RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəƏvəzsiz şairin əvəz etdiyi misra və dəyişməsi çətin olan həqiqətlər...

Unudulmaz şairimiz Qabilin elə şeiri var ki, lap mən dünyaya gəlməzdən öncə doğulub.
Onun elə şeirləri də var ki, gözümün qabağında yaranıb və misraları vərəqə necə köçürdüyünə şahidəm.
Təbii ki, əksər şeirlərini gecəninmi xəlvətində, ya yenicə açılan səhərinmi tənhalığında qələmə alıb və həmin şeirlərin doğulma anına heç kəs şahidlik edə bilməz.
Amma nədənsə mən Qabilin səsində eşitdiyim, kitablarında oxuduğum bütün şeirlərini görürürəm.
Şeirin içərisindəki mənzərələr və mənalar baxımından yox.
Qabili hər oxuyanda, hər dinləyəndə gözlərimin önündən istər-istəməz onun iri hərflərlə, kiril əlifbasıyla, aydın xətlə yazdığı sətirlər axıb-keçir.
Ana dilimizin şirinliyi, sadəliyi, ahəngdarlığı ilə dolu, ömür-günümüzün həqiqətlərindən deyən, danışıq qədər rəvan, eşidincə, oxuyunca elə bil öz sözlərinmiş kimi dərhal yaddaşına hopan misralar:

Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
heyrət etmişəm,
Heyrət məhəbbət deyil!

Bəs Qabilcə məhəbbət nə imiş ki, bu hisslərin hər birindən və onların hamısının qovuşuğundan da artıqmış?
Qabil hər şeir adıyla yazılanı şeir hesab etmədiyi kimi hər vurğunluğu da məhəbbət saymırdı.
Onun nəzərində sevgi bütün varlığını, qəlbini istədiyinə qurban verə bilmək qədər uca, saf, ləkəsiz, riyasız, pərdəsiz bir duyğudur.
Ona görə nə yazırdısa, nə danışırdısa, səmimi idi, ürəkdəngələn idi.
Ən həcmli əsəri “Nəsimi” mənzum romanı idi ki, yaranışı əvvəldən-sona saysız xatirələrlə bağlıdır və məhəbbət üçün müəyyənləşdirdiyi həmin fədakarlıq, dürüstlük, saflıq düsturuna necə riayət etməsini Qabilin bu əsərin yazılış günləri ilə bağlı bir etirafı dəqiq ifadə edir.
Deyir bəzən görürdüm ki, işim çox yaxşı gedir, vərəqlər bir-birinin ardınca dolur, onda dayanırdım.
Sevinmək əvəzinə özümdən şübhələnirdim ki, nə üçün belə sürətlə yazıram. Bir neçə günlüyə özümü vadar edirdim ki kağız-qələmə yaxınlaşmayım, bir az soyuyum, toxtayım, sonra yenidən davam edim.
Qabilə görə əsl şeir ürəyin lap dərinlərindən, daşdan keçib durulan su kimi damcı-damcı, gilə-gilə gəlməliydi.
Eynən mıəhəbbət də bu cür!
Qabilin düşüncəsincə sevgiyəbənzər duyğulara aldanaraq hər aşiqliyi məhəbbətə tay tutmaq xətadır. Özünü sevdiyinə bütünlüklə həsr etməsən bu alayarımçıqlıq sevgi adlanmaz.
Qabil orta əsrlərdə yaşayıb bu şeiri yazsaydı, deyərdilər əsl təsəvvüf şairiridir və bu şeir də bir vəhdət-i vücud tərənnümüdür.
İlahi eşqlə insani sevginin sərhədi bunca şəffafdır və əsl məhəbbət elə həmişə ilahi bir yaşantıdır.

Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım,
Məhəbbətin tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım.

Qabilin həmişə Azərbaycan insanı ilə qalacaq çox şeirləri var. Lakin misraları artıq zərbülməsəl kimi dillər əzbəri olan “Səhv düşəndə yerimiz” şeiri zənnimcə, bir əvəzsiz incidir ki, gərək hər kəs onu əzbər bilə.
Gərək bu şeir məktəb dərsliklərimizdə daimi yer ala ki, misralarındakı ibrət hər zaman hər soydaşımızla birgə qala:

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

1969-cu ildə bir oturuma yazılmış və o gündən bu günə təzəliyini, hər yeni günümüzə və dəyişən həyatımıza tam uyğunluğunu qeyb etməyən bu şeirin yaranma tarixçəsini bilsəniz heyrətlənəcəksiniz.
Hər möcüzə kimi bu şeiri də adidən adi bir təsadüf doğurub.
Hərçənd mən əminəm ki, bu şerin içərisindəki fəlsəfə həmişə Qabilin beynində, qəlbində döyünürmüş və bir bəhanə lazımmış ki, üzə çıxsın.
Bəhanəni də qızmar yay günündə limonad satan yoğun bir qədeş verir.
Qabil özü danışırdı ki, yayın cırhacırı idi, ürəyim yanırdı, yaxınlaşdım sular köşkünə, qəpikləri verib bir stəkan limonad aldım. İçib sərinlənəndən sonra baxdım ki, bu kişi suaçana ip bağlayaraq boyunbağı kimi asıb, suaçan da elə bil ki, adamın sinəsindən sallanan xaçdır.
Dedim: “Bu nədir, niyə onu bu təhər boynundan asmısan?”.
Qayıtdı ki, su şüşələrinin, butılkaların ağzını onunla açıram. Boynumdan da ona görə asmışam ki, əlimin altında olsun, axtarmayım”.
“Sən onu boynundan çıxart”, – dedim.
O da: “Ay qardaş, əl çək, qoy işimi görüm. Aşağı qoyanda su bunu o tərəf bu tərəfə aparır, müştəri gələndə axtarmalı oluram”.
“Yox, xaça oxşayır, çıxar onu boynundan”.
Bu dəfə susatan əsəbiləşir: “Bir stəkan limonad içmisən al pulunu da qaytarım, lap bir yeşik su verim, amma dəf ol get, məni hövsələdən çıxarma”.
Qabil tərslik edir: “Yox, onu boynundan çıxartmasan getməyəcəyəm!.
“Allahu Əkbər! İşə düşmədik! A kişi çıx get, əlimdən xata çıxar!”.
"Yox, çıxartmalısan!".
Səs-küyə adamlar da toplaşır və onları aralayırlar...
Qabil Yaltaya istirahətə gedibmiş. Növbəti dəfə masa arxasında əyləşib qələmi götürəndə həmin zavodda, fabrikdə, neft mədənlərində işləməli olan cüssəli susatan gəlib düşür yadına, şair təzədən coşur və ürəyini boşaldır:

Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Limonad satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Hamınıza məlum olan şeirin bəlli misraları əvvəl belə imiş.
Sonra Qabil redaksiyada bu şeirin yaranması ilə bağlı əhvalatı danışanda dostlar gülüşürlər, amma məsləhət də görürlər ki, özünə düşmən qazanma, bu şeir həmin adamın rastına çıxsa, biləcək onu nəzərdə tutmusan, bir də gördün axtardı tapdı səni. Həm də deyirsən hədələyibmiş. Niyə yox yerdən özünə macəra yaradırsan?! Ümumiləşdir yaz.
Və Qabil də limonadsatanı gülsatanla əvəzləyir.
…Qabil yaşadığı şair ömrüylə, bütün yaratdıqlarıyla həyatının vacibdən vacib bir arzusunun gerçək olmasına çalışırdı.
Onun ən böyük istəyiydi ki, dünyanın hər yerində, amma dünyanın hər yerində olduğundan daha əvvəl candan sevdiyi Azərbaycanında heç vaxt insanların və dəyərlərin yeri səhv düşməsin.
Bu şeir günlərin birində köhnəlsəydi, kəsərini, əhəmiyyətini itirsəydi, dünya düzəlsəydi, Qabil xoşbəxtlərin xoşbəxti olardı.
Amma neyləməli ki, 50 yaşlı bu Qabil şeiri hələ də təzədir, gücündədir.
İstəyirsən susatan yaz, istəyirsən gülsatan…

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook