RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəKöhnəlməyən çuxa

O, bugünü dünəndən görmüşdü.
O, lap əvvəldən bilmişdi ki, bir zümrənin, bir elin, bir yurdun şairi deyil.
O, arxayın bir müdrikliklə söz bayrağını bütün üçdilli Şərqə ucaltdığını cəsarətlə bəyan edirdi.
Cəsarət ondan ibarət idi ki, o, açdığı süfrənin bərəkətinin tükənməzliyinə, yadigarı olan söz nemətinin heç kəsin pisini vurmayacağına, hər yerdə, daim arzulanan olacağına əmin idi.

Mən gözəl bir süfrə açdım sözdən əhl-i aləmə,
Onda bir zövq artıran hər dürlü nemət düzmüşəm.
Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm,
Fərqi yox, ya türk gəlsin, ya ərəb, yaxud əcəm.
Kim gəlir-gəlsin, aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdə olmaz heç nə kəm.

Ömrü boyu ayrılıqlardan yazsa da, o, yer üzünün ən qüdrətli qovuşdurucularından oldu.
Ömür sürdüyü, qələm çaldığı zamanlarla bizim aramızda beş əsrlik vaxt məsafəsi varsa da, o, müasirimiz kimidir, adı, sözü yaşayır, ocaq kimi insanları ətrafına toplayır. 
3 əsr əvvəl də belə olub, 2 əsr öncə də bu cür idi, yüz il qabaq da o təhər idi, öz sağlığında da eyni hadisə baş verirdi.
Sağlığından üzü bu yana Füzuliyə «dahi», «böyük», «misilsiz»… deyərək çox qiymətlər verilib və həmin dəyərləndirmələrin ən sərrastlarından biri Abdulla Şaiqə məxsusdur.
1928-ci ildə yazdığı «Füzuli düşüncələri»ndə Şaiq onu «Şərqin həssas şairi» adlandırırdı.
Şeir hisslərlə, insanın içəri dünyası ilə bağlıdır və əlbəttə ki, şair həssas olar.
Amma yüzlərlə, minlərlə həssas arasında Füzulini seçdirərək onun məhz Şərq şeirinin ən həssas yaradıcısı olduğunu söyləyərkən özü də şair olan Şaiq imanını yandırmırdı və Füzulinin Azərbaycan ədəbiyyatına, türkdilli şeirə başlıca töhfəsinin də nədən ibarət olduğu həmin qeydlərində dürüst müəyyənləşdirilmişdi: «Eşqindən aldığı iztirab və həyəcanlarla qasırğalı dəniz kimi nə dərindən çalxalanır! 
Füzuli şeirlərini hiss edərək söyləmişdir. 
Onun lisanı, qəlbi bütün bir şeydir. Şeirlərindəki səmimiyyət və təbiiyyət də bundan irəli gəlir.
Bütün Şərq xalqlarının sevimli şairi olan Füzuli Azərbaycan ədəbiyyatına bu səmimiliyi verməmiş olsa idi, uzun bir müddət ədəbiyyatımız o nemətdən məhrum qalacaqdı. Bu münasibət ilə də Azərbaycan ədəbiyyatı Füzuliyə minnətdar olduğu kimi, şeir çiçəklərindən başına əbədi bir çələng hördüyü sevgilisinə, o canlı çiçəyə də bir o qədər minnətdardır».
Söz yox, Şaiqin təbirincə, minnətdar olmalı olduğumuz, Füzulini coşdurmuş gözəlin əslində olduğundan daha ideal bir surətini şair öz içərisində yaratmışdı, qəlbindəki canana, bəlkə, əslində olan sevgilidən daha artıq heyran idi. 
Hərdən-hərdən onun misralarında gerçək sevgiliyə olan məhəbbətlə Allaha olan təsəvvüfi eşqin sərhədlərinin bir-birinə qarışaraq əriyib itməsi də həmin səbəbdəndir. 
Lakin istənilən halda Füzulini duyacaq qədər həssas bir qadın Füzulinin ilhamının əsas qaynağı idi və Füzulini Füzuli edən səmimiyyət də yalnız xəyali eşqdən yarana bilməzdi.
Bu doğruçu, hər bəşər balasının yaşadığı, qavradığı, təcrübədən keçirərək dadını bildiyi sevgi Füzulidə belə bariz olmasaydı, o, hər kəsin yox, hansısa bir təbəqənin şairi olardı.
Qərb alimlərindən də fikir dəstəyi alaraq bu qənaəti böyük alim Bəkir Çobanzadə də bölüşürdü: «Məşhur alman müstəşriqi professor Martin Hartman «Türküstanda kitab sənəti» nam əsərində «Füzuli Daşkənddə, Kazanda və əlhasil, Asiyanın hər tərəfində təqdirlə oxunur» deyir. Demək ki, Füzuli bizim türk, hətta Şərq ölkəsinin hər tərəfində qarşımıza çıxar, hər yerində vətəndaşımız, köydaşımızdır».
Füzulini hər türkün özünə həmkəndli, eldaş, yurddaş hesab etməsinin səbəbini Bəkir Çobanzadə də Ustadın səmimiyyətində, təmiz insan duyğularını tərənnüm etməsində tapırdı: «Mistik şəkil və ruhda yazılmış parçalar az-çox təqlid və tərcümə əsəri isə, bu sırf maddi eşqə, cinsi məhəbbətə aid yazdığı şeirlər əsli və şəxsi şeirlərdir ki, yüzdə-yüz Füzulinin kəndi ruhundan, öz mühitindən və xalqından alınmışdır.
«Gözəl xanım», «gözüm, canım», «mürüvvət çağı»… kimi təbirlər, yaxud, «sənin tək nazəninə nazənin işlər münasibdir» kibi cümlələr heç bir zaman ilahi, mövhum, hətta xəyali bir gözələ, gözəlliyə deyil, Bağdadın filan məhəlləsində, filan evində yaşayan, Füzulicə, gözəl bir xanıma, bir türk qızına aiddir».
Məhz bu özəllikləriylə müstəsnalaşan şairimizin məqamını ingilis şərqşünası E.Gibb belə qətiyyətlə müəyyənləşdirirdi: «Bütün türk ədəbiyyatında Füzulidən daha böyük bir ad tapmaq mümkün deyil». 
Bir avropalı belə deyir və Füzulinin soydaşı Seyid Əzim Şirvani də şairi yaxşılardan biri kimi deyil, ən yaxşı kimi tanıyır. Öz əsrində də, bütün dünyada da yeganə olan ustadlar ustadı kimi: «Şüəra-yi fəsahətşüarlar ustadı Molla Məhəmməd Bağdadi Füzuli əlhəq ki, şive-yi ixtira-i nəzm-i dilkeşdə və pişe-yi ibarət-i şeir-i biğəşdə(saf, xalis – R.H.) bir yegane-yi əsr və vəhid-i dəhrdir ki, ol həkim-i binəzirdən zaman-i zühurindən bu anə kimi məmalik-i Rum və tayife-yi ətrakdə şairi və nazimi qədəm ərse-yi vücudə basmayıbdur ki, gövhər-i əşarinün müqabiləsin və dürr-i şahvar-i nəzminün nəzirəsin rişte-yi təhrirə çəksün».

***
İşə gələn yolum elədir ki, hər gün Füzulinin yanından keçirəm.
Möhtəşəm Füzuli abidəsinin.
Xüsusi hallar, hansısa rəsmi tədbirlər olmasa, son illərdə kiminsə o abidəyə çiçək qoyduğunu görməmişəm.
Amma 1970-ci illərdə, tələbəlik vaxtlarımda günaşırı da olmasa, azı həftədə bir-iki dəfə Füzuliyə çiçək gətirildiyini görürdüm.
O çiçəkləri Füzuliyə bir nəfər hədiyyə edirdi.
Unudulmaz tarzənimiz Bəhram Mansurov.
Bəhram Mansurov ömrünün yarım əsrini operamıza həsr etdi, onillər boyu qoşa dahinin – Məhəmməd Füzuliylə Üzeyir Hacıbəylinin «Leyli və Məcnun»unda səhnəyə çıxdı, qəlbən sevdiyi bu musiqi incisində onlarla qiymətli sənətçini müşayiət etdi, bu gün adı tarixləşmiş neçə ifaçını yetişdirdi.
Bəhram müəllim «Füzuliyə minnətdar olmalıyıq, şəxsən mən həm də onun çörəyini yeyirəm» deyirdi, Füzuliyə sevgini yetirmələrinə də təlqin edirdi.
Lakin heç görmədim ki, hansısa adi günlərdən birində, səbəbsiz-filansız operanın hansısa Leylisi, ya Məcnunu Füzuli abidəsinə salama gəlsin.
Bəhram müəllimsə həmin heykəli mütəmadi ziyarət etməyi, ora çiçək qoymağı başqa bir ustaddan aldığı dərsdən, ibrətdən sonra şakərinə çevirmişdi.
Bəhram müəllim söyləyirdi ki, 1958-ci ildə Bakıda indi Füzuli heykəlinin ucaldığı yerdə izdihamlı bir mitinq oldu.
Gələcək abidənin yüksələcəyi yerdə üzərinə «Burada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin heykəli qoyulacaq» yazılmış bir daş parçası yerləşdirilir.
Və qeyri-adi hadisə baş verir.
Bir sıra yaşlı Bakı sakinlərində vaxtaşırı ora gəlmək, əllərini həmin daşa çəkib fatihə vermək, salavat çevirib getmək vərdişi yaranır.
Quruca yerin qısa zamanda bir pir kimi ibadət məkanına çevrilməsi ateist partiya dairələrində narahatlıq yaradır və hətta daşı oradan götürmək söhbəti də gedir.
Lakin bunun yaxşı əks-səda doğurmayacağını düşünərək, əksinə, heykəlin hazırlanmasını sürətləndirməyi qət edirlər.
Heykəlin hələ hazır olmadığı, o yerdə üstü yazılı daş parçasının dayandığı çağlarda misilsiz xanəndə Seyid Şuşinski də ora gələrmiş.
Bir dəfə də Bəhram müəllimlə gedibmiş.
Bəhram ustad xatırlayırdı: «Ağa o daşın yanında xeyli dayandı, əlini müqəddəs mehraba sürtən kimi o daşa çəkdi, «Allah rəhmət eləsin, – dedi. – Füzuli olmasaydı, muğamatımız belə gözəl olmazdı, muğamlarda oxumağa muğamata layiq sözümüz olmazdı».
Böyüklərdən görk götürməyə adət etmiş Bəhram müəllim etiraf edirdi ki, Seyid Şuşinskinin bu hərəkətindən özü üçün nəticə çıxarır.
Başlayır Füzuliyə daim ehtiram göstərməyə.
«Allah elə eləmişdi ki, mənə 1957-ci ildə təzə evi də Füzuli heykəlinin yaxınlığında vermişdilər. Hüsü Hacıyev küçəsinin (indiki Azərbaycan prospekti – R.H.) o başına – bazara hər gedəndə gül də alırdım, evə dönmədən küçənin bu başına – Füzuli heykəlinin yanına gəlib çiçəyi ora qoyurdum, sonra qayıdıb qalxırdım mənzilimə».
O çağlar – 1950-ci illərdə bu səmtlər hələ indiki kimi qələbəlik deyilmiş, tikililər də seyrəkmiş.
Sanki, 1962-ci il iyun ayının 2-dən, Tokay Məmmədovla Ömər Eldarovun ortaq işi olan Füzuli abidəsi həmin meydanın daimi sakininə çevriləndən sonra paytaxtın o guşəsində həyat da qaynamağa başlayır.
İndi də Füzuli abidəsinin çevrəsi bağlı-bağatlı deyil.
Amma yay axşamlarında ətrafda yaşayan əhali bir bağa, gülüstana, çəmənzara axışan kimi Füzulinin başına toplaşır.
Füzulinin sözü o yana qalsın, daş vücudu da sehrli cazibə ilə çevrəsinə insanları yığır.
Sənətiylə Tək olan Füzuli Təkcə, Tənha qala bilmir!

***
Füzulinin Bakı şəhərindəki əvvəlinci abidəsi isə 1939-cu ildə yaradılmışdı.
Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin eyvanındaki ilk Füzuli qarşıdakı bağda dikələn möhtəşəm Nizami abidəsi ilə üzbəüzdür.
Hər iki abidənin müəllifi Fuad Əbdürrəhmanovdur (1915–1971).
Füzuli görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun ilk monumental işi olub.
Universiteti bitirdiyim ilk illərdə çalışdığım Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsini tutan ilk elmlər doktoru, qadın filosofumuz Şükufə Mirzəyeva mənə həmin Füzuli heykəli ilə bağlı maraqlı əhvalat söyləmişdi.
Fuad Əbdürrəhmanov onun əri olub.
Fuad onlarla variant hazırlasa da, heç vəchlə ürəyi istəyən Füzulini ala bilmirmiş.
Gecələrdən birində yuxudan hövlnak oyanır və başlayır plastilindən surət yapmağa.
Sonralar Fuad Şükufə xanıma nağıl edirmiş ki, aylar idi əzab çəkirdim, nə illah edirdim, arzuladığım obrazı tapa bilmirdim. Bir gecə yuxuma işığa bürünmüş bir qoca girdi. «Mənəm, gəlmişəm, oyan», – dedi.
Qalxdım və yuxumda onu necə görmüşdümsə, o cür də plastilinə köçürdüm. Beləcə, Füzuli birnəfəsə yarandı.
Şükufə xanım danışırdı ki, Fuad həmin o nurlu Adamı – Füzulinin özünü bir dəfə də yuxuda görür. 
Əsər tam bitəndən, abidə kimi muzeyin eyvanında görünəndən sonra.
…Həmin nurani qoca baxır Fuada, heç nə demir, gülümsəyib yox olur...

***
Füzulinin bir abidəsi də Füzulidə idi.
Adını daşıyan şəhərdə, 1993-cü ilin iyunundan bəri düşmən tapdağında olan yurdda.
Görəsən, başından nələr keçdi?..

***
Qəribədir, ömrüm boyu Füzuli şeirini oxusam, Füzuli haqqında düşünsəm, onun barəsində dönə-dönə yazsam da, bircə dəfə belə onu yuxumda görməmişəm.
Amma nə sirdirsə, onun haqqındakı bütün yazılarımı həmişə, o sıradan elə bu silsiləni də gecələr boyu yazmışam.
Sübh açılınca çox vaxt heyrətlənmişəm ki, necə oldu bu yazı belə asan doğuldu, necə oldu bu boyda həcm bircə gecə içində ortaya çıxdı, ayrı vaxt ağlıma gəlməyən fikirlər necə rahatca nazil oldu?
Sanki, Füzuli özü yardım edirdi, özü yönəldirdi...

***
Füzulini əslində olduğu kimi görmək, duymaq və bunu başqalarına da yetirməkçün alimlər Füzuli əyyamlarından çalışıblar. 
İlk cəhdləri edənlər təzkirəçilər olmuşdular. 
Sonra yeni zamanların Füzulidən kitab bağlayan qərbli-şərqli alimləri gəldi.
Amma Füzuli şair idi. 
Füzulini elmlə sonacan, bütövlüyü ilə hiss etmək çətin idi.
Onu gərəyincə dərk etməkçün idrakdan öncə eşq gərək idi.
Füzulini tanımanın yolu məhəbbətdən keçir.
Elmlə eşqi tərəziyə qoyanda Füzuli özü də pərsəngin məhəbbət sarı olduğunu, tərəzinin sevgi gözünün daha ağır gəldiyini bilmişdi:

Elm kəsbilə rütbe-yi rifət
Arizu-yi mühal imiş ancaq.
Eşq imiş hər nə var aləmdə,
Elm bir qiyl ü qall imiş ancaq.

Füzulini eşq nəzərlərilə seyr etdiyindəndir ki, türk dünyasının ən qüdrətli şairlərindən olan Tofiq Fikrət (1867–1915) bu mənzuməsini yazdı və Ustadın əsrlər arxasında qalmış gerçək simasını hər kəsə dipdiri göstərdi.

Gözündə şölələnir atəşin günəşli İraq,
Baxar həmişə həzin bir düşüncəyə dalaraq,
Dühaya saf alını bir nümunədir parlaq,
Soluq dodaqlarının nəğməsi həmişə fəraq…
Əsərlərində bu sevdalı çöhrədir zahir,
Bu çöhrə, məncə, Füzuliyə çox münasibdir.

Bu çöhrə çöhreyi-qəm, çöhreyi-məhəbbətdir, 
Məhəbbətin ona təsiri bir əlamətdir.
Sevər və sevdiyi şey dərddir, müsibətdir,
Səfası, nəşəsi yoxdur, bütün küdurətdir.
Könül səmasına ağlar bulud çökər hər an, 
Gülümsəyirsə, yəqin, bu davam edər bir an…

Zaman-zaman qapılar qəmlə bir təsəlliyə,
Dalar gedər ürəyi bir kədərli sevdayə,
Salarsa üstünə bir nazənin gözəl sayə,
Olar bu, ruhu üçün ən sevimli bir qayə.
Şikəstə könlünü etmiş bütün diləklərə yad,
«Nə versələr, ona şakir, nə qılsalar, ona şad»…

Lisan-i həsrəti lakin şikayətəfşandır (Tofiq Fikrətin bu şeiri Bakıda ilk dəfə 1925-ci ildə Füzuliyə həsr edilmiş məqalələr məcmuəsinin başlanğıcında işıq üzü görüb. Lakin sizə təqdim edilən həmin şeirin Mikayıl Rzaquluzadə tərəfindən sadələşdirilmiş şəklidir ki, Tofiq Fikrətin «Seçilmiş əsərləri»nin 1969-cu il nəşrinə daxil edilmişdir. Ümumən Azərbaycan türkcəsinə məharətlə aparılmış uyğunlaşdırmada, hər halda, bu misranı əslində olduğu kimi saxlamağı lazım bildik. Çünki Tofiq Fikrət burada diqqəti önəmli bir məqama – Füzulinin dilinə yönəldir və bu lisanın məhz həsrət dili olduğunu önə çəkir – R.H.),

Şikayət eylər, işi nalə, ah ü əfqandır,
Düşəndə firqətə, aləm gözündə zindandır,
Cahana gəldiyinə anbaan peşimandır,
Səfərdə yoldaşı da bir kədərli canandır,
Onun dalınca gəzər hey xərabə yurdlarda
Onun gözüylə görər, göz yaşı buludlarda.

Üzündə, bir də görərsən, ümidlər görünür,
Nədir ümidi? O, bundan da bixəbər görünür, 
Həyata hər baxışında ələm-kədər görünür.
Həyatı eşqini duymaq üçün sevər görünür.
Nə varsa, eşqi üçündür, fəqət onunla yaşar,
Birər oyuncağıdır eşqinin xəzanla bahar.

Vurulduğu o gözəl də həmişə, hər yerdə
Çəkər gözəlliyə qarşı önündə bir pərdə.
Bütün gözəllik əgər cəm olarsa bir yerdə, 
Dönüb, qalar yenə də gözləri o əsmərdə…
O əsmər afətə vurğunluğu əzəldəndir, 
Onun qəmilə Füzuli həyata düşməndir.

Bu şeirin sadə bir şeir olmadığını, əslində, Füzuli irsinin çox səriştəli təhlilini ehtiva etdiyini Füzuli ədəbi mirasına mükəmməl bələd olanlar duyar. 
Yəni, bu şeir sadəcə güclü bir söz xiridarının Füzulinin hansısa şeirlərini mütaliə etdikdən sonra yaranan təəssüratları deyil. Füzulini tam halda oxuyaraq içərisinə hopdurmuş, onu bütün yönləriylə duymuş alim qafalı bir qələm sahibinin cızdığı portretdir.
Tofiq Fikrət, əslində, yalnız şair də deyildi, bir filosof və ədəbiyyatşünas idi ki, Füzulini tərənnüm etdiyi bu nəfis mənzuməsində onun hər üç özəlliyi vəhdətdədir.

***
Türkdilli ədəbiyyatda Füzuliyə sayı bilinməyən qədər bənzətmələr yazılıb, əsrlərcə onun üslubu, yolu, mövzuları təqib edilib. Lakin ardıcılların Füzuliylə səsləşmələri yalnız nəzirələrlə yekunlaşmayıb, müxtəlif dövrlərin şairləri ona məhəbbətlərini ithaf şeirlərində də əks etdiriblər. 
XX yüzildə ilk belə qoşqulardan birini Əhməd Cavad yazmışdı və həmin şeir də, Tofiq Fikrətinki kimi, sadəcə heyranlığı, Füzuliyə heyrəti əks etdirmirdi.
Bu lövhə istiqlal şairi Əhməd Cavadın azərbaycançı, türkçü mövqedən yanaşaraq Ustadın mahiyyətini açmaq, onun ömür yolu ilə ədəbi mirası arasındakı bağlantıları təsvir etmək, Füzulinin böyük şairə necə çevrilməsinin təməl səbəblərini aşkarlamaq cəhdi idi.

Türk elində günəş söndü bir axşam çağı,
Pək uğursuz bir qaranlıq çökdü dünyaya.
Görüncə ki sönməkdədir sənət ocağı,
O yalvardı, həm sığındı təb-i valaya,
Bu kimsəsiz türk elinə baxdı Füzuli,
Bir sönməyən şimşək oldu çaxdı Füzuli.

Çulğamışkən qonşuları şənlik, əyləncə,
Susmuş idi doğma yurdun söhbəti, sazı…
Hər ağsaqqal ixtiyara, sevdalı gəncə
Öyrədənlər çoxalmışdı raz ü niyazı.
El dərdinin dərmanını buldu Füzuli,
Onunçündür böyük şair oldu Füzuli.

Çəkmək üçün o boşluğa bir yeni pərdə,
İş qalmışdı bir sevimli, parlaq yıldizə.
Elm ü ürfan qazanmağa getdiyi yerdə
Əsir oldu, aşiq oldu bir qumral qıza.
İlhamını o qumraldan aldı Füzuli,
Susmuş elə bir yeni səs saldı Füzuli.

Etdi yardım o coşquna bir gözəl pəri,
Ovutmağa dərdlərini qəm ölkəsində.
Gözəlliyə tapındığı o gündən bəri,
Bir başqalıq duyulmaqda onun səsində.
Pək doğrudur, sevdiyindən yandı Füzuli,
Sevdiyindən dərdi də xoş sandı Füzuli.

Dörd yüz ildir tutulmuşlar bir adsız dərdə,
Ummaqdadır yalnız ondan dərdinə çarə.
Dörd yüz ildir hər ölkədə türk olan yerdə
Hər bir sevən qəzəl yazar sevgili yarə.
Can içirən əyağçıya döndü Füzuli,
Hər şairə bir içim mey sundu Füzuli.

1925-ci ildə Füzulinin nə doğumunun, nə vəfatının yuvarlaq ildönümü idi. 
Ancaq məhz həmin ildə Bakıda Füzulinin ilk yubileyi keçirilib. Və o günlərdə, o aylarda mütləq həmin mərasimi keçirmək istədiklərindən dövrün təəssübkeş Azərbaycan ziyalıları «Şairin yaradıcılığa başlamasının 400 illiyi»ni bayram etmişdilər. 
Tarixi həqiqətə arxalansaq, bu da uydurma bir seçimdir. Çünki həmin hesabla, guya, Füzuli 1525-ci ildə yaradıcılığa başlayıb. 
Halbuki elə 1925-ci ildə Azərbaycan elminə Füzulinin yaradıcılığa daha erkən başlaması, onaltıncı yüzilin əvvəllərində bir çox əsərlər doğurması və həmin əsrin iyirminci illərində yetərincə şöhrətli sənətkar kimi etiraf edilməsi bəlli idi.
Bəs Azərbaycan Ədəbiyyat Cəmiyyəti ətrafında toplaşmış vətənpərvər alim və yazıçıları nəyin bahasına olursa-olsun o il yubiley gecəsini keçirməyə, ayrıca Füzuli məcmuəsi buraxmağa hansı şərtlər vadar etmişdi?
Dövr o dövr idi ki, tara, muğamata, çadraya, ərəb əlifbasına, Qız qalasına, Füzuliyə qarşı bolşevik mübarizələri başlanırdı.
Qırmızı məfkurənin, yeni ideolojinin çılğın təbliğçilərinin nəzərində bunların hər biri xalqı, ölkəni keçmişə bağlayırdı və ona görə bu dəyərlərin hamısına qarşı mübarizəyə girişərək «Daloy!» – «Rədd olsun!» hayqırırdılar.
«Var-yoxundan xəbər tutmamaq ən böyük günah, ən böyük nankorluq olardı. İştə Azərbaycan Ədəbiyyat Cəmiyyəti o qiymətdar atasının əbədi bir şərəf olan adını hörmətlə, şükranlarla anaraq həqiqi oğulluq borcunu əda etməyə çalışır».
Həmin topluya yazılmış qısa önsöz belə bitirdi və həqiqətən, təşəbbüskarlar Füzuli qarşısında etibarlı övlad borcunu layiqincə yerinə yetirməyə müvəffəq olmuş, o vaxt dahi şairi proletkultçu qasırğalardan hifz edə bilmişdilər.
Füzulini qorumuşdular, özlərini isə xilas edə bilməmişdilər.
Həmin gecədə iştirak edən, həmin topluda yazıları gedənlərin İsmayıl Hikmət kimi Türkiyəyə çıxıb gedənləri istisna edilməklə, qalanları – başda Bəkir Çobanzadə, Əhməd Cavad olmaqla rejim tərəfindən məhv edilmişdilər.
Onları yalnız Füzuliyə sevgilərinə görə güllələməmişdilər.
Amma həm də Füzuliyə məhəbbətləri və sədaqətlərinə görə öldürmüşdülər.

***
Heyiflər ki, şərqşünaslıq elmindəki ondoqquzuncu yüzilin sonlarından iyirminci əsrin ortalarınadək sürən parlayış dövrü asta-asta səngidi.
O güclü alimlər ki Qərbi Avropada, Rusiyada, İranda, Türkiyədə, elə Azərbaycanın özündə yaşayıb-yaradırdılar, Füzulini də hər misrasının, hər sözünün dərinliklərinə nüfuz edərək araşdırırdılar, – onlar artıq tarixdirlər.
Acılar ki, Füzulini oxuyub anlamayan çürüklərin şəstlə füzulişünas adlandırıldığı əyyamlar yetişib.
Amma nə qəm, bu da keçib gedər.
İnanıram ki, Füzulinin ən çağdaş elmi üsullarla, ağlımıza belə gəlməyən incəliklərini açmaqla öyrənilişi hələ bundan sonra gələcək.
Füzulinin bircə sözündən də kitablar yazılacaq. Bircə kəlməni yüz cür süzgəcdən keçirəcəklər, onu ən müasir statistik və tibbi vasitələrlə də təhlil edəcəklər, hansı sətirdə, hansı sözlər arasında, hansı mətn daxilində hansı impulsları, hansı həyəcanları oyatdığını dəqiq elmi hesablamalarla müəyyənləşdirəndən sonra Füzulinin buna necə nail olmasının mexanizmləri barədə düşünəcəklər.
E.Gibb Füzulini «getdiyi yolda sələfi olmayan» adlandırırdı.
O mənada ki, bu yolda indiyəcən onun etdiyini edən olmayıb.
Amma Füzulinin ümmanca xələfləri olduğu kimi, qədim yunanlardan tutmuş Şərqin çeşidli zəka sahiblərinəcən bolluca sələfləri də vardı.
İxtiraçı Füzulinin hünəri budur ki, məlumların əsasında naməlumu doğura bildi.
Müəllimləri ola-ola elə Müəllim səviyyəsinə çatdı ki, onun özünün də müəllimi olması inanılmaz göründü.

***
Füzuliyə çox qiymətlər veriləcək. 
Lakin əski təzkirəçilərin Söz Mürşidinə ünvanladığı vəsfləri həmişə minnətdarlıqla xatırlamalı, bütün çağdaş qiymətvermələrdən ayırmalıyıq.
Çünki Füzulinin müstəsnalığı, bənzərsizliyi, təkliyi, birinciliyi gerçəyini şüurlara ilkin aşılayan onlar oldu. 
Aşiq Çələbi 1566-cı ildə bitirdiyi «Məşair üş-şüəra» təzkirəsində Füzulini Bağdaddan olan şairlərin ustadı kimi qələmə verdikdən sonra «könlü eşq xərabadı» olan bu sənətkarın əsərlərinin hal əhlinin dilində əzbər olduğunu bildirirdi: «Vilayət-i Bağdad və Diyarbəkir zürəfasının nəşidələri ( məsəl yerinə işlətdiyi beyt və misraları – R.H.) anın inşadıdır».
Sam Mirzə 1550-ci ildə yazdığı «Töhfe-yi Sami»sində Füzuliyə qiymət verərkən ehtiyatlı tərpənməyi bir qırağa ataraq sevdiyi şair haqqında ürək sözünü səxavətlə və birbaşa söyləyirdi: «Mövlana Füzuli dar üs-səlam Bağdaddandır və oradan ondan güclü şair çıxmamışdır».
Bəyani Mustafa bin Carullahın 1592-ci ildə yazdığı «Bəyani təzkirəsi»ndə də Füzulinin birdənəliyi diqqət mərkəzindədir: «Tərzində fərid, səmtində vahid bir şair-i bəlağətşüar və nazim-i fəsahətdisardır (fəsahət – gözəl nitq qabiliyyətli; disar – libas, örtük. Nitqə gözəl libas geyindirən şair – R.H.)».
Əmin Əhməd Razi 1593-cü ildə qələmə aldığı «Həft iqlim»də təsdiqləyirdi ki, «Füzuli ağıl və bilikdə həmkarlarının əksərindən faiq (üstün – R.H.) idi, fəhm və zəkada əqranını (tay-tuşlarını – R.H.) arxada qoymuşdu».

Əli Mustafa bin Əhməd 1593–1597-ci illərdə araya-ərsəyə gətirdiyi «Künh ül-əxbar» təzkirəsində Füzulini türkdilli şairlər arasında şəriksiz birinciliyə layiq görürdü: «Məmalik-i Şərqdə türki şeir söyləyənlərin ustadıdır». 
Amma təzkirəçi bununla kifayətlənmir, Füzulinin şəxsi keyfiyyətləri haqqında da söz açır, sadə camaat arasında onun nüfuzunun ali dərəcədə olmasını da açıqlayır: «Tərz-i xassə salik (xüsusi üslubu olan – R.H.) ərəbi, farsi və türki əşar nəzminə mütəhalik (özünü həsr etmiş – R.H.) bir sahib-i mərifət idi ki, nəzmən və nəsrən qüdrət və fəziləti ind əl-əhali (xalq yanında – R.H.) müsbət idi».
Kitabdar Sadiqi də 1598-ci ildə bitirdiyi «Məcmə ül-xəvas» təzkirəsində Füzulini, başqa təzkirəçilərdən fərqli olaraq, bağdadlı, kərbəlalı, hilləli, ya qeyri məskəndən olan kimi yox, əsli-köküylə – «bayat» deyə təqdim edir və qeyd-şərtsiz üç dildə onun kimi yanıqlı şeirlər doğurmağı heç kəsin bacarmadığına şahid dururdu: «Filvaqi hiç kişiyə bu istedad səadəti əl berməyübdür kim, türki, farsi, ərəbi kəlamığa bu yanğılıq bolğay».
1609-cu ildə tamamladığı «Riyaz üş-şüəra» təzkirəsində Məhəmməd Riyazi də, Qınalızadə Həsən Çələbi, Bəyani kimi, Füzulinin türkcə «Xəmsə» yazmış olduğunu vurğuladıqdan sonra onun türfəkar – misli olmayan incilər doğuran qələminin möcüzələri qarşısında minlərlə söz ustasının mat qalaraq barmağını dişlədiyini təsdiqləyirdi: «Hezar ustad-i karxane-yi bəlağəti əngüşt dər dəhan-i heyrət etmiş idi».

***
«Təzkirə» «zikr» sözündəndir. 
Zikr, yəni, yada salmaq, xatirə gətirmək, tərif etmək.
Lakin «zikr»in bir ayrı anlamı da var ki, təzkirələrin Füzuli haqqında bu ifadələrinə daha çox yaraşır.
Zikr – dua, vird.
Füzuli haqqında bu sözlər elə onun ulu adına dualar kimi səslənir.
Özünün hər bir şeirinin dua, qeybdən gələn kəlam qədər lətafətlə səsləndiyi kimi…

***
Ömrünün yarım əsrdən çoxunu Füzulini öyrənməyə həsr etmiş görkəmli türk alimi Əbdülqadir Qaraxan bütün yazdıqlarını yazandan, Ustada həsr etdiyi kitabı bir neçə dəfə təkrar nəşr etdirəndən sonra yeni mənbə ilə rastlaşmış, Füzulinin ömür yolu ilə bağlı sabitləşmiş təsəvvürləri dəyişə biləcək gözlənilməz dəlillə üz-üzə qalmışdı.
Ə.Qaraxanın əldə etdiyi və şəxsi kitabxanasında saxladığı «Məcmue-yi nəfisə» adlı topluda Füzulinin farsca yazdığı bir sıra bəlli qəsidələrlə yanaşı, 910-cu il hicri (1504 miladi) tarixində vəfat etmiş Əlvənd bəyə həsr etdiyi 39 beytlik mədhiyyə də yer alır.

Qol-e hədiqe-ye doulət, bəhar-e qolşən-e bəxt,
Bəhar-e bağ-e ədəb, ğonçe-ye reyaz-e həya.
Boləndmərtəbe Əlvənd big-e rouşəndel,
Ke dər təriq-e ədəb morşedəst həm bina.

Dövlət bağçasının gülü, tale gülüstanının baharı,
Ədəb bağının yazı, həya rövzələrinin qönçəsi.
Məqamı uca, ürəyi işıqlı Əlvənd bəy,
Ki ədəb yolunda mürşid, həm də gözüaçıqdır, –

deyə öydüyü Əlvənd bəyi Füzuli çoxdan tanıdığına işarə edir, bu cavan hökmdarın vaxtilə ona hədiyyə də verdiyini söyləyir.
Ə.Qaraxanın qənaətincə, bu şəxs Ağqoyunlu Uzun Həsənin oğlu Yusifin iki oğlundan biri olmalıdır.
Təxminən 1497–1502-ci illər arası hökmdarlıq etmiş, bir müddət Azərbaycan, İran, Diyarbəkir hakimi olmuş Əlvənd bəy 1502-ci ildə Şah İsmayıla məğlub olduqdan sonra ixtiyarında yalnız Diyarbəkiri saxlaya bilir və 1504-cü ildə vəfat edir.
Bu minvalla, əgər Füzulinin Əlvənd bəyə aid edilmiş qəsidəsinin tarixi dürüstlüyünü qəbul edəcək olsaq, onda şairimizin həmin şeiri hökmdara təqribən 1500-cü ildə təqdim etdiyi üzərində dayanmalıyıq.
Lakin Füzulinin qəbul edilmiş doğum tarixi ilə bu, heç vəchlə uyuşmur. 
Aydındır ki, 6 yaşlı uşaq belə qəsidə yaza bilməzdi.

Kəz an zəman ke ze çeşməm nohofteye ço pəri,
Nədideəm ze kəsi ru-ye mərdomi əbəda.
Ze rəftən-e to məra rəfte budə əql ze sər,
Konun ke amədeye baz amədəst beca.

Pəri kimi gözümdən gizli qaldığın zamandan,
Bircə nəfərdən belə adamlıq sifəti görməmişəm.
Sənin getməyinlə ağlım başımdan getmişdi,
İndi sən gəldin, o da təzədən yerinə gəldi.

Çoxdan görmədiyi xeyirxahını illər sonra yenidən tapması haqda verdiyi bu soraq, şeirin üslubca kamilliyi, müəllifin Əlvənd bəyə özü ilə yaşıd, yaxud özündən daha gənc olan bir kəs kimi müraciət etməsi belə ehtimal doğurur ki, bu şeiri yazanın, heç olmazsa, 25-30 yaşı varmış.
Belə isə Füzulinin doğum tarixini xeyli geri çəkməli, Ə.Qaraxanın fərz etdiyi kimi, 1480-ə deyil, hətta bir qədər də əvvələ – təxminən 1470-ci ilə aid etməliyik.
Bu halda Füzulinin yetərincə ixtiyar sində, səksəni aşıb doxsana yaxınlaşarkən həyata vida etdiyi nəticəsini çıxarmaq zəruriyyəti yaranır.
Bir tərəfdən baxanda, Füzulinin şeirlərindən görünən surəti də onun xeyli qocaman olması təəssüratını oyatmaqdadır.
Ə.Qaraxan o qəsidənin fotosurətini də əyanilik və mötəbərlik xatirinə nəşr etdirmişdir.
Lakin bir mənbə əsasında bu cür mühüm məsələdə qəti qərar qəbul etmək doğru sayılmaz. Bu qəsidənin Füzulinin başqa əlyazmalarında yer almaması da müəyyən tərəddüdlər oyadır.
Ancaq bu şeir varsa, diqqətdən kənarda da qalmamalıdır.
Həmin dəlili təsdiqləyəcək, ya inkar edəcək daha inanımlı məxəzlərin axtarışı davam etdirilməlidir.

***
Beləcə, Füzulinin lap başlanğıcının, dünyaya gəlmə tarixinin də hələ sonacan dəqiqləşdirilmədiyi bir məqamda onun barəsində indiyədək yazılmış yüzlərlə kitab və minlərlə məqalə həddən ziyadə az görünür.
Füzulini tanımaqçün, olduğu kimi görməkçün hələ çox zəhmətlərə qatlaşmanın zəruriyyətini anladır.
Cavabsız Füzuli suallarının düyününü açmaqçün əsl işin, bəlkə də, hələ bundan sonra başlandığını pıçıldayır.

***
Füzulidən ayrılan yollar ondan sonrakı bütün tariximizdən, hər birimizdən keçir.
Füzuliyə aparan doğruçu yolların çoxu iləsə hələ heç addımlamamışıq.
Bu yazılanlar da o saysız yollardan birində atılan iki-üç addımdan artıq deyil.
Hamımız Füzuli çuxasından çıxmışıq.
Biz köhnələcəyik, vaxt köhnələcək, qınından çıxıb qınını bəyənməyənlər olacaq, ən müasir geyimlər nimdaşlaşacaq, o çuxa isə həmişə təzə, həmişə dəbdə qalacaq.
Ən köhnə və ən yeni çuxan mübarək, Ustad!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook