RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəİtirdiklərimizin soyumaz ağrısı

Bəzən insan heç özünün xəbəri olmadan da böyük yaxşlılqlar edə bilir. 
Hərdən iş elə avand gətirir ki, bu yaxşılığın yalnız bir, ya bir neçə nəfərə deyil, minlərlə, onminlərlə insana faydası yetişir.
Gülağa Məmmədov Azərbaycan musiqisinin seçilən, sevilən sənətkarlarından idi.
O, taleyin xoş bir yazısı ilə böyük səhnəyə yeniyetmə də yox, lap uşaq yaşlarında gəlmişdi. 
Gəlcəyin də diqqətləri çəkmişdi və sonra musiqimizdə uzun, şərəfli bir yol keçdi, ömrünün lap axır çağlarınacan gəncliyindən sadiq olduğu yüksək səviyyəni saxladı, bir an belə məsuliyyət hissini itirmədi, hətta ona bəstəkarların təqdim etdiyi zəif mahnılara da məlahətli avazı və ustalığı ilə şirinliklər artıraraq onları gözəlləşdirə, bəyənimli edə bildi.
Mənim müşahidəmə görə Azərbaycan radiosunun səs xəzinəsində Gülağa Məmmədov qədər yazıları olan ikinci müğənni yoxdur. 
Bu baxımdan yalnız Şövkət xanım onunla bəhsə girə bilər. 
Lakin zənnimcə, Gülağanın ifalarının muqdarı hətta Şövkət xanımınkından da çoxdur.
Gülağa nəyi oxuyubsa yaxşı oxuyub, ürəklə oxuyub, amma oxudan oxuya da fərq var. 
Bəzən məclisin havası, dinləyənlərin xüsusi diqqəti ifaçını elə ilhamlandırır ki, hər zaman olduğundan da artıq bir şövqlə, daha məlahətlə çalır, ya oxuyur.
Və 1963-cü ildə Gülağa Məmmədov məhz belə canına yatan bir məclisdə hər vaxtkından da qəşəng oxuyur və belə anlayıram ki, orada hal əhlləri, sənətkarlar, musiqiçilər çoxmuş.
O məclis nə məclismiş dəqiq bilmirəm. 
Ola bilsin ki, toymuş, ehtimal edirəm ki, hansısa sənətkarın oğlununmu, qaızınınmı şad məclisiymiş.
Əvvəlki çağlar olsaydı, hətta Gülağanın artıq özünün həyatda olmadığı vaxtlara qayıda bilsəydim, nə vardı ki!
Söz soruşulası, xəbər alına biləsi o qədər sənətkar vardı ki! Onların soraqlarıyala həmin məclis nə məclismiş asanca müəyyənləşdirərdim.
Heyhat ki, o nəslin insanlarının, qiymətli sənətkarlarının demək olar ki, hamısı gediblər və özləri ilə ötmüş illərə ata biləcəyimiz körpüləri də aparıblar.
Həmin məclis haqqında bəstəkar Hökumə xanım Nəcəfovanın 1981-ci ilin aprelində öz əliylə yazdığı tərcümeyi-halında oxudum və xəsis sətirlər hər halda pıçıldadı ki, həmin məclis qətiyyən adi məclis deyilmiş.
Adi məclis olsaydı Hökumə Nəcəfova kimi dünyagörmüş, bişkin bir insanın həyatını, yolunu bir gecə içərində bunca kəskin dəyişməzdi.
Həmin məclisin baş tutduğu axşamda Hökumə Nəcəfova artıq 16 il idi ki, küskün idi və bir bəstəkar olaraq heç nə yazmırdı.
Ümumən, bəstəkarlığın daşını atmışdı və bir daha bu işlə məşğul olmayacağını özü üçün qəti müəyyənləşdirmişdi.
Səbəb Üzeyir bəy idi!.. 
Millətimiz sənətimizin peyğəmbəri saydığımız Üzeyir bəyin ömrünün son parçasında hansı müdhiş sarsıntılarla üzbəüz qaldığından xəbərsizdir.
Dahini dirigözlü öldürüblər.
Onsuz da Üzeyir Hacıbəyli ilk gənclik çağlarından hər növ təzyiqlərə dözməyə adət etmişdi. 
1920-ci ildən, qırmızılar Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdıqdan sonra bu müstəsna istedad sahibi onillər boyu başı üzərində Damokl qılıncının asıldığını hər an hiss etmişdi. Lakin sonra sanki bir ara vəziyyət düzəldi. “Koroğlu” Üzeyir bəyin həyatında işıqlı bir zolağın yaranmasına səbəb oldu.
Ancaq 1947-1948-ci illərdə vəziyyət birdən-birə kəskin pisləşdi.
Azərbaycan Kommunist Partiyasının Birinci Kaitibi Mircəfər Bağırov Üzeyir bəyi hədəfə aldı.
Təəssüf ki,Üzeyir bəyin ömründəki tab gətirilməsi ağırdan-ağır, mənəvi əzablar, vahimə, səksəkə ilə dolu həmin aylar, günlər haqda çox təfərrüatlardan bixəbərik.
Üzeyir bəylə lap yaxın olmuş və məhrəm yaddaşlarını çox illər öncə mənimlə bölüşmüş bir sıra insanların xatirələri açıqca söyləyir ki, Üzeyir bəy hələ illərcə də yaşaya, yeni-yeni bir-birindən üstün əsərlər də yarada bilərmiş.
Arzularla, ideyalarla, ilhamla dolu imiş.
Amma o zavallını çərlədiblər, hər gününü, hər saatını, hər dəqiqəsini zəhərləyiblər, addım-addım ölümə doğru itələyiblər.
1948-ci ilin noyabrında, Üzeyir bəylə vida günündə tabutuna birinci çiyin verən Mircəfər Bağırov elə onu ölümə aparanların da birincisi idi.
Şəmsi Bədəlbəyli danışırdı ki (mənim yazdığım hər sözün altında həmişə sənədim var. Şəmsi müəllimlə söhbətlərimin lent yazıları qalır) həmin şiddətli təqib və basqıların tüğyan etdiyi, Üzeyir bəyin artıq xeyli düşmüş, üzgün, xəstə olduğu günlərdən birində onu yoluxmaqçün evlərinə gəlmişdim. 
Şəmsi müəllim xatırlayırdı ki, Üzeyir bəyin o dövrdə görkəmi onsuz da xəstəhal idi. 
Lakin həmin gün onu lap əzginmi., gözləri çuxura düşmüş, rəngi tamam avazımış. Şəkəri də qalxıbmış kəllə-çarxa.
“Üzeyir bəy söylədi ki, məni dünən axşam Mərkəzi Komitəyə, Mircəfər Bağırovun qəbuluna çağırdılar. Məleykəylə xudafizləşib getdim. 5 saatdan artıq qəbul otağında gözlədəndən sonra məni içəri çağırdılar. Artıq gecədən xeyli keçirdi. Mircəfər qayıtdı ki, Stalin yoldaş zəng vurmuşdu, sənə salamını çatdırmağımı xahiş etdi. Elə bu şad xəbəri veməkçün çağırtdırmışdım. Gedə bilərsən”.
Bu məkrli dəvəti, bu həqarətli gözlətdirməni, bu iblisanə salamçatdırmanı şərh etməyə, həmin saatlar ərzində ürəyindən qara qanlar axan Üzeyir bəyin nələr yaşadığını təsvir etməyə söz acizdir.
Dahinin ömrü elə həmin qəbul otağında, ağla ən dəhşətli sonluğu gətirən o intizarlı saatlar, dəqiqələr içərisində də bitə bilərmiş.
Beləcə, ona diri-diri qəsd edirlərmiş, hər gün yeni bir riya ilə tədricən, məşqqət verə-verə ölümə doğru sürükləyirmişlər.
Hökumə xanım Nəcəfova xatırlayır ki, biz konservatoriyanın bəstəkarlıq fakultəsini, Üzeyir bəyin kursunu 1947-ci ildə bitirməli idik. Ancaq sevimli müəllimimizə qarşı təzyiqlər başlanandan sonra uzun müddət xəstə oldu, dərs deyə bilmədi, vəfatından sonra isə kursu bağladılar. Üzeyir bəyin sinfində biz 4 nəfər idik – Ağabağcı Rzayeva, Adil Gəray, Ədilə Hüseynzadə, bir də mən. Elan etdilər ki, sizi əmrlə Avropa musiqisi üzrə bəstəkarlıq şöbəsinə keçiririk, birinci kursa.
Müəllilmimizin acı taleyi bizi tam ruhdan salmışdı. Təkcə Ədilə Hüseynzadə həmin şöbəyə keçməyə razılıq verdi. Biz üçümüz hər şeyi təzədən başlamaq istəmədik, davam etdirməkdən vaz keçdik. Ürəyimiz sınmışdı...
Hökumə Nəcəfova 1947-ci ildən 1963-cü ilə qədər heç nə yazmır.
Onun musiqidən əlavə də təhsili, ixtisası vardı. Məşədi Əzizbəyov adına Neft, Maşın, İnşaat institutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 1937-ci ildə bitirərək ali təhsil almışdı.
1949-1959-cu illərdə Yüngül Sənaye Nazirliyində mühəndis kimi çalışır, elə o dövrdən – 1954-cü ildən başlayaraq ta 1968-ci ilə qədər Neft texnikumunda metal texnalogiyası və rəsmxətt fənlərindən dərs deyir.
Musiqiylə nəfəs aldığı günlər artıq çoxdan idi keçmişin acı xatirəsinə çevrilmişdi.
Və 1963-cü ildə tilsim qırılır.
Bu, Hökumə xanım Nəcəfovanın öz yazdığıdır: “1963-cü ildə müğənni Gülağa Məmmədov bir məclisdə Türkiyə, İran, Azərbaycan mahnılarını o qədər gözəl ifa etdi ki, məndə təzədən yaradıcılığa böyük həvəs oyandı. Və bir-birinin ardınca mahnılar yazmağa başladım”.
Bu sətirləri qələmə alanda, dönüş anı, sənətə təzədən qayıdış məqamı baş verəndə Hökumə xanım artıq gənc deyildi, 52 yaşı vardı.
Və həmin möcüzəli axşamdan sonrakı illərdə 100-dən artıq mahnı və romans bəstələyir, instrumental əsərlər silsiləsi yaradır.
Bütün bunlarsa olmaya bilərdi. 
Gülağanın bir gecə içərisində küskün ürəyi diksindirməsi olmasaydı, o əsərlər heç heç vaxt, heç kimə eşidilməyəcəkdi.
Xanımana Əlibəylinin sözlərinə “Günəş olaram mən də”, Xəlil Rzanın sözlərinə “Sağıcıdır mənim nənəm” kimi köhnəlməz uşaq mahnıları, Yaşar Səfərovla Elmira Rəhimovanın ifa etdiyi, Ənvər Əlibəylinin sözlərinə bəstələnmiş və ən misilsiz duetlərimizdən olan“Ulduzlar”, Zeynəb Xanlarovanın, həmin xilaskar Gülağa Məmmədovun, Anatollu Qəniyevin, Flora Kərimovanın, Brilyant Dadaşovanın və neçə-neçə başqa məşhur müğənnimizin repertuarında daimi yer tutan, Azərbaycan mahnı xəzinəsini zənginləşdirmiş “Şəlalə”(Fikrət Qoca), “Şəhla gözlər” (Mirmehdi Seyidzadə), “Yanıram mən” (Aşıq Ələsgər), “Azərbaycan” (Bəxtiyar Vahabzadə), “Olsaydım” (Nəbi Xəzri)...
Xəyal qırıqlığına uğrayıb küskün düşdüyü, yaradıcılıqdan aralı qaldığı itirilmiş illər olmasaydı daha nələr yaratmazdı Hökumə xanım!
Bəs Üzeyir bəy özü?
Qəsduinə durmasaydılar, vaxtından öncə axırına çıxmasaydılar nələr yaratmazdı, nələr yaratmazdı?!.
Nələrdən məhrum ediblər bizi, nələrdən?..
Kimləri itirmişik, kimləri!..
Məlun siyasətlərin, o rəzalətlərin mənfur icraçılarının, ilanlara ağu vermiş bütün kərtənkələlərin əbədi lənətləri əskik olmasın!

Akademik Rafael Hüseynov
25 may, 2018

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook