığı dəbdəbəsiz həyat, bütün sıxıntılarına baxmayaraq, onunçün bir bayram kimiymiş.
Badisəbanın ayağı sayalı olur. Onunla qovuşandan bir il sonra Firidun bəy Qori seminariyasına müəllim təyin edilir və xalqçılıq, vətənçilik naminə fədakar əməkləri o dövrdən daha geniş vüsət almağa başlayır.
Firidun bəy sadə varlığıyla elə nəhəng olub ki, bulunduğu hər yer ona dar gəlib.
Dərs deyib - bir sinfə, bir seminariyaya sığmayıb.
O, millət boyda sinif uman bir ustad idi.
Və bütün millətə dərs verə bilməyin də çəmini tapa bilib. Bunu aldığı işığı artırmağı və yaymağı bacaran yetirmələr hazırlamaqda, onları daim nəzarətdə saxlayıb yönləndirməkdə, bir də millətin yaşayası söz yarada bilən qələm sahiblərini ümummilli faydalar üstündə daha artıq kökləməkdə görüb.
Qarşısında olanları, yanındakıları idarə edə bilmək bəlkə başqaları üçün də mümkündür.
Firidun bəy tək ona məxsus yeni bir üsul da yaradıb. Ona qədər və ondan sonra heç bir böyük Azərbaycan aydınının etmədiyini edib.
Millətin bütün seçkin qələm sahibləriylə mütəmadi yazışıb.
Ölkədəki ədəbi gedişatı sadəcə izləməyib, həm də bu işi təşkil edib.
Ən çeşidli arxların səmtini sağlam bir məcraya, bütöv bir nəhrə doğru çevirib, Azərbaycan ədəbiyyatını bir tama, bütünə, millətin ruhunun aynası, tərcümanı olmaq siqlətinə yetişdirən Firidun bəyin bunu hansı şərtlər və hansı tarixi gerçəklik çərçivəsində edə bildiyini düşünərkən buna möcüzə də, qeyri-adi qəhrəmanlıq adı da vermək olar.

Firidun bəy Köçərlinin bu xalqa ən əvəzsiz töhfələrindən biri onun yaratdığı məktub mədəniyyətidir.
Firidun bəy sözün ən parlaq anlamında Məktubu Məktəbə döndərməyi bacardı.
Firidun bəyə qədər də yüzillərcə azərbaycanlılar bir-birlərinə məktub yazmışdılar.
Savadları olmayanlar başqalarına yazdırıb başqalarına oxutdurmuş, əli qələm tutanlar, hərf tanıyanlar hərə öz qabındakı qədər yazmışdı.
Sonra başladı yeni təfəkkürlü Azərbaycan oxumuşları, ziyalılar, alimlər, yazarlar yetişməyə.
Onlar da məktublaşdılar. Amma Firidun bəy məktublaşmanı Millət quruculuğu, yeni Azərbaycan yaradıcılığı fəlsəfəsinin cövhəri etdi.

Yetirmələrinin hər biri Firidun bəy üçün doğma övlad məqamında idi.
Uşaqlar təhsili başa çatdırıb müstəqil həyata başlayandan sonra da Firidun bəy qayğıkeş ata kimi onları diqqətsiz buraxmırdı, yüksəlişlərini izləyirdi, macalı nə qədər qıt olsa belə, onlara məktublar yazırdı, yenə öyüdlərini, yenə dərslərini verirdi, yenə gendən-genə olsa da, müəllimliyini davam etdirirdi.
Təzə müəllimlərdən - keçmiş şagirdlərindən aldığı məktubları gətirib sinif otağında oxuyarmış, öyrəncilərlə müzakirə edərmiş, əslində bunu da görk olaraq edərmiş, anladarmış ki, siz də belə olun, bu mətləbi aşılayarmış ki, arxayın olun, daha biz ayrılan deyilik, ən azı məktublarla görüşəcəyik, sizin hər addımınızı sevgiylə izləyəcəyəm.
1916-cı ilin 2 oktyabrı Firidun bəy Qoridən yazırdı:
"Müşfiq-i mehribanım Həsən!
Sənin təbrik telini alıb şagirdlərə oxudum. Çox xoşhal oldular. Biz özümüz də çox şad olduq ki, əziz gündə bizi yad edibsən.
...Bu qədər biləsən ki, səni heç vaxt unutmarıq və xatirin yanımızda əzizdir. Mən həmişə sənin kimi əxlaqı təmiz və qeyrətmənd şagirdlərimin vücudilə iftixar edirəm və sizin yaxşı sədanız qulağıma yetişəndə şadlanıram.
Heyfa ki, Bakıda qulluq etmək müyəssər olmayıbdır, amma bu var ki, kəndlərə də işıq salmaq lazımdır və qaranlıqda qalanlarımızın halına yanmaq və onları nur-i mərifətlə işıqlandırmaq bizə borcdur.Ümidvaram ki, Assula kəndinin camaatı sənin qədrini bilib can-i dildən səni sevəcəklər. İnsana da hər şeydən artıq olan həqiqi məhəbbətdir. Mən öz şagirdlərimin mənə olan məhəbbətini milyonlara vermərəm".
Nəvazişkar müəllim də, canıyanan valideyn də yeri düşəndə suçlu olan ciyərparasını indiki günahlarının artaraq sabahlarını nahamvar etməməsi xatirinə cəzalandırmağa da vadar qalır.
Firidun bəysə cəzalandırmanın özünü də uşaqdakı yeni bir istedadı, fərqliliyi kəşf etməkçün girəvə sayırmış.
1899-cu ildə seminariyada tələbələr arasında ciddi narahatlıq doğuran bir ixtilaf baş verir. Bais tələbələri təcrid edərək baş vermiş hadisə barədə izahat yazmalarını tələb edirlər. O yazılardan birini oxuyarkən Firidun bəy dalğınlaşır, yeniyetməni yanına çağırtdırır və "Sizdə qabiliyyət görünür, çalışınız gələcəkdə mahir bir yazıçı olasınız", - deyir.
Nə baş verən hadisə barədə bir söz, nə əlavə çək-çevir. Elə bu qədər.
Ancaq bu bircə cümlənin yükü nə qədərdir!
Demir bir də belə şuluq işlərə baş qoşma, amma həm də deməyə-deməyə bunu demiş də olur. Özünü qoru demir. Amma həm də bunu demiş olur.
Və 3 il keçir hadisədən.
Gənc seminariyanı bitirərək Sabunçu məktəbində dərs deməyə başlayır.
Günlərin birində həmin sabiq şagird "Kaspi" qəzetində dərc edilən, köçəri arvadların kol arasında uşaq doğması macərasını əks etdirən yazısını kəsərək zərfə qoyur və üstünə bir məktub da əlavə edərək göndərir istəkli müəllimi Firidun bəyə: "Alınız, bu, Sizin nəsihətin səmərəsidir"
. Bu o cavanın işıq üzünə çıxan ilk bədii yazısı idi.
Firidun bəy sevincək cavab yazır, təqdir edir, qanadlandırır.
Sonralar o gənc Bakı və Tiflis mətbuatında imzası ən ardıcıl görünən yazara çevrilir...

Müşahidələrim mənə bu həqiqəti də pıçıldayır ki, səliqəli, vasvası müəllim olaraq cədvəllərə müvafiq vaxtlı-vaxtında hərəkət etməyə alışmış Firidun bəy elə məktublaşmalarında da dəqiq cədvəl üslubuna riayət edirmiş.
Bəlkə də gündəlik qeydiyyat aparılan sinif jurnalı kimi, bir ayrıca Məktublaşmalar Dəftəri də varmış.
Hansısa sabiq yetirməsindən cavab gecikirmişsə, ya arada fasilə əmələ gəlirmişsə, bunu etibarsızlıq kimi dəyərləndirərək küsüb-incimirmiş. Dünən, srağagün dərsə gəlməyən şagirddən müəllim bunun səbəbini necə tələbkarlıqla soruşarsa, elə o sayaq Firidun bəy də məktublarında keçmiş öyrəncilərini ərklə qınayar, "mən sizdən heç vəchlə ayrılan deyiləm" həqiqətini üstüörtülü, narın işarələrlə də olsa, çatdırar, onları yalnız müəllimliklə kifayətlənməyib, məktəb hüdudundan qıraqlara qanad aça bilən yazı-pozuya səfərbər edərmiş.
Şagirdi Rəcəb Əfəndiyev artıq müəllim idi, Göyçayda dərs deyirdi.
1915-ci il dekabrın 17-si.
Firidun bəy yazırdı.
İlk sətirlərdə o, onun kimi müəllim olan bir şəxslə deyil, şagirdi ilə, amma bir az sonrakı sətirlərdə elə onun kimi hamı üçün yazmağa qadir bir qələm sahibi ilə danışırdı: "Mehribanım Rəcəb! Çoxdandır ki, səndən bir əhval yoxdur. Bilmirəm sən mənə yazmalısan, yoxsa mən sənə - unutmuşam. Hər halda sən mənim yazıb-yazmadığıma mültəfit olmayıb gahda bir öz işindən və şüğlündən məlumat ver. Nə üçün qəzetlərdə əhval yazmırsan? Mümkün olsa, "Yeni iqbal"a hekayələrindən göndər, dərc olunsun. İstəyirsən mən Üzeyirə yazım sənin barəndə və o sənə məxsusi təklif eləsin yazmağı. Bir neçə hekayələr yazandan sonra məcbur etmək olar ki, sənə qələm haqqı da verilsin".

Firidun bəydən məktub almaq hər kəs üçün bir mübarək sovqat kimiydi. Ümumən, gələn hər məktubda həmişə bir xoş intizar, müjdə ümidi var.
Onda qalmış Firidun bəy kimi möhtərəm bir insandan ola.
Firidun bəyin məktublarını o məktubları alan hər kəs üçün - istər keçmiş şagirdi olsun, istər ən tanınmış bir ədib - əziz edən yalnız altındakı mötəbər imza deyil, ilk növbədə məzmun idi.
Bu məktubların hər biri şipşirin ana dilində yazılmış hekayət, zəka dolu bir qəzet məqaləsi qədər ləzzətli idi.
Firidun bəyin yaşlı müasirlərindən olan Mirzə Mehdi Vəlizadənin etirafı buna aşkarca dəlil deyilmi: "Doğrusu ki, bu qədər kimsələrdən namələr alıram və cavab yazıram, amma büzürgvarım Sizinkağızınız kimi faydalı və fərəhəfza onların içində az olur və bəlkə heç olmur. Ona görə cavabı dəxi Sizə artacaq həvəs və xahişlə yazıram"...
Firidun bəy alovlandırmağı bacarırmış, alışmağa mail olanlarçün qığılcıma çevrilə bilirmiş.
Firidun bəyin bəlli şairləri daha vacib mövzulara yönəltməsi bir yana, o həm də bir çoxlarının, olsun ki, heç vaxt yazmayacaqları, ürəklərində yatıb qalacaq hisslərini tərpədərək həmin duyğuların qatar-qatar şeirlər kimi doğulmasına səbəbkar oldu.
Firidun bəyin məktublaşdığı onlarla şairdən biri olan Nazir təxəllüslü Abbas ağa Qaibov 1909-cu ildə göndərdiyi məktubunu belə başlayırdı: "Haqqımda "Səda" qəzetəsində müfəssəl yazdığınız məqaləni əvvəldən-axıradək oxudum.
Məxfi qalmasın ki, mən tamam qırx il bundan əqdəm Nasir Mustafa ağaya "gördüm" qafiyəsi ilə yazdığım iki parça şeirdən maəda bu axır vaxtlaradək bir elə əhəmiyyətli şey vücuda gətirməmişdim. Ancaq Sizin 1903-cü ildə Azərbaycan ədəbiyyatına dair yazdığınız kitabçada adımı şair zümrəsində çəkməniz məni məcbur etdi ki, əlimə qələm alıb, vaxt keçmiş olsa da, laməhalə Sizin sözünüzün təsdiqi üçün cüzi də olsa bir əsər meydana gətirim və belə olmağında zərrəcə xilaf yoxdur. "Səda"da zikr etdiyiniz əsərimin cümləsinə bais Siz olubsunuz. Hərgah 40 il bundan əqdəm mənim şeirimə Sizin kimi qədr verən olsa idi, indiyə kimi əqəllən otuz-qırx cild kitab yazardım. Sizin məqalənizin nəticəsi olaraq bu halda özümdə artıq qüvve-yi şairanə hiss edirəm". Yatmış vulkanları oyadan qüdrətmiş Firidun bəy. Adicə məktubları, xırdaca məqalələri ilə bu təhər vəcdə gətirə bilirmişsə, gör həyatının mənası saydığı kitabları işıq üzü görsəydi, ürəklərdə və düşüncələrdə nə mədəni inqilablar, nə duyğu atəşfəşanlıqları coşdura bilərmiş!

"Bizim milli şairlərimiz ərse-yi dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdur və lakin mütəəssif onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda bilinibdir.
Budur, beş ildən ziyadədir ki, biz fəqir milli şairlərimizin tərcüme-yi hallarına dair əhvalat yığmağa çalışırıq, kifayətincə məlumat cəm etmək bacarmadıq.
...Ancaq maye-yi təsəllimiz bu ola bilər ki, ədiblərimizin qədr və qiyməti öz vaxtlarında və bu halda bilinməsə də, gələcəkdə qəflət yuxusundan ayılmış millətimizin zirək və qədrşünas balaları bilərlər və onların nam və şöhrətini uca məqama qalxızarlar, bu unudulmuş əsərlərini intişar etməklə adlarını zində qılarlar. Çünki bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar.
Farsların Sədi və Hafizi diri qalan kimi, bizlərin də Zakiri, Seyidi, Nəbatisi, Saliki, Arifi, Fəqiri, Kamisi gərək diri qalsınlar.
...Əlbəttə, bizim də milli bayramımız olacaqdır!"

Firidun bəy yolunu Azərbaycan dili müəllimi kimi başlamışdı, sonacan da Azərbaycan dili MÜƏLLİMİ olaraq qaldı.
Azərbaycan ədəbiyyat nümunələrini toplaması, Azərbaycan şairləri ilə illər boyu gecə-gündüz usanmadan yazışmaqlarının da qayəsi bu ali niyyətə xidmət edirdi: "Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur.
...Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın".

Firidun bəy 35 il müəllimlik etdi və müəllimlikdən müqəddəs bir sənətin mövcudluğunu ağlına belə gətirmədi. Və həmişə arzuladı ki, bu nəcib peşənin sahiblərinin dolanışığı da onların uca sənətlərinə uyğun olsun. Firidun bəy müəllimlər haqqındakı bir yazısında ağır dolanışıq yaşayan tanış həmkarının gileylərini qəlb sancısı ilə bölüşürdü - ən başda beynimi düşündürən un və buğda fikri, bundan bir az aşağıda yağ və düyü əndişəsi, ondan bir az altda odun və kömür qayğısı, lap sonda şagirdlərin hesab və yazı dəftərlərinə baxıb sabahacan səhvlərini düzəltmək məsuliyyətidir.
Və Firidun bəy o müəllimi qınamırdı: "Qarnı ac abidin ibadəti dürüst olmayan kimi, ac müəllimin də müəllimliyi dəxi dürüst deyil və ondan fayda gözləmək əql-i salimdən bəiddir.
Məzkur müəllim on ildən ziyadədir ki, müəllimlik peşəsini tərk qılıb ticarət əmrinə məşğuldur və bu halda güzəranı xoş və rahat keçir, müəllim olduğu vaxtda çəkdiyi darlığı və ürək sıxıntısını indi çəkmir, məqamı düşdükcə millətə dəxi qövlən və felən xidmətini müzayiqə etməyir".
Firidun bəy çətinliyə tab gətirə bilməyənləri ittiham etmirdi, amma müşküllərə sinə gərib şərəfli işini davam etdirənləri hünər sahibi sayır, onlara baş əyirdi.
Çünki özü də ağlı millət kəsəndən belə oldu.
Baxmayaraq ki, ömrü boyu onu ruhdan salmağa, həvəsini söndürməyə tale yüz cür əngəllər törətməkdə əliaçıqlığını da əsirgəmədi.
İlk kitabı "Təlimat-i Sokrat"ı nəşr etdirməkçün çox qapıları döymüşdü.
Qafqazda türk mətbəəsi olmadığından əlyazmanı Krıma, İsmayıl bəy Qaspıralıya yollamışdı.
Onunla bu babətdə düz 7 il yazışmışdı.
Nəticə hasil olmayınca, axırı inciyərək, bezərək əlyazmanı geri istəmişdi və nə acı ki, kitabı İrəvan və Şuşadakı erməni mətbəələrində basdıra bilmişdi. Öz bəlalı "Ədəbiyyat tarixi"nin nəşri yolundakı məşəqqətləri isə onu çərləmək həddinə yetirdi.
Qalmışdı "Nəşr-i maarif"lə "Nicat"ın arasında.
Nə onda, nə bunda nicat vardı.
Firidun bəyin bəxtindənmiş kimi, araya dava da girdi. Bir dostuna 1914-cü ildə Qoridən yazdığı məktubunda ürəyini boşaldırdı: "Tarixdə misli görünməmiş olan bu böyük müharibə tam fikir və xəyalımı işğal edibdir. Gecələr də rahat yata bilmirəm. Xahişim var ki, sentyabrın əvvəllərində Bakıya gəlib bu zavallı əsərlərimin çap olunmaq məsələsini Sizin kimi dostların vasitəsilə bir növ düzəldə idim. Dava araya düşüb mane oldu. Bu qədər bilirsiniz ki, bu zəhmətlərimin çap olunmasından mənim də niyyətim pul qazanmaq deyil, ancaq ədəbiyyatımıza xidmət etməkdir".
Müharibənin əvvəllərində "Nicat" əsəri çap etmək qərarına gəlirsə də, kağız qəfildən bahalanır və istək yenə baş tutmur.
Firidun bəy ayrı bir məktubunda lap ümidsizdir: "Məcmuənin işi dərin quyuya düşübdür. Kim onu oradan çıxaracaqdır, bilmirəm".Sonra isə sovetlər gəlir və Firidun bəyin özü puç olub gedir...

Mənimçün məchuldan-məchul bir sirdir ki, 1925-ci ildə üstündən "xalq düşməni" damğası götürülməmiş (yeri gəlmişkən, ona indiyədək rəsmən bəraət verilməyib!) Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları"nı Şura hökuməti necə oldu ki, nəşr etdi.
Bir anlıq namümkünü mümkün sayıb düşünürəm ki, Firidun bəy 1926-cı ildə sağdır.
Təbii ki, mütləq Bakıda keçirilən Birinci Türkoloji qurultaya qatılacaqdı, misli görünməmiş o məclisin əsas ağsaqqallarından olacaqdı. Bəs sonra? Axı çox keçmədi ki, həmin qurultaydakı yerli iştirakçıların hamısını bircə-bircə məhv etdilər.
Hərdən şübhə də yaranır ki, sanki həmin qurultay bütün türkçüləri bir yerə toplayıb sonra onlara divan tutmaqçün tələymiş.
KQB arxivlərində qalan sənədlər o qurultay günlərində hər bir iştirakçının qarabaqara izləndiyini, hər sözünün nəzarətdə olduğunu təsdiqləyir.
Firidun bəy yaşasaydı, şəksiz ki, öz "Ədəbiyyat tarixi"nin müasir ədəbiyyatı əks etdirən cildini də yazacaqdı.
Ədəbi simaların və ziyalıların onun arxivindəki 900-dək məktubu isə cildlərin ən möhtəşəmi ola bilərdi.
Guya təsadüfən, həbs edilən Mustafa Vəkilovun mənzilində olduğu üçün külə döndərilmiş o "cild"in o mənzildə olmasaymış, o gün ələ keçməsəymiş belə 1937-dən nə tərzdəsə salamat qurtara biləcəyi də ağlabatan deyil.
Firidun bəyin arxivində kimlərin məktublarının olduğu bəlli idi. Fərhad Ağazadə Şərqli o məktubların dəqiq siyahısını çoxdan tutmuşdu və NKVD-nin də bundan xəbəri olmamış deyidi.
Oradakı məktubların 78-i Sultan Məciddən idi.
Sultan Məcid "xalq düşməni"idi.
23 məktub Ömər Faiqinki idi.
Ömər Faiq "xalq düşməni" idi.
17 məktub Salman Mümtazdan idi. Mümtaz "xalq düşməni" idi.
Hüseyn Cavidlə Seyid Hüseynin hərəsindən 4 məktub vardı.
Hər ikisi "xalq düşməni" idi.
Əhməd bəy Ağayev "düşmən" idi, Əlimərdan bəy Topçubaşov "düşmən" idi, Yusif Vəzir Çəmənzəminli "düşmən" idi, Məmmədəmin Rəsulzadə "düşmən" idi, Ceyhun Hacıbəyli "düşmən" idi...
Sovet hökuməti bu insanların hamısını tarixdən silməyi, hafizələrdən köklü-köməcli çıxarmağı qət etmişdi.
O "cild" salamat qala bilərdimi?..

"Əzize-yi mehribana Badisəba!
...Bir qəmimiz yoxdur Sizin ayrılığınızdan qeyri.
...Burada bir qəribə əhvalat yoxdur yazam. Qazlar və toyuqlar da salamatdırlar. Sizlərə duası var. Amma pulumuz qurtarıbdır. Gündə birisini kəsib yeyirik...
" Hələ 1903-cü il idi. Hələ birgə olacaqları nə qədər məsud günlər vardı.
Badisəba da Firidun bəyin şagirdlərindən idi.
O, məktəb oxumamışdı.
Savadını evdə Firidun bəydən almışdı.
Firidun bəydən ona yalnız bu savad, hərarəti heç vaxt soyumayacaq xatirələr deyil, bir də müəllimlik yadigar qaldı.
O Firidunundan həmişəlik ayrı düşəndən sonra müəllimlik etməyi yalnız yaşamaq üçün vasitə kimi seçmədi, həm də bunu ərinin ruhunu daim şad etməyin bir yolu saydı.
Firidun bəyi ondan yaxşı kim tanıyardı ki! O hər kəsdən gözəl bilirdi ki, Firidun bəyin nigaran ruhu bu dünyaya qayıdırsa, həmişə mütləq məktəbə sarı qanadlanır...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook