RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifə25 iyun 2018-ci il tarixli sessiyadan

“Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilmiş erkən prezident seçkilərinin müşahidəsi ”adlı məruzə ilə bağlı müzakirələrdə Rafael Hüseynovun çıxışı

25 iyun, 2018, Strasburq

 Azərbaycanda keçirilən son prezident seçkiləri məni son dərəcə məmnun etdi. İlk növbədə çox vaicib bir səbəbə görə. Çünki bu seçkilər Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsinin ifadəsi oldu. Amma bir sıra qüvvələr vardı ki, çox çalışırdılar və arzulayırdılar ki, bu belə alınmasın. Yəni seçkilərin nəticəsi xalqın iradəsinin ifadəsi olmasın. Seçkilər onların niyyətlərinin ifadəsi və təsdiqinə çevrilsin. Mən sevinirəm ki, həmin qara qüvvələr Azərbaycan xalqının iradəsinə qalib gələ bilmədilər. Həmin qüvvələr Azərbaycanın xaricində idi və yenə öz yerlərində qalırlar. Hərçənd ölkənin içərisində də az da olsa özlərinə tərəfdarlar hazırlaya bilmişdilər. Seçki ərəfəsində Azərbaycana təzyiqlər çox idi. Əgər seçkilər növbədənkənar olmasaydı, həmin təzyiqlər yüz qat şiddətlə indi də davam edəcəkdi. Əslində heç demək olmaz ki, indi də bitib. Həmin təzyiqlər artıq xeyli gecikmiş olsa da, bu saniyə də davam etməkdədir. Bütün bunlarsa əks effekt verir. Azərbaycan xalqının öz seçdiyi liderinə inamını da, sədaqətini də artırır. 2018-ci il Azərbaycan insanları üçün çox əlamətdardır. Düz 100 il əvvəl Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikanı qurdu. 100 il əvvəl Azərbaycan öz ilk milli parlamentini yaratdı və xalqa bir çox azadlıqları bəxş etdi. Buradakı ölkələrin əksərindən daha əvvəl qadınlara seçib-seçilmək hüququnu Azərbaycan məhz həmin tarixdə verdi. Lakin təəssüf ki, 1920-ci ildə Azərbaycan işğala məruz qaldı. Müstəqillik qəsb edildi. Və Azərbaycan sonra düz 70 il kommunist rejimi içərisində yaşamağa məcbur qaldı. Artıq biz 27 ildir ki, müstəqilliyimizi bərpa etmişik, yenidən demokratiya yolu ilə irəliləyirik. Bir dəfə itirdiyimizə görə biz müstəqil olmağın mənasını və bəxtiyarlığını bəlkə də müstəqilliyinin yaşı yüzillərlə ölçülən ölkələrdən daha artıq hiss edirik. Keçirdiyimiz azad, şəffaf, demokratik seçkilər də bu müstəqilliyin əlavə bir təsdiqinə çevrildi. Düz 28 gün öncə, may ayının 28-də müstəqilik bayramımız günündə prezident İlham Əliyev bir etiraf etdi. Söylədi ki, bizə əvvəllər xaricdən çox təzyiqlər vardı. İstəyirdilər ki, siyasətimizi müstəqil aparmayaq. Xaricdən gələn sifarişlər, göstərişlər əsasında hərəkət edək. Biz bununla barışmadıq. Nə qərər ağır olsa, çətin olsa da, dözdük, mübarizə apardıq, müstəqil siyasətimizi yürütdük, ölkəmizi irəlilətdik. Bu gün daha o təzyiqlər yox dərəcəsindədir. Prezident belə dedi, ancaq mən düşünmürəm ki, həmin təzyiqlər tam bitib. Elə ölkədəki prezident seçkiləri ətrafındakı müxtəlif hücumlar Azərbaycana qarşı təzyiqlərin başqa bir təzahürüdür. Zahirən bu təzyiqlər guya Azərbaycanın mövcud iqtidarına qarşı yönəlib. Əslində isə o təzyiqlərin hədəfi Azərbaycanın müstəqilliyidir. Kənar diktə ilə aparılmayan siyasətimizdir. Və mən bütün qəlbimlə inanıram, buradan da bəyan edirəm. Heç bir qüvvə bizi düz yolumuzdan döndərə bilməyəcək. Heç bir qüvvə bizim müstəqil siyasətimizə mane ola bilməyəcək, xalqımızın iradəsini sındıra bilməyəcək. Son prezident seçkilərinin gedişini və nəticəsi də məhz  Azərbaycan xalqının iradəsinin təntənəsidir. Kimsə bunu görmək istəmirsə, problem o gözlərdədir. Kimsə bu həqiqəti yalanlarla, böhtanlarla təhrif etməyə çalışırsa, özünü ifşa edir. Azərbaycan xalqı öz doğru seçimini edib. Dostunu və düşmənini də yaxşı tanıyır. Heç kim bu xalqa və dünyaya ağı qara, qaranı ağ kimi sırımağa, insanları çaşdırmağa cəhd etməsin. Saxta sözlə həqiqi və səmimi sözün də, ağla qaranın da fərqi çox aşkardır. Özünüzü yormayın!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook