RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəOnun könlündən keçən xiyabanlar

O, 20, 30, 40 yaşında olanda, artıq şairlər cərgəsində özünə yetərincə yer elədiyi vaxtlarda istər Bakıda, istərsə də Azərbaycanın hansısa digər şəhərində, rayonunda nə Cavid xiyabanı, nə İstiqlal küçəsi, nə Atatürk prospekti vardı.
1959-cu ildə, Rəfiq Zəka 20 yaşında olanda artıq Cavidə bəraət verilmişdi, üstündən “xalq düşməni” damğası götürülmüşdü. 
Ancaq buna hələ tam bəraət də demək olmazdı.
Nəinki 1959-da, hətta 10 il, 20 il sonra belə Cavidin “Peyğəmbər” faciəsi də, “Qoca bir türkün vəsiyyəti” mənzuməsi də, “Azər” dastanının bir sıra parçaları və neçə digər salamat qalmış əsəri də hələ geniş oxucu kütləsi üçün açıq deyildi, nəşr edilmirdi.
Caviddən bəhs edən ədəbiyyatşünaslar da adətən bir qədər ehtiyatla yazırdılar, tərifli sözlərindən sonra bərayi-ehtiyat bir “əmma”dan, “lakin”dən artıraraq onun baxışları ilə marksist-leninçi dünyagörüşü arasındakı fərqlərə də diqqət yönəldirdilər, Türkiyə türkcəsinin havası sezilən dilinə mız qoymağı da təbii ki, unutmurdular. 
Istiqlal, azadlıq, müstəqillik uğrunda mübarizə amalları kimi anlayışların bizə dəxli yox idi.
Kremldən gələn göstəriş belə idi və dövlət də vətəndaşları bu cür başa salırdı ki, dünyada elə ən azad, ən müstəqil, istiqlal dəryasında üzən sovet adamlarıdır. 
Istiqlal, azadlıq mübarizəsi, müstəqillik yolunda barışmaz çarpışmalar hec vəchlə bizlərə yox, Afrika və Amerika zənciləriniə, ingilislərin müstəmləkəçi hökmranlığından əziyyət çəkmiş hindliyə, fransız əsarətinə tablaşmış əlcəzairlilərə aid olan məsələdir.
Bizlər, sovet adamları hər gün-radio televiziyanın, mətbuatın, filmlərin, məktəb dərsliklərinin şüurlarımıza yeritdiyi qəliblərə görə hamıdan xoşbəxt idik və
belə bir ölkədə yaşadığımızdan bizdən bəxtəvəri dünyada tapılmazdı.
Atatürk və Türkiyəyə hər hansı açıq, ya açığaoxşar rəğbət ifadə etmək o yana qalsın, hətta innsanların öz aralarındakı məhrəm söhbətləri də güdülürdü, soraq gedib çatmalı olduğu yerə, xalqın üstüörtülü “Dəniz qırağı” söylədiyi Dövlət Təhlükəsizlik Komitəsinə yetirdisə, bunun üstündə baş möhkəm ağırıyırdı, adama dərhal pantürkist ləkəsi də vururdular, irəliləyişlərinə, hətta turist kimi xaricə getməsinə də mane olurdular. 
Bundan sonrakı daha artıq təzyiq və təqibləri heç demirəm.
Vəziyyət belə idi. 
Nə küçə, nə prospekt, nə xiyaban?!
Amma Azərbaycanın Rəsul Rzası da vardı, Bəxtiyar Vahabzadəsi də bu cəmiyyətin içərisində yaşayırdı, Xəlil Rza da meydanda idi, gənc, dəliqanlı Rəfiq da imzasına, sözünə artıq xalqın öyrəşdiyi cəsarətlilər, ötkəmlər arasında idi.

Türkiyə böyükdür, “Türk böyük!” – deyir,
“Türkün atasıdır Atatürk!” deyir.
“Ey gidi düşmənim, məndən ürk!” – deyir,
“Çünki bu yer üzü mənə türk deyir!”.

Bu təhər odlu-alovlu misraları sovet dövründə yazmaq özünü dirigözlü cəlladın pəncəsinə atmağa bərabər idi.
Fəqət bu cür yazmaq sovetin dayaqlaqrı laxlayandan sonra da asan deyildi. Şəklənmiş qulaqlar bəs deyincə idi. 
Və tətta müstəqillik gələndən sonra bunca çoğqun Türkiyə, türklük sevdasına qısqanclıqla, daha artıq - qeyzlə yanaşanlar az deyildi.
Rəfiq Zəka Xəndansa, məhz bu cür danışırdı, yazırdı, car çəkirdi.
Bu onun mahiyyətindən, cövhərindən, xislətindən gələn, cilovsuz istedadı ilə parlaq misralara çevrilərək hər kəsə eşidilən duyğuları, əqidəsi, mövqeyi idi! 
Rəfiq cəmiyyət içərisindəki fəaliyyətlərində, müəllim olaraq auditoriyalarda tələbələr qarşısında oxuduğu mühazirələrdə, ziyalı dairələrindəki söhbətlərində, müxtəlif məclislətrdə, xeyirdə-şərdə dilini dinc qurmurdu, danışırdı. 
Bu azmış kimi hətta malalanaraq Mətbuatda Dövlət Sirlərin Mühafizə Edən İdarə adlandırılan real senzuranın diqqətindən hansı ofsunlasa adlayaraq dövri mətbuatda çap olunan şeirlərində, kitablarında bütün bunları bəyan edirdi.

Ey Zəka, millətimin mən quluyam,
Millətin qayğılarıyla doluyam.
Nə qədər bizlər üçün duyğuluyam,
O qədər yadlar üçün qorxuluyam.

Bu sayaq millət eşqi ilə yoğrulmuş sözləri sovet ədibi hansısa bəlli bir xalq yox, sovet ölkəsi haqqında sovet adamının adından dilə gətirsəydi, “millətim” yazarkən sovet xalqını nəzərdə tutmuş olsaydı, “yadlar” deyərkən Sovet İttifaqının düşmənlərini göz önündə saxladığını nə şəkildəsə büruzə vermiş olsaydı, dövlət onu başa düşərdü.
Və dövlətin camaatın düşüncəsinə, danışığına, yazışmalarına nəzarət edən gizli xəfiyyələri də hər halda çörəyi burunlarına yemirdilər, anlayırdılar əslində bu cavan şair nə demək istəyir. 
Hətta işləri lap sahmanlı olsun deyə öz donosgətirənlərinə tapşırıq da verirdilər ki, danışdırın Rəfiq Zəkanı, qoy öz dilindənn çıxsın ki, hansı sözlə, hansı ifadə ilə nə demək istəyib, sətirlərin altında hansı mülahizələrini gizlədib.
Şübhəcil rejimin nəzərində və təqdimatında bu cür düşünüb, bu cür yazmağın adı “qatı millətçilik” idi. 
Belə müqəddəs dəyərlər haqda səmimi ürəkboşaltmaları hakim ideologiyanın süngü ilə qarşıladığı çağlarda Cavid xiyabanı da, İstiqlal küçəsi də, Atatürk prospekti də Rəfiq Zəkanın söhbətlərindən, düşüncələrindən, yazılarından, və əlbəttə ki, ilk növbədə ürəyindən hər an keşirdi.
O çətin, o laübalı dövrlərdə Rəfiq Zəka saf havalı bir ada kimi idi.
Bu adadan Azərbaycan cəmiyyətinə sağlam yurdçuluq, xalqçılıq, türkçülük nəsimləri əsirdi.
Kim zənn edirsə ki, SSRİ kimi nəhəng “şər imperiyası” elə öz-özünə tar-mar oldu, həmin darmadağın olma gedişində başqa respublikalar kimi Azərbaycana da müstəqillik elə taleyin hədiyyəsi kimi nəsib oldu, çox yanılır.
Gözlərin qıpıq, dillərin kilidli, qələmlərin yarıdustaq, sərhədlərin quşkeçməz olduğu qapalı rejim çağlarında insanların qəlbində istiqlal düşüncəsini, azadlıq çırpıntılarını,milli təəssübkeşlik ləyaqətini, türkçülük təfəkkürünü təkcə vergili qələmlərilə deyil, həm də cəsarətləri, dəyanətləri, əzmkarlıqları ilə sönməyə, səngiməyə qoymayan Rəfiq Zəkalar olmasaydı, həmin bəxtiyar günlərin gəlişi də hələ uzan zamanlar boyu xəyal olaraq qalardı. 
Və ümumən belə olmasaydı heç o məsud günlər gəlib çıxardımı?

Vətən kimlərindir? – soruşdu Xəndan,
Söylədim: “Müqəddəs nə var ki ondan!
Duy onu könüldən, duy onu candan,
O, candan, könüldən heyranlarındır.

Vətən qumsalları dindirənlərin,
Səhranı dəryaya döndərənlərin,
Şimşəyi əliylə söndürənlərin,
Zülməti köksüylə yaranlarındır”.

Şair Rəfiq Zəka Xəndan məhz onlardan idi. 
Bugünümüzün bu qədər işığı varsa, bunda mütləq və mütləq alova yalın əllərini uzadanlardan, zülməti köksüylə yaranlardan olmuş əziz Rəfiqin də payı var! 
Cavid xiyabanından keçəndə, İstiqlal küçəsi ilə addımlayanda, Atatürk prospektindən... ötəndə heç vaxt unutmayın ki, bu yollar Bakının köksündən keçməzdən çox əvvəl Rəfiq Zəka Xəndanın könlündən, qələmindən, mübarizələrindən keçib və sonra dönüb olub hamımızınkı!
Sahib olduqlarımızın hamısınnın arxasında əməkləri və ürəkləri olanları unutmayaq!

Rafael Hüseynov

25 iyun 2019-cu il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook