RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəElin "sağ ol!"u

Hər ikisi təsdiqləyir ki, o, yaxşı sənətkardır. 
Sadəcə “Yaxşı sənətkardır” demirlər, etiraf edirlər ki, o, Azərbaycanın ən yaxşı tarzənlərindən biridir.
Bunu bəyan edənlərin ikisi də tanınmış ifaçılar, mahir tarzənlər və hər ikisi xalq artistidr.
Ağasəlim Abdullayev və Möhlət Müslümovsa, tanıyanlar bilir ki, heç vaxt babata yaxşı, əlaya otabab deməzlər.
İkisi də gözəl ifaçı, sözü dürüst insanlardır.
Bir başqa görkəmli sənətkarımız, tarzənlər ordumuzun ən birincilərindən olan Ramiz Quliyev də tərəddüdsüz onu Azərbaycanın ən üstün tarzənlərindən sayır.
Amma adını yazacağam və bəlli olacaq ki, əksəriniz onu tanımırsınız, bu adı bilmirsiniz, ya, uzaq başı, az eşitmisiniz.
Tarzən Rövşən Zamanov Ağasəlim Abdullayevlə, Möhlət Müslümovla ilk gənclik illərindən dostluq edirlər, vaxtilə şox şöhrətli Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində də birgə təhsil alıblar.
Ramiz Quliyev indiki Musiqi Akademiyası, oçağkı Konservatoriyada Rövşənin müəllimi olub.
Yəni onlar mötəbər sözlərini onillərlə tanıdıqları, ifasının hər incəliyinə bələd olduqları sənətkar haqqında söyləyirlər və həmin səbəbdən də Rövşənin haqqında ən tərifli sözləri inamla dilə gətirirlər.
Amma sanballı sənətkarların, ədalətli münsif kimi qəbul etdiyimiz ustadların valeh təəssüratlarını, səmimi rəylərini qoyaq bir yana. 
Özünüz Rövşən Zamanovun sıra-sıra ifalarını dinləyin.
Şahid olacasınız ki, sizi tarın pərdələrindən qopan ilk xallardanca cazibəsində saxlayan, məftun edən bu qıvraq barmaqların sahibi qətiyyən sıradan olan ifaçı deyl, həqiqətən Azərbaycanın seçilən tarzənlərindən biridir.
Bu ifanı eşitməkçün böyük konsert salonlarına getməyinizə, telekanallarımızı izləməyinizə ehtiyac yoxdur. Əslində həmin ifaya heç oralarda rast gəlmək də asan iş deyil.
Rövşən Zamanov nə vaxtaşırı məşhur səhnələrimizdə görünür, nə də onun çalğısını hər cür yaxşı və yaman musiqiyə, bəzən heç ölkə əhalisinə göstərilməyə layiq olmayan ifalara gen-bol yer ayıran televiziyalarımızda dinləyə dinlərsiniz. 
Olsa da nadir hallarda ola bilər.
Əsas səbəblərdən biri budur ki, Rövşən Zamanov paytaxtdan, sənət həyatının qaynadığı Bakıdan aralıdadır. Göyçayda yaşayır. Elə təhsil və hərbi xidmət illərini çıxmaqla həmişə də orada ömür sürüb.
Ona görə də bir zamanlar böyük sənətə doğru yolu onunla birgə başlayanların neçəsi çoxdan xalq artisti, əməkdar artist və digər yüksək titullara, fəxri adlara layiq görülsələr də, o bu diqqətdən kənarda qalıb.
Göyşayda yaşayıb, musiqi məktəbində dərs deyib, bolluca qabil tələbələr yetişdirib, rayonun, bölgənin mədəni tədbirlərində həmişə yaxından iştirak edib, oralarda zövqün, səviyyənin yüksəlməsi naminə bacardığını əsirgəməyib, toylarda, şənliklərdə çalıb və indi söhbət etdikcə bütün aydınlığı ilə duyuram ki, taleyin belə gərdişinə qətiyyən peşman deyil.
Onu bir sənətkar olaraq bilavasitə görüb-tanımanıza imkan yaradacaq səs yazılarına gəlincə, bununla da özü məşğul olmayıb. 
Özünə qalsa, yəqin heç bütün bunlar da olmazdı.
Oğlu Mürsəl sağ olsun ki, atasının sənət irsini hamınınkılaşdırmaq üçün zəhmətə qatlaşıb, internetin geniş meydanından yararlanıb, seçmə ifalarını bu hüdud tanımayan şəbəkədə yerləşdirib ki, hər kəs tamaşa edə, eşidə, ləzzət ala bilsin.
Toylarda, el şənliklərindəki ifalarının müxtəlif illərə aid lent yazılarını seyr edirəm, dinləyirəm və görürəm ki, radio-televiziyada, ən nüfuzlu səhnələrdə hansı məsuliyyətlə çıxış edərsə, hansı repertuarı seçərsə, elə burada da həmin təhərdir. 
Ona da fikir verirəm ki, yanındakı çalğıçılar da, xeyli məşhur və nisbətən az tanınan, ya elə rayondan qırağa çıxmamış xanəndələr də məhz Rövşən Zamanov kimi sanballı sənətkarla yanaşı olduqlarına görə özlərini yığışdırıblar, ürəkdən, şövqlə ifa ediblər.
Hələ bəs camaat? Axı bu əsnada ən çox qazanan el olub!
İfaları, səviyyələri paytaxta layiq, çalğıları-oxuları radio-televiziyaların səs və təsvir xəzinələrini bəzəməyə yaraşan, amma paytaxtdan uzaqda, rayonlarda, kəndlərdə yaşayıb-yaratmış sənətkarlarımız əvvəllər də olub.
Ağabala Abdullayev, yaxud Eynulla Cəbrayılov, ya onlar kimi daha neçə istedadlı, azman sənətkarımız zamanında rayonda deyil, Bakıda yaşasaydılar, onlardan bizə yadigar qalan qiymətli səs saxlancları dəfə-dəfə çox olardı.
Lakin onların məhz oradakı varlığı ilə yalnız bəxtinə həmin bölgələrin, belə ustad sənətkarları həmişə yaxın məsafədən görüb-eşitmək fürsəti düşən əhalisi yox, bütövlükdə musiqimiz, mədəniyyətimiz daha çox fayda əldə edib.
Çünki ad-san, təltiflər, lent yazılarının, vallarının miqdarı baxımından yarımasalar da, bu fədakar insanlar Azərbaycan xalq musiqisinin yalnız mərkəzdən deyil, ölkənin dörd bucağından inkişafına, yüksək səviyyənin, tələbkarlığın, zövq və səliqənin ölkə boyu qorunmasına xidmət ediblər.
Gözəl sənətləri, yaratdıqları sevgilərə layiq irs tərəzinin bir gözündə, bu vətənərvər əməkləri tərəzinin digər gözündə. 
Çəkicə, mahiyyətcə elə bərabər gələr!
Şübhə etmirəm, günü yetişəcək, heç vaxt ardınca düçmədiyi, can atmadığı fəxri adlar da Rövşəni tapacaq. Bu da lazımdır. Ancaq daha lazımlı olan böyük işi tarzən Rövşən Zamanov 40 ildən artıqdır ki, görür! Adının və sənətinin işığı ilə el-obanın sənət nurunu artırır. Elin "sağ ol!"undan üstün nə mükafat var?!

27 oktyabr, 2018

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook