RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəMillətin həmsöhbəti

Ən qaradinməz, ən adamayovuşmaz insanın da hökmən ünsiyyətə, haçansa, kiminləsə dərd bölüşməyə, hərdən-hərdən ürəyini boşaltmağa ehtiyacı yaranır. Millətlər xalqlar da elə adamlar deməkdir və əlbəttə ki, millətin də, onun böyük ruhunun da özü böyüklükdə həmsöhbətləri, duyğu, düşüncə ortaqları olur.
Tar, Azərbaycanın ən azı yaxın min ildəki tarixində yoluna sənədlə-sübutla bələd olduğumuz ən məhrəm və daimi millət həmsöhətlərindəndir.
Min ilə dünyada da, Azərbaycanda da çox şeylər dəyişib. 
Yurdun dörd bucağında – müxtəlif vaxtlarda paytaxt olmuş Şamaxıda, Gəncədə, Təbrizdə, obiri qaynar həyatlı şəhərlərimizdə Bakıda və Şəkidə, Ərdəbildə və Bərdədə, Dərbənddə və Mərənddə, Zəncanda və Beyləqanda... sıra-sıra qalalar, qəsrlər, saraylar ucalırmış ki, əski əlyazmalar onların möhtəşəmliyi, qənirsizliyi haqqında salnaməçilərin heyran soraqlarını çatdırır. 
O yıxılmaz sanılan abidələrin əksərinin izi-tozu, hətta xarabalıqları belə qalmayıb.
Köhnə əyyamların şahidiı kimi uindiyə gəlib çatan yalnız tək-tək nəhəng çinarlardır, bir də qocadan qoca olsa da, həmişə cavan qalan könül hayanımız tar.
Əgər yüzlərlə, minləırlə tikili içərisindən Qız qalası əsrlər adlayraq bugünə salamat çatıbsa, əgər yüzlərlə minlərlə ağaclarımız arasından hansı çinarlarsa, hansı palıdlarsa qurumayıbsa, kəsilməyibsə, itib-batmayıbsa, şax gövdəsiylə vüqarla ucala-ucala bugünə yetişibsə, bu qətiyyən təsadüfi deyil.
Demək, onların üstündə Tanrının əli var, deməli, onları həm də millətin ruhu qoruyub.
Tar da belə!
İndi tanıdığımız-bildiyimizdən neçə qat çox musiqi alətlərimiz olub. 
Zaman onları ələyindən keçirə-keçirə saf-çürük edib, arıtlayıb, sonalayııb və ən yaxşı saydıqlarını, ən yaşamalı hesab etdiklərini vaxt zavalından hifz edərək gələcək nəsillərə ötürüb.
Tarsa, bu cərgədə həmişə öndə gedib, hər vaxt daha üstün, daha əziz tutulub, digər alətlərin “xətrinə dəyər” deyə dildə deyilməsə də, hər halda musiqi alətlərimizin sərkərdəsi, şahı sayılıb, sayılır və həmişə də sayılacaq.
Tarı ürəyə yaxın tutaraq, köksə cıxaraq çalıblar.
Ürəyin döyüntüləri ilə tarın sədalarını həmahəng edərək çalıblar.
Yəqin elə bu səbəbdən də tar ürəklər həmdəmi, millət həmsöhbəti olmağa bir az da yaxınlaşıb.
...Bu adət bizlərdə ta keşmişlərdən olub. Az qala hər ailədə 1-2 nəfər hansısa musiqi alətində çala bilir. İndi bu sıraya xeyli Qərbdəngəlmə musiqi alətləri də qoşulub. Əvvələrsə əsasən tar idi, saz idi, kamança idi, nağara idi, zurna-balaman idi...
Hansı alətimizdə çalmağa camaatımız daha mail olub?
Belə bir hesablamanı dəqiqliyiylə aparmaq mümkünsüz görünsə də, hər halda gözəyarı müəyyənləşdirmək çətin deyil ki, tara bu babətdə rəqib olacaq ikinci musiqi aləti yoxdur. 
Nəinki rəqib ola biləcək, hətta yaxınlaşa biləcək!
Amma həmişə məni təəccübləndirib ki, niyə xalqımız tara bunca bağlıykən, söz ustalarımızın da bir çoxu tar çalmağı bacardığı halda, niyə şairlərimiz dağa-bağa, gülə-çiçəyə, gözələ-göyçəyə miqdarı bilinməyəcək qədər mənzumələr qoşublarsa da, tara həsr edilən şeirlərin sayı barmaqla sayılacaq qədər seyrəkdir.
Ayrı səbəb tapa bilmirəm. Fərz edirəm ki, tarın əzəmətini duyduqları səviyyədə ifadə edə bilməyəcəklərindən çəkinərək, ehtiyatlanaraq belə şeirlər yazmağa cürət etməyiblər.
Bütün ədəbiyyat tariximizdəki tarı vəsf edən az şeirlər içərisində ikisi mənə daha doğmadır.
Bir Müşfiqin “Oxu, tar!”ı, bir də Məhəmmədhüseyn Şəhriyarın “Tarım mənim” qəzəli.
Və həm Müşfiq, həm Şəhriyar tar çalıblar.
Ustad Məmməd Mübarizin ona xas məharət və ilhamla ana dilimizə çevirdiyi həmin Şəhriyar şeirini oxuduqca misraların ardından tarın həzin gəzişlərini eşidən kimi olursan. 
Şəhriyar da tarı elə ən etibarlı həmdərd, ən munis həmsöhbət kimi tərənnüm edib:

Sızlayır əhvalıma sübhə qədər tarım mənim, 
Təkcə tarımdır qara günlərdə dildarım mənim. 
Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyin, 
Tardan özgə qalmayır yar-i vəfadarım mənim. 
Yer tutub qəmxanədə, qıldım fəramuş aləmi, 
Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim.

Tar hər kəslə danışa bilir. Ancaq tar onu danışdırmağı bacaranlara, əlbəttə ki, daha çox sirr açır. 
Tarın Mirzə Mansura, Əhməd Bakıxanova, Məmmədağa Muradova, Firidun Ələkbərova... və bu gün sənət meydanında külüng çalan Ağasəlim Abdullayevə, Möhlət Müslümova... könül açmasıyla başqalarına ürək qızdırmasında, təbii ki, təfavüt var.
Elə həmin gümanla da xeyli gənc çağlarımda, 1978-ci ildə, tara ən simsar sənətkarlardan biri kimi tanıdığım, tarın çox gizlinclərinə də bələd olduğuna inandığım Bəhram Mansurovla uzun bir söhbət etmiş, sonradan o söylənmişləri yazılaşdırmışdım da. 
Əvvəldən sonacan söhbətimizin qəhrəmanı tar olmuşdu. Tarın hər xırda incəliyindək sual verib, cavab almışdım.
O vaxt cavan olan, musiqi mühitimizdə təzə-təzə parlayan Ramiz Quliyev indi tarzənlər ordumuzun ağsaqqallarındandır.
Bəhram ustadla tar söhbətimzidən 40 il sonra oxşar, həm də xeyli fəqli tar sualları ilə Ramiz müəllimə üz tutdum.
Aldı görək nə dedi...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook