RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəSözümüzü qorumağı Allahdan öyrənək!

HERBİMİZƏ RUSСALAŞDIRIB “GERB” DEMƏYƏK

Mən adətən Milli Məclisini iclaslarında çox danışmıram. Amma əslində dövlət və millət həyatının bir çox əhəmiyyətli məsələləri barədə gərək mütləq sözünü deyəsən ki, bəlkə həmin sözün içərisində ümumi işə fayda verəcək nəsə ola.
Hətta bəzən bu söz eşidilməsə belə, haçansa eşidiləcəyi ümidi ilə, ən azı tarix üçün deyəsən.
Milli Məclisin mayın 1-də keçirilən toplantısında dövlət rəmzlərimizlə bağlı konstitusiya qanunlarının müzakirəsi zamanı bəzi mülahizələrimlə mən də çıxış etdim. 
Bu yazının daha mükəmməl variantını mətbuata verəcəyəm.
Lakin bu variantı da indidən diqqətə çatdırıram ki, nələr söylədiyimi Milli Məclisin iclasını müşahidə etmiş mətbuat təmsilçilərinin sözlərinə əsasən deyil, təhrifsiz halda ilk mənbədən oxumaq imkanınız olsun: 
Bir xalq, millət kimi var olduğumuz müddətdə ən ali sərvətimiz müstəqil dövlətimiz, istiqlalımızdır və bu dəqiqələrdə biz cümhuriyyət quruluşumuzun 100-cü ilinin tamamına lap az qalırkən, yenidən bərpa olunmuş dövlət müstəqillyimizin 27-ci ilində respublikamızın ən yüksək rəmzləri ilə bağlı qanun layihələrini nəzərdən keçiririk. 
Elə fikirlər, elə qənaətlər var ki, onların ətrafında mübahisə etmək olar və höcətləşən tərəflərin hər biri də öz haqlı olduğunu sübut edən məntiqi dəlillər, sübutlar gətirər. Yəni son olaraq suala nöqtə qoyula bilməz, məsələ açıq qalar.
Ancaq elə mətləblər də var ki, orada həqiqət gün kimi aydındır, mübahisəyə qətiyyən yer yoxdur və yanlış mütləq düzəldilməlidir.
Hətta həmin səhv lap çoxdan doğru kimi qəbul edilmişsə də!
Və qətiyyən yaxşı olmayan bir haldır ki, biz rəsmi olaraq bu rəmzimizin dövlət herbimizin adını doğru olaraq “herb” kimi deyil, yanlış olaraq “gerb” kimi yazırıq.
Bütün millətə aid olan nə varsa, hamısı müqəddəsdir.
Torpaq hamımızındır – müqəddəsdir. Torpağın üstündəki dağ, çay, göl, meşə; torpağın verdiyi bərəkət hamımızındır – müqəddəsdir. 
Dilimiz, dinimiz, böyük insanlarımız hamımızındır – müqəddəsdir.
Ana yasamız, bayrağımız, herbimiz, himnimiz hamımızındır, demək, onlar da müqəddəsdir.
Müqəddəs olan hər sərvətsə, gərək uca tutula, qədri bilinə , and yeri ola.
Və bir də müqəddəs saydığımızın adını gərək düz yazaq.
Deyəcəyim mətləb çox mühüm olduğuna görə mən fikrimin izahına insanlardan deyil, birbaşa Allahdan iqtibas gətirərək başlamaq istəyirəm.
Orta əsrlərdə, hələ Quttenberq erasının, nəşr əyyamlarının yetişmədiyi çağlarda bütün kitablar surəti çıxarılaraq yayılardı və ona görə də köçürücülərin, xəttatların savadına və zövqünə uyğun olaraq bir nüsxə ilə o biri nüsxə arasında mütləq fərqlər əmələ gələrdi. 
Orta çağın ən məşhur kitablarının da tam uyğun gələn 2 nüsxəsini tapmaq müşkül bir işdir. 
“Quran”dan savayı. 
Çünki uyğunsuzluq mərəzinin qarşısını almaqçün müqəddəs Kitab “özü” tədbir tökmüşdü. Daha doğrusu “Quran” kəlmələrinin, “Quran” mənalarının qorunmasının, burada hər hansı dəyişdirmənin yolverilməzliyinin hökmünü Allah buyurmuşdu. 
15-ci “Hicr” surəsinin 9-cu ayəsi deyir: “Şübhəsiz ki, “Quran”ı biz nazil etdik və sözsüz ki, Biz də onu / hər cür təhrif və təbdildən; artırıb- əksiltmədən/ qoruyub saxlayacağıq”. 
Bu, dilin, mətnin qorunması vacibliyi ilə bağlı Qadir Allahın birbaşa bəyanatıdır.
Təbii ki, bu ilahi zəmanət, “Quran” mətnini hər cür əyintidən mühafizəni Allahın öz nəzarəti altına götürməsi təfsirçiləri də Kitabı ən kiçicik təhrifə belə uğradanları da günah törədənlər cərgəsinə qatmağa sövq etmişdi.
Bu səmavi xəbərdarlıq (istəyirsiniz lap “hədə” kimi də qəbul edə bilərsiniz) “Quran”ın ilkinliyini əsrlərcə qoruyub saxlaya bildi).
Milli varlığımızın təməli olan müqəddəs dilimizi həmin “Quran” düsturu ilə qorumaq mənim düşüncəmə görə ən böyük savablardan sayılsa, yeri var!
Sözümüzə qayğıda Allahdan nümunə götürək!
Dilimizə nəvazişi dəqiqəbaşı məişətdə işlətdiyimiz ən adi sözlərdən tutmuş millətimizin, dövlətimizin ucalığı ilə bağlı ən ali sözlərə qədər hər an davam etdirək.

***

Himn bir bütöv bir millətin, bütöv bir dövlətin nəğməsi, duasıdır.
Herb bütöv bir millətin, bütöv bir dövlətin başlıca nişanı, ali möhürüdür.
“Himn” də, “herb” də dilimizə qıraqdan gəlmə sözlərdir.
Dilimizin keçmişinə enəndə orada öz doğmaca dilimizdə “himn”in də, “herb”in də qarşılığını tapırıq.
Öz dilində “himn”i, “herb”i əvəz edən kəlmələr ola-ola bu sözləri xarici dillərdən alıb işlədən tək biz deyilik. Hər iki söz lap çoxdan məhdud milli çərçivələri adlayaraq dünyanınkılaşıb, uluslararası, ortaq, şərik sözlər sırasına keçib. Bu kəlmələr dilimizə xoş gəlibsə, yaşamaq haqqı qazanıbsa, sözüm yox, onları işlətməkdə davam edək. Amma xətaya uğratmadan, üçüncü bir dilin pis diktəsi ilə təhrif etmədən!
“Himn” bir yunan sözüdür. 1918-ci ildən, cümhuriyyət quruculuğumuzun başlandığı ilk çağlardan bugünəcən dövlət himnini “milli marş”, “milli şərqi”, “milli nəğmə”, “milli qəsidə” kimi ifadə etmək cəhdləri olubsa da, “himn” o kəlmələri üstələyib və bu gün də “dövlət himni” deyişini saxlamışıq. Olsun!
“Himn” sözünün əsli yunancada “Humnos” kimi yazılır və ilkin mənası allahların və qəhrəmanların şərəfinə qoşulan dua-nəğmə deməkdir.
“Herb” sözü də polyakca və almancadakı orijinalında “herb” kimi yazılır.
Bəs nədən “himn” dilimizdə elə əslinə uyğun olaraq düzgün yazılsa da, “herb” bir qələti-məşhur kimi ənənəvi olaraq “gerb” kimi göstərilir və hətta konstitusiyamıza – ana yasamıza da yanlış olaraq bu cür qeyd edilib?!
Bu rus dilinin təsiri ilə dilimizə yol tapmış bir xətadır ki, ondan nəhayət ki (və mütləq!) azad olmalıyıq. 
Əcnəbi dilin orfoepiya normasını dilimizin qəbul edilmiş şərtlərinə rəğmən orfoqrafiya qaydası kimi tətbiq etmək düz deyil.
Ruscada “H” hərfi yoxdur. Ona görə də təbii ki, “himn”ni “qimn”, “herb”i “qerb” yazıblar. “Q” ilə yazıblar və “G” kimi tələffüz eiblər.
Ruslar , ümumən, əcnəbi dillərdən götürdükləri C, H G hərfiylə başlayan kəlmələrin əksərini Q ilə vermişlər (bəzi C hərfi ilə başlanan kəlmələrin DJ-la verilməsi istisna edilməklə).
Ruscadan azərbaycancaya keçən, baş hərfi “Q”, ikinci hərfi “i”, “e” olan sözlərin əvvəlində olan “q” ləri dilimizdə səsləndirəndə adətən sözün əsli əsas götürülüb. 
Rusların özlərinin də başqa dillərdən aldığı kəlmələrdə orijinalda əvvəldə “H” durursa, bizdə də “H” ilə verilib. 
“Himn”i rusların “qimn” dediyinə görə “gimn” yazmamışıq, “himn” kimi işlətmişik. 
Herakla “Gerakl” yox, elə “Herakl” demişik. 
“Hibrid”i “gibrid” yox, əslində olduğu kimi “hibrid”, “hiperbol”anı “giperbola” deyil, “hiperbola” , “hipnoz”u “gipnoz” yox, “hipnoz” yazmışıq. 
Rusların “qiqena” yazmasına rəğmən bu sözü dilimizə gətirəndə yenə doğru olaraq orijinala sadiq qalıb “gigiyena”, “qips”i “gips”, “qermanistika”nı “germanistika”, “qetto”nu “getto”, “qeneral”ı “general”, “qitara”nı “gitara” yazmışıq.
Möhür, emblem, nişanları öyrənən elm sahəsi, herbşünaslıq “heraldika” adlanır. 
Ruslar bunu “qeraldika” yazır, “herb”i “gerb” eləməyimizin yanlış məntiqi ilə gərək “heraldika”nı da guya “geraldika” yazaydıq. Amma o cür yox, məhz düzgün olaraq “heraldika” yazmışıq.
Vur-tut bircə istisna var.
Orijinalında “herb” olan sözü xalis rus kəlməsiymiş kimi “gerb” ə döndərmişik.
Həm də heç ruscanın yazı qaydasına yox, tələffüzünə uyğunlaşdıraraq işlətmişik. Ruslar "q" yazır, "g" tələffüz edir. Biz elə birbaşa gerb yazmışıq. Yəni ikiqat təhrif. Nə sözün orijinaldakı, nə ruscadakı yazılışına riayət edilib. 
Sanki əcaib bir dil kinayəsi ilə umulmaz istisna dolana-dolana gəlib “herb” kimi vacib bir anlayışı ifadə edən sözün başında çatlamalıymış. 
Yetər artıq! 
Gec də olsa səhvimizi düzəldək, “herb”ə yanlış olaraq “gerb” demək inadımızdan əl çəkək. Nə var-nə var indiyəcən belə yazılıb və deyilib, meyar ola bilməz. Dili bu qəbil lüzumsuz istisna pərakəndəliklırindən, cürbəcür bu çeşid səliqəsizliklərdən arıtlamalıyıq. Dilin daxili qanunları elə riyazi düsturlar kimi dəqiqdir. Mənim döşümə belə yatır, mənim dilmə belə münasibdir, səhv də olsa artıq buna alışımışıq kimi izahlar keçmir. Elə "Orfoqrafiya lüğəti"mizin son rəsmi nəşrinin (təəssüf ki, "rəsmi" sözünü işlətməyə məcburam. Əslində "Orfoqrafiya lüğəti"nin yalnız elə hökumətin tədiq etdiyi nəşri qanuni gücə malikdir və istənilən başqa nəşr lap əladan-əla olsa belə, rəsmən təsdiqlənmədiyindən qanuni güc daşımır. Halbuki son illərdə bu istiqamətdə də özfəaliyyətlərin şahidiyik) müqəddiməsində müəyyənləşdirilmiş qaydalara və şərtlərə baxın, içəridə həmin qaydaların dəfələrlə necə ozulduğuna, istisnanın-istisnanı izlədiyinə fikir verin.
Dili belə incitmək olarmı? 
Herbə gəlincə, “herb” "gerb" deyil, herbdir, “herb” də yazaq!
İndi biz təqdim olunmuş konstitusiya qanunu qəbul etməliyik.
Qaldırdığım məsələ bu dəqiqə cavabı verilməli sual deyil.
Mən təqdim olunmuş layihənin lehinə səs verəcəyəm və sizi də buna çağırıram.
Amma fikir gücündə qalır və dövlətimizi də söylədiklərimlə bağlı düşünməyə dəvət edirəm.
Bir halda ki, sözümüzün mövzumusu herbimizdir, onun təsviri ilə də bağlı bəzi düşüncələrimi bölüşmək istərdim.
Herbimizi milləytcə abxaz olan rəssam Aleksandr Konstantinoviç Çaçba (Şervaşidze) (1867-1968) çəkib.
1919-cu ildə noyabrın 14-də “Azərbaycan” qəzeti herb üçün müsabiqə elan etmişdisə də, o zaman artıq Şervaşidzenin eskizi hazır imiş.
Müsabiqəyə mayda yekun vurilmalı idi. Lakin bolşeviklər gəlir, herb rəsmən qəbul edilmir, elə eskiz, layihə, variant halında qalır.
Aleksandr Şervaşidzenin layihəsinin müsabiqə elan ediləndə artıq hazır olmasını ona görə yazıram ki, bu rəssam 1920-ci ildə xaricə getmişdi, Qafqazda 1918-1919-cu illərdə yaşamışdı.
Burası da var ki, rəsmən təsdiqlənməsə də, herbin həmin variantının Məclis-i məbusanda -- parlamentimizdə nümayiş etdirilməsi ilə bağlı da soraqlar mövcuddur.
Herbimizin A.Şervaşidze çəkən birinci variantı Türkiyədə ilk dəfə 1930-cu ildə “Odlu yurd”da, daha sonra isə 1937-də “Qurtuluş” dərgisində dərc edilib.
O rəsmi mən birinci dəfə 1970-ci illərdə tələbə vaxtı görmüşəm. Onu mənə cümhuriyyət tariximizin fədakar araşdırıcısı Mövsüm Əliyev göstərmişdi.
1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra həmin eskiz cüzi dəyişikliklə rəsmən qəbul edilib. 
Ortada təsvir olunan ocaq estetik baxımdan qətiyyən qənaətbəxş deyildi.
1992-ci il redaktəsi zamanı həmin tonqal ərəb əlifbası ilə ALLAH yazısını nişan verən alov dilimləri ilə əvəzlənmişdir.
Dünyada üzərində "Allah" kəlməsinin əks olunduğu başqa herblər də var. 
İran İslam Cümhuriyyətinin, Əfqanıstan İslam Respublikasının və s. herblərində "Allah" kəməsi əksini tapıb.
Lakin dinimizin ən ali ziyarətgahlarının qərar tutduğu Səudiyyə Ərəbistanının herbində islam dininə bilavasitə işarə olan heç bir əlanmət yoxdur -nə bir söz, nə bir təsvir.
Ya Mavritaniya İslam Respublikasının da herbi həmin təhər.
Cümhuriyyətin ilk herbində də, qeyd etdiyimiz kimi bu nəzərdə tutulmamışdı, Azərbaycanın odlar yurdu olmasına işarə ilə o vaxt sadəcə olaraq herbdə tonqal şəklini əks etdirmək münasib bilinmişdi.
Dövlət rəmzlərinin təsvirlərinin zaman gedişiylə daha da gözəlləşdirilməsi, mənaca daha da dərinləşdirolməsi, heraldikanın, rəssamlığın, dizayn sənətinin inkişafına mütabiq olaraq bir qədər cilalanmasının bolluca faktları var.
Bizim herb də (üstündə 1992-ci ildə xırdaca dəyişiklik nəzərə alınmazsa) bir abxaz teatr rəssamının 1918-1919-cu illərin tələbatı, imkanları və səviyyəsinə uyğun doğurduğu eskizdir. Hətta o vaxt müzakirəsi belə keçirilməmiş, rəsmən qəbul edilməmiş variant.
Kim bilir, Cümhuriyyətimizin ömrü faciəli şəkildə yarımçıq qırılmasaydı, yəqin qurucu babalar özləri dövlət rəmzlərimizin təsvirlərinə zamanaşırı mütləq qayıdacaq, daha dəqiq həl yolları tapacaqdılar.
Axı elə Cümhuriyyət dönəmində qəbul edilmiş indiki himnimizdən əvvəl də həm sözü, həm musiqisi başqa olan milli himnimiz varmış. Dəyişməyə, daha gözəl olan yenisi üzərində dayanmağa üstünlük vermişdilər.
Zənnimcə, dövlətçiliyimizin bugünkü siqlətinə, heraldikanının çağdaş uğurları və tələblərinə müvafiq olaraq yeni herbimizə hökmən yenidən baxmağa ehtiyac var.
Bununçün müsabiqə də elan etmək, rəssamların, tarixçilərin, ziyalıların müxtəlif təbəqələrinin, ictimai-siyasi xadimlərin qatıldığı ayrıca komissiya da yaratmaq yerinə düşər. 
Həm də ən azı mən arzu edərdim ki, milli dövlətçiliyimizin başlıca rəmzlərindən olan herbimizin təsviri də elə azərbaycanlı rəssamın əlindən çıxmış ola!
Ümummilli məsələ olduğuna görə hamılıqla bəyənilən, təqdir edilən variantı seçib son qərarı vermək olar. 
Lap əsas olaraq ilk variant da götürülə, onun təməlində yeni variant yaradıla bilər, yaxud tamam yeni eskizin hazırlanması da mümkündür. 
Bir sıra ölklərin herbləri son 100 ildə bir neçə dəfə dəyişib, daha mükəmməl, daha ifadəli hala gətirilib. 
Bəzi ölkələrin herbinin hətta bir neçə variantı var. 
Yerli-dibli heç herbi olmayan ölkələr də var.
Məsələn, rəsmən Türkiyə respublikasının herbi yoxdur. Sadəcə, qeyr-i rəsmi olaraq herbi əvəz edən bir emblemi müəyyən məqamlarda tətbiq edirlər.
Azərbaycanın sovet dövründəki herbi təbii ki, dizaynı, estetikası, rəssamlıq həlli baxımından gününə görə uğurlu idi və zahiri cəlbediciliyi ilə indikindən üstün idi.
Təbii ki, biz indi qat-qat yaxşısına layiqik.
İnanıram ki, dövlət rəmzlərimizə daimi diqqət çərçivəsində bu mülahizə də unudulmayacaq.
Əlbəttə, bu bir niyyətdir, icrası gələcəyin işidir, indiliksə umduğumz odur ki, bir halda bu vacib dövlətçilik rəmzimizi "herb" söz ilə nişan verməyi seçmişik, onda elmi, linqivistik həqiqəti bilə-bilə yanlışlığa yol verməyək.
Herbimizə -- dövlət tamğamıza “gerb” yox, “herb” deyək və yazaq!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook