RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəYaddaşların arasında

O, dünyagörmüş adamdır.
Dünya onunçün yalnız özünün gördüyü dünya deyil, həm də haqqında kitablardan oxuyub öyrəndiyi dünyadır. 
Onun dünya haqqında bildikləri əslində öz ömründən daha qocadır.
Ona görə də o, indi yox, hələ lap çox illər əvvəldən də yeri düşəndə dünya ilə tay-tuşu kuimi danışa bilib.
Ona görə də o ömrün indiki ahıl, yorğun çağında da, doğma kəndindəki evində təm-tək oturub xəyala dalanda da qətiyyən tənha deyil -- özünün görmüş olduğu və özünün görmüş olduğundan da daha yaxşı tanıdığı köhnə dünyayla birgədir.

Bir sarı budaqdır il ağacında
Görən bu payızın yaşı neçədir?

...Mizrab xəzəlləri qırışlarıyla
Toxunub bir sarı simə ağlayır.
Bu qədər aramsız yağışlarıyla
Görəsən bu payız kimə ağlayır?..

Dumanlar yeriyir dərələr boyu
Dağlar elə bil ki, qoşun aparır
Deyəsən bu payız vaxt sahibidi
Məni də özünə qoşub aparır.
Görən bu payızın yaşı neçədi?..

Lap çoxdan onun dünyanın içində olması şərti bir məsələdir.
Çünki şeirin gücü onun adi adamlar cərgəsindən çıxarandan bəri dünya özü bu kişinin içindədir.
Məni nə bədbin sayın, nə ümidsiz, nə də yetərincə bilməyən.
Daha Azərbaycanda bu cür şeirlər yazan ikinci adam yoxdur.
Bəlkə gələcəkdə oldu, təbiəti nə bilmək olar, doğdu doğdu!
Çünki bu cür şairləri yalnız kitab-dəftər, oxuyub-öyrənmək yaratmır, özünə gərək olduğu üçün, öz hisslərini yazdırmaqçün lazım bildiyi məqamda belələrini təbiət özü yaradır, özü doğur.
Təbiət lazım bilsəydi, elə hər yetənə quş dili öyrədərdi, yarpaqları, otları, ağacları, torpağı, suları necə duymağı, onların söylədiklərini, yaşadıqlarını insan dilinə necə tərcümə etməyi anladardı, onlarla necə həmsöhbət olmağın gizlinclərini başa salardı.
Bu bizlik söhbət deyil. Məsləhətinə şükür! Özü seçir, özü agah edir, özü yönəldir.
Musa Yaqub həmin seçilmişlərdəndir. 
Sanki tale ona yalnız gözəl şeirlər yazmağı deyil, həm də təbiətimizi kəc baxışlardan, bəd nəfəslərdən, əyri əllərdən qorumağa cavbdehliyi həvalə edib.

Poladbədən palıdları qırdılar,
Gümüşsinə göyrüşləri vurdular
Maralları gədiklərdə yordular
Kol saçını yolub gedir, nə deyim.

Şahpalıddan, cökələrdən soraq yox
Özümüzü biz yıxırıq, qıraq yox.
Həqiqəti eşidən bir qulaq yox,
Söz də oyun olub gedir, nə deyim.

Günahları bağışlamaq cəhdimi?
Yer üzünə təzə körpə gəldimi, –
Allah hələ qəbul edir əhdimi
Dünya bizə qalıb gedir, nə deyim.

İndinin, az əvvəlin bir sıra tanınmış şairlərinin qoşduqlarına bənzədərək elə onlar kimi yazmaq olur. Musa Yaqub kimisə yox! Çünki o, sadəcə şeir yazmır. O şeirin özüdür. Onun şeirlərini təbiət özü yazır. O, ötürücüdür, naqildir. O hər təzə şeiri ilə təzədən bitən çiçək, yenidən puçurlayan tumurcuq kimidir.
Ürəyimdən keçir ki, İlahi fürsət verəydi indiki sıxıntılı, xəstə anlarının ona yaşatdıqlarını şeirə döndərə biləydi. 
Oxuyaydınız və görəydiniz ki, kitabdan, bilikdən, başqalarından eşitdiklərindən deyil, insanın öz içərisndən süzülüb gələn əsl AĞRI ŞEİRLƏRİ necə olarmış...

Mənim dan ulduzum batdı qəfildən,
Batdı-batmağına inanmadığım.
Birdən bəxtimin də yuxusu gəldi,
Yatdı-yatmağına inanmadığım.

Üzümdə zəlzələ, ruhumda qiyam,
Dartdı əllərimdən o biri dünyam,
Dartdı-dartmağına inanmadığım.

Axır hesabımı verdi əlimə,
Tanrı atdı məni ruh aləminə,
Atdı-atmağına inanmadığım.

Nə fərqi - tez oldu, gec oldu, getdi,
Əvvəli, axırı heç oldu getdi,
Getdi-getməyinə inanmadığım.
Dünya fani imiş, ömrümüz ani,
Bitdi-bitməyinə inanmadığım.

...Ömrü uzunu qapısı həmişə açıq olub. 
Evindən-eşiyindən heç vaxt qonaq-qarası əskik olmayıb.
Hələ kənd müəllimi işlədiyi, kasıbyana güzəran keçirdiyi əyyamlarda da nə qədər gələni olsa belə yola verib, bir müddıət sonra köhnə qonaqlıqların altını çəkməli, borc qaytarmalı olubsa da, şakərindən əl çəkməyib, yenə süfrə açıb, yenə qonaq qarşılayıb, yenə gələnə sevinib və Allah da o səbəbdən heç vaxt ruzisini kəsməyib.
...Yenə ara-sıra qonaqları gəlir.
Daha əvvəlki xoşbəxt, qayğısız günlərdəki kimi onunla deyib-gülməyə, şad-xürrəm yeyib-içməyə yox, yoluxmağa gəlirlər.
Şəkil də çəkdirilər onunla. İndi şəkil çəkdirmək çox asan olub. Hərənin cibində bir telefon. Düyməni basdın, an əbədiləşir.
Amma hər anı hamıya göstərməzlər ax! Səninçün əzizdirsə özündə saxla.
Hərçənd Musa Yaqub mənə lap ən yorğun halında belə yanındakı ən sağlam adamdan da şux gəlir. Çünki işıq, güc, parlaqlıq onun mahiyyətində, cövhərindədir.
Palıd palıddır. Cavanının bir gözəlliyi var, ən qocamanının bir ayrı cazibəsi.
Orda – İsmayıllıda, Buynuzda, mənə və mənim kimi lap çoxlarına tanış olan mehriban həyətdə, köhnə ocaqda, simsar evdə Musa Yaqub indi dəniz içərisində olan kimidir.
Xatirələr, yaddaşlar, duyğular dənizinin qoynunda olan tənha qayıq kimi.
İstər-istəməz hər axşam ürəyimdən keçir ki, görən o böyük duyğu adamı indi nə düşünür, hansı xatirələrlə baş-başadır? 
Bəlkə yorulub xatirələrdən?
Bəlkə əksinə -- məhz indi köhnə və tanış dünyanı hər zaman olduğundan daha aydın, daha dəqiq görür?..

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook