RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəMirzə Cəlilin ağır sözünə bir yüngülvari artırma

Saz çalıb-oxumaq nədir?
Sadəcə, könül əylənəcəsimi, ya ürəyini boşaltmat, özünü ifadə etməkçün vasitə?
Bəlkə kiminçünsə, saz, aşıqlıq çörək ağacıdır, dolanışıq vasitəsidir, kiminçünsə elə adicə bir sənət növü, xalq mədəniyyətinin yaşayan qanadı.
Azərbaycan böyükdür və hər cür düşünən, hər zövqdən olan adamlarımız var.
Ola bilsin kimlərsə heç bu musiqini bəyənmir, nəinki ondan ləzzət almır, əksinə, eşidəndə yorulur, saz da, aşıq da onların nəzərində keçmişin qalığıdır, boyatlaşmış sənətdir?
Zamanlar varmış ki, “saz”, ”aşıq” sözləri dilə gəlcəyin insanlar həyəcanlanarmış, saz, aşıq barədə indiki kimi çeşidli və fərqli fikirlər heç aöla gəlməzmiş.
Aşıqların çalıb-çağırdığı məclislərə hamı can atarmış, eldən-elə gəzən aşıq gününə görə xalqın həm teatrı-tamaşasıymış, həm poçtu-teleqrafıymış, həm radio-televiziyasıymış, həm qəzet-jurnalıymış, həm internetiymiş, həm gəzəri ensiklopediyası, həm də hər sualına cavab ala biləcəyi müəllimi...
Çox qədimləri neyləyirsiniz, lap elə əsr yarım əvvələ, 100 il qabağacan bu cürmüş.
Sonra dövr dəyişib, vaxtın sürətləri artıb, vaxtımızı dolduran əyləncələr çoxalıb, insanların xəbər alası, söz soruşası, baxıb-dinləyib ovqatını xoş edə biləcəyi yüz cür təzə matahlar ortaya çıxıb.
Nə oldu, qocaldımı saz, ömrü tükəndimi, doğrudanmı bu gedişlə ona soyuq baxan bədbinlərin fərz etdiyi kimi 50 il, 100 il sonra ona daha heç ehtiyac qalmayacaq?
Əsla!
Saz indi həyatının büsbütün yeni mərhələsini başlayır, sazın sözü bu gün keçmiş əyyyamlarda olduğundan daha böyük düyünləri açmağa, daha qəliz müşkülləri həll etməyə qadirdir.
Saz nədir axı? Bir-iki parça ağac, bir neçə sim.
Vəssəlam!
Ona qüdrəti verən insandır.
Onu sehr doğurmağa yönəldən bəşər övladının barmaqlarıdır, ürəyidir, duyğularıdır, düşüncələridir.
...Hərdən Strasburqda axşamüstülər küçədən keçən gənc qızları görürüm ki, zahirən fransızlardan heç nəylə fəqlənmirlər.
Geyimləri təxminən eyni, saç düzümləri, görünüşləri təqribən oxşar. Amma öz aralarında danışa-danışa yanımdan keçəndə qulağmın tutduğu ləhcədən, eşitdiyim kəlmələrdən duyuram ki, bunlar türk qızlarıdır.
Deyəsriniz, nə olsun, adamdır küçədən keçir.
O cavan qızlar, oğlanlar hər dəfə diqqətimi ona görə çəkir ki, əllərində, ya çiyinlərində saz gedirlər.
Baxıram və fərəhlənirəm ki, avropalaşan, ən müasir gəncliyimiz də sazladır, seyr edirəm və sevinirəm ki, Avropa küçələrindən çiyni sazlı keçən gənclərə yerli əhali təəccüblə, gözlərində “bu nə alətdir?” sualıyla baxmır, elə birisinin əlində, boynundan asılı gitara keçərsə necə baxırlarsa, o təhər adicə, bu mənzərəyə alışıbmış kimi baxırlar.
Yəni saz artıq avropalının da səhnəsində, gündəlik həyatında, ekranında, musiqi düşüncəsində özünü rahat yer eləyib.
Bunları görərək, sazın yeni üfüqlərə qanadlanmasına şahid olaraq nə qədər şadlansam da, məndə saza bağlı ikiqat, üçqat iftixar oyadan başqa mətləblərdir.
Biz burda – Qüzeydə, Şimali Azərvbayacnda 10 milyonuq.
O tayda – Güneydəsə, sayımız 30 milyonu çoxdan aşıb.
Sərhədlərin keçilməz tikanlı məftillərlə bağlandığı həsrət, ayrılıqlar dolu nəhs onillər arxada qalıb.
İnsanlarımız rahatca burdan ora, ordan bura gedib-gələ bilir.
Lakin o tayla bu tayı, sayı 40 milyonu çoxdan adlamış bu bacı-qardaşları birləşdirən nə o get-gəllərdir, nə Araz üstündən salınan vüsal körpüləri, nə hamar yollar.
O tayla bu tayı qovuşduran, milyonlarla insanı vahid millətə döndərən ilk növbədə dəyərlərdir və həmin dəyərlərin taclarından biri də elə sazdır ki var!
Saz isə bu taydan da əlavə güc alaraq o tayda keçmiş dövrlərdəkindən dəfə-dəfə əziz, sevimli, ehtiramlı bir səviyyəyə dikəlib.
Saz o tayda elə əski əsrlərdə olan sayaq Azərbaycan insanı üşün hər şeydir.
Saz və aşıq Cənubdakı milyonların hiss və düşüncələrinin, arzu və amallarının ən doğruçu tərcümanıdır.
Saz oradakı milyonları ruhən, qəlbən yaxınlaşdıran, bir edən, ortaq düşüncəyə yönəldən, sabahların üfüqlərində sayrışan ideallara səsləyən ən mötəbər kürpüdür.
Əlbəttə, bütün bunlar elə yazda gül-çiçəyin bitməsi, payızda yağmurun səpməsi, qışda sazağın-qarın düşməsi kimi öz-özünə baş vermir.
Bu yolda can qoyanlar var, saza, aşıqlığa yeni həyat verənlər var, sazın, aşıqlığın yurdun dörd bucağında əvvəlki yüzillərdən də artıq and yerinə çevrilməsinə səbəbkarlar var.
Çingiz Mehdipur həmin böyük yolun fədakar yolçularındandır.
O, həmişə sazlı-sözlü olmuş Qaradağ mahalında, Kəleybər şəhərinin Şıx Həsənli kəndində 1961-ci ildə doğulub. Saz onun həyatında uşaqlığından vardı. Əmisi aşıq Eynulla mahalın tanınmış el sənətkarklarlndan idi. Çingiz böyüyüb musiqiçiliyi özünə məslək olaraq seçməsə də, aşıqlığa başlanmasa da, nəsil ənənəsiylə evində sazı da olacaqdı, hərdən çalıb-oxuyacaqdı da.
Fəqət Çingiz ayrı bir zamanın balası idi və o dədələri edən aşıqlıqdan edə bilməzdi.
Yeni zamanın sazdan başqa umacaqları vardı.
Bu umacaqların nədən ibarət olduğunu hiss etdiyindəndir ki, Çingiz əvvəlcə musiqinin nəzəri əsaslarını öyrənməyə başladı.
1977-ci ildə Tehrana yollandı, pytaxtda əsaslı musiqi təhsili aldı.
1989-cu ildə Təbrizə qayıdanda bildikləri nə qədər çox idisə də, yenə öyrənmək ehtiyacı hiss edirdi.
Bir müddət bu bilik aclığını ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsi dərsləri almaqla toxtatdı.
Sonra özünün saz-aşıq mçəktəbini yaratdı, 1992-ci ildən fəaliyyətə başlayan həmin məktəbə Cənubi Azərbaycanın hər yanından təhsil almağa, sazın, aşıqlığın, dastançılığın sirlərini mənimsəməyə axın-axın gənclər gəlməyə başladı.
Bu mühümdən-mühüm işini görə-görə Çingiz Mehdipur "Qopuz məktəbi və onun elmi öyrənməsi", ardınca isə nota köçürdüyü 36 məşhur el əsərinin yer aldığı “Aşıq havaları” kitabını yazdı.
Çingizin ilk dəfə araya-ərsəyə gətirdiyi “Saz məktəbi” kitabı Təbrizdə də nəşr edildi, Bakıda da. Orda da , burda da dərslik kimi istifadə edilməyə başladı.
Çingiz Mehdipurun yaratdığı “Dalğa” musiqi qrupu İrandan tutmuş Avropa ölkələrinəcən çox səhnələrdə çıxış edib və həmişə də alqışlar selinə bürünüb.
Ancaq “Dalğa” ən böyük faydasını məhz yarandığı Cənubi Azərbaycanda, İranda verib.
“Dalğa” və Çingiz Mehdipurun “Rövşən” saz-aşıq məktəbi məmləkətdə ana dilində məktəbin, təhsilin olmadığı vaxt kəsiyində çiyninə elin məktəbi olmaq kimi ağırdan ağır, məsuldan məsul vəzifəni götürərək şərəflə xidmət göstərməkdədir.
...Dil boğaza qoymayan saxta söz pəhləvanalrını, ortada yeyib qıraqda gəzən və millət naminə əlini ağdan qaraya vurmağa can çəkən, hay-küyü isə aləmi başına alanları çox görmüş dahi Cəlil Məmmədquluzadə: “Əməl, əməl, əməl!” söyləyirdi.
Çingiz Mehdipur kimi zəhmətkeş, çalışmaqdan usanmayan, xalq naminə əməkləri özünə şüar etmiş qiymətli Vətən balalarını, onların inadcıl səylərinin gün-gün artan bəhrlərini gördükcə istər-istəməz millətin taleyindən nigaran ustad Mirzə Cəlilin məşhur çağırışına xırdaca əlavə keçir ürəkdən: Əməl, əməl, əməl və yenə də ƏMƏL !

23.08.19

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook