RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəTək-tək kişilərin işi - kişilik

Sovet dövründə Əhməd bəyə xeyirxahca məsləhət bilmişdilər ki, kommunist partiyasına gir, uduzmazsan. 
İstəməmişdi. 
Sürgünə gedib qayıtmışdı. 
Qazaxıstanda işləyəndə “partiyaya girməyin lazımdır” demişdilər, – istəməmişdi. 
Və nəhayət birinci həbsi və sürgünündən sonra Bakıda Bağırov ona: “Belə olmaz. Partiyaya ərizə yaz, kommunist ol, sənə yaxşı vəzifə də verərik”, – demişdi. Əhməd bəy bundan da imtina etmişdi və Mircəfərin mirqəzəbliyinə düçar olmuşdu.
Əhməd bəy siyasət adamı idi, amma nə siyasətdə, nə həyatda riyakarlığı bacarırdı. Buqələmun olmaq, vəziyyətə, şəraitə uyğunlaşmaq əlindən gəlmirdi. Bir sifəti vardı və dəyişən vəziyyətlər, şəraitlər sifətini dəyişə bilmirdi.
Bunlar Əhməd bəyin sözləridir: “Bizə özümüzdən başqa söykənəcək bir yer yoxdur. Millət gərək kəndinə söykənsin. Biz yaşamaq istəyirik. Bu uğurda biz can versək, hər yerdə üzümüz ağ, alnımız açıq olar. Biz haqqımızı müdafiə etmək üçün bu gün düşmənə müqavimət göstərməliyiz. Ola bilsin ki, məğlub da olaq. Olsaq da, eybi yoxdur, gələcəkdə əfkarımız, tariximiz bizi yaxşılıqla yad edəcəkdir. Xanlıq zamanında bir gəncəli Cavad xanın öz istiqlaliyyəti müdafiəsində göstərdiyi rəşadət və fədakarlığı tarix heç bir zaman unutmayacaq. Əgər biz də düşmənə müqabilə etsək, bir vaxt deyəcəklər ki, Azərbaycan yaşamaq istədi, lakin onu qoymadılar. Bu bizdən ötrü şərəfdir. Gələcəkdə tariximiz bununla başlayacaq”.

***

Yenilməz bir insan və sabitqədəm yurdçu kimi o, Vətənin istiqlalı uğrunda can verməyə hazır olduğu kimi, vicdanının, əqidəsinin, şərəfinin, ruhunun istiqlalını da qanıyla yumağa, köksüylə qorumağa hazır idi. Ruhunun istiqlalını qoruya bilməyən bir kəs Vətənin istiqlalını hifz edə bilərmi?!
Əhməd bəyi yaşamağa qoymadılarsa da, haqlı çıxdı – əlbəttə ki, millətimizin şərəf tarixi həm də ondan başlayır!..
***

Ova gecələr çıxan yırtıcılar kimiydilər. Qurbanlarının ardınca şəhər yatanda yollanırdılar. Bu dəfə də adətlərinə xilaf getmədilər. Əhməd bəyi aparmağa gecə gəldilər.
Qaranlıq düşməsinə “şər qarışdı” da deyilir. O illərdə əslində heç “axşam düşdü”, “gecə gəldi” ifadələrini işlətmək düz deyildi. Çünki hər axşam, hər gecə həqiqətən ŞƏR qarışırdı. Hər gecə ŞƏRin təntənəsi başlayırdı. Hər gecə hansı evəsə şər girirdi, kimisə aparırdılar və tək aparılanın yox, bütün ailəsinin taleyi həmin andan o gecənin şərinə və qara rənginə bürünürdü.
1012 saylı orderi göstərdilər. 1930-cu il dekabrın 8-i idi.
Bu gəlişi gözləməyə bilməzdi. Çünki artıq dekabrın ilk günlərindən bir sıra məsləkdaşlarını həbs etmişdilər. Əhməd bəy Pepinov da daxilən hazır idi və əslində indi yox, 10 il əvvəldən hər gün həbsinə hazır idi 
1931-ci il sentyabrın 30-da Baş Siyasi İdarə ona ən ağır cəza – güllələnmə kəsdi və Əhməd bəy Pepinov bir də Bakıya 35-ci ildə qayıda bildi. Güllə payını 1920-də bolşeviklər milli hökuməti devirib hakimiyyəti qəsb edəndən dərhal sonra da ala bilərdi və məntiqlə almalıydı da – Müsavat parlamentinin katibi olmuşdu, iki nazirliyə rəhbərlik etmişdi. Amma hələ ölümə yaşı çatmırmış. Qayınatası Həsən bəy Ağayev kimi onunçün də dönük bəxtin müəyyənləşdirdiyi ölüm həddi 45 imiş. 1931-də bu həddə hələ xeyli qaldığından güllə ondan yan keçir – 1932-ci il fevralın 2-də onun haqqındakı hökm dəyişdirilir, əvvəlcə 10 il həbs, daha sonra isə müddəti tutulduğu gündən sayılmaqla 5 illik sürgünlə əvəz edilir.
Ölümün onu 45 yaşında haqlaması qismətinə yazılmasaydı, Əhməd bəy minbir qasırğasından adlayacağı həyatı əməlli-başlı anlamamışdan – uşaqkən yox olub gedərdi, heç cəsədini də tapmazdılar. 
O, anadan olmuşdu Gürcüstanda – Axalsıxın Bolacur kəndində. 3 qardaş, 2 bacıymışlar. Anaları erkən vəfat edir. Bir dəstə körpə uşağın əlində başını itirən Ömər bəy təzədən evlənəsi olur. Onun da, anasız qalmış qəlbi sınıq balalarının da bəxti gətirir ki, 5 uşaq üstünə gəlməyin möhnətli yükünü boynuna götürmüş bu qadın mələk çıxır. 5 uşağa doğma anadan da artıq baxır və özünün dünyaya gələn qızıyla da bu uşaqlar arasında sonacan ögeylikdən əsər-əlamət sezilmir. Əhmədin ağır xəstə olan anasının yükünü müəyyən qədər yüngülləşdirməyi Ömər Faiq boynuna götürür. Əhməd köçür dayısıgilə. Dayısı İstanbulda təhsil alıb gəlmiş, artıq imzası “Sərvəti-fünun”da, “Tərcüman”da dərc etdirdiyi yazılardan, Şəkidəki, Bakıdakı fədakar müəllimlik və ziyalı çalışmalarından gərəyincə tanınan Ömər Faiq Nemanzadə idi.
1900-cü ildə Ömər Faiq Şamaxıya dərs deməyə yola düşür və balaca Əhməd də dayısıyla gedir. Onda və ondan sonrakı illərdə Əhməd Ömər Faiqdən yalnız əlifbanı, hesabı, fars, ərəb dillərini öyrənmir, gün-gün dayısından adamlıq, vətənsevərlik və millətçilik dərsləri alır.
Və əcəl Əhmədə birinci dəfə yaxınlaşanda – 1902-ci ildə nəriltisiylə yeri-göyü titrədən dəhşətli zəlzələ – Şamaxının daşını daş üstə qoymayanda, bacı yadigarı əmanət çocuğu Ömər Faiqin həyat yoldaşı Abidə xanım ölümün cəngindən qoparmış, uçulub viran qalan evin kərpicləri altından çıxarmışdı.
Bütün varlığıyla məktəb olan, maarifçi olan, millət müəllimi olan Ömər Faiq rəva görərdimi bacısı balaları təhsilsiz qala? Əhmədin qardaşları Zəkini də, Məmmədi də Qori seminariyasında oxutdurur. Amma öz balasıyca sevdiyi Əhmədi gözündən uzaq buraxmır – onu Tiflisdəki “Zadəganlar gimnaziyası”na düzəldir. Və özü Tiflisdə olmadığı vaxtlarda onu ən yaxın sirdaşına tapşırır – Əhməd Mirzə Cəlilgildə qalır. Dünyaya gözünü açandan, ağlı söz, fikir, kitab kəsəndən millətin Ömər Faiq və Mirzə Cəlil kimi dühalarının qanadı altında pərvəriş tapan bir uşaq böyüyüb kim olmalıydı ki!
Əlbəttə ki, onlara bənzər, onlar xislətli!
Olur da. Həm düşüncəsinin üstün tərziylə, xalqa və yurda sevgisiylə, işıqlı, nəcib əməlləriylə, həm də nə acı ki, onlarınkına oxşayan nahamvar taleyiylə...
Əhmədin əsl soyadı Ömərbəyov idi. 1917-ci ildə Gürcüstanda əhalinin siyahıyaalınması keçirilir və ümumi miqdar 3 milyondan bir az artıq alınır. Bu ümumi sayın içində türklərin (Mirzə Cəlil demişkən, yəni ayıb olmasın, biz azərbaycanlıların) miqdarını bacardıqca azaltmaqçün yüz hoqqadan çıxırlar. Bir çox ailələrə – azsavadlılara, belə şeyə məhəl qoymayanlara, özlərinə demədən gürcü familiyası yazırlar gedir, bir qisminə təklif edib gürcü soyadı verirlər. Bəzilərinin də olan soyadlarını elə dəyişirlər ki, üzdən gürcü familiyası olmasa da, Azərbaycan soyadına da bənzəmir. Siyahıyaalmada isə bunları da gürcü ayağına qoşurlar.
Əhmədin gimnaziya diplomunda soyadı “Ömərbəyov” yazılmışdı. Qardaşlarınınkı da eləydi. Amma bu siyahıyaalmadan sonra hamısı dönüb olurlar – Pepinov. Ataları Ömər kişinin meşəliyi varmış. O meşəliyinmi, ya oradakı ağaclarınmı adı gürcücə “pepin”miş və bu uydurma soyadı həmin minvalla bənd edirlər bunlara. Təkrarı və tayı olmayan bir qondarma azərbaycanlı soyadı belə yaranır. Bu yamaq soyadı daşımaq Azərbaycanın ən xalis vətənsevərlərindən birinin payına düşür.
1912-cü ildə (çox yerdə 1913 yazırdılar. Bilmirəm nəyə istinadən. Mən Əhməd bəyin öz əlilə yazdığı və KQB-dəki şəxsi işinə daxil edilmiş anketinə əsaslanıram) Əhməd Pepinov eyni vaxtda Moskva Universitetinin iki fakültəsinə daxil olur – hüquq və iqtisadiyyat. Moskvaya gedəndə artıq kifayət qədər mükəmməl təmələ sahibdi. Türk, rus, gürcü dillərindən savayı fərqlənməylə bitirdiyi gimnaziyada öyrəndiyi alman, fransız və əski yunanca da vardı.
“Atam mənimlə əsasən rusca danışardı. Ürək sözü olandasa, ya azərbaycanca, ya türkcə. Atamın dili 1918-də Bakıya gələndən sonra azərbaycanlılaşmışdı. Onacan türk ağzı ilə danışırdı. Gimnaziyada atamgilin birinci xarici dili almanca, ikincisi fransızca olmuşdu. Engelsi, Marksı atam almanca orijinaldan oxuyurdu. Nənəm deyirdi ki, fransızcası da çox gözəldi. Çünki nənəm fransızcanı təmiz bilirdi və hərdən atamla elə bu dildə danışırdılar”.
Bunları mənə Əhməd bəyin tək yadigarı, yeganə balası Sevda xanım Pepinova söyləyirdi.
Moskva illərində tələbə Pepinovun vaxtaşırı göndərdiyi məqalələr “Axalkalakili Əhməd Cevdet” imzasıyla “Açıq söz”də yer alırdı. O özü kimi diribaş, ərinməz cavanları toplayıb tez-tez “Azərbaycan etnoqrafik konsert gecələri” təşkil edirdi və tələbələr arasında geniş iş aparan “Azərbaycan həmyerlilər cəmiyyəti”nin rəhbərlərindən idi.
Tarım çəkilmiş vaxt, Moskvadakı tələbə mühiti eləydi ki, Əhməd bəy siyasətə qoşulmaya bilməzdi. Şuluq dövrün vulkanları uğuldayan siyasi mühiti, Rusiyada cərəyan edən hadisələr, düşünən insanları sövq-təbii öz qucağına sovururdu. 1917-ci fevral burjua inqilabı baş verəndə Əhməd bəy hələ Moskvadaydı və həmin il təhsilini bitirib Tiflisə qayıdanda buralarda inqilabın ciddi əks-sədalarıyla qarşılaşdı. Və siyasət onu aldı ağuşuna.
Həmin çağdan başlanaraq 12 il ərzində davam edən siyasətçi və dövlətçi fəaliyyətlərinin nəticəsiydi ki, 30-cu ilin 8 dekabr gecəsində onun ardınca gəlmişdilər və özü də bixəbər deyildi ki, əvvəl-axır bu baş verəcək; ən azı köhnə və yaxın tarixdən agahdı ki, bu yolun yolçusunun iqbalında həbs də, sürgün də, əziyyətlər də labüddür.
Ondan başqa daha 52 nəfər tanınmış siyasi xadimin, dövlət və hökumət adamlarının, sənayeçi və ziyalının məsuliyyətə alınmasına bais olan bu əməliyyat KQB-nin sələfi Baş Siyasi İdarənin apardığı, 37-də zirvəsinə çatacaq repressiya fəlakətinin müqəddimə sayılası ən çoxqurbanlı və dağıdıcı dalğalarından idi.
Əhməd Pepinovu və onunla eyni vaxt döngəsində həbsxanaya atılmış daha 52 nəfəri mərkəzləri Parisdə, Türkiyə və İranda yerləşən, milli cümhuriyyəti bərpa etmək məqsədilə iş aparan gizli, əksinqilabi, antisovet Azərbaycan Milli Mərkəzi adlı təşkilatla bağlılıqda suçlandırırdılar.
Əhməd bəydən öncə – dekabrın 2-də onun yaxın dostlarından Xudadat bəy Məlikaslanovu aparmışdılar. İxtisasca yol mühəndisi olan Xudadat bəy həbs ediləndə Dövlət Plan Komitəsi sənaye bölməsinin sədri, Sənaye İnstitutunun professoru idi. O, Azərbaycan Milli Mərkəzi (AMM) Bakı Təşkilatının rəhbərlərindən hesab edilirdi və kameraya atcağın dilaçmanın bütün qəddar üsullarından istifadə edərək onu lazımi şəkildə danışmağa vadar edə bilmişdilər.
1931-ci il martın 30-dakı dindirmədə o, AMM-in quruluşu və fəaliyyət istiqamətləri haqqında deyirdi: “Azərbaycan Milli Mərkəzi Kommunist Partiyasına bənzər şəkildə yaradılmışdı. Yəni başda Mərkəzi Komitə durur, əyalətlərdə rayon komitələri işləyirdilər. AMM-in Mərkəzi Komitəsinin tərkibinə mən, Firuz bəy Ordubadski, Məmmədhəsən Hacınski, Rza Həqqi Şabanov, Əhməd bəy Pepinov, Çingiz İldırım, Şamo Naxçıvanski, Fətulla Rüstəmbəyov, Məhəmməd Mollayev, Zeynal Tağıyev, Ələsgər Bəylərbəyov, Ağalar Mahmudbəyov, Mirzələtif Mirzəyev, Qalib Vəkilov, zənnimcə, “Müsavat”ın nümayəndəsi Cavad Məlik-Yeqanov, İttihad Partiyasının bir nümayəndəsi – onun da ad-familiyası hazırda yadımda deyil, daxildik. Mərkəzi Komitəmizin özündə isə əsas rəhbərlik Pepinovun, Şabanovun, Hacınskinin, İldırımın, Ordubadskinin, Məlik-Aslanovun və mənim əlimdə cəmləşmişdi. Təşkilatımızın ayrı-ayrı istiqamətlər üzrə xəttini həyata keçirməkdən ötrü xüsusi mərkəzlər yaradılmışdı. Birinci – hərbi mərkəz idi və ora Çingiz İldırım, Şamo Naxçıvanski və Qalib Vəkilov, ikinci – qiyamçı mərkəz idi, ora Ordubadski, Mollayev, Bəylərbəyov, Şabanov və Pepinov daxil idilər. Bundan əlavə, daha iki – sənayedə və nəqliyyatda təxribatlar törətmək üzrə mərkəzlər vardı.
Xaricdəki mühacir dairələriylə əlaqələrimizə aidsə onu deyə bilərəm ki, Azərbaycan Milli Mərkəzinin xaricdəki təşkilatıyla ilk canlı rabitəmiz sabiq mühacir Yaqub Vəzirovun 1926-cı ildə Konstantinopoldan gəlməsiylə başlandı. O bizə Konstantinopolda və Parisdəki mühacirlərimiz haqqında müfəssəl məlumat verdi. Bildirdi ki, bütün Azərbaycan mühacirəti Konstantinopolda Məmmədəmin Rəsulzadənin başçısı olduğu AMM-in, Parisdə isə “Qafqazın Müstəqillik Komitəsi”nə daxil olan və həm bütün mühacir dairələri, həm də Fransa və İngiltərənin siyasi, maliyyə çevrələri, həmçinin Deterdinqin, Nobelin neft konsernləriylə əlaqə saxlayan Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi qrupun ətrafında birləşib.
Yaqub Vəzirovun gəlişindən sonra Konstantinopoldakı və Parisdəki mərkəzlərimizlə əlaqəni Tiflis şəbəkəmiz vasitəsilə Hacınski həyata keçirirdi.
Sənədlərin və mühacir ədəbiyyatının harada olması barədə Pepinov, Şabanov və Ordubadski məlumat verə bilərlər”.
Yeni yaradılacaq hökumət kabinetinin də iki variantda layihəsi varmış. Hər iki variantda Əhməd bəy Pepinova xalq maarif naziri vəzifəsini həvalə etmək nəzərdə tutulurmuş.
Professor Firuz Ordubadski Əhməd bəyin ailəvi dostlarından idi. O, ilk tutulanlardan idi – 1930-cu il dekabrın 1-də anketində dəqiq göstərildiyi kimi – gecə saat 4-də aparılmışdı. Firuz bəy sovetin nöqteyi-nəzərindən onsuz da keçmişi ləkəli olan adam idi – pristav ailəsində doğulub böyümüşdü.
Tibb təhsili almışdı, doktor olmuşdu, hökumət pilləkənləriylə dikəlmişdi, – son vəzifəsi Dövlət Plan Komitəsinin sədr müavinliyi idi. Həbs olunanda Azərbaycan və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitələrinin üzvlüyündən əlavə, həm də SSRİ MİK-in üzvlüyünə namizəd idi. Qarayaxıcı dövlətin əlində bütün bunların maskalanma olduğunu söyləmək su içmək kimi asan idi. Və Firuz bəyə də həbsinin ilk günlərindəncə sovet cəlladxanasının etibarlı fəndləriylə necə işgəncələr vermişdilərsə, başlamışdı həm özünü, həm məsləkdaşlarını ifşa edən bolluca hesabatlar yazmağa. Onlarca cildi əhatə edən “Azərbaycan Milli Mərkəzinin işi” adlı toz basmış qovluqlarda Ordubadskinin mavi mürəkkəblə, əsəbi xətlə qələmə aldığı bir kitablıq “etiraf”ları var. Dönə-dönə Əhməd Pepinovu da “satır”. Əlbəttə, o dövrün, sovet cəza idarəsinin zirzəmi otaqlarında, səsçıxmaz qalın daş divarlı zindanlarında nələr törəndiyini gerçəkliyiylə təsəvvür etməyənlər ən yaxın adamları haqqında belə xəbərçilik etmiş, yeri düşəndə ağlasığmaz böhtanlara qol çəkmiş, zahirən çox mədəni, əqidəli, vicdanlı, lakin sanki dar ayaqda xəyanətə yuvarlanmış, dönüklük göstərmiş insanları qınaya bilərlər. Elə saf insan Ordubadskini də o cümlədən (məni hər dəfə repressiya qurbanlarından bəhs edərkən bu fikri təkrarlamağıma görə qınamasınlar. Gərək hər dəfə deyəm). Amma...
1935-ci ildə sürgündən qayıdan günün sabahı Əhməd bəy qalxır ki, Firuz bəygilə gedirəm. Qayınanası Xədicə xanımın matı-qutu quruyur: “Ay Əhməd bəy, axı qulağımıza çatıb ki, o sənin haqqında çox sözlər deyib orda”. 
Əhməd bəy: “Firuz bəy mənim sadiq dostumdur, həmişə də dostum olaraq qalacaq. Orada nə deyibsə, sayılmır. Orada ayrı cür danışmaq mümkün deyil”.

***

1931-ci il aprelin 22-dir. Firuz Ordubadini dindirirlər.
“Azərbaycan Milli Mərkəzinin keçirdiyi gizli yığıncaqlarının birincisi 1927-ci ilin noyabrında Əhməd bəy Pepinovun evində olub. Mən iştirak etməmişəm. Amma bilirəm ki, orada Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Fətulla bəy Rüstəmbəyov, Məlik-Yeqanov, Tağıyev və Şabanov toplaşaraq xaricdəki mərkəzdən alınmış direktivləri müzakirə ediblər”.
Ordubadskinin çoxsaylı əlyazmalarından birində kəsik: “İdeoloji cəbhədə Pepinov işləyirdi. Həm ədəbiyyat, həm də təhsil sistemində – istər orta, istərsə də ali məktəblərdə onun vəzifəsi gənclərə Azərbaycanın müstəqilliyi ideyasını təlqin etməkdən ibarət idi”.
Bu ifadələrin hər biri ölümə bərabərdi.
Çekistlər Azərbaycan Milli Mərkəzinin işi ilə ilgili məsuliyyətə cəlb etdiklərinin hər birindən o biri yoldaşları barədə bu cür ifadələr ala biliblər.
Tək Əhməd bəy Pepinov nə mərkəzin işiylə bağlı deyilənləri boynuna alıb, nə də məsləkdaşlarının hər hansı biri haqqında artıq söz deyib. Axıracan mərd-mərdanə bütün işgəncələrə duruş gətirərək bir-birini tez-tez dəyişən müstəntiqlərə təslim olmayıb.
Həbs olunan 53 nəfərin içərisində ən cavanlardan biri idi Əhməd bəy. Dustaq götürüləndə 37 yaşı vardı. Amma həmin insantablamaz zülmlərə, ağrılara, sancılara əyilməyərək mənliyini, kişiliyini qoruması onunla nəticələnir ki, altı-yeddi xəstəliyə düçar olur, bütün səhhəti pozulur.
KQB təcridxanalarında, sovet türmələrində və onların ənənələrini yaşadan həbsxanalarda təzyiqlər, təhqirlər, zor, əzab altında sınan heç kəsi qınamıram. Bədən dəmir deyil, daş deyil, hər kəsin dözümünün bir həddi var. Həm də bəzən o həbs evlərində təzyiq yalnız müttəhimə göstərilməyib, ona əziz olan elə insanlara yönəldilib ki, yumşalmamaq mümkünsüzləşib. Heç birini qınamıram. Amma insan sallaqxanalarında cəhənnəm məşəqqətini andıran üzüntü və əzaba dözərək əyilməyən, bükülməyən, sonacan polad qətiyyətini saxlaya bilən tək-tək mərdlərə xüsusi ehtiram və sevgimi də ifadə etməyə bilmirəm.
Əhməd bəy o nadirlərdən olub.
Əhməd bəy o tək kişilərdən olub.
Və 1956-cı ildə bəraətlə əlaqədar Əhməd bəy Pepinovun KQB arxivindəki cinayət işlərini araşdıran polkovnik Vasili Qriqoryeviç Maksimov onun mətanətinə necə heyran qalmışdısa, qədərincə emosional, hiddətini gizlətmədiyi və ona görə də idarəsinin üslubu baxımından çox səciyyəvi olmayan arayış hazırlamışdı, həmin hisslərin təsiri altında “Literaturnıy Azerbaydjan” jurnalına ayrıca məqalə yazmışdı, bu ailə ilə sonralar da ömrünün axırınacan ailəvi dostluğu özünə şərəf saymışdı və ilk görüşündə Sevda xanıma “Siz atanızla fəxr edə bilərsiniz. Neçə illərdir KQB-də işləyirəm, nə qədər işlərlə tanış olmuşam, bunca mətin adama rast gəlməmişəm”, – demişdi.
Sən də fəxr edə bilərsən, oxucum.
Sənin, hər gün və çox tez-tez rastlaşdıqlarından fərqlənən belə həmvətənlərin də olub!
Ona bənzəmək çətindir – anlayıram.
Barı unutmayaq və qiymətləndirək!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook