RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəSon atəşdən bir az öncə

Nemətlərin ən sevimlisi, insanı insan edən vacib dəyərlərin ən ucasında dayanan Söz səadət də, bədbəxtlik də gətirə bilir. 
İllah da ki, söz adamına!
Gözəl Göygölü görüb ona vurulmamaq mümkün deyil. 
Amma belə məlum olur ki, Göygölə Əhməd Cavaddan çox heyran qalan, bu gözəllər göyçəyinə, göllər gözəlinə onun qədər atəşin məhəbbət bəsləyən olmayıb. 
Bəlkə də olub, ancaq sevgisini Əhməd Cavad qədər dəqiq, duyğulu ifadə edə bilməyib. 
Əhməd Cavadsa xoşbəxt idi ki, könlündəki Göygəl heyranlığı və aşiqliyini elə hisslərinin coşqunluğuna uyğun biçimdə də sözləşdirməyi bacarmışdı.

Dumanlı dağların yaşıl qoynunda,
Bulmuş gözəllikdə kamalı Göygöl.
Yaşıl gərdənbəndi gözəl boynunda,
Əks etmiş dağların camalı Göygöl.

Bulunmaz dünyada bənzərin bəlkə,
Zəvvarın olmuşdur bir böyük ölkə!
Olaydı könlümdə bir yaşıl kölgə,
Düşəydi sinənə, yaralı Göygöl!

Əhməd Cavad “Göygöl”ünü 1925-ci ildə yaradıb. 
“Yazıb” yox, məhz yaradıb! 
Çünki bu şeir elə vəhy kimi, dua kimidir. 
O zamanlar şair Azərbaycan Ədəbiyyat Cəmiyyətinin katibi vəzifəsində işləyirmiş.
Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra Əhməd Cavadın azadlıqda yaşadığı hər il deyil, hər gün qənimət idi. 
Köhnə müsavatçı, dönməz istiqlal şairi kimi onun adı sovetin “qara siyahı”sında başda gəlirdi. 
Əhməd Cavadı birinci dəfə 1923-də tutmuşdular. 
Adı da güllələnməli məhbusların suyahısındaymış. Amma sözükeçər xeyirxahları işə qarışır və bu dustaqlığı uzun çəkmir. Hətta ona azadlığa çıxandan sonra vəzifə də verirlər.
Di gəl, 1925-də yazılan “Göygöl” onun təzədən həbsə göndərilməsinə bais olur.
Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu qəzetdə dərc edilmiş “Göygölü” oxuyunca valeh olmuşdu: “Bu şeiri görəndən sonra kim deyə bilər ki, Azərbaycanın Puşkini yoxdur! Əhsən! Əla yazıb!

Kəsin eyşi-nuşi, gələnlər susun,
Dumandan yorğanı, döşəyi yosun.
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göygöl!

Lakin mədümazarlar, şeytana papış tikənlər, xəbislər dərhal Ağamalıoğlunun gözünü açmağa, qulağını doldurmağa başlayırlar ki, siz səmimi adamsınız, xeyirxahsınız, ona görə də bu şeiri şirin bir mənzumə kimi oxuyursunuz. Məbada unutmayın ki, bunu keçmişi ləkəli, bizə qətiyyən sədaqətli olmayan, hətta qatı düşmən sayılmalı bir şəxs yazıb. Bir fikir verin görün nə deyir:

Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır ulduza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göygöl.

Elə bilirsiniz guya göydəki ayı, ulduzu deyir? Əsla! Cümhuriyyət bayrağının üstündəki ay-ulduzu nəzərdə tutur bu xain! 1918-ci ildə müsavat hökumətinin əvvəlcə Bakıya girə bilməyib Gəncədə yerləşməsinə də işarəylə yazır ki, sən onlara dayə, himayədar oldun. Hələ bu harasıdır, ardını oxuyun, bu məlun görün sovet mətbuatında nəyi dərc etdirib, əski parçası kimi ayaq altına atdığımız köhnə bayraqlarını misralarında necə gizləyib, necə vəsf eləyib:

Dolanır başına göydə bulutlar,
Öpər ayağından qurbanlar otlar,
Bəzənmiş eşqinlə çiçəkər, otlar
Ayrılıq könlünü qıralı, Göygöl!

Cümhuriyyət bayrağının rənglərini sadalyır burda! 
Bulud nə rəngdir – göy! Bu bir! 
Qurbanlıq quzuların otlamasınından dəm vurur guya. Həqiqətdə isə niyyəti ayrıdır. Qurbanlıq quzu kəsiləndə qanı axacaq – bu da sizinçün qırmızı rəng.
Çəmən-çayır, otlar da yaşıl. Bu da üç! 
Göy, qırmızı, yaşıl. Nə alınır? 
Həmin o cümhuriyyətin tarixin arxivinə tolazlanmış bayrağı!
Ancaq hərifin bununla da ürəyi soyumur. Türkiyəyə qaçıb getmiş müsavatçı silahdaşlarının xiffətini çəkir, onlara ismarış yollayır.

Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?
Yayılmış şöhrətin bütün dillərə,
Olursa qoy olsun haralı, Göygöl!

Yumruq çırpılır masay və Əhməd Cavad “Göygöl”ə görə atılır həbsxanaya.
Nədirsə, bu dəfə də bəla ötüşür və bir neçə aydan sonra onu sərbəst buraxırlar. 
...1929-cu il noyabrın 16-da “Kommunist” qəzetində Əhməd Cavadın “İzah” adlı geniş məqaləsi dərc edilir. 
Bu yazıya ona görə səxavətlə yer ayırmışdılar ki, şair bir neçə ay ərzində dövri mətbuatda, o sıradan həm də elə bu partiya qəzetində haqqında dərc edilən kəskin məqalələrdə toxunulan məsələlərə aydınlıq gətirməyə çalışır, özünə bəraət qazandırmağa cəhd edir, bəzi nöqsanlarını da boynuna alırdı: “Müsavat firqəsi ilə felən 1920-ci ilin aprel inqilabından, 1924-cü ildə verdiyim deklarasiondan bəri heç bir əlaqəm olmamaışdır.
...Bir çoxları kimi uzağı görə bilmədim. Milli şair olmağa çalışdım, bir çox milli parçalar yazdım. Bunu boynuma alıram. Lakin tarix, həyat bir çox əski mətlubata qələm çəkdi ki, milli duyğu da onun içində. Bu gün ümumbəşəri əhəmiyyəti olan bir hərəkatdan saparaq dar bir çərçivəyə girmək bəşəriyyətə xəyanət deməkdir. Ona görə, ümumiyyətlə, yazmış olduğum milli ruhlu parçalardan imtinayla gənc dimaqlar üçün onların zərərli olduğunu etiraf edirəm. 
Şəxsən mən özüm bir daha milli parça yazmamağı qərar verdim.
Münəqqid yoldaşlar bir də “Göygöl” məsələsini atdılar ki, bir az da o xüsusda danışmağı faydalı gördüm. “Göygöl” özlüyündə lirik bir parça olduğundan ümumiyyətlə lirizmə məxsus bir səciyyə etibarilə ona müxtəlif mənalar verilə bilər. Lakin nə “Göygöl”, nə də mətbuatda çıxan başqa yazılarımda bilxassə, 1924-cü ildən sonra heç bir siyasi məqsəd tutduğum yoxdur”.
Belə yazıırdı, belə yazmağa məcbur idi. Ortada can qorxusundan daha müdhiş olan ailəsinin, balalarının taleyi vardı. 
Odla oynamaq olmazdı. 
Qarşıdakı düşmənin necə əzazil, amansız və nəhəng olduğunu şair yaxşı anlayırdı.
Hökm düşmən əlində idi, nə edəydi?!
Amma qisascıl, şübhəcil rejim Əhməd Cavadın bu vədləri və etiraflarına deyil, gizli agentlərin, bir xeylisi də elə Əhməd Cavadın öz “qələm qardaşları” arasında olan çuğulların, sözgəzdirənlərin qeybətlərinə, yarı şər, yarı doğru qatışıq xəbərçiliklərinə inanırdı.
“Göygöl”lə bağlı hələ 1925-ci ildə xəfiyyə düşüncəlilərin və elə gerçək xəfiyyələrin duyuq düşməsinin səbəbkarı da Əhməd Cavad özü olmuşdu.
Çox da 1929-cu ildə yazırdı və çox da 1925-ci ildə NKVD zirzəmsindəki dindirmələrində and-aman edirdi ki, bu şeir sadəcə təbiətin tərənnümüdürr. 
Dost-tanış arasında şeir dərc olunandan bir müddət sonra xısın söhbətlərdə, bir az da qürrələnərək, pıçıltıyla dost-tanışa həsrətlisi olduğu, qayıdacağına inandığl bayrağı misralarında necə şifrələdiyini söyləmişdi. 
İskəndəin buynuzu söhbəti gizli qalmadığı kimi, bütün SSRİ-də evdəki daş-divarın da adamı güdən göz və qulağa çevrildiyi 1920-30-cu illərdə bu sorağı dərhal lazımi yerə çatdırmışdılar.
Çekistlər də fürsəti fövtə verməmişdilər.
Bunu Əhməd Cavad özü ustadı Cavidə 1930-cu illərin əvvəlində söyləyibmiş. Etiraf edibmiş ki, qanmadım, inandım, etibarlı saydığım bir-iki adamın yanında ağzımdan “Göygöl”lə bağlı söz qaçırdım, nəticəsi də ağır oldu.
Cavid Mişkinaz xanıma danışıbmış bunu, mənə də Turan xanım nağıl etmişdi.
Cavadın oğlu Yılmaz Axundzadə də bu qəziyyədən xəbərdar idi, bildiklərini də mənimlə bölüşmüşdü.
...Bu melodiya isə ayrı “mahnı”dandır:

Qucağında bir vaxt bəslədi sizi,
Görmədi sizləri vəfalı Göygöl.
Nişan vermə ona ayı, ulduzu,
Artıq unutmuş o xəyalı Göygöl.

Onun ehtiyacı yox həsb-i hala,
Nifrəti var əski ulduz-hilala.
Sənin kimi bir əfsanə xəyala,
Uyğunlaşsa yaşar cəfalı Göygöl.

Bu şeirin də adı “Göygöl”dür və onu Səməd Vurğun Əhməd Cavada yazıb, 1926-cı ildə “Gənc işçi”də dərc etdirib.
Fəqət xeyli sonralar qardaşı Mehdixan Vəkilovun “Ömür dedikləri bir karvan yolu” adlı xatirələr kitabında yazmasınca o şeirdən sarı Vurğun təəssüflənirmiş. Bir az da böyük qardaşını qınayırmış: “O vaxtlar mən Əhməd Cavada cavab olaraq, komsomolçuluğuma salıb, sənin təhrikinlə “Göygöl” yazdım. Amma öz aramızdır, Əhməd Cavadın “Göygöl”ü mənimkindən çox-çox üstün əsərdir, əsl poeziyadır”.
Mən Vurğunu ittiham etmək qəsdində deyiləm, çünki həmin qəliz əyyamların, o dəhşətli zəmanənin çox gizlinclərindən agaham. 
Zavallı Əhməd Cavad özü haqqında o təhər yazanda Vurğun neyləməliydi ki!
Dövran, rejim, insanaqənim siyasətlər idi o cür danışdırıb, o cür hərəkət elətdirən.
Elə Cavad də anlayırmış Vurğunu. 
Ona görə də sonra ünsiyyətləri, dostluqları da heç həmin şeir olmayıbmış kimi davam edirmiş.
1987-ci ildə Cavidlərin qəmli taleynə həsr edilmiş “Vaxtdan uca” əsərimi Moskvada yazıb tamamlamışdım, makinada çap olunmuş nüsxələrini oxumaq üçün Ənvər Məmmədxanlıya və Anara, bir də dərc edilməkdən ötrü o vaxt “Ulduz” jurnalının redaktoru işləyən Yusif Səmədoğluya göndərmişdim. 
Rəhmətlik Yusif müəllim oxuyaraq çox təsirlənmişdi, jurnalda çapını məsləhət bilməyərək yazmışdı ki, dilə-dişə düşəcək, kitab kimi çıxmasına maneələr yaranacaq, yaxşısı budur elə birdəfəlik kitab nəşr olunsun. 
Bu tövsiyyə ağlıma batmışdı. 
Məktubunda bir sıra başqa təfərrüatlarla yanaşı Yusif müəllim bunu da yazırdı ki, 1936-cı ildə Səməd Vurğun birinci Lenin ordenini alanda iki mühüm səbəbi birləşdirərək evində yazıçı dostlarına təmtəraqlı ziyafət veribmiş. 
Həmin məclisə ilk dəvət edilənlərdən biri və şövqlə dediyi sağlıqlar, coşquyla oxuduğu şeirlərlə ziyafətə əsas rövnəq verənlərin ən fəalı Əhməd Cavad imiş. 
Məclisin ikinci fərəhli səbəbi Yusifin özü imiş. Vurğunun ilk övladı.
Yusif həmin məclisdən az öncə, 1935-ci il dekabrın 25-də doğulmuşdu və mənə məktubunda bunu da qeyd eləyib: “Söz yox, məclisin əsas səbəbkarı həm də mən olduğumdan yəqin ki, atamın dostları, gələn qonaqlar hamısı mənə də baxıbmış. Demək. yadımda qalmasa da, hər halda mənim gözlərim Əhməd Cavadı həyatda görüb”...
Sonra nəhs 1937-ci il gəldi, millətin çox çıraqları söndürüldü.
Daha onu heç bir göz görmədi.
Əhməd Cavadı bu dəfə əbədlik apardılar.
Hər dəqiqəsi il qədər uzun sürən, təhqirlərlə, işgəncələrlə, sarsıntılarla müşaiyət edilən üzücü dindirmələrdən sonra axırıncı nöqtə.
Böyük şairin ömrünə, varlığına son qoyan atəş!
Və o son atəşdən öncə, həmin cəhənnəm əzablı dindirmələr boyunca neçə kərə “Göygöl”ün adı çəkilmişdi.
Ömrün xoş dəqiqələrində ona Uca Dərgahdan, dibsiz səmalardan pərilər əlində ilham şərbəti, ilahi nida kimi nazil olmuş, yaranışı ilə onu bəxtiyar etmiş o gözəllər gözəli şeir həm də Əhməd Cavadı qayıdışsız sona aparan məşəqqətli yolda dilsiz bələdçilərdən birinə çevrilmişdi...
Olan olub, bitən bitib. Bunlar acı taleyimiz, düyün-düyün keçmişimizdir.
Ancaq məni indi düşündürən, bir az da incidən ayrı mətləbdir. 
Hələ ki, Əhməd Cavadın “Göygöl”ünə o şeirə layiq nəğmə bəstələnməyib.
O gücü, o eşqi özündə tapan hansı bəstəkarımız olacaq?
Mən Cavanşir Quliyevdən umuram.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook