RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəRahat uçun, əziz Vətən yavruları!

Bu gün milli tariximizin ən ağrılı, ən göynəkli günlərindən biridir.
Dəyərli vətəndaşlarımız, bacılar, qardaşlar, ürəyində zərrəcə də olsa, yurd və xalq qeyrəti daşıyan hər kəs, lütfən, heç zaman bu günü unutmayın! 
Hər ilin bu günündə, bu axşamında, bu gecəsində dualar edin!
Bu gün bu millətin sinəsinə dağ çəkilən, beli qırılan ən müdhiş günlərdən biridir.
1937-ci ilin 12 oktyabrında -
Əhməd Cavadı güllələyiblər,
Vəli Xuluflunu güllələyiblər
Bəkir Çobanzadəni güllələyiblər,
Böyükağa Talıblını gülllələyiblər,
Məmmədkazım Ələkbərlini güllələyiblər,
Hənəfi Zeynallını güllələyiblər,
Əziz Qubaydulini güllələyiblər,
Xalid Səidxocayevi güllələyiblər...
və daha neçə parlaqdan-parlaq zəka sahibini.
1937-ci il oktyabrın 12-si millətin beyninə, ürəyinə atəş açılan qətl günlərindəndir! 
Bunları unutsaq, biz millət ola bilmərik, yaxşı vətəndaş ola bilmərik, bu yurdun suyu, havası, çörəyi halalımız olmaz!
Dünyadan getmişlərə, torpağa tapşırılanlara "rahat yat" deyirlər, "qəbri nurla dolsun" söyləyirlər.
Məzarı olmayan bu zavallılara, bu nur topalarına, bu əbədi nigaran ruhların sahiblərinə, bu millət çıraqlarına necə deyim ki, rahat yatın, necə deyim ki, qəbriniz nurla dolsun?
Narahat ruhlarına doğru qaldırıram başımı, Vətəndən uzaqlarda göylərə baxıb onlara, onların heç vaxt dinclik tapmayacaq ruhlarına deyirəm: "Rahat uçun, əziz Vətən yavruları!"
Dəyərli yurddaşlarım, istəkli soydaşlarım! 
Dualarınız bu gün, bu axşam, bu gecə onlarla olsun!
Ağlaya bilən ağlasın, qəhərlənə bilən qəhərlənsin, qəmlənə bilən qəmlənsin.
Onlar millətdən, doğmalarından xəbərsiz qətlə yetirilındə ağlayan, qəhərlənən, qəmlənən, yas tutan olmamışdı.
Bunu hər il bu gün, bu axşam, bu gecə biz edək!
Və daim iftixar edək ki, bu Vətənin belə şərəfli balaları olub.
Olublar və ürəklərimizdə yaşamaqda davam edirlər!
Rahat uçun, əziz Vətən yavruları!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook