RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib Sen 25, 2018 | 09:52 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın ortalarında Strasburqda baş tutacaq payız sessiyası ərəfəsində qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil, mədəniyyət və mətbuatın bir sıra aktual problemlərinin müzakirə edildiyi bu toplantıda AŞPA deputatları ilə yanaşı, Gürcüstandan da müxtəlif sahələr üzrə ekspertlər iştirak ediblər.

Toplantıda ən geniş müzakirələr və maraq doğuran mövzulardan biri “Avropanın qeyri-maddi mədəni irsinin qorunması və gücləndirilməsi” olub.

Həm siyasi, həm mədəni baxımdan yetərincə həssas olan həmin məsələ ilə əlaqədar müzakirələrdə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, mahiyyəti etibarı ilə qeyri-maddi mədəni irs bilavasitə xalqların ruhu ilə bağlı dəyərlər silsiləsidir. Qeyri-maddi irs nümunələri bir xalqın, millətin simasını, özlüyünü müəyyənləşdirən incilərdir. Eyni zamanda, ortaq qeyri-maddi irs nümunələri də var ki, doğma, qohum insanlar bir-birinə bənzəyən kimi belə nümunələr də məhz xalqlar arasındakı yaxınlığın, bənzərliyin, tarixi ortaqlığın göstəricisidir. Bu baxımdan Azərbaycan çox zəngindir.

Deputat deyib: “Azərbaycanın UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi irs nümunəsi var. Bu sırada Azərbaycan muğamı və aşıq sənəti, Azərbaycan tar ifaçılığı, Çövkən oyunu, Novruz bayramı, Lahıc misgərliyi, lavaş ənənəsi, kəlağayı mədəniyyəti və digərlərini qeyd etmək olar. Daha bir neçə əhəmiyyətli qeyri-maddi irs nümunəsi isə qeydəalma prosesindədir. Bütövlükdə isə Azərbaycanın gələcəkdə UNESCO siyahılarında yer almalı onlarla dəyərli qeyri-maddi irs örnəkləri mövcuddur”.

Daha sonra akademik Rafael Hüseynov avropalı deputatların diqqətini Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə yönəldərək bunun bir çox başqa sahələrə olduğu kimi, mədəniyyətə, konkret olaraq, qeyri-maddi mədəni irsə vurduğu ağır zərbələrdən danışıb: “Bu gün Avropa Şurasının qeyri-maddi mədəni irsi qorumaq və gücləndirmək üçün səyləri birləşdirməyə çağırdığı əsnada mən son dərəcə narahatedici və kədərli bir məqama da diqqət yönəlməyi vacib hesab edirəm. Dünyada və Avropada qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. Bunun nə qədər ağır faciə olduğunu gündəlik müşahidələrim əsasında öz xalqımın taleyindən bütün acısı ilə dərindən bilirəm. 300 mindən artıq azərbaycanlı artıq 30 ildir ki, Ermənistan ərazisində tarixən yaşadığı torpaqlardan deportasiya edilib. Bununla da Ermənistan hələ Azərbaycan ərazilərini zəbt etməzdən daha əvvəl Göyçə mahalındakı Azərbaycan mədəni mühitini işğal edib. 1990-cı illərin əvvəllərində isə 700 minə yaxın insan yenə təcavüzkar Ermənistan və onlara dəstək verən qüvvələr tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı daha 5 Azərbaycan rayonundan zorla çıxarılaraq öz vətənində məcburi köçkünə çevrilib. Bu gün yüz minlərlə belə müdhiş həyat yaşayan insan ortaq evimiz olan Avropanın başqa ölkələrində də var. İnsan öz doğulub böyüdüyü mühitdən uzun illər boyu ayrı düşəndə axı həm də onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən aşınmaya uğrayır, dağılır, unudulur, məhv olur. Fəlsəfi etibarı ilə isə bu, təcavüzkarların elə insanlığa qarşı cinayət törətməsi deməkdir”.

Milli Məclisin deputatı sonda həm Avropa Şurasını, həm UNESCO-nu qeyri-maddi irsi daha səylə qorumağa, ona xələl gətirməyə, məhv etməyə yönəlmiş fəsadların qarşısını almağa çağırıb: “Düşünürəm ki, Avropa Şurası və ilk növbədə, UNESCO hərbi münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə qarşı-qaşıya qalan qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişaf etdirilməsi istiqamətində ciddi və miqyaslı iş aparmalıdır. İndi dünyada çoxlu ölü və ölüb getməkdə olan dillər var. Hansısa tayfalar, xalqlar yaşayır, tükənib yox olur, onların dilləri də beləcə ömrünü başa vurur. Lakin münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar ömrünü hər halda davam etdirir. Onlar, sadəcə, vaxtilə Ermənistanda, öz tarixi torpaqlarında, Göyçə mahalında yaşamış azərbaycanlılar kimi doğma mədəni mühitlərini itirirlər. Qaçqına çevrilən insanlar müxtəlif yerlərdə sığınacaq tapdıqları üçün onların bir-biri ilə təmasları qırılır. Bu minvalla, tədricən ortaq mühitdə, onların daim sıx ünsiyyətdə olduğu məkanda mövcud olan qeyri-maddi mədəni irs nümunələri də yox olur. Elə həmin ömrünü başa vuran dillər kimi ölür. Gözəlliklər ölür və bu çox acınacaqlıdır. Ona gərə də yaşamaq haqqı olan belə inciləri qorumaq, onlara qarşı olan təcavüzlərə son qoymaq mötəbər beynəlxalq təşkilatların ali vəzifəsi və borcudur”.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook