RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəZirvələrin dostluğu

Bu gün - avqustun 20-si mənimçün çox əziz olan insanın, unudulmaz Maestronun, böyük dirijorumuz NİYAZİnin növbəti ad günüdür.
Rəsmi sənədlərə görə 1912-ci il avqustun 20-də doğulub. Özü isə mənə 1911-ci ildən olduğunu söyləyirdi. Və bununla bağlı inkara yer qoymayacaq bir əhvalat da danışırdı.
...Onu 1984-cü ilin avqustunda itirdik. 
Artıq sanki iri zaman kəsiyi arxada qalıb. Amma bu illərin hamsında o qəlbimdə olub və daim çalışmışam ki, adının, xatirəsinin diri qalması üçün bacardığımı edim. 
Yazılarım olub, mütəmadi verilişlər hazırlamışam.
Lakin əsas iş hələ qarşıdadır.60-70 saatlıq söhbətlərimizin lentləri var. Gərək onları kitablaşdıram. Hərçənd hissə-hissə yazılarda istifadə etmişəm. Buna baxmayaraq çoxu hələ qalır. İnşallah, onlara da növbə çatacaq.
Doğum gününüz mübarək Maestro!
Bizimləsiniz!
Və nə qədər varıq bizimlə olacaqsınız!

ZIRVƏLƏRİN DOSTLUĞU

O, ilk dirijorumuz deyildi. 
Ona qədər bir neçə tanınan dirijorumuz olmuşdu. 
“Leyli və Məcnun”un əvvəlinci tamaşasında kiçik orkestri idarə etmiş Əbdürrəhim bəy Haqverdiyevi birinci dirijorumuz saysaq da, əlbəttə ki, bunun şərti olduğunu anlayırıq. 
Niyazinin çox dərin rəğbətlər bəslədiyi, örnək kimi baxdığı Müslüm Maqomayev elə peşəkarcasına dirijorluq etsə də, hər halda o daha öncə bəstəkar idi.
Amma təxminən elə Niyazi ilə eyni vaxtlarda dirijor pultu arxasında görünən Əşrəf Həsənov da vardı, Əfrasiyab Bədəlbəyli də. 
Əhəd İsrafizadə, Kamal Abdullayev, Rauf Abdullayev, Kazım Əliverdibəyov, Ramiz Məlikaslanov, Yalçın Adıgözəlov və neçə-neçə başqa hər təqdir və təriflərə layiq ayrı dirijorlarımız da olub, var, söz yox, yeniləri də olacaq.
Lakin Niyazini yeri onların hamısının – həm əvvəlkilərin, həm sonrakıların arasında tam seçilir. 
Niyazi musiqimizin, mədəniyyətimizin nadir hadisəsi idi və istedadlı, məktəb kimi təsdiqlənmiş, ülgüyə çevrilmiş misilsiz dirijorluğundan savayı o həm də böyük ziyalı, ictimai xadim idi.
Dirijorluq Azərbaycan mədəniyyətində XX əsr hadisəsidir. Ancaq Niyazinin müstəsnalığı ondadır ki, elə həmin əsr içərisində o, Azərbaycan dirijorluğunu dünya musiqsinin hadisəsinə döndərə bildi, Yer üzünün neçə ən məşhur orkestrini sonsuz məharətlə, təkrarsız cazibə və artistizmlə idarə etdi. 
1940, 50, 60, 70, 80-ci illərdə Konservatoriya, Opera və Balet teatrı, Filarmoniya musiqimizin əsas məbədləri sayılırdısa, həmin çağlarda Niyazinin daim qonaq-qara üzünə açıq qapısı da elə həmin vəzifəni yerinə yetirirdi. 
Azərbaycanın və dünyanın ən məşhur sənətkarları vaxtaşırı o mehriban mənzildə olurdular və heç vaxt unutmayacaqları tarixi, əsrarəngiz dəqiqələr yaşayırdılar.
Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Arif Məlikovun və neçə-neçə digər bəstəkarımızın sonradan məşhurlaşacaq əsərlərinin premyeralarından sonra ziyafətlər də ilk növbədə Niyazinin evində baş tuturdu.
Niyazinin “Xosrov və Şirin” operası var, “Çitra” baleti var, “Rast” simfonik muğamı var... Mahnılar, romanslar, rəqslər yazıb...
Bəstələdiyi əsərlərin sayı bu gün eşitdiklərimizdən, tanıdıqlarımızdan dəfə-dəfə çox ola bilərdi. Fəqət Niyazi öz orijinal əssərlərini doğurmağa sərf edə biləcəyi vaxtın çoxunu sənət dostlarının əsərlərinə yeni həyat verməyə yönəldirdi. Və Niyazinin idarəsi ilə ifa ediləcək əsərlərinin taleyindən bəstəkarlar həmişə arxayın idilər. Əmindilər ki, bu əsərə Niyazinin əli dəyibsə, demək uğur onlarladır.
Və Niyazi sadiq, etibarlı, mərd dost idi.
Onun sənəti qədər elə bu cür üstün insani keyfiyyətləri də öyrənilməyə, nümunə götürülməyə layiqdir. 
Niyazinin sədaqətli dostlarının sırasında yarım əsrə yaxın bir müddətdə onunla sirdaş, könüldaş, məsləkdaş olmuş Rəsul Rza da vardı.
Parlaq, ali dərəcədə peşəkar, yenilikçi sənətləri ilə yanaşı onların xasiyyətlərində, təbiətlərində də oxşar, bəzənsə lap az qala eyniyyət təşkil edən xüsusiyyətlər az deyildi.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook