RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəSil gözün yaşın

O, dünyanın çox ölkələrində olmuşdu. 
Sadəcə, ölkə-ölkə deyil, qitə-qitə gəzib dolaşmışdı. 
Mehmanı olduğu hər şəhərlə, o yerin insanları ilə bağlı saysız-hesabsız xatirələri vardı. 
Keçmiş günləri vərəqləməyi xoşlardı və səfər əhvalatlarını bir hekayə, novella kimi, bir az da bəzəyib-düzəyərək tez-tez nağıl edərdi.
Maestro Niyazinin dünya boyu səfərlərə yollandığı, ən böyük şəhərlərin ən məşhur konsert salonlarında konsertlər verdiyi çağlar 1950, 1960, 1970-ci illər idi.
O çağlar ki, biz SSRİ-nin tərkibindəydik və nəinki Amerikaya gedib çıxmaq, Londonda, Parisdə, Romada olmaq, hətta sovet respublikalarından çox da fərlənməyən Bolqarıstana, Polşaya, Macarıstana, Çexoslovakiyaya adicə turist səfərinə getmək də hər yetənin qismətinə düşməyən xoşbəxtlik sayılırdı.
Təsadüfi deyil ki, hər dəfə şəxsi vərəqə dolduranda tərcümeyi-halının mühüm hadisələri sırasında ayrıca bölmədə hansı xarici ölkələrdə olmağını da göstərməliydin.
Amma maestro Niyazi mənə həyatındakı ilk xarici ölkə səfərindən də danışırdı. 
“Danışmışdı” yox, ona görə “danışırdı” yazıram ki, əvvəllər bunları mənə söylədiyini bilsə də, həmin günlərdən ötrü qəribsəyirmiş kimi müəyyən vaxt ötəndən sonra o köhnə mətləblərə təzədən qayıdar, üstündən yarım əsrdən də çox zaman keçmiş əyyamlar barədə hekayətlərini yadına yeni düşmüş cizgilərlə bir az da dəqiqləşdirərək, dolğunlaşdıraraq yenidən nağıl edərdi.
Bir dəfə rəhmətlik Rəşid Behbudov mənə gülə-gülə demişdi: “Biz «Qüdrətli dəstə»yik, sən də bizim Stasovumuz”.
(Əlbəttə, unudulmaz Rəşid müəllimin 1850-1860-cı illərdə Sankt-Peterburqda yaranmış və ətrafında Miliy Balakirev, Modest Musorqski, Aleksandr Borodin, Nikolay Rimski-Korsakov, Sezar Küi görkəmli bəstəkarları və o çağın məşhur ədəbiyyatçısı, tənqidçisi, arxivşünası Vladimir Stasovu birləşdirən, rusların “Moquchaya kuçka” dediyi sənət birliyi ilə Azərbaycan gerçəkliyi arasında eyniyyət axtarmaq cəhdində məntiq vardı.
Bizim Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Tofiq Quliyev, Rəşid Behbudov və neçə böyük sənətkarımız da əslində möhtəşəmdən möhtəşəm, qüdrətlidən qüdrətli dəstə idi.
Çox gənc olsam da, Allah mənə bu nəhəng şəxsiyyətlərlə mütəmadi ünsiyyət fürsəti nəsib etmişdi və ilk tələbəlik illərimdən onlarla tez-tez görüşər, daim evlərinə gedib-gələr, söhbətlərini lentə alar, barələrində verilişlər hazırlayar, yazılar qələmə alardım. 
Bütün bunlar vardı, lakin mənim o qüdrətlilərin Stasovu adlandırılmağım sırf zarafat, məcazi mənada söylənən söz idi. 
Uzaq başı dünyagörmüş Rəşid müəllimin məni yazı-pozularımda bir qədər də həvəsləndirməkçün dilə gətirdiyi mübaliğəli tərif. 
Hərçənd illər ötdü, Stasov olmadıqsa da, Qüdrətli Dəstəmizin heç vaxt sönməyəcək ulduzlarının, elə taleyin nəsib etdiyi həmin təmaslar sayəsində, onillər sonra ömür və sənət həyatının çox təfərrüatlarını yazılaşdırmaq, tarixləşdirmək mənim öhdəmə düşdü).
Yəqin Maestro Niyazi də elə bütün söylədiklərini haçansa yazıya alacağımı irəlicədən duyurmuş...
...1918-ci ildə atası Zülfiqar bəy Hacıbəyli Azərbaycan aktyorlarının iri bir dəstəsi ilə İrana qastrol səfərinə çıxanda balaca Niyazini də özü ilə götürür. 
7 yaşlı Niyazi orada, Tehranda həyatının ən qorxunc hadisəsini də görmüşdü, o günəcən eşitdiyi nəğmələrdən ən şirinini də dinləmişdi.
“Səbzi-meydan”da elə bərk yanğın qopmuşdu ki, axşamın qaranlığında dördbir yan gündüz kimi işığa qərq olmuşdu. 
Balaca Niyazi əvvəlcə bu qələbəliyə sevinsə də, sonra adamların həyəcanı, təşvişi, çığırtıları ona da sirayət etmişdi, qorxusundan səhərəcən yuxulaya bilməmişdi.
...Və neçə günlər sonra isə həmin meydanda bir qızın oxuduğu mahnını eşidincə valeh olmuşdu.
Həm qıza, həm nəğməyə.
“Vəfa nə başəd”. Belə idi həmin mahnının adı.
O nəğməni Maestro düz 39 il yaddaşında gəzdirmişdi. 1957-ci ildə simfonizə etdi.
Şövkət Ələkbərova oxuyub. 
“Gözəldir!” demək azdır!
Qeyri-adi füsünkarlıqda olan, ruhu tərpədən bir səs incisidir.
“Qaragilə” mahnısını da Niyazi birinci dəfə İranda eşitmişdi. 
Musiqi yaddaşı çox iti idi. Bircə yol dinlədiyi musiqi maqnitofon lentinə, vala yazılan sayaq beyninə həkk olurdu.
Üstündən xeyli sovuşandan sonra, artıq 1920-ci illərin əvvəllərində, evlərində hörmətli iranlı qonaqların olduğu bir məclisdə xalq mahnılarından söhbət düşür. Zülfiqar bəy qayıdır ki, bizim balaca Niyazi hələ 7-8 yaşı olanda İranda çox gəzəl xalq mahnılarını eşidib əzbərləyib. Həmin mahnılara yüngülvari əl gəzdirərək, sözünü dəyişərək bizdə də oxumaq pis olmazdı.
Sonra qonaqlar Niyaziyə deyiblər ki, yadında qalanlardan oxu. 
Birini, ikisini, üçünü ifa edib. Və adını bilmədiyi bir mahnını da oxuyub. 
Həmin bizim indi “Qaragilə” kimi tanıdığımız mahnını.
İranlı qonaqlardan biri gülümsünüb: “Hamısı yaxşıdır. Amma daha bundan sonra bu axırıncını adam arasında zümzümə eləmə”.
Niyəsini demir.
Maestro bunu da söyləyirdi ki, illər sonra bildim ki, niyə həmin mahnını oxumamağı məsləhət görürmüş. Səbəbsə eləymiş ki, doğrudan da onu uşağa açmazlar.
...Yəqin çoxlarınız oxuyub. XX əsrin ən məşhur İran yazıçılarından olmuş Mürtəza Müşfiq Kaziminin (1887-1978) iki hissəli bir romanı var – “Qorxulu Tehran” . Birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi 1924-cü ildə Berlində nəşr edilmişdi. Həmin kitab hələ 1920-ci illərin axırlarında dilimizə çevrilərək əvvəlcə hissə-hissə “İnqilab və mədəniyyət” jurnalında dərc edilmiş, 1930-cu ildə isə ayrıca kitab olaraq buraxılmışdı. 
Sonralar da Bakıda bir neçə dəfə həm rus, həm Azərbaycan dilində nəşr edilib.
Cəmiyyətin bir çox ağrı-acılarını nəql edən həmin kitabda qırmızı fonarlı evləri gendən diqqət çəkən məhəllədən də bəhs edilir.
Mərhum Qılman İlkin mənə danışırdı ki, 1940-cı illərin ortalarında İranda olarkən bir gün söhbət “Qorxulu Tehran” romanından düşür. 
Ənvər Məmmədxanlı da, Qılman müəllim də həmin əsəri Bakıda hələ heç kitab kimi çıxmamışdan, jurnalda oxuyublarmış. 
Qərara alırlar vaxt olduqca gedib baxsınlar ki, Mürtəza Kaziminin əsərini yazdığı illərdən bəri İranda nə dəyişib, nələr elə əvvəlki təki qalır. 
Həmin qırmızı fonarlı məhəllə sarıdan da keçirlər.
“Necə yazmışdısa, elə də qalırdı. Heç bir şey dəyişməmişdi. Elə bil vaxt donub qalmışdı orda”.
...Kəc tale o xəstə məhəlləyə, o fahişələr oylağına gözəl, igid bir oğlanı sonsuz məhəbbətlə sevən məsum bir qızı da urcah edibmiş.
Eşqi yolunda evindən, elindən ayrı düşmüş çiçək kimi zərif qızla tale amansızlıqla davranır. 
Canı qədər sevdiyi istəklisini itirir. 
Bu azmış kimi qəddar dövran onu ayaqlar altına atır, qova-qova bu mənhus məhəlləyə gətirib çıxarır.
Yadıma unudulmaz Xudu müəllimin qəmli bayatısı düşür:

Söyüdə barsız demə,
Hər təkə yarsız demə,
Kədər acı güldürər,
Gülənə arsız demə.

Qara bəxtin bu çıxılmaz girdaba düçar etdiyi həmin qadın öz ömür hekayətini nəğməyə döndəribmiş, ürəyi qövr elədikcə oxuyurmuş:

Dərbəndi keşdük,
Fərari düşdük.
Başuva dolanım, Qaragilə,
Harda sevişdük?

Bəlkə gendən baxıb onun oxumağını eşidənlər arasında belə zənn eləyənlər də varmış ki, bu xanım kefdən-damaqdan oxuyur?
Yaxınına gəlməyincə, ürəyinə girməyincə nə biləsən gülən niyə gülür, ağlayan nəyə ağlayır!
Bəlkə güləni güldürən heç sevinc deyil, qabağında məlul qaldığı, aciz olduğu dərdlərdir?
Bəlkə ağlayanı ağladan, yanağından damla-damla yaş süzdürən heç qüssələrin yükü deyil? 
Bəlkə səbəb övlad uğurunun fərəhidir, qəfildən, gözləmədiyin yerdən açılan səadət qapısıdır, bəlkə qəhərləndirən bəxtəvərliyin şiddətidir?
Həmin “damğalanmış” məhəllədə, qırmızı fonarlı evlərin sıralandığı o küçədə yarandığından “Qaragilə” uzun zaman camaat arasına çıxa bilmirmiş.
Rəhmətlik Balaş Azəroğlu danışırdı ki, Güneydən Şimala pənah gətirəndən sonra radioda, konsertlərdə “Qaragilə”yə səxavətlə yer verilməsini görəndə cəncəlli məhəllədən çıxmış mahnıya göstərilən bu hörmətə əvvəlcə çox təəccüblənirmişlər.
Bakıda “bəraət”ini qazanandan sonra “Qaragilə” Təbrizə təzədən qayıdır, dillərə-dodaqlara qonur və daha heç vaxt “xəstə məhəllələr”dəki qırmızı fonarlı evlərin dustağına çevrilmir.
50 il yaddaşında və qəlbində daşıyandan sonra Maestro Niyazi 1968-ci ildə “Qaragilə”yə yeni həyat verdi. 
“Vəfa nə başəd”dən də gözəl bir simfonizə!
Şövkət xanım da misilsiz bir lətafətlə oxudu bu YENİ “Qaragilə”ni!

Gəlirdim sizdən, 
Ağ corab dizdən,
Tanrı ayırmaz, Qaragilə,
Bir-birimizdən.

Bu, arzudur, niyyətdir. Tanrı ayıranda ayırır və bəzən həsrətlər ömürdən də uzun olur.
Necə ki, pozuq alın yazısı iki istəklini bir-birindən cüda saldı.
“Qaragilə” o eşqin və o ayrılığın nəğməsi kimi yarandı.
Amma hər halda nəğmə haqlıdır.
Allah həqiqətən də ayırmaz!
Bizi heç vaxt elimizdən, dilimizdən, nəğməmizdən ayırmaz!
Daha heç vaxt “Qaragilə”ni elin sevgisindən ayırmaz!

09.11.2018

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook