RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəGöylərə yazılmış səs

Heç vaxt bitməyəcək ömrünün 100-ci ili də tamam oldu, ustad. Sabah 101-ci yaşın başlayacaq.
Əbədi olacağına qəlbən inandığım həyatının bizim olmadığımız günlərdə ikinci əsri də bitəcək, üçüncü əsri də başlayacaq.
Gələcəkdəkilər dinləyəcək Hacıbaba Hüseynovu, duyğulanacaq, zövq alacaq, iftixar edəcək ki, bu millətin belə gözəl səsləri var.
Amma o gələcəkdəkilərin heç biri bizim qədər xoşbəxt olmayacaq.
Axı biz Hacıbaba ustadla eyni illərin, günlərin içərisində yaşadıq, ona nəfəsini duyacaq qədər yaxın olduq.
Axı o bizimçün yalnız bir böyük sənətkar yox, həm də doğmamız idi. 
...Hacıbaba ustadın ömrü boyu ən çox minnətdar olduğu varlıqlardan biri söz idi və sözün borcundan çıxmaqçün onun gördüyü iş yalnız oxumaqdan ibarət deyildi.
Hansısa unudulmuş, heç adı bilinməyən bir şairin şeirindən 3-4 misra, ya bir neçə beyt əlinə yetirdi. 
Bilirdi ki, belə qəlpə halında o şeir tikəsi yaşa-mayacaq, gec-tez unudulub gedəcək. Əlavə misralar artırırdı, həmin şeir qırığının ahən¬ginə uyğun sətir-lərlə o parçanı bütövləşdirirdi, oxuyurdu və itkin bir şeir həyata təzədən qayıdırdı.

Nigara, zülfünə tapşır, üzündən bir
kənar olsun,
Tökülsün çiyninə çin-çin, yerində 
bərqərar olsun.

Bu, üçbeytlik, müəllifi naməlum bir şeir idi.
Hacıbaba ustad o şeiri tamamladı və elə məlahətlə oxudu ki, şeir ölümsüzləşdi:

Cəmal-i yarə üç beyti deyibdir 
ayrı bir şair,
Qalan dörd beyti de, Hacı, o üç beyt
aşikar olsun.

Faciəli taleli ictimai xadim və ziyalı Ruhulla Axundovun heç kəsin yadına düşməyən atası Əli Axundovun bir misrasından yapışaraq bu adı da məhz Hacıbaba ustad hər kəs üçün aşikar etdi:

Göz qırpma, könül, naz ilə 
ol yar yatıbdır.

Bunu Əli Axundov yazmışdı. 
Hacıbaba neylədi:

Açma, ey dil, gözünü əks-i rüx-i yar keçər,
Odu aram-i dilim, zülf-i şəb-i tar keçər.
Ah u fəryadı unut, vəxt-i qənimətdi bu kim.
Dinmə, ahəstə danış, fəsl-i o gülzar keçər.
Şəhd-i innab-i ləbi çarədi biçarə üçün,
Gəlsə göftarə o gül ah-i dil-i zar keçər.
Görsə Misir əhli, yəqin, şəhr-i cəmalın bilirəm,
Yusif azad olunar Misridə, bazar keçər.
Səbr-i Əyyubi, könül, dərk qıl Əyyub kimi,
Məhrəm-i vəsl günü səndəki azar keçər.
Göstər iczilə bu gün pir-i xərabata məni.
Qorxum oldur ki, gəlib bəzmdən 
əğyar keçər.
Sirr-i pünhani demə faş olu rüsvalığımız,
Bu rəh-i eşqi tutub Hacı xəbərdar keçər.

***
Hacıbaba müəllim sözünün yerini bilən, hansı sözü hansı məqamda dilə gətirməyi, hansı şəraitdə susmağın daha məsləhət oldu¬ğunu yaxşı hiss edən bir insan idi.
Təsadüf elə gətirir ki, tez-tez dəvət edildiyi Nardaran toylarından birində bir nəfər cibindən qəzəl çıxarıb verir Hacıbabaya, vərəqin üstünə xələtini də qoyur və «bunu oxu» deyir.
Hacıbaba ustad danışırdı ki, sifariş verilmişdi, yerinə yetirməliydim. Bu, toydur, bu meydan-dasansa, bu meydanın oyun qaydalarına da əməl etməyə hazır olmalısan. Amma şeiri verən məni istəyən adam deyildi və o şeiri də mənə məqsədli vermişdi. Nardaran kimi dindar bir yerdə o şeiri oxusam, yəqin, narazılıq edənlər də olacaqdı. Bax-mayaraq ki, şeir Şəhriyarınkı idi:

Getmə, tərsa balası, mən də sənə
sayə gəlim,
Damənindən yapışıb mən də 
kəlisayə gəlim.
Ya sən islamı qəbul eylə, mənim 
dinimə gəl, 
Ya ki, təlim elə, mən məzhəb-i 
İsayə gəlim.

Hacıbaba ustad mikrofondan məclisə müraciət edir: «Mənə verilən bu şeir ustad Şəhriyarındır. O şeirin 3-4 beytini oxuyub ardını öz beytlərimlə davam etdirəcəm. Bu beytlərdə Şeyx Sənan rəvayətinə işarə var. Bu beytlər Əsli-Kərəm əhvalatına bənzəyir. Mənsə onun əksini deyəcəm. Qoy bu da usta Şəhriyara bir cavabımız olsun».
Və başlayır oxumağa.
Əlavə edəcəyi beytləri Hacıbaba ustad irəlcədən yazmamışdı. 
O beytlər elə burada, bu məclisdə, oxu əsnasında yaranacaqdı.
Başlayır oxumağa və Şəhriyar şeirindəki məntiqi çevirir tərsinə, əlavə edəcəyi beytlər, elə bil ki, ilahi sehrlə uçub gəlir ona sarı:

Yox, sənəm, anlamadım, səhvimi iqrar edirəm,
Buraxıb dinimi mən din-i Məsihayə gəlim?
Sən mənim dinimə gəl! İczilə xatircəm elə,
Mən də öz əhdim ilə aləm-i sevdayə gəlim.
Sən gedib Hacı kimi eşq büsatında otur,
Pir-i meyxanə ilə mən də o məvayə gəlim.

…Hacı müəllim elə saf adam idi, nə arzulasaydı, nə niyyət etsəydi, adətən, gerçəkləşərdi.
O, imam Hüseyn, Məhəmməd Füzuli aşiqi idi.
70-i adlayandan sonra gedib hər ikisinin məzarını ziyarət etdi.
Seyid Əzim aşiqi idi.
Gedib onun da məzarının daşından öpmək qisməti oldu.
Ömrün son iki-üç ilində səhhəti tədricən laxlayırdı.
Onda təngnəfəslik əmələ gəlmişdi.
«Xəstəlik əziyyət verir, nəfəsim də daralır. Amma bir cəhətdən Allahımdan razıyam ki, sözə, oxumağa ürəyimdə cavan yaşımda olan həvəs, eşq elə əvvəlki kimidir. Azalmayıb ki, artıb».
Bir eşq heykəli idi Hacıbaba ustad.
Məhəbbətlə dolu idi.
Məgər özünüz eşitmirsiniz, məgər özünüz görmürsünüz?

Sənsiz mənə zindan görünür 
sanki bu aləm,
Gəl dönmə vəfadən,
Vaz keç bu ədadən,
Gəl-gəl, gözəlim, gəl məni qurtar 
bu bəladən.

Sadəcə oxumur, nəfəs alır bu sətirlərdəki duyğularla.

Gülü atdım gülzara,
Bülbül onu suvara,
Yazı mənə söz verdi,
Ay, qışı qaldım avara.
Neyləməli, iyləməli,
Ax, bu dərdi kimə söyləməli?

Kim deyər bu sətirləri belə şövqlə oxuyan yaşlı bir insandır?!

Yarım mənlə barışıb,
«Gözün aydın» deyən yox…

Kim deməz ki, belə ehtirasla oxuyan sevgiylə qaynayan cavan bir oğlandır?!

Olar bir gün, nigarından gələr 
xoş bir xəbər, Hacı,
Gələr ol bəxt-i bərkəşdən olarsan
bəxtəvər, Hacı,
Əgər eşq əhlisən, səbr et, keçər 
dərd ü kədər, Hacı,
Görərsən yar açıb zülfün, 
o tellər mişkbar olsun,
Açılmış qönçələr, sirr-i təbiət 
aşikar olmuş.

Axır saatınacan eşq əhli olaraq qaldı.
Axır nəfəsinəcən məhəbbətlə çırpındı.
Axır gününəcən sənət üçün çalışdı.
Ömrünün son günündə də sevənləriylə görüşə getmişdi.
Görüşdən sonra onu evə qaytaranda da maşında söhbətə tutmuşdular, danışdıqlarını lentə almışdılar.
Dinləyirəm həmin son söhbətlərini.
Yol gəlir.
Evə gəlir.
Ölümə doğru gəlir.
Danışır, şeir oxuyur. 
Bir neçə saat sonra həyatda olmayacaq.
Məhəbbətlə doludur...

Hüsn ilə eşq olmasa, 
dəhrdə olmaz səfa,
Olmasa Hacı, cahan tərsinə 
dövran edər.

***
Sovet dövründə bütün sahələrdə mərkəzləşmə, nəzarət olduğu kimi, ifaçıların Moskvanın «Melodiya» firması xətti ilə səslərinin vallara yazılması da hökumətin (yaxud onun məmurlarının) seçimi ilə baş verirdi.
Sovet onillərində vallarının buraxılması ilə şeir kitablarının çıxması Hacıbaba Hüseynovdan ötrü əlçatmaz arzu idi.
Hacıbaba Hüseynova «yaşıl işığ»ın yanması sovet dövlətinin dağılan vaxtlarına, texniki tərəqqidə də yeni səhifələrin açıldığı çağlara təsadüf etdi.
Daha val ötülmüş mərhələ idi.
Hacıbabanın ilk diskləri çıxdı.
Azərbaycanda yox, xaricdə.
Özünün olmadığı çağlarda səsi yazılmış disklər ölkəmizdə də, vətəndən kənarlarda da dönə-dönə buraxıldı, yəqin, bundan sonra da olacaq.
Amma köhnə xanəndələrimizi düşünürkən, nədirsə, həmişə ilk növbədə vallar, qarammofonlar, patefonlar yada düşür.
Hərdən mənə elə gəlir ki, Hacıbaba ustadın radiodan eşitdiyim oxuları elə Cabbarın, Keçəçioğlunun, Ələsgərin, Məşədi Məmməd Fərzəliyevin… oxuları kimi yüz dəfələrlə fırlanmış bir əski valın səs cığırlarından qalxır.
Ömrünün sonlarında Hacıbabaya təzədən vurulmuş şair Qabilsə göyləri ustadın avazı yazılmış əsrarəngiz vala oxşatmışdı:

Oxu!
Səsin göylərə 
yazılır, Hacı!
Asiman bir valdır ki,
Hərlənir, hərlənir,
hərlənir…
Nə silinir, nə pozulur, Hacı!

Bəlkə də, şairin bu bənzətməsi – səsin val kimi göylərə yazılması kiməsə fantastik, sürrealist gələr.
Bəs Hacıbaba ustadın səsinin bir sınmaz, pozulmaz val kimi millətin yaddaşına əbədilik yazılmasına nə sözünüz?!
Amma şairin sözünü də qəribliyə salmayın…

Gördüm yarın əllərini
Gecə yağmış qar kimi.

Elə bil, bu səs də pak, bərq vuran qar kimi göydən yağmışdı.
Hacıbabanı dinləyəndə hərdən başınızı qaldırın, göylərə baxın…

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook