RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəSakit gedişin acısı

Bu kədərli hadisədən belə gec agah olmağım məni elə xəbərin özü qədər pərişan etdi.
Martın 3-də rəssam Elçin Aslanov 84 yaşında dünyasını dəyişibmiş. 
Filosof Rəhman Bədəlovun heç vaxt unudulmayacaq Elçin Aslanov haqqında vida sözünü qəlb ağrısı ilə qarşıladım. 
Elçin Aslanov Azərbaycan mədəniyyət həyatının ən qiymətli simalarından idi. Təkrarsız üslubu, özünəməxsus yaradıcılıq dəst-i xətti olan Elçin əlbəttə ki, həm də dərin bilikli alim, köhnə hadisələrə yeni gözlə baxmağı bacaran qabil sənət tarixçisi, əhatəli düşünən mədəniyyətşünas idi. 
Bir tərəfdən o, miniatür tariximizi yaxşı bilirdi, digər tərəfdən peşəkar rəssam kimi bu istiqamətdə çalışır, yeni-yeni əsrlər yaradırdı. 
Miniatür üslubunda əsərlər yaradanlar bizdə də var, İranda və Türkiyədə isə lap çoxdur. 
Elçinin miniatür üslubu onunla seçilir və bununla cəlbedici idi ki, rəssamlığımızın həmin səmtinin həm tarxini, həm nəzəri əsaslarını, həm ənənələrini yerli-yataqlı bilərək bütün bunların çağdaş tətbiq şəklini, müasir həll yolunu da tapmışdı. 
Yəni əski miniatür üslubunu yamsılamaqla çağdaş miniatür nümunəsi kimi başqa rəssamların yaratdığı bir çox əsərlər var ki, yanaşmanın doğru olmaması səbəbindən qəlbə yatmır, onlardakı bəsitlik dərhal sezilir. 
Elçinsə, sanki tarixən qırılmış xətti bərpa etmiş, köhnə miniatürçülüklə yeni boyakarlığın qovuşmasının canayatan bir örnəyini doğurmuşdu. Onun bu qəbil əsərlərinə baxırkən məndə həmişə belə təəssürat yaranırdı ki, Sultan Məhəmməd, yaxud onun məktəbinin təmsilçiləri yeni zamanın içərisində yaşayıb-yaratmalı olsaydılar, indi elə bizim Elçin tərzində işləyərdilər. 
Elçin sənətkar babası Sultan Məhəmmədin surətini də məhz həmin biçimdə yaradıb, şətrənc taxtası arxasında görüşdürdüyü "Məhsəti və əri Tacəddin Əmir Əhməd"i də həmin baxış bucağından görüb, ozan, varsaq, aşıq obrazlırını əks etdirən lövhələri də yenə o təhər təsvir edib. 
1990-cı illərdə Xəzər Universitetində çalışarkən mən "Azərbaycan mədəniyyəti" fənninin tədrisi üçün yeni bir layihə təklif etmişdim və bu ideya qəbul da olunmuşdu. Tərtib etdiyim plana görə hər sahə üzrə 4-5 mühazirə dinlənilməli idi və bu fənn bütün qruplarda tədris edilirdi. Yaxşı tanıdığım, biliyinə güvəndiyim dostları dəvət etmişdim. 
İstəyirdim ki, Rəhman Bədəlov kino haqqında mühazirlər oxusun, Cəfər Qiyasi memarlıqdan, Aydın Talıbov teatrdan, Gündüz Sarıyev islam mədəniyyətindən... danışsın. Bu qayda üzrə Elçin Asıanov da elə obirilər kimi bir qrupda miniatür sənəti haqqında 5 mühazirəsini bitirdikdən sonra digər qrupa keçir, orada dərsini davam etdirirdi. 
Elə bir cədvəl qurmuşdum ki, tələbələr həm elmimizin, mədəniyyətimizin seçkin insanları ilə görüşmək fürsəti qazanır, həm də dolğun bilik alırdılar. Yəni bu kursu bitirənədək tələbələr hərəsi bir şəxsiyyət olan 8 müəllimlə üz-üzə qalırdılar. Müəllimlərsə eyni mövzuları qrupdan-qrupa keçə-keçə təkrar etdiklərindən, vaxt gedişiylə daha da cilalayır, həm dərininə, həm eninə bir qədər də mükəmməlləşdirirdilər. 
Bir qədər sərt, acıdil olsa da, tələbələr Elçinə xüsusilə heyran idilər. Elə mən özüm də həmişə Elçini bütövlüyü ilə, olduğu kimi, bütün yaxşısı və yamanı ilə qəbul edirdim. 
Axı bu cür nadir ilham və zəka sahiblərini adi adamların ölçüsü ilə dəyərləndirmək olmaz. 
Neyləməli ki, mühit hərdən başqa cür davranır. Zəkaca, qabiliyyətcə sənin çox yüksək olduğunu altdan yuxarı seyr edərək aşkar anlasa da, istəyir elə həm də bütün başqa məsələlərdə hamı kimi olasan. 
Heyhat ki, bu həmişə umulduğu kimi alınmır! Ona sevinirəm ki, varlığında bunca zəngin biliklər daşıyan Elçin Aslanov həm də öz yaradıcılığının cəmiyyətə çatması, bildiklərinin sabaha da ötürülməsi qeydinə qalmaqda son dərəcə məsuliyyətli oldu. Bir-birindən qiymətli kitablar yazdı, onlara özü çox məzmunlu və zövqlü bədii tərtibat verdi, mədəniyyətimizin dünənləri ilə bağlı ayrı-ayrı məqamlara, istiqamətlərə, olmuşlara, gələnəklərə bəzən tam gözlənilməz görüm bucağından şərhlərini, yozumlarını ortaya qoydu.
Mən onu təmsil etdiyi elm və sənət sahəsində son klassiklərdən biri kimi tanıyır və sevirdim. 
Heyflər ki, ən parlaqlar belə əbədi gedişə məhkumdur.
O dünya, ruhlar aləmi varsa, Rəssam Elçin orada da bekar qalmayacaq, sağlığında buranı, Azərbaycanımızı ruhca daha üstün və gözəl etməyi bacardığı kimi, Ruhunun diri qaldığı o aləmdə də getdiyi həmin əsrarlı məkanı (hərçənd əgər oralarda məkan, zaman varsa) daha da cazibədarlaşdırmaqçün hökmən nəsə cəhdlər edəcək. Böyük sənətkar və alim Elçin Aslanov yaratdıqlarıyla və yaddançıxmaz xatirələriylə həmişə bizimlə qalacaq.
Mən ki ən azı Nizami muzeyinin zallarında Elçinin yadigarı olan əsərləri hər gün gördükcə mütləq onu xatırlayacağam. 
…Bütün bunları itkinin acısıyla elə isti-isti yazıram, amma Elçinə yazı borcumu, onun surətini hamıya aydınlığı ilə göstərəcək daha tutarlı düşüncələrimi gərək tezliklə qələmə alam. 
Əlvida, dəyərli dost!

 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook