RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Xeyirxahlıq səfiri Sen 02, 2018 | 21:18 / Yeni nəşrlər

Ramiz Abutalıbovun təqdimində Əlimərdan bəy Topçubaşovun Paris arxivinə daxil olan sənədlər toplusunun 4-cü cildinin nəşri münasibətilə

O xidmətlər ki, Ramiz Abutalıbov bu gün edir, onların bənzərlərini bütün bu işlərin rəsmən siyasi mahiyyətli dövlət qulluğunda çalışan bir sovet məmuru tərəfindən görülməsinin təxminən mümkünsüz, hətta təhlükəli olduğu illərdə də yerinə yetirirdi. 
UNESCO-da SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq çalışarkən Azərbaycan siyasi mühacirətinin canlı klassik olan nümayəndələri ilə təmaslar qurmaq, onları Azərbaycan sarı yönəltmək, arxivlərini toplamaq, bir neçəsinin Azərbaycana dəmir sovet pərdəsinin mövcud olduğu çətin əyyamlarda gəlişi üçün icazələrin alınmasına vasitəçilik etmək Ramiz müəllimin müstəsna səyləri ilə gerçəkləşmişdi.
Avropadakı qərib məzarlarımıza qayğının vacibliyi ənənəsini yaradan da Ramiz Abutalıbovdur. 
Bu gün məmnuniyyətlə Azərbaycana səfərlər edən, fəxrlə "azərbaycanlıyam" deyən neçə avropalı məşhura 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində usanmadan müraciətlər edərək onlara mənsub olduğu soykökü xatırladan, Azərbaycan naminə hansısa işlər görməyə inadla səsləyən, çox zaman biganəliklə qarşılasa da, inadından dönməyən, nəcib fəaliyyətlərini davam etdirən də Ramiz müəllim idi. 
1990-cı ilin yanvarında Bakıya sovet ordusunun qanlı təcavüzü baş verərkən nəinki bütün karyerasını, hətta həyatını belə risk qarşısında qoyaraq Ramiz Abutalıbov başında ağlı olan heç bir sovet məmurunun etməyəcəyini edirdi, ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün Fransada qapılar döyürdü, Bakıda xalqımıza qarşı tördəilən Kreml cinayətinin Parisdə televiziya ekranlarından aləmə car çəkilməsi üçün fədakar mübarizələr aparırdı, bu iş üçün ailəsinin rifahına sərf edə bilcəyi şəxsi vəsaitlərini də əsirgəmirdi.
Əlimərdan bəy Topçubaşovun Paris arxivlərinin əldə ediləməsi üçün onun hələ 1990-cı illərdən apardığı və məni də cəlb etdiyi axtarışlar da gözümün qarşısında baş verib. 
Avropadakı siyasi mühacirətimizin bir çox qiymətli qocaman təmsilçiləri ilə hələ məni uzaq 1990-cı illərin ortalarından etibarən tanış etməyə başladığına görə də Ramiz müəllimə minnətdaram.
İndi onların demək olar ki, hamısı həyatdan gedib. Amma vaxtında başlanan təmaslarımız ona bais oldu ki, bir çox arxivləri xilas edib Vətənə gətirə bildik, o insanların xatirələrini, bildiklərini yazılaşdırdıq, lentə aldıq, tarix üçün hifz edə bildik. 
Mən Ramiz müəllimlə 1970-ci illərin sonlarından, tələbə vaxtlarımdan tanışam və təqribən 40 illik bir müddəti əhatə edən uzun dövr ərzində həmişə onu millətinə, yurduna son dərəcə sadiq və sabit insan kimi tanımışam, sevmişəm. 
Bir an da bekar dayanmayan, dəyişən havalara bənd olmadan ruhdan düşməyən, fayda verə bilcəyi qədər fayda verməyə daim can atan yorulmaz insan. 
Xatırlayıram ki, unudulmaz Heydər Əliyev də ona ehtiramla yanaşırdı, sözünə etibar edirdi və məhz Ramiz müəllimin təklifləri ilə siyasi mühacirlərimizin bir neçəsi ilə bağlı həm sovet dövründə, həm də müstəqilliyimizin ilk illərində müəyyən xoş niyyətlərin həyata keçirilməsinə tərəddüdsüz dəstək vermişdi. 
Bircə ona təəsssüf edirəm ki, Fransadakı ilk səfirimiz Ramiz Abutalıbov olmadı. 
Onsuz da Ramiz müəllim elə Fransada və Avropada qeyri-rəsmi səfirimiz kimi idi, onsuz da çox işlər görürüdü. Lakin rəsmən fövqəladə və səlahiyyətli status da qazansaydı, zənnimcə, indi bizə bəlli olanlardan qat-qat çoxlu və daha yaxşı işlər görə bilərdi. 
Çünki həmin vaxt kəsiyinin özü çox mühüm idi. 
Yalnız zaman dəyişmirdi, nəsillər də dəyişirdi, sonrakı daha sıx Fransa-Azərbaycan əlaqələrinə dayaq, təkançı ola biləcək və Ramiz müəllimlə yaxın münasibətləri olanların əksəri hələ sağ idilər.
Yadıma gəlir 1995-ci ilin martında ozamankı Xarici İşlər naziri, təcrübəli dövlət adamı Həsən Həsənovla birgə Paris səfərimiz. 
Onda Ramiz müəllim bizim Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir idi.
Elə ilk günlərdəncə hiss etdim ki, oradakı Azərbaycan diasporunun nümayəndələri Ramiz müəllimə nə qədər bel bağlayırıar, ona necə simsar kimi baxırlar. 
O vaxt Ramiz müəllim məni bir cavanla tanış edərək söylədi ki, əslən Cənubi Azərbaycandan olan Məmmədəli Tacəhmədi Azərbaycan dilinin izahlı lüğəti üzərində işləyir, bununla əlaqədar tez-tez kitablara, mənbələrə ehtiyacı yaranır, sən də imkanın daxilində köməyini əsirgəmə. 
Mən də illərcə xüsusi tapşırıqlar üzrə səfirin bu xeyirxah tapşırığına ürəklə əməl etdim. 
Bir neçə ay öncə indi Moskvada yaşayan Ramiz müəllim mənə Azərtacın bir xəbərinin surətini yollayıb ki, bəs Məmmədilinin ömrün onillərini sərf etdiyi cildlər Türkiyədə işıq üzü görüb. 
Sözümün canı ondadır ki, Ramiz Abutallbov bu qədər sabitqədəm, millət üçün gərəkliliyini duyduğu işlərdə bu qədər ardıcıllıqla diqqətlidir.
Ramiz Abutalıbov xoşbəxt adamdır.
Çünki başqa biz çoxlarının da qazana bildiyi fövqəladə və səlahiyyətli səfir, xüsusi tapşrıqlar səfiri, xoş məramlar səfiri, sülh səfiri və digər rəsmi elçi rütbələrindən ona ən şərəflisi nəsib olub.
Vətəninə və Millətinə Xeyirxahlıq Səfiri olmaq!
Və Ramiz Abutalıbov bir ömürdür ki, bu milli və vicdan vəzifəsinə ləyaqətlə əməl edir. 
İstiqlal tariximizə ayna tutan daha bir nəşrdə, Əlimərdan bəy Topçubaşovun Paris arxivinin əks olunduğu 4-cü cilddə imzasının varlığı münasibətilə əziz Ramiz müəllimi təbrik edirəm. 
Fürsət düşmüşkən bu bir neçə sətri də ona görə yazdım ki, gələcəkdə dəyərli dost və məsləkdaş Ramiz Abutalıbov barədə hökmən yazacağım daha geniş bir esseyə vaxtı yetişəndə qığılcıma çevrilsin.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook