RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBir topa yasəmənin gücü

.Xurşid xanım Ağayevanın bircə kitabı var – Üzeyir bəyin həyat və yaradıcılığına həsr edilmiş əsəri. 
1955-ci ildə – Xurşid xanımın vəfatından 2 il sonra oxucuyla görüşmüş bu kitab azman sənətkara həsr olunmuş ilk monoqrafiyadır.
Üzeyir bəy Xurşidin atasıyla dost olmuşdu. Bu qızı lap kiçik yaşlarından tanıyırdı, sonra ona dərs dedi, ardınca oldular həmkar və daha sonra da Üzeyir bəyin rektorluq etdiyi konservatoriyada 1944-46-cı illərdə Xurşid elm və tədris üzrə prorektor vəzifəsində çalışdı.
Üzeyir bəyin sağlığında və ölümündən sonra onun haqqında qələmə aldığı çoxsaylı araşdırmalarını qovuşduraraq dissertasiya kimi müdafiə etmək niyyətindəymiş. Əcəl niyyəti qabaqlayır.
Və nəşr edilmiş kitabı da əslində o özü hazırlamamışdı. Sən demə, həmin kitabın çıxmasının da təşəbbüsçüsü Süleyman müəllim imiş.
Xurşid xanımın yas günlərindən birində Süleyman müəllim B. Eyvazova deyir ki, gərək Xurşid xanımın monoqrafiyasını buraxaq. Bahadur da 1954-cü ilin fevralında, 40 çıxandan bir neçə gün sonra Sevdayla Nəzakət xanıma zəng vurub evə də’vət edir, Xurşidin Üzeyir bəylə əlaqədar bütün əlyazmalarını onlara verir ki, sahmana salsınlar.
Xurşid xanımın bütün arxivini vərəq-vərəq mən də çevirmişəm, nəşr edilmiş həmin monoqrafiyanı da oxumuşam və görürəm ki, tam sistemləşdirilməmiş fəsillərdən, rabitəsiz məqalələrdən, qeydlərdən ibarət materiallar toplusunu mükəmməl bir kitaba çevirmək, lazım olan məqamlarda boşluqları doldurmaq, mənbələri bərpa etməkçün həqiqətən Sevda və Nəzakət xanımlar çox əziyyətə qatlaşıblar.
İlkin mərhələni onlar yerinə yetirirlər, sonra əlyazma verilir Süleyman müəllimə. Mədəniyyət Nazirliyi incəsənət işləri idarəsinin rəisi işləyən Süleyman Ələsgərovun özü, Xurşid xanımın musiqişünas tələbələri – Qəmər İsmayılova, Əminə Eldarova və bəstəkar Zakir Bağırovdan ibarət dəstə musiqişünaslıq baxımından bir də əvvəldən sonacan əsərə əl gəzdirir.
Amma kitab heç bir nəşriyyatın planında yox idi və Azərnəşrdə fəndi Qılman İlkin öyrədir: “Teatr Cəmiyyətindən məktub gətirin ki, onların sifarişidir, növbəsiz buraxaq”.
Süleyman müəllim gedir Teatr Cəmiyyətinin sədri Rza Təhmasibin yanına və məktubla qayıdır.
1955-ci ilin sentyabrında kitabın siqnal nüsxəsi işıq üzü görür. Hələ bütün tirac çıxıb qurtarmamış konservatoriyada bu kitabın müzakirəsinin keçiriləcəyi haqda e’lan asılır.
Nadürüstlər baş qaldırıbmış – Üzeyir bəy haqda ilk monoqrafiyanın əlüstü müzakirəsini keçirməkdə məqsəd sevinc bölüşmək yox, balta çalmaqmış.
Kitabın titul səhifəsində “Üzeyir Hacıbəyov” kəlmələrindən sonra mö’tərizədə “Ulu Azərbaycan bəstəkarının həyatı, fəaliyyəti və yaradıcılığı” yazılmışdı. Bədxahların etirazı “ulu” kəlməsinəymiş.
İşə o zaman akademiyanın vitse-prezidenti olan Səməd Vurğun qarışır: “Müəllifi həyatda olmayan kitabın nə disputu? İradlarınızı kimə deyəcəksiz? İkincisi də, o müzakirə keçirilsə, gəlib özüm çıxış edəcəyəm ki, Üzeyir Hacıbəyov Azərbaycanın yox, dünyanın ən ulu bəstəkarlarındandır” (Kitab özü ruscadır, orada “velikiy” gedib. Vurğun da bu məsələylə bağlı Qara Qarayevə zəng çalanda sözünü rusca demişdi, rusca daha dəqiq və tutarlı səsləndiyi üçün həmin ifadəni də onun dilindən qopan kimi gətirirəm – “Odin iz veliçayşix”).
Üzeyir bəy də, Xurşid xanım da sağlıqlarında rəzil həmlələrə az mə’ruz qalmamışdılar. Ölüb getmişdilər, dövr dəyişmişdi – yenə tək-tük baş qaldıran qanqallar onları – bu dəfə artıq xatirələrini – dalamaqda davam edirdi.
Nə acı ki, belələri həmişə olub və bundan belə də olacaq. 
Heyf ki, belədir!
Amma...
“Əziz Xurşid xanımın vəfatından qırx ildən də çox keçir. Xarici də, batini də ziyalılıq saçan o cazibəli insanı unutmaq mümkün deyil. Xurşid xanım yasəməni çox sevirdi, hər il aprelin 20-də – onun ad günündə bir dəstə yasəmən alıb gedirəm ziyarətə...”.
Bu Süleyman Ələsgərovun səsidir ki, içərimdə səslənir.
Və mənim nəzərimdə hər ilin aprelində məzarına ərməğan edilən bir dəstə zərif çiçək sağlığında və ölümündən sonra Xurşid xanım kimi insanlara yönələn ən qəddar zərbələrə sipər olmağa qadir idi. 
Çünki o bir dəstə çiçəkdə təmənnasız məhəbbət, nəciblik və minnətdarlıq vardı. 
Xurşid xanımı yoxuşlu-yarğanlı çətin həyatı boyu müvazinətini itirməyə, sarsılmağa qoymayan da elə hər namərd hücumun müqabilində qarşısına bir dəstə çiçəyin – özünə və nəslinə ehtiram, sayğı bəsləyən nəcabətlilərin çıxacağı inamı olmuşdu.
Hər il aprelin 20-də Xurşud xanımın məzarına daha Süleyman müəllim yasəmən dəstəsi aparmır. 
Müəlliminə sevgisini, ehtiramını ömrünün axırınacan davam etdirən bu əziz insanı da 2000-ci ildə itirdik...

Rafael Hüseynov

21 iyul, 2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook