RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəRafiq ili

Nə tez keçdi bir il!
Hadisələr, səfərlər, iş-güc, yüz cür qayğılar o qədər çoxdur ki, sanki vaxt əslində olduğundan daha yeyin irəliləyir. 
Göz açıb yumunca görürsən ki, gün ötdü, həftə arxada qaldı, ay sovuşdu, il sona çatdı. 
Gün, həftə, ay, il nədir ki! 
Bir də baxırsan ömür özü bitir...
Bir il qabaq bu günlərdə unudulmaz Rafiq Hüseynli ilə əbədi ayrılığın acısı ilə sarsılmışdıq.
Düzdür, Rafiqin özü, vüqarını axıracan sındırmadan, nicatsız xəstəliklə mübarizəsini apara-apara onu sevənləri, hamımızı asta-asta bu qayıdışsız gedişin yaxında olduğuna hazırlayırdı. 
Amma hər şeyi bilə-bilə inanmağımız gəlmirdi, bu soyuq həqiqəti şüurumuza yaxın buraxmaq istəmirdik ki, Rafiq biryollluq gedə bilər
Dostlarımızdan biri ilk gənclik illərindən Rafiqin sənətinin, şəxsiyyətinin vurğunu idi. Hələ şoğərib xəstəlik başını qaldırmazdan xeyli əvvəl elə hey israrla xahiş edirdi ki, nə olar, imkan yaradın bir könlüm istəyən ziyafət verim, Rafiqin başına yığılaq, həm nəhayət ki, onunla yaxından tanış olum, həm də illərcə ürəyimdə bəslədiyim ehtiramı, məhəbbəti bir süfrə arxasında özünə də söyləim.
Rafiqə demişdim, o da dərhal, “Əlbəttə!” cavabını vermişdi və əlavə etmişdi ki, hamımıza uyğun bir vaxt seçib toplaşarıq.
Gah mənim səfərim çıxırdı, gah Rafiqin işi olurdu, gah dəvət edən dostumuzun, gah həmin məclisdə iştirakını düşündüyümüz digər ortaq dostlarımızın ezamiyyəti, hansısa tədbiri, nasazlığı macal vermirdi ki, bu arzu gerçəkləşsin.
Sonra Rafiqin xəstəliyi başladı ona əziyyət verməyə.
Amma buna baxmayaraq hər müalicəsini alıb bir az babatlaşan kimi deyirdim, ay Rafiq, axı görüşümüz qalır, dostumuz gözləyir...
Arzu ürəyimizdə qaldı.
Daha heç vaxt Rafiqlə görüşməyəcəyik.
Daha bütün dost məclislərimiz onsuz keçəcək. 
Birgə olub deyib-gülə, fikir bölüşə, dərdləşə, zarafatlaşa, keçmişləri ana bilməyəcəyik.
Hər halda bu dünyada!
...Günlər günləri qova-qova bu yoxluğun bir ili tamam oldu.
İnandın inanmadın, barışdın barışmadın bu belədir.
Bir ənənə var ki, adətən hansısa klassik şairin, görkəmli yaradıcının, ya mühüm bir mədəniyyət hadisəsinin adı ilə bütöv ili adlandırırlar və il boyu bundan dolayı müxtəlif tədbirlər keçirirlər.
Arxada qalan ilimiz elan edilmədən “RAFİQ İLİ”nə çevrildi.
Rafiq Hüseynov lap cavan çağlarından göz qabağında olmuşdu.
Hər evə, hər insanın gündəlik həyatına daxil olan televiziya səbəb salmışdı ki, onillər boyu Rafiq Hüseynov az qala hər gün xalqı ilə birlikdə olsun – onu görsünlər, haqqında danışsınlar, özünü, sözünü müzakirə etsinlər.
Lakin Rafiqsiz başa çatan bu ilk il boyu bəlkə də onu arxada qalan köhnə illərdəkindən qat-qat çox andıq, onun haqqında daha çox düşündük, mədəni gerçəkliyimizdə, ziyalı mühitimizdə onun necə sevimli bir hadisə olması barədə daha artıq fikrə daldıq.
Rafiqlə Hüseynovla mən 1970-ci illərin ortalarından, tələbəlik illərimdən, Azərbaycan Televiziyası və Radiosunda ilk verilişlərimi aparmağa başlayandan tanış və sonra da dost oldum.
1970-ci illərdə bizim bircə televiziya kanalımız, bircə də raidiomuz (“Araz”ı ilə qoşa) vardı və onlar ölkə həyatının ayrılmaz parçaları idi. 
İstisnasız olaraq hamı radio-televiziyanı dinləyirdi, baxırdı və bunlar da baxılmağa, dinlənilməyə layiq idilər!
Rafiq televiziyamızın birmənalı şəkildə ən parlaq ulduzu idi.
Rafiq neyləyirdi ki, nə qeyri-adi iş görürdü ki? 
O da digər diktorlar kimi mətn oxuyurdu, ara-sıra veriliş aparırdı. 
Həmin diktorların o dövrdə hamısı yaxşı peşəkarlar idilər, eşidimli, qulağa və ürəyə yatan səsləri vardı, hamısı cavandılar, sifətcə də qəşəng idilər.
Fəqət həmin yaxşıların içərisində Rafiq xüsusi cazibəsi, ifasının canayatan tərzi, ekranda görününcə tamaşaçını cəlb etməsi, seyrçilərin hamısının inandıra, ürəyinə yol tapa bilmə qabiliyyəti ilə fərqlənirdi.
Rafiqin həyatı əvvəldən-sona Azərbaycan tele-radio məkanı ilə bağlı oldu.
Televiziyaya yeniyetməykən gəlmişdi, işıqçı kimi işə başlamışdı və axıracan da bir İŞIQ olaraq qaldı.
Həmin 1970-ci illərdə, Azərbaycan televiziyasının “Gənclik” redaksiyası ilə əməkdaşlığa başlayanda, hər ay bir neçə veriliş apardığım vaxtlarda mən də xeyli populyarlaşmışdım, küçədə görənlər tanıyırdı, baxırdı və bir çoxları da elə zənn edirdi ki, biz Rafiqlə qardaşıq. 
Adlar-soyadlar da uyğun gəlirdi, zahirimizdə də bir az oxşarlıq vardı, veriliş aparmaq dəsti-xətlərimiz də yaxın idi.
Elə dostluğumuz da tanımayanların uzaqdan-uzağa bizi eyni ailənin övladı güman etməsi sayəsində başlamışdı.
Mən hər ay efirə çıxan və maraqla qarşılanan “Yaşıdlarımız”, “Biz romantiklərik”, “Necəsən, gənc dost” verilişlərini aparırdım, demək olar ki, hər gün, günaşırı telestudiyada idim. Lakin arada pərdə, böyük-kiçiklik vardı və hamımız əslində eyni radio-televiziya ailəsinin üzvü olsaq da, təqdim eləyən, tanış edən olmasa, hər gün dəhlizlərdə rastlaşıb salamlaşdığım dəyərli insanlara birinci özüm yaxınlaşmağı düzgün saymırdım. 
Bir dəfə, növbəti verilişimin efirə gedən gününün səhəri Rafiq özü məni görüncə ayaq saxladı. Təbrik etdi və qayıtdı ki, məndən neçələri soruşub ki, Rafael balaca qardaşın deyil? Mən də bir neçə nəfərə yox deyəndən sonra, növbəti dəfə yenə eyni sualı eşidəndə zarafatla demişəm ki, düz tapmısınız, qardaşımdır.
Gülüşdük və beləcə, bu an da davam edən (heyflər ki, artıq yalnız xəyalən, qəlbimdə davam edən) təmaslarımız, dostluğumuz, mehriban ünsiyyətlərimiz başlandı.
Rafiq Hüseynova qədər də Azərbaycan radiosunun da, televiziyasının da xeyli tanınan və bəyənilən diktorları olmuşdu.
Radioda və televizyada elə həmin illərdə, Rafiqin efir məkanında özünü təsdiq etdiyi dönəmlərdə Soltan Nəcəfov, Ramiz Mustafayev, Sabutay Quliyev, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Fatma Cabbarova, Davud Əhmədov, Məhəbbət Məmmədli, Qara Tağızadə, Eldost Bayramov, Əli Məmmədov, Natəvan Hacıyeva, Roza Tağıyeva, Sabir Ələsgərov, Şərqiyyə Hüseynova, Ofelya Sənani, Həqiqət Əskərzadə, Tamilla Ələkbərova, Hicran Hüseynov və digərləri kimi hər cəhətdən üstün diktorlarımız vardı (və bu gün Vida Mərasimləri Evində, Rafiqlə ayrılığın birinci ildönümü günündə Roza, Həqiqət, Ofelya, Tamilla xanımları, onlardan sonra televiziyaya gəlmiş, onların və Rafiqin məktəbinin dərslərini almış sonrakı nəsil xanım diktorlarımızı birgə görəndə xəyalımdan keçdi ki, bütün millətin bu köhnə tanışları yalnız əziz Rafiqin xatirəsini anmaqçün deyil, həm də ömrün qayıtmaz illəri, öz gənclikləri ilə Rafiqin vasitəçiliyi ilə bir daha görüşməkçün burdadırlar).
Heç kəs inciməsin, bu danılmaz gerçəkdir ki, 2 ad bütün diktorluq tariximizdə həmişəlik ötülməz zirvə olaraq qalmaq haqqını qazanıb. 
Aydın Qaradağlı və Rafiq Hüseynov! 
Lakin nəzərə alsaq ki, Rafiqin həm fəaliyyət illəri çox oldu, həm də televizyanın açdığı imkanlar sayəsində özünüifadə meydanı bir az da geniş alındı, onda bu fenomenin efir mədəniyyətimizin qızıl kitabında daim ən ucada dayandığını təsdiqləməliyik.
Rafiqin nitqində, səsində və zahirində tamaşaçını dərhal təsiri altına çəkən bir təlqinedicilik vardı.
Həm də istər rusca, istərsə də ana dilindəki mətnləri səsləndirəndə.
Rus və Azərbaycan dilləri 1960-1970-80-ci illərdə efirimizdə yanaşı idi və diktorlardan hər iki dili mükəmməl bilməsi tələb olunurdu, əksəriyyətində də bu keyfiyyət vardı.
Həm rus, həm Azərbaycan dilində yaxşı danışa bilmək və hər iki dildə məqbul sayılacaq səviyyədə diktorluq edə bilmək fərqli anlayışlardır.
2 fərqli dilin seçilən fonetik sistemləri, müxtəlif səs məxrəcləri, tələffüz özəllikləri, insanın səs aparatının ani olaraq gah o, gah bu dilə uyğunlaşmasının təbii çətinliyi umur ki, ali peşəkarlığa nail olmaqçün gərək həm də gecə-gündüz usanmadan öz üzərində işləyəsən. 
Rafiq zəhmətkeş idi, çalışqan idi, amma digər gözəl səslilərdən, digər peşəkarlardan, digər çalışqanlardan bir mühüm fərqi də fitri istedadı idi. 
Bu isə elə nemətdir ki, gərək Göydən gələ və həmin payın kimə hansı ölçüdə nəsib olmasını da Allah özü həll edir!..
Rafiq tək diktorumuzdur və həm də sovet dönəmində milli respublikalardan olan yeganə sənətkardır ki, ona Moskvada qalmağı, Mərkəzi Televiziyada işləməyi təkilf etmişdilər.
Gününə görə bu eyni sənət sahiblərinin ən əlçatmaz bir arzusu sayıla bilərdi.
Rafiq imtina etmişdi.
Çünki o Bakısız yaşaya bilzməzdi, çünki o, Vətənlə, Bakıyla, buradakı dostlarıyla, bu mühitlə nəfəs alırdı və özünü buralardan ayrı təsəvvür etmək ağlına belə gəlmirdi.
Rafiq bu əziz şəhərin, paytaxtımızın rəmzi olan insanlardan idi.
Səsi ilə, görünüşü ilə, davranışı ilə, sənətiylə.
...Rafiq Hüseynlini xatırlayıram, içərimdən xəfif bir xiffət keçir. Bu nisgilsə, yalnız qəlbimə, ruhuma yaxın bir adamın itkisinin doğurduğu həsrət, ağrı deyil. 
İndi, ölkədə, ümumi nitq mədəniyyətimizdə ciddi böhranların yaşandığı, efirimizdə, çoxsaylı televiziya və radio kanallarımızda dil pintilıiyinin baş alıb getdiyi, gözəl ədəbi dilimizin löyün-löyün ləhcə və şivələrə məğlub edildiyi günlərdə Rafiqin yeri daha artıq görünür. 
Rafiqin və onun da təmsilçisi olduğu kamil diktorluq məktəbimizin, geniş mənada diktorluq mədəniyyətimizin!
Çünki Rafiq və onun digər həmkarlarının bir zamanlar hər gün efirdən insanlara çatan səlis, rəvan nitqi, dürüst tələffüzü, onların ifasındakı göyçək Azərbaycan dili tamaşaçılara, dinləyicilərə örnək nümayiş etdirir, yol göstərir, vərdişlər aşılayırdı ki, danışmaq, nitq, tələffüz belə olar!
Sonra bir ara hansı kəmağıllarsa belə qət etdilər ki, diktorluq köhnəlmiş üsuldur, ondan imtina edək, keçək aparıcılıq təcrübəsinə.
O gedişatda bir çox ən bişkin diktorları da göndərdilər təqaüdə, sevimli peşələrindən uzaqlaşdırdılar. 
Hamımıza zərbə dəydi, ən mühümü - dilimizə çatlar salındı.
Axı istənilən aparıcı da, yüz minlərlə, milyonlarla insanın qarşısına çıxan şəxs (və onu o hündürdən hündür, sədası ölkə boyu yayılan kürsüyə, mikrofon, kamera önünə çlxaran da) dilimizin və millətimizin qarşısında məsuliyyətini heç vəchlə unutmamalıdır. 
Hər bir aparıcı da ən əvvəl diktorluq peşəsinin bütün məziyyətlərinə yetərincə sahib olmalıdır. Yoxsa ki, onlar da rəngləri xamlıqla bir-birinə qatışdıran, əcaib-qəraib cızmaqaraları sənət deyə cəmiyyətə sırımağa çalışan, guya hansısa modern bir cərəyana mənsubluğunu biz fağırlara yedirtməyə cəhd edən, amma adi bir göyərçin şəklini çəkməyi bacarmayan rəssamcıqların kökünə düşərlər. 
Necə ki, düşüblər! 
Axır-axırda Rafiq Hüseynli oxudu da. 
Eldar Mansurovun bəstələdiyi bir neçə mahnı Rafiqin məxməri səsində, zümzümələrində yazıldı, ayrıca disk də buraxıldı.
Mənim nəzərimdə isə Azərbaycan dilindəki gözəl, ifadəli, şirin, zəngin nitqin özü elə nəğmə oxumaq kimidir.
Və Rafiq də, onun ali dərəcədə peşəkar olan, ömürləri boyu dilimizə xidmət etmiş digər diktor həmkarları da əslində illərcə sadəcə yazılı mətnləri səsləndirməyiblər, daim Azərbaycan dili nəğmələri oxuyublar. 
...Rafiq bayram kimi bir həyat yaşadı.İnsanlara, səslərlə, sevgilərlə, dostlarla, xoş ünsiyyətlərlə, macəralarla... dolu bir həyat. 
Hər cəhətdən zəngin bir həyat!
Gedirkən bircə nigaranlığı Leylisindən idi. 
İstəkli balasından, tək yadigarından! 
Ona görə də hər dəfə Rafiqi anırkən ürəyimdən ilk keçən bu arzu olur ki, Tanrı özü Rafiqin ciyərparasını daim himayəsində saxlasın! 
Amma Rafiq elə bir güclü ruhun daşıyıcısıdır ki, inanıram, o dünyadan da hər an əziz övladına hayan ola, onu qoruya biləcək...
...Bakısız yaşaya bilmirdi Rafiq.
Heyhat, bu, Bakının xəzrisi kimi sərt üzlü həyatdır. 
Artıq bir ildir, Rafiq Bakısız, Bakı Rafiqsiz yaşayır...
Lakin ötən onsuz ilin bir anında da Rafiq bizsiz, biz onsuz olmamışıq.
Xalq artuisti, görkəmli sənətkarımız, unudulmaz dostumuz Rafiq Hüseynli yaddaşlarımızda və sənət tariximizdə elə silinməz izlər qoyub ki, onun səsi və işıglı çöhrəsi Azərbaycanın ən uzaq sabahlarında da var olacaq, hər dəfə də elə bizimləymiş kimi qavranılacaq.
Rafiq kimi nurluların yolu əbədi gedişlərinin bir ili ilə bitən deyil.
Ürəklərdəki yolun sonu olarmı?!

26 oktyabr, 2018

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook