RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəAllahı görmüş adam

Qapalı bir qətli açmaq cəhdi

Çoxdan axıb getmiş sulara baş vuraq, bərpası ümidsiz kimi görünən solmuş izləri dirçəltməyi sınaqdan keçirək və oradan başlayaq ki, bəhs etdiyimiz həqiqətənmi qətl hadisəsi idi?
Bu məsələdə tarixin tərəddüdü yoxdur.
Sührəvərdinin dünyadan gedişinin sadəcə qanuni (!) əcəllə gələn adi bir ölüm hadisəsi deyil, məhz qətl olduğunu bütün mövcud mənbələr birağızdan təsdiqləyir. 
Böyük filosofa verilmiş ləqəb də bunun əyani göstəricisidir: “Əl-Feyləsuf əl-məqtul” – Öldürülmüş filosof!
Kimdir O?
Öldürülmüş Ölməzin “Şəxsi işi”ni vərəqləyək.
Milliyyəti – Azərbaycan türkü, ləqəbi – Şihabəddin, künyəsi – Əbülfütuh (bu həm də adlarından biridir, mənası “Qələbələrin atası” deməkdir. Onun qələm və düşüncə zəfərlərinə tən gələn sözdür), adı – Yəhya, nəsəbi – atasının və babasının adı – ibn Həbəş ibn Əmirək, nisbəsi – doğulduğu yer – Sührəvərd, doğulduğu il – 1154.
Təhsili – ilk elmi savadını Marağada zəmanənin tanınmış alimlərindən olan Məcdəddin Cilidən fiqhin (müsəlman hüququnun) və fəlsəfənin əsaslarını öyrənməklə başlayıb. Daha sonra İsfahana gedərək təhsilini daha mükəmməl şəkildə davam etdirib.
Xaricdə olması – Yaxın və Orta Şərqin o zamanlar ürfan məskəni sayılan Diyarbəkr, Konya, Şam, Bağdad, Dəməşq, Hələb kimi şəhərlərinə gedib-gəlib, bir sıra digər ölkələrə, mədəni, elmi mərkəzlərə səfərlərə çıxıb.
Ana dilindən başqa ərəb və farscanı ana dili səviyyəsində bilmiş, bu iki dildə həm elmi, həmi bədii əsərlər yaratmışdır.
Ən azı mükəmməl təhsil alması onun imkanlı ailədən çıxdığını söyləyir və müasirlərinin nəql etdiyi məqamlar isə onu qədərincə təminatlı, amma var-dövlətdə gözü olmayan, sufiyanə həyat sürən şəxs kimi səciyyələndirir.
Fəlsəfə, hüquq, astronomiya və digər elm sahələrinə aid 52 sanballı əsərin, şeirlər “Divan”ının müəllifdir.
Ailə vəziyyəti – sevdiyi şeirlərindən bilinsə də, ailə qurması barədə soraq yoxdur.
Xarici görünüşü – orta boylu, çox da uzun olmayan saqqal saxlayan, qırmızı sifətli, iti baxışlı, gözəl avazlı, çox piyada gəzməyi sevən, geyimi son dərəcə sadə və kasıbyana olan bir şəxs (ərəbdilli Azərbaycan ədəbiyyatı və fəlsəfi fikir tarixinin öyrənilməsində əvəzsiz xidmətləri olan və acılar ki, hər ikisini erkən itirdiyimiz Malik Mahmudovla Zakir Məmmədov Şihabəddin Sührəvərdini xalqımıza tanıtmaq yolunda ilk olaraq qələm çalmışlar. Bu səmtdə Zakir Məmmədovun əməkləri həm həcmcə, həm mahiyyətcə daha diqqətəlayiqdir. Akademiyamızın Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində birgə çalışdığımız illərdə onun bir çox millətəgərək əsərlərinin, o sıradan Sührəvərdi ilə bağlı yazılarının ilk oxucularından olmuşam. Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə keçərək orada klassik dövrə dair ekspozisiyanı yeniləşdirmək, zənginləşdirmək arzusuna düşəndə, burada Sührəvərdini də gərəyincə nümayiş etdirməyi vacib bildim. Onun ərəb və farsca şeirlərini dilimizə çevirdim, Zakir müəllimdən də xahiş etdim ki, yaxşı bələd olduğu mənbələrdən Şeyxin portretini yaratmağa yardımçı olacaq məlumatları toplasın. Özünə xas ciddilik və səliqəylə bu ricama əməl etdi, ayrıca məqalə yazdı və həmin məqaləni də tərcümələrimlə birgə muzeyimiz üçün çox əsərlər çəkmiş xalq rəssamı Mikayıl Abdullayevə göndərdim. Mikayıl müəllim dahi mütəfəkkirin surətini yaratmağa tam köklənmişdi. Dəfələrlə müzakirə də etmişdik. Di gəl, səhhət böhranları, gözlərinin get-gedə zəifləyərək tutulması bu niyyətin gerçəkləşməsinə imkan vermədi.
Portret arzumuz hələ arzu olaraq qalır və inanmaq istərdim ki, istedadlı rəssamlarımızdan biri gec-tez bu boşluğu mütləq dolduracaq).
Şəxsi keyfiyyətləri, üstün cəhətləri və zəif damarı – Şihabəddin Sührəvərdi xasiyyətcə ötkəm, mübahisəyə mail, müəyyən qədər münaqişəyə getməyə dərhal hazır olan, yeri düşəndə dikbaş, rəftarında bəzi məqamlarda sərt və kəskin, xətti, fikri ilə razılaşmayanlara qarşı barışmaz olub.
Öz böyüklüyünü bilən və bunu dilə gətirməkdən xoşlanan əzəmətli şəxsiyyət.
Bu tərcümeyi-halının, bu zəkanın və bu xasiyyətlərin sahibinə, əlbəttə ki, ətrafdakıların münasibəti birmənalı ola bilməzdi.
Belələrinin dostları, ardıcılları və sevənləri də, düşmənləri və istəməyənləri, arxasınca danışanları, kölgələrini qılınclayanları da bol olur.

Hər insanın alın yazısı olduğu kimi, hər xalqın da öz tale naxışı var. 
Hər insan kimi, hər millətin də ömrünə məsud və uğurlu vaxt parçaları düşür.
XII əsr Azərbaycana qismət olan ən avand, ən uğurlu zaman kəsiklərindən idi. 
Bu yüzilil qoynunda bir xalqın bütöv tarixinə sığacaq qədər dahilərimiz yetişdi.
Yalnız XII əsrdə indiki Cənubi Azərbaycanda, Zəncan yaxınlığındakı balaca Sührəvərd qəsəbəsindən bir neçə böyük elm və qələm adamı çıxdı. Əbunnəcib Sührəvərdi (1097-1168) hüquq alimi və sufi mütəfəkkiri idi, Şihabəddin Ömər Sührəvərdi ( 1145-1234) özündən sonra təsəvvüfün nəzəri əsaslarıyla bağlı zəngin irs yadigar qoyan bir filosof idi. Onu məşhur edən əsas kitablardan biri əxilərin nizamnaməsi sayılan “Fütüvvə kitabı”dır və onun yaşayan sözlərindəndir ki, təsəvvüf hər bir yüksək xasiyyətə yiyələnmək, hər bir alçaq xüsusiyyətdən uzaqlaşmaqdır.
Ancaq şanlı Sührəvərdilər cərgəsində daha əks-sədalı rəğbət və ad-san qazanan faciəli taleli Şihabəddin Sührəvərdi oldu.
Sührəvərdinin məsləkdaşı, digər dahi Azərbaycan düşünəri Əbülhəsən Bəhmənyar Azərbaycaninin (993-1066) uşaqlıq illəri ilə bağlı ibrətli bir rəvayət var.
O, atasının buyruğu ilə dəmirçixanaya gələrək bir qədər köz istəyir. Dəmirçi: “Tutalım, közü verdim, nəyin içərisində aparacaqsan? Get qab gətir» deyir. Uşaq çömələrək ovcunu torpaqla doldurur: “Bu da qab, közləri yığın bura”. Dəmirçi də, onun emalatxanasındakılar da bu uşağın, sabahın ulu Bəhmənyarının dərrakəsinə məftun olub “Əhsən!” deyirlər.
Əslində Bəhmənyar da, Sührəvərdi də və bu qəbil insanların hər biri ömürləri boyu ovuclarında yox, ürəklərində, beyinlərində köz, qığılcım, alov daşıyıblar.
İçərilərində daşıdıqları oddan bunca nurlu olub onlar.
Sührəvərdinin ləqəbi olan “Şihabəddin” də elə odla bağlı sözdür. “Şihab” od parçası, şölə, alov deməkdir.
Qısa həyatını o, gerçəkdən bir od parçası, bir meteorit kimi yaşadı, yandı və …kül oldu.
İçərisində od daşıyanları, işıq gəzdirənləri adətən qoymurlar rahat yaşasınlar.
Ağlı, istedadı, ilahi vergisi göz qamaşdıranların paxılları, gözügötürməzləri də çox olur.
Min il əvvəl də beləydi, nə acı ki, indi də belədir və çətin ki, bu mərəz haçansa büsbütün sağala.
Axı o parlaqların nə təqsiri ki, Allah öz işığından payı sənə yox, onlara verib, ay xəbis!
Və Sührəvərdi işıq daşıyıcısı olmaqdan savayı, həm də işıqşünas idi.
O, tarixə işraqilik fəlsəfəsinin banisi kimi həkk olunub.
“İşıq”lı əsərlərindən «Həyakil ən-nur” (İşıq heykəlləri), “Hikmət əl-işraq” (İşraqilik fəlsəfəsi), “Risale-ye pərtounamə” (İşığa dair traktat) işraqilərin göz üstündə saxladıqları, nizamnamə biçimli qəbul etdikləri, öyrəndikləri kitablar idi.
İşraqiliyin mahiyyəti isə budur ki, işıqdan və onun kölgələrindən təşəkkül tapan mövcudatın zirvəsində işıqlar işığı – NUR ƏL-ƏNVAR dayanır. 
Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri – cisimlər vücuda gəlib.

Təbii ölümdən tez ölsən əgər,
San sənə əbədi cənnət veriblər.
Bu yolun qəsdində olmasan daim,
Kül başına, ömrü etmisən hədər!

Sührəvərdi kimi bişkin filosof yox, yaşayışın, dünyanın hikmətinə az-çox dalan hər insan həyata fəlsəfi baxa bilir, cılız, xırda-xuruş hisslərin əsirinə çevrilmir. Onda qalmış Sührəvərdi ola!
Sührəvərdidə heç vaxt ölüm qorxusu olmayıb. Bunu gəlişigözəl söz olaraq yazmıram. Tarixi qaynaqlar da, çağdaşlarının xatirələri də, öz əsərlərindəki etiraflar da bunu deyir. Elə farsca yazdığı rübaidə də həmin müdrik arxayınlıqla dolu toxtaq inancdadır. 
“Ölümdən qorxma” deyir, “amma həmişə ölümə hazır ol” söyləyir. 
Üzdən elə təəssürat oyanar ki, Sührəvərdi erkən ölümə can atmağa səsləyir. Yox, o istənilən anda gələ biləcək ölümü qabaqlayaraq ömrü hədər yaşamamağa, faydalı işlər görməyə, ölümdən gözlənilməz qonaq kimi xoflanmamağa dəvət edir.
Azərbaycan ədəbiyyatında ölüm ayağında yazılmış silsilə şeirlər var. Xaqani Şirvaninin, Fələkinin “Həbsiyyə”si, Molla Pənah Vaqifin “Görmədim”i, Hüseyn Cavidin Sibir misraları, Məhəmməd Biriyanın zindan beytləri kimi…
Ölüm ayağındakı şair sanki dünyanı o anacan gördüyündən fərqli görür.
Azərbaycan ədəbiyyatında ölüm əsnasında yaranmış şeirin də nadir nümunəsi var.
Məğrur Nəsiminin dar ağacı altında, dərisi “sərpa” soyularkən hayqırdığı rəşadət qəzəli.
Və ədəbiyyatımızda nadirdən nadir örnəksə Şairin ölümündən …sonra şeir yazmasıdır.
Bu şeiri Şihabəddin Sührəvərdi doğurub. 
Məhz ölümündən sonra.
Bu şeirində o, son dərəcə gizlin bir sirri faş edir. 
Öz ölümündən sonra Allahı görməsinin xəbərini bəyan edir.

Məni ölmüş bilən dostlar qalarsa gözləri giryan,
Deyin zənn etməsinlər ki, ölüb getdim çıxınca can.

Uca pərvərdigar haqqı, ölən əsla deyildim mən,
Qəfəsmiş dünya, mən bir quş – qəfəsdə vurnuxan nalan.

Uçub getdim azad quş tək, yenə qaldı qəfəs dünya, 
Qəfəs qaldı qalanlarçün, o damdan mən keçincə yan.

Bu gün məndən bütün xalqa yetişsin bir xəbər: burda
Gözümlə Allahı gördüm, mənə o qalmadı pünhan.

Bədəndən ruhu sizlər də edin xaric ki, ta haqqı
Açıq-aşkar, necə varsa görüb qəlbən olun heyran.

Canı təslim edən dəmdə qopan dəhşətdən heç qorxma
Onu say bir səfər, sanki bu dünyadan gedir karvan.

Bu ruhlar ki bizə qismət, təmamən cövhəri birdir,
Bədənlər yoğrulub eyni xəmirdən, fərq tapmazsan.

Sizə baxdım, dəmadəm mən özümü sizdə axtardım,
Sizi məndə, məni sizdə bulub oldum buna xəndan.

Təməldən şər olandan biz hamımız eyni dərd gördük,
Mayası faydalı işdən hamımız bulmada dərman.

Mənə rəhmət deyən kəslər özüyçün rəhmət əxz eylər,
Mənim ardımca onlar da keçərlər keçdiyim yoldan.

Mənə sayğı yönəldənlər qazandı ehtiram, qüvvət
Cahan fani, udar yalnız fəzilətlər yığan insan.

Bu sözlər yadigar qalsın, sizə məndən vəsiyyətdir,
Xuda şükrü, Xuda lütfü sizi tərk etməsin bir an.

Bu şeirin Şihabəddin Sührəvərdininki olmasına əski mötəbər mənbələrin heç biri şəkk etmir. 
Amma mən ona da inanıram ki, bu şeiri o, vəsiyyəti kimi ölümündən əvvəl yazmayıb, məhz ölümündən sonra, məhz öz təsdiq etdiyi kimi, UCA YARADANI öz gözüylə görəndən sonra yaradıb və bu misraları onun ruhu şagirdlərindən birinə diktə edərək kağıza köçürtdürüb.
Yaxşı, bəs bu şeirəcən hansı hadisələr cərəyan etmişdi?
Axı Sührəvərdinin qətli hansı səbəblərdən, kimlər tərəfindən törədilə, ya təşkil edilə bilərdi?
Hakimiyyət iddiası, özünü dövlətdə ən yüksək mərtəbəni tutmağa hazır və layiq sayması barədə açıq-aşkar söylədikləri buna səbəb ola bilərdimi?
Müasiri Seyfəddin əl-Amidi (1156-1233) yazır: “Sührəvərdi ilə Hələbdə görüşəndə o mənə dedi ki, mən mütləq dünyaya sahib olmalıyam. Soruşdum ki, bu haradan ağlına gəlib? 
Qayıtdı ki, yuxumda gördüm ki, dənizin suyunu içib qurtarmışam. 
Mən də dedim ki, ola bilsin, bu sənin elm və biliklərlə məşhurlaşmağına işarədir. 
O heç bir cavab vermədi”.
Sührəvərdi həqiqətdə də dənizin suyunu içdi. 
Mərifət dənizinin.
Həyat dənizinin. 
Amma bu dəniz suyu turş idi, duzlu idi, acı idi. 
Həyatın öz dadı idi bu dad.
Sözdən söz çıxaranlar Sührəvərdinin dünyaya hakim olmaq iddiasına min don geydirib ona qarşı yuxarı qatdakıları qızışdırmağa səy edə bilərdilər. Amma o, maddi yox, mənəvi dünyanın hakimliyi eşqindəydi. Onun tərkidünyalığı göz qabağındaydı. Əynindəki keçə libasından artıq umacağı olmayan filosofun dünyaya hakim olmaq deyişlərinin məcazi bir ifadə olduğunu taxt-tacda oturanlar, əlbəttə ki, anlayırdılar. Az qala zərbülməsələ çevrilmiş bir deyişini indi biz bilirik, aydın məsələdir ki, o vaxtın hökm sahibləri də həmin Sührəvərdi yanaşmasından bixəbər deyildilər: “Biz geyimə bənd olsaydıq, geyimdən üstün olmazdıq!”
Dünyaya hakimliyi fəlsəfəsinin nədən ibarət olduğunu Sührəvərdi şeirlərindən birində dilə gətirir:

Parlaq işıq gördüm zülmət içində,
Sanki bir gündüzə çevrildi gecə.
Barışıb talelə göylər altında,
Nə qədər yaşayım axı beləcə?!
Yerim ulduzlardan üstdədir mənim,
Ucalsam oraya, olar könlümcə.

O özünü göy üzündə axıb gedən ulduza bənzədir, sevgilisinə “Mən ölsəm, göz yaşı tökmə, axı ulduzların ən yaxşısı elə meteoritlərdir” deyir.
Sührəvərdini öz dəyərini, ali yerini dəqiq təsəvvür edirdi, məkanının, uyğun yerləşkəsinin ulduzlar fövqündə olduğuna əmin idi.
Beləliklə, qətlin hakimiyyətdəkilərin onu taxt-tac üçün təhlükə mənbəyi hesab edərək törətməsi fərziyyəsini kənara itələmək gərəkdir.
Bu qətl hər hansı sevgi intriqasından necə – baş verə bilərdimi?
Söhbət ağır ölüm hadisəsindən getdiyindən Sührəvərdinin yazıları arasında ona yönələn hər bir hədə, ölüm, qətllə bağlı ifadəni, işartını bir tutalqa sayaraq araşdırmamaq, təhlil etməmək, onlardan yan keçmək olmaz. 
Buyurun, içərisində qətl hədəsi olan bir şeir:

Şad müjdə gətirdin ki, məni qətl edəcəksən,
Qatil sən olursansa, nə xoşdur belə ölmək!

Bura qədər şübhə yeri var. Amma sonra gələn sətirlər mahiyyətin başqa olduğunu – yollanmış ismarışın xətərsizliyini anladır:

Döndər o gözəl çöhrəni sən qətl eləyərkən,
Göndər mənə gəl bircə baxış iltifatın tək.
Heç olmasa bu minval ilə vəslinə yetsəm,
Ruhu edərəm müjdəçiyə töhfə sevincək.

Şair oxucusunu vəfa gəmisində sevənlərin göz yaşından yaranmış dəryanın gəzintisinə çıxmağa çağırır, “aşiqlərə bənzəyin” deyirdi. Çünki onlar kimi olmasanız belə, dəyərli insanlara oxşamağın özü də bir səadətdir.
Demək, qətlin səbəbini ayrı istiqamətdə aramaq lazımdır.
Sührəvərdinin bir tərəfdən əlçatmaz biliyinin, qətiyyətli alim şəxsiyyətinin doğurduğu həsəd, digər yandan onun hərdən özündənmüştəbehliyi, kəskinliyi, azsavadlı, dayaz elm adamlarına qarşı saymazlığı, haçansa pərt elədiyi hansısa ilahiyyatçı həmkarları və rəqiblərini bu işə sövq edə bilərdimi?
Diri şahidlər – o dövrün etibar ediləsi yazılı qaynaqları bu haqda nə pıçıldayır?
Deyəsən elə kələfin ucu, əsl gizlinc də buradadır.
Dövrün ensiklopedik zəkalarından olan Əbdüllətif Bağdadi (1162-1231) onun haqqında yazırdı: “Adamların filosof Şihabəddin Sührəvərdi haqqında söhbətlərdən həyəcana gəldiyini, onun özündən əvvəlki və sonrakı filosoflardan yüksək olmasına, əsərlərinin keçmiş müəlliflərin yazdıqlarından üstünlüyünə inandıqlarını eşidincə, bu mütəfəkkirin fikirləriylə maraqlandım.
Əsərlərində zəmanə əhlinin cahilliyini göstərən çox şeyə təsadüf etdim».
Bu isə Sührəvərdinin yuxarıdan aşağı, narazı nəzərlərlə baxdığı zamandan və zəmanə əhlindən giley-güzarı. 
Belə sətirlərlə o, əyyamın sıxdığı ürəyini boşaldırdı, amma eyni zamanda bu şeirlər bir başqasının da ürəyini həmin tikanlı misraların müəllifinə qarşı hikkəylə, kinlə, intiqam uman qəzəblə doldururdu:

Dünyada gözəllik yox olub bitmiş,
Bir yenilik varsa, o da qurama.
Hamı xain olmuş, etibar getmiş,
Adam heç bilməyir kimə inana.
Duyuram baxdıqca bağlı yollara,
Xeyirə aparan cığırlar itmiş,
Nəcabət, ləyaqət qalmamış əsla,
Din ilə əxlaq da axıra yetmiş.
Məndə insanlara inam yox daha,
Lap doğru mətləblər danışsalar da.

Başqa bir filosof – Sührəvərdinin yetirməsi Şəmsəddin Şəhrəzuri bu babətdə daha maraqlı ayrıntılara körpü çəkir. Amma elə bu arada onun özünü də rəhmətlə anaq. 1250-ci ildə dünyaya vida etmiş Şəhrəzuri “Nüzhət əl-ərvah və raudət əl-əfrah” (Ruhların əyləncəsi və sevinclər bağı) ünvanlı sanballı əsər yadigar qoyub gedib ki, həm özünün daxili dünyasına, həm də onikinci əsrin Sührəvərdili aləminə yetərincə ayna tutur. 1977-ci ildə Tehranda işıq üzü görmüş həmin yadigar kitabı mütaliə edərək bir-birindən qiymətli soraqlar aldıqca əsərin indiyəcən dilimizə çevrilməməsinə heyfsilənməyə bilmirəm.
Xeyirxah Şəhrəzuri təəssübkeş, canıyanan nəcibliklə əsrlər əvvəl Sührəvərdiyə qara yaxmaq istəyənlərin, haqqında köntöy danışanların cavabını verirdi: “Onlar Sührəvərdi kəlamını anlamaqda çətinlik çəkdikdə ona tənə etmişlər. Hətta hamının qəbul etdiyi bir para filosoflar belə onu təriqətçi saymışlar. Kaş biləydim onun hikməti xəyali əsaslar üzərindədirsə, bəs kimin hikməti düzgün qaydalar üzərindədir”.
Şəhrəzuri onu “ifrat zəkalı, gözəl fitrətli, bəlağətli” adlandırır, bunu da yazır ki “Şeyx cah-cəlala, yeməyə laqeyd idi, şöhrət və rəyasət qulağına girməzdi”.
Seyfəddin Amidi bunu da bildirir ki, “Sührəvərdini beyninə, qəlbinə daman fikirdən dönməz gördüm. Onunla Hələbdə görüşdüm. Mənə dedi ki, torpağa tapşırılacağım labüddür”.
Və Amidi belə bir mühüm əlavə də edir: “Onun çox elmli, amma ağılsız, tədbirsiz olduğunu gördüm”.
Başqa bir salnaməçi Yaqut ibn Abdulla Rumi (1179-1229 isə Sührəvərdiyə quyu qazanlar barədə qətlin açılmasına kömək edəsi və nəzərdə saxlanması zəruri olan belə incəlikləri əyan edi: “Onlar hamısı paxıllıqdan Sührəvərdini kafirlikdə təqsirləndirib onu öldürtməkçün sözü bir yerə qoydular. Ona böyük bəd əməllər isnad etdilər. Dedilər ki, o, peyğəmbərlik iddiası etmişdir”.
Hələb hakiminin yanında Sührəvərdinin iti ağlı, natiqlik məharəti, məntiqli hazırcavablığıyla qazandığı nüfuz Şeyxin bədxahlarını lap qızışdırır, birləşərək toru daha çıxılmaz qurmağa qərar verirlər.
Fəqihlər onu zındıq, dinin əsaslarına çat salan əqidə pozucusu kimi ağır cəzalandırmağı təkid edirlər. 
Məlik Zahirin qarşısında yolunu azmış Sührəvərdini öldürmək tələbini qoyurlar.
O, razı olmadıqda Zahirin atası Səlahəddinə müraciət edirlər. 
Şəhrəzurinin qəmgin xəbərləri: “Onun küfrünü təsdiq edən hökmlər (müasir dillə desək, qarayaxıcı donoslar – R.H.) hazırlayıb Dəməşqə, Məlik Nasir Səlahəddinə göndərdilər. Yazdılar ki, bu gənc sağ qalarsa, oğlun Məlik Zahirin etiqadını korlayacaq. Azad da buraxılsa, ölkənin hər hansı nahiyəsini xaraba qoyacaq” (deməli, məqsəd mütləq məhv etmək, aradan biryolluq götürməkdir. Çünki müraciətdən anlaşıldığı kimi, Sührəvərdinin hətta saraydan qıraqda qalacağı təqdirçün də ondan qurtulmaq istəyirlər – R.H.). 
Fitnənin hər fəndinə vaqif idilər və Səlahəddinin beynini doldurmağa nail oldular. O da oğluna məktub göndərdi ki, “Şihabəddinin öldürülməsi labüddür. Onu heç vəchlə azad buraxmaq və sağ saxlamaq olmaz”.
Könüllərini qibtə, həsəd qurdu gəmirənlərin, qəddar məqsədlərini nəyin bahasına olursa-olsun gerçəkləşdirməkçün dəridən-qabıqdan çıxanların ürəyi soyumur, Şəhrəzurinin verdiyi xəbərə görə, Səlahəddinə ikinci bir məktub da yazdırırlar. Səlahəddin bu məktubda artıq oğluna şərt qoyur ki, Sührəvərdini öldürməzsə, Hələbi onun əlindən alacaq.
Və hiylə, şər ssenarisinin burası da içərisindən keçib gəldiyimiz onillərdən bizə yaxşı tanışdır – Sührəvərdi əleyhdarları Səlahəddini yetərincə qızışdırmaq və fitnəkar söyləyişlərinin daha artıq inandırıcı olmasını təmin etməkçün ona Sührəvərdini “ifşa edən” məktubları, deməli anonimləri CAMAATın adından, göndərtdirirdilər. 
Sührəvərdini öldürmək isə sadə iş deyildi. 
Çünki bütün başqa məziyyətlərindən əlavə, o həm də telepatik gücə malik, qüvvətli hipnozetmə qabiliiyəti olan şəxs idi. 
Daha artıq – mənbələrin şəhadətinə görə, o yalnız fərdi yox, kütləvi və uzunmüddətli hipnozlama səriştəsinə, eyni anda böyük bir dəstə insanı öz iradəsinə tabe edərək istədiyi kimi yönəltmək mahirliyinə qadir idi.
Orta çağın diliylə desək, sözün birbaşa mənasında sehrkar idi.
Sührəvərdi elm əs-simiya – sehrkarlıq, gözbağlayıcılıq haqda ayrıca əsər də qələmə alıb.
Sührəvədinin ədəbi irsi haqqında yazdığı və mənim də opponenti olduğum dəyərli namizədlik dissertasiyasında Zakir Məmmədovun qızı Ülkər Məmmədova atasının arxivindən orta əsr müəllifi İbn Əbu Useybiənin qələmə aldığı əhvalatları iqtibas edir.
Əbn Əbu Useybiə Sührəvərdinin hipnozetmə bacarığını bilvasitə müşahidə etmiş filosof İbrahim ibn Əbülfəz ibn Sədəqədən eşitdiyi belə bir hadisəni xəbər veir: Sührəvərdi şagirdləri və bir dəstə başqa şəxslə boş meydana doğru yol gedirmiş. Söhbət simiya – sehrkarlıq elmi, bu fənnin məharətli icrası, Şeyxin bu sahədə nəyi bilməsindən düşəndə Ustad bir anlıq dayanır, sanki ətrafdan gələn səsləri dinləyir və deyir: “Dəməşq! Bu yerlər necə də gözəldir. Budur, şərq səmtində göylərə baş vuran bəyaz, uca qəsrlər yüksəlir. Onların geniş pəncərələrindən gözəllikdə tayı-bərabəri olmayan qadınlar görünür, müğənnilərin səsi eşidilir. Ağaclar baş-başa verib, çaylar axır…
Filosof İbrahim ibn Əbülfəz təsdiqləyirmiş ki, biz bütün bunları ilk dəfə olaraq seyr edib heyrət içində qaldıq. Hamı bu bacarığa heyran olmuşdu.
Beləcə bir saat çəkdi və sonra hər şey qeybə çəkildi, əvvəlki mənzərə öz yerini aldı.
Useybiə Sührəvərdinin kütləvi gözbağlayıcılıq bacarığının təsdiqedicisi olan başqa bir əhvalatı əcəm fəqihlərinin şahidliyinə əsasən çatdırır.
Səhrada Sührəvərdini təqib edən bir türkmən arxadan qeyzlə onun sol əlindən tutub dartanda səfər yoldaşları heyrətə düşür – Şeyxin qolu çiynindən qoparaq türkmənin əlində qalır və şiddətlə qan axmağa başlayır. Vahimələnən türkmən qolu atıb qaçmağa üz qoyur. 
Sührəvərdisə hamının gözü qarşısında əyilib yerdən qolunu götürür. 
Əcəm fəqihlərini mat qoyansa bu olur ki, Sührəvərdi onlara yaxınlaşanda onun əlində sadəcə bir dəsmal olduğunu, əslində qoluna heç bir zədə-filan toxunmadığını görürlər.
Odur ki, Sührəvərdi ona qarşı qurula biləcək qəsdləri irəlicədən duymaq və lazım gələrsə, istənilən anda onun qarşısını almaq üçün düşərli tədbir görmək iqtidarında idi.
Özü barışıb ölümlə.
Bəlkə də o cür yaşamaqdan yorulubmuş.
Sührəvərdi dost münasibəti bəslədiyi Zahirə təklif edir: «Bir halda ki, atan dustağa alınmağımda təkidlidir, başqa çarə yoxdur, əmrinə əməl et”.
Necə öldürməyin yolunu da ona başa salır: “Tapşır yemək verməsinlər, ac saxlatdır məni”.
Şihabəddin zindanda susuz-çörəksiz qalaraq özü könüllü şəkildə ölümünü qarşılayır.
İmkan vermir ki, onun müqəddəs varlığına başqaları qəsd etsin.
Beyinləri qidalandıran bir insanı aclıqdan öldürürlər.
Bəzi mənbələr onun yeməkdən imtina edib öldüyünü, bəziləri ac saxlanaraq öldürüldüyünü, bəziləri boğdurulduğunu, bəziləri qılıncla qətlə yetirildiyini, qaladan atılıb yandırıldığını yazırlar.
Bunları Şəhrəzuri xəbər verir.
Amma hər halda ən inandırıcısı Sührəvərdinin məhz özünün yemək-içməkdən imtinasıdır.
İstəsəydi, o, zindan gözətçilərini iradəsinə tabe edərdi, dillərini, gözlərini bağlayardı, elə bağlayardı ki, özlərinin xəbərləri olmadan dustağa hər naz-neməti daşıyardılar.
İstəməyib. 
Mənbələrdə bu da var ki, Sührəvərdi peyğəmbərləri filosoflar cərgəsinə daxil edirmiş və başçı – xəlifə adlana biləcək filosofların hələ çox yaranacağını söyləyirmiş. 
Bunu da düşmənləri onun guya Həzrəti-Məhəmmədin son peyğəmbər olması əleyhinə çağırışı saymışlar.
Şihabəddinə ehtiramla Şeyx deyiblər, onu məhəbbətlə İmam adlandırıblar və əslində elə 8 əsr boyunca sözü, düşüncəsi köhnəlməyən şəxsə Peyğəmbər tərifi də yaraşandır.
1191-ci il zilhiccə ayının son cümə günü namazdan sonra Sührvərdinin nəşini həbsdən buraxırlar, dostları onunla vidalaşır.
Onun yalnız Dirisi yox, Ölüsü qarşısında da acizliklərini sezən idbar fitvaverənlər ZAVALLININ cəsədini də dustaq saxlayırlarmış.
Tarix belələrini o qədər görüb ki!
Onun kimi, Babək kimi, Eynəlqüzzat Miyanəci kimi, Nəimi… kimi amal bahadırlarının meyitindən də qorxduqlarından vicdan qəssabları onların cəsədlərindən də intiqam almağa, ölülərini də öldürməyə çalışıblar. 
Amma hərdən-hərdən Tarixin soyuq aha oxşayan sonrakı peşmançılığı da olur. 
Qaynaqlar Sührəvərdinin öldürməsinə fərman vermiş Zahirin coşmuş hirslər səngiyəndən sonra etdiyi əmələ görə çox pərişanlıq keçirdiyinə də işarə vurur.
Guya o, hətta fitva təşəbbüsçülərini də cəzalandırır. 
Amma nə fayda! 
Sührəvərdinin yerini hansı peşmanlıq doldura bilərdi?!
Allahın Ən Kamil Əsərlərindən biri puç edilmişdi.
Sührəvərdi “Aqaid əl-hükəma” (Filosofların görüşləri) əsərində yazırdı: “Bəxtəvər o kəsdir ki, ölümdən qabaq özünü dərk etmiş, dünyada özü üçün fəna evində həzz alacağı və bəqa evində fərəh tapacağı bir dərəcədə yer tutmuşdur”.
Özü belə oldu və deməli, bəxtəvərdir, xoşbəxtdir.
Şəhrəzurinin yazmasınca, “dostlarından bəziləri Sührəvərdini “Allahın elçisi” adlandırırdılar”.
Allahı gözləriylə (daha dürüstü – ruhunun gözləriylə) gördüyünü deyən, Allahın elçisi olacaq qədər böyük insani ehtiram və pərəstişə layiq görülən Şihabəddinin məzar daşına yaşanmış ömrün, keçilmiş yolun minnətdar mükafatı sayıla biləcək misralar qazılıb:

Bu məzarın sahibi gövhər idi qaldı nihan
Qəddini Allah şərəfdən yonmuş ol dürdanənin.
Qiymətin heç bilmədi o incinin dövrü zaman,
Amma Allah verdi bu dürrə sədəf içrə məkan.

Nə gözəl ki, Sührəvərdi bir dürr kimi sədəf içində qalmadı, aşkara çıxdı və əsərləri, adı bu gün də yaşayır.
İnsan ölümdən böyükdürsə, onu qətl etməklə də öldürmək olmur.
İnsan əbədi canlı qalacaq əsərlər yaradırsa, onun dünyanın və həyatın keçəriliyindən qorxusu yoxdur.
Şihabəddin Sührəvərdi səkkiz əsrdən də bir az əvvəl həyatdan gedibsə də, onu öldürənlər hələ sağdır və cəzasını gözləyir.
Paxıllar, riyakarlar, işığa yağılar, mərdümazarlar, ayaqdan çəkənlər, quyu qazanlar, ilana ağu verən, saman altdan su yeridən kərtənkələlər, içərisi irinlilər yenə kimi və kimlərisə dirigözlü öldürməklə məşğuldurlar.
Hakimlər, ayıq olun!
Rastınıza çıxanda qanunun bütün sərtliyi və amansızlığı ilə mühakimə edin o məlunları.
İnsanlıq naminə!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook