RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəNigaran ruhların toxtaq tapacağı gün

Bir el qəhrəmanımız olub:Əmralı oğlu Şükür. 
Çoxları bu adı bilmir.
Bu gün ölkə boyu əksəriyyətin xəbəri yoxdur ki, o hansı yollardan keçib, yurd və millət adına nə rəşadətlər göstərib.
Amma Çingiz kişi otururdu mənimlə üzbəüz, xırıltılı, yorğun səsiylə Qarabağın dünəni ilə bağlı unudulmuş əhvalatları söyləyirdi, onun danışdıqlarının içərisində el igidi Şükür də, onun neçə silahdaşı da dirilirdi, bir döyüş filminin səhnələri kimi 100 il qabağın hadisələri an-an gözlərim önündən axıb keçirdi: “Rəhim Kərbəlayi Hüseyn oğlu kənddə ən say-seçmə kişilərdən idi. Elə ki, ermənilər onun Əmiraslan adlı əmisinin oğlanları İsanı Bakıda, Alının da Tuğda öldürdülər, Rəhim həmkəndlilərini başına toplayıb onlara tapşırıq verdi: “Təcili silahlanın!”.
Rəhimin ətrafına yığdığı kənd camaatı arasında əmisi Əmralı oğlu Şükür də vardı. 
Şükür onların hamısından cavan idi. 
Rəhim hər ova çıxanda Şükürü də özü ilə aparar, ona yaxşı tüfəng atmağı öyrədərdi.
Ermənilərsə get-gedə fəallaşır, Şuşa qalasını ələ keçirməkçün hər tərəfdən toplaşır, tədbir tökürdülər.
Rəhimin əhatəsində xeyli adam vardı, hamısına da yaxşı təlim keçmişdi.
Laçından Paşa bəy, İbrahim bəy, Ağaməmməd bəy hər biri öz dəstəsi ilə Şuşanı müdafiə etməyə gəlmişdi. 
Vəziyyətin gün-gündən kəskinləşdiyini görən Rəhim Kərbəlayi Hüseyn oğlu qərara alır ki, getsin Şuşanın axundu Hacı Molla Şükürlə görüşə. 
Axund söyləyir ki, ermənilər Əsgəran qalasını tutub. Yolu kəsərək Şuşaya Ağdam tərəfdən ərzaq buraxmırlar. Nəyin bahasına olur-olsun Əsgəran qalasını geri almaq lazımdır. 
Burda da təzə nə xəbər oldu, sizə çatdıracağam.
Axunda: “Arxayın ola bilərsiniz ki, Əsgəran qalaslnı hökmən alacağıq”, – cavbını verən Rəhim doğrudan da 3-4 gün ərzində Əsgəran qalasını düşməndən təmizləyir, döyüşçülərindən bir dəstə orada daimi müdafiədə dayanır və yüzlərlə araba başlayır Şuşaya ərzaq daşımağa.
Tək Qarabağdan deyil, digər yerlərdən – Bakıdan, Təbrizdən, Dərbənddən, Aşqabaddan, Daşkənddən də 
varlı Azərbaycan bəyləri Şuşaya həm ərzaq, həm silah göndərirlər.
Şuşanı ermənidən qorumaqçün aralarında bir neçə ay fasilə olmsqla 2 qanlı dava gedir. 
Hər iki döyüşdə azərbaycanlılar, xüsusən Şükür böyük şücaətlər göstərir, Rəhimsə həlak olur. 
Az keçmir ki, Rəhimin qardaşı da Tuğda ermənilər tərəfində öldürülür.
Azərbaycanlıların sərt müqaviməti ilə qarşılaşan və məğlubiyyətə uğrayaraq çoxlu itki verən ermənilər barışıq üçün müraciət edirlər.
Bunlar hamısı 1905-ci ildə baş verirdi.
2018-ci ilin iyulunda həyata əlvida demiş Çingiz kişinin az müddət öncə bir addımlığımda əyləşərək aram-aram danışdıqlarını indi səsyazarın yaddaşından dinləyirəm, həm yaralı Qarabağımız, onun unudulmuş qəhrəmanları barədə, həm də elə Çingiz Məhər oğlunun özü haqqında düşünürəm.
O, sənədə görə 1931-ci ildən idi, əslində isə 1928-də doğulmuşdu. Laçın rayonunun Alcan kəndində. Bu hadisələr hamısı Çingiz kişinin dünyaya göz açmasından əvvəl baş vermişdi. Lakin Çingiz kişi ağlı söz kəsəndən evlərində, kəndlərində, qohum-əqrəba, dost-tanış arasında tam həqiqət olan bu “qorxulu nağılları” yüz dəfələrlə eşitmişdi və söylənənlər hafizəsinə necə həkk olunmuşdusa, bütün bunlardan sanki hər şeyi öz gözü ilə görübmüş kimi həyəcanla, iftixarla, təəssübkeşliklə danışırdı.
Şükür Əmralı oğlunun bir el qəhrəmanı və sərkərdə kimi əsl parlayışı 1916-1918-ci illərə təsadüf etmişdi.
Çingiz Əliyev hər dəfə onun Qarabağda erməni qəddarlıqlarının qarşısını almaq, quduz yağını yerində oturtmaqçün göstərdiyi hünərlərdən bəhs edəndən sonra mütləq söhbətini belə yekunlaşdırardı: “Ay müəllim, Şükürün qəhrəmanlığı kitablıqdır, danışmaqla qurtaran deyil. Gərək ondan kitabı da sən yazasan”.
Bu, əslində əziz Çingiz kişinin həm arzusu idi, həm məndən təvəqqesi, həm də vəsiyyəti.
Boynumdakı onsuz da çox olan yüklərin sırasına birini də o əlavə etmişdi. 
Vəsiyyət yüngüllükdür. Çingiz kişi söylədi, ürəyinin yükü bir qədər azaldı, mənim yüküm artdı.
Neyləməli, borc borcdur – gərək millət qoruyucusu, el namusunun cəsur keşikçisi olmuşi Əmralı oğlu Şükürün də tarixçəsini yazmağa macal tapım.
O və onun kimi şərəfli insanlar bu torpaq və bu millət yolunda cavan canlarını qurban veriblər.
Belə fədakarlığın müqabilində onun pak adını və hünərlərini unuduluşdan xilas etməkçün kağız-qələmlə baş-başa 5-10 yuxusuz gecəni sərf etmək nə olan şeydir ki!
Onsuz da, nə etsək belə, yenə borcdan qurtara bilməyəcəyik.
Nə qədər ki, Qarabağ əsarətdədir, o məslək şəhidlərinin nigaran ruhları toxtaq tapan deyil!
O narahat ruhları ovundura biləcək günləri gətirməyinsə bircə yolu var – hamımızda millət və yurd naminə onlar qədər nigaran ola bilmək qeyrətinin varlığı!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook