RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Deputat: Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması üçün Tunisin yeni səy və çağırışlarının şahidi olacağıqmı? Okt 10, 2018 | 13:54 / AŞPA məruzələr

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Tunisin xarici işlər naziri Khemaies Jhinaouinin çıxışı dinlənilib. Tunisli nazirin çıxışından sonra parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Tunisin xarici işlər nazirinə sualla müraciət edib.

Azərbaycan-Tunis diplomatik münasibətlərinə, ikitərəfli səmərəli əlaqələrlə bərabər hər iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində birgə fəaliyyətinə toxunan R.Hüseynov İƏT-in Ermənistanın ölkəmizə qarşı təcavüzünü qətiyyətlə pislədiyini, bununla bağlı qətnamələr qəbul etdiyini, işğal olunmuş torpaqlarımızın dərhal və qeyri-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mütləq və şərtsiz yerinə yetirməsini tələb etdiyini xatırladıb.

“İƏT-in bu sənədlərinin altında sizin ölkənin də imzası var və haqqı müdafiə etdiyinizə görə bir daha sizə təşəkkür edirəm. Təəssüf ki, həmin işğal və terror hələ də sona çatmayıb. Sizin ölkəniz də həm təcavüzdən, həm də terrordan az əziyyət çəkməyib. Ona görə də təbii ki, bizi daha yaxşı anlayırsınız. Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulması istiqamətində Tunisin yeni səy və çağırışlarının şahidi olacağıqmı?”, - deyə R. Hüseynov soruşub.

Tunisin xarici işlər naziri Khemaies Jhinaoui ölkəsinin beynəlxalq təşkilatlar çərçivəsində götürdüyü öhdəliklərə və imzaladığı sənədlərə sadiq olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəsi həmin sənədlərin işləməsini və hədəflərinə çatmasını istəyir.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, ölkəsi problemin danışıqlar vasitəsi və sülh yolu ilə həllini arzulayır. Tunis istəmir onun ərazisinə müdaxilə edilsin. Eyni zamanda, digər ölkələrin bir-birinin ərazisinə müdaxilə etməsini də istəmir.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook