RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBunu bağışlamaq olarmı?

Allah bağışlayandır, rəhm edəndir, mərhəmətlidir.
Müqəddəs Kitab Pərvərdigarı bizə belə tanıdır.
Xudamız bağışlayan, rəhmdil, mərhəmətlidirsə, demək, bəndəsinə də belə olmaq məsləhətdir.
Amma Örnəklərimizin ən Alisi olan Allah nə qədər rəhmdil, nə qədər bağışlayan, nə qədər mərhəmətli olsa da, hər suçu əfv etmir axı!
Allah hər günahın üstündən keçsəydi, Axirətdə yalnız elə Cənnət olardı, ömrü boyu savab işlər görənlər də, haçansa günaha batıb sonra tövbə edərək bağışlananlar da elə Behiştdə qovuşardılar.
Bağışlayan, Rəhmdil, Mərhəmətli Allah Cəhənnəmi də yaradıb. 
Məhz Adil olduğu üçün heç vəchlə bağışlamadığı günahları da müəyyənləşdirib.
İnsan Allahın şah əsəridir!
İnsana qəsd Allahın şah əsərinə qəsd etmək, Ulu yaradana üsyan deməkdir.
Ona görə də insanlıq əleyhinə törədilmiş cinayətlərə nə bağışlanmaq düşür, nə də bu qəbil cinayətlərin haçansa yuyuylub təmizlənmək ehtimalı var!
...Tariximizin ən kədərli ildönümlərindən biri çatdı.
Azərbaycanlılara qarşı erməniçiliyin və bolşevizmin əl-ələ verib gerçəkləşdirdiyi 1918-ci il mart qırğınlarının 101-ci ili tamam olur.
O ilin 5 günündə Azərbaycan İblisin caynağında idi.
O 5 gün içərisində Bakıdan, Şamaxıdan, Qubadan, Naxçıvandan, Kürdəmirdən, Haçıqabuldan, Ərəşdən... dikələn ah-nalələrə fələklər necə dözüb, mələklər nə təhər tab gətirib?!
Azərbaycan Xalq Cümhuriyyətinin bu millət qarşısındakı ən misilsiz xidmətlərindəndir ki, hakimiyyətə gələn kimi 1918-ci ilin mart soyqırımını araşdırmaqçün dərhal Fövqəladə Təhqiqat Komissiyası yaradıb.
1918-ci ilin 15 iyulundan 1920-ci ilin aprelinədək işləyən, tərkibinə Ələkbər bəy Xasməmmədov, İsmayıl bəy Şahmalıyev, Andrey-Klimentiy Novatski, Məhəməd xan Təkinski və digər fədakar, bilikli insanların daxil olduğu həmin komissiya qan daman vaqeələri ən yaxın və uzaq gələcək üçün an-an sənədləşdirib, TARİXLƏŞDİRİB!
Bu sənədləri görənlər, bu səhifələri oxuyanalar ərşə dirək olan o işgəncələri, o zülmləri, o əzazillikləri heç vaxt bağışlaya bilməz.
Bağışlasa, o adam bu millətdən olmaz!
Mən 1996-cı ildə nəşr olunan “Rəfibəylilər” kitabımı “Dünyanın işığını görmədən düşmən süngüləri ilə ana bətnindəcə həlak edilmiş ən gənc şəhidlərimizə, istiqlalımızın ən körpə qurbanlarına” ithaf etmişdim.
O məsumların müqəddəs qanını bağışlamaq olarmı?!
20 mindən artıq insanı məhv ediblər, onminlərlə insanın, yüzlərlə nəslin sinəsinə əbədiyyət boyu sağalmayacaq yaralar vurublar.
Bunu bağışlamaq olarmı?
Neçə parlaqdan-parlaq ziyalımızı, neçə-neçə ləyaqətli bəyimizi, xanımızı məhv ediblər, neçə ailənin son nəfərinəcən axırına çıxıb şəcərəsini tükədiblər, Şamaxı kimi mədəniyyət, tarix, ənənələr dolu, bütün varlığıyla paytaxt olan şəhərimizi başdan sona qırıb-çataraq, yağmalayıb, yandırıb, dağıdıb elə söndürüblər ki, daha o köhnə işıq heç qayıda bilmədi.
Bunu bağışlamaq olarmı?
Qadını, qocanı, uşağı dəstə-dəstə məscidlərə dolduraraq od vurublar, diri-diri yandırıblar.
Bunu bağışlamaq olarmı?!
Neçə-neçə azərbaycanlını ard-arda düzüb yarışmaya çıxıblar. 
Qolubağlı qurbanlarının sinəsindən atəş açıblar ki, görək bir güllə neçəsini dəlib keçəcək, neçəsini həlak edəcək, görək kimin atəşi bir dəfəyə daha çox can alacaq.
Bunu bağışlamaq olarmı?
Allah bunu Allahlıq elədiyi müddətcə bağışlarmı?
Bağışlamaz!
Belə qəddarlıqları bağışlasaydı, Adil Allah, Rəhmdil Allah o qədər ucada qərar tuta bilərdimi?
Haqqımız yoxdur! Biz də bağışlaya bilmərik!
Demirəm daim nifrətlə daşaq, demirəm həmişə qisas ehtirası ilə alışaq, demirəm müdam intiqam qəzəbi ilə coşaq.
Yox, umduğumuz yalnız və yalnız bircə şeydir.
Bütün bunları unutmayın!
Bütün bunları bilin!
Bütün bunları xatırlayın!
Unutmayın, blin, xatırlayın ki, bir daha belə müsibətlər başımıza gəlməsin!
Unutmayın, bilin, xatırlayın ki, bu gün içərisində yaşadığımız istiqlal imarətinin bünövrəsini qanı ilə suvarmış şəhidlərimizin nigaran ruhları inciməsin!
Unutmayın, bilin, xatırlayın ki, qədrini-qiymətini heç də hamımızın, həmişə yetərincə vermədiyimiz, müstəqilliyimiz halalımız olsun!
Məhəmməd Hadinin bu sızlayan sətirləri gərək hər birimizin ürək sözümüz ola ki, şəhidlərimizin narahat ruhları azacıq da olsa toxtaqlıq tapa:

Sizin məzarınız iştə qülub-i millətdir,
Bu sözlərim ürəyimdən gələn həqiqətdir!
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynət-i cəhan-i fəna!
Sizinlə buldu bu millət şərəf-i istiqlal,
Sizinlə buldu bu millət həyat-i püriqbal!

Məhəmməd Hadi o pərişan ruhlara söz vermişdi ki, bu millət sizi qəlbində yaşadacaq və unutmayacaq.
Qoymayaq şairin sözləri havadan asılı qalsın!
Unutmayaq!
Allah xatirinə unutmayaq!
Bu millətin böyük ruhu adına unutmayaq!
İnsanlıq naminə unutmayaq!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook