RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBulaqla vidalaşma

Hiss etdi ki, son artıq lap yaxındadır və nasaz olduğu bu axır vaxtlarda yaddaşından çox şeylər keçmişdi.
Bütün ömrü sıxılıb-sıxılıb bu son bir neçə günə sığmışdı, an-an gözləri önündən ötmüşdü. 
Lap o cahıl vaxtlarında kəndə kino gələndə hissə-hissə fırladılan, arada işıq kəsiləndə nümayişi dayandırılıb handan-hana, təzədən elektrik veriləndən sonra bərpa edilən filmlər kimi.
Bu 66 il ona indi çox qısa, bir göz qırpımı qədər yeyin ötmüş yol kimi gəlirdi. Amma bu illəri doldurmuş anları yaddaşında sıralayanda hər halda həmin illərin çoxunun bəlkə də əslində bir neçə qat uzun olmasını da düşünürdü.
Böyük xanəndə Ağabala Abdullayev ayrılıq astanasında idi.
Yorğun səsiylə oğlunu çağırdı: “Çinar bulaq”dan su gətirə bilərsənmi mənə.”
“Səsini həmişə qoru. O səs daha tək səninki deyil!” öyüdünü ona cavanlığında ustadı Seyid Şuşinski vermişdi və o da ömrü boyu səsinin üstündə əsmişdi.
Nə çox isti, nə çox soyuq, nə çox duzlu-istiotlu, nə də nə boğazı qıcıqlandıracaq ayrı nəsə yeyib-içmişdi.
İndi bu azarlı, üzgün vaxtında qəfilcə Ağabala kişinin soyuq bulaq suyu istəməsinə bir az təəccüblənən kimi oldular, amma doğmaları içərilərində bir az da diksindilər ki, deyəsən elə bu atanın ən son arzulardandır.
Oğlu Nizaminin “Çinar bulağ”a getməsiylə-gəlməsi bir oldu.
Dolçanı uzatdı atasına ki, dədə buyur, gətirdim, burdan içirsən, ya stəkana süzüm?
Və həm də gizli bir maraqla gözləməyə başladı ki, görək ömrü boyu çayı heç vaxt qaynar içməyib hökmən lap soyumasını gözləyən, heç vədə soyuducudan dilinə zərrəcə su vurmayan atası bulağın bu sərin suyunu necə içəcək.
Fikirləşdi ki, atasının könlünü açamaqçün hələ bir zarafat da eləsin ki, ay dədə, soyuq suyu niyə belə iştahla içirsən, səsinə ziyan eləyər.
Ancaq nə zarafatlaşmağa, nə ayrı bir sözə ehtiyac oldu.
Ağabala kişi dolçanı qoşa əlləriylə sıxdı, o bulaq suyunun sərinliyi, saflığı barmaqlarından bütün vücuduna axdı.
“Oxayy!” – dedi.
Elə bil bu dəqiqə həmin bulağın başında idi və illər, onillər geri dönmüşdü, cavanlıq qayıtmışdı, yaşanacaq acılı-sevincli çağların hamısı hələ qarşıda, gələcəkdə idi.
Sakit bir axşamın həzinliyində həmin bulağın başındaymış kimi axıb gedən suyun ruhu dincəldən yumşaq şırıltısını eşidirdi, hafizəsində köhnə pıçıltılar dirçəlirdi və heyrətlənirdi ki, indi bunca uzaq görünənlər nə qədər yaxındaymış, lap əl çatacaq qədər yaxında.
Və daha heç vaxt qayıdıla bilməyəcək qədər əlçmaz uzaqlarda, qəribliklərdə…
Bulaq suyunun sərinliyindən tərləmiş dolçanın soyuğunu barmaqları ilə udduqca birdən içərisini niskil aldı, sifəti tutqunlaşdı, Zöhrabı yadına düşdü.
Xəyalından bu da keçdi ki, İraq səfərində 50 dərəcəni aşan qızmarda ciyərparası yanğısını söndürməkçün buzlu sulardan içib xəstələnməsəydi, ölüm də onu belə inafsızca erkən qoparıb aparmazdı…
Vədə yetişmişdi.
Ağabala kişi bulaqla vidalaşırdı, gəncliyi ilə halallaşırdı, ömrü ilə, əzizləri ilə xudafizləşirdi.
Bütün həyatı boyu oxuduğu “Segah”ların ən yanıqlısını, ən yandırısısını, ən düşündürücüsünü oxuyurdu.
Heç kimi eşitmirdi bu “Segah”ı, tək özü üçün oxuyurdu, ürəyində oxuyurdu.
Böyük xanəndə muğamatından ayrılırdı, dünyadan ayrılırdı…

Rafael Hüseynov

10 iyun, 2019-cu il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook