RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Bizə doğru kitab gəlir Okt 15, 2018 | 14:27 / Görüşlər

Onunla son illərdə tez-tez görüşürük. 
Həm Azərbaycanda, Bakıda, həm də hər növbəti AŞPA sessiyasına yollananda Strasburqda.
Jerar Kardon tanınmış fransız yazıçısıdır, 40-dan artıq kitabın müəllifidir. 
O, 2001-ci ildən bəri müntəzəm gedib-gəldiyim, mənimçün simsarlaşmış Strasburq şəhərindəndir.
Elə təhsillərini də öz şəhərində alıb. 
“Təhsillər”ini deyərkən mən (musiqi”ni “musiqilər” kimi cəmləşdirənlərin yolu ilə getmirəm), nəzərdə tuturam Jerar Kardonun həm buradakı Bartoldi litseysində oxumasını, həm də Strasburq universitetində ali təhsil almağını.
Jerar Kardon son dərəcə fəal, dinclik bilməyən, daim öyrənməyə, işləməyə aludə, yazıb-yatamaqdan həzz alan sanballı yazıçı, jurnalisdir.
Yazarlığından əlavə ictimai yükü də az deyil – “Beynəlxalq Reyn Dərnəyi”nin prezidentidir.
Axır illərdə Jerarın Azərbaycana vaxtaşırı səfərlərinin səbəbi çoxdan bəri həvəslə üzərində işlədiyi yeni kitabdır.
Əslində bu bir yox, iki kitab olacaq. Yəni roman dilogiya.
Fransız yazıçısının qələmindən çıxacaq bu əsərin necə əhəmiyyətli olması haqda, zənnimcə, əlavə bəhs etməyə lüzum yoxdur. 
Əvvələn, Azərbaycana rəğbət və məhəbbətlə bir avropalının imzası ilə işıq üzü görəcək həmin əsər yurdumuzu və millətimizi parlaq, sayğıya layiq cəhətləri ilə həm Avropaya, həm də bütün dünayada bir az da yaxşı tanlqtmaq baxımından ciddi əks-səda oyadacaq.
İkincisi də, bu kitab başqa bir yerdə yox, məhz Parisdə nəşr ediləcək, tarixə məşhur bir farnsız yazıçısının Azərbaycan sevgisi ilə dolu əsəri kimi daxil olacaq.
Fransa zəngin mədəniyyəti, böyük ədəbiyya tı, tarixdə əbədi yaşayan fırça, tişə və qələm ustaları bol olan sevməli bir ölkədir. 
Bu məziyyətlri ilə də bizə çox doğma, yaxındır.
Lakin Fransa yalnız dünyanın mədəniyyət paytaxtalarının əsaslarından deyil, bura həm də dünya siyasətinin başlıca mərkəzlərindəndir.
Özünüz bilisiniz ki, bu sarıdan kasadlıq duymaqdayıq. Və ayrı bir təfərrüat da əksəriyyətə yaxşıca bəllidir ki, dünya boyu səpələnmiş hansı xalqın təmsilçiləri bir əsrdən də uzun müddətdə Fransaya necə daraşıblar, burada necə lövbər atıb kök salıblar, necə hər dəlmə-deşiyə sarmaşaraq öz siyasətlərini aparmağa və irəlilətməyə müvəffəq olublar, nə təhər fransızlara öz haqlarında öz işlərinə yarayan, özlərinə lazım olan yalan-doğru fikirləri həqiqətin ən yüksəyi kimi cild-cild kitablara dolduraraq yazdırmağı və nəşr etdirməyi bacarıblar.
Odur ki, bizim də sözümüzü deyən Jerar Kardon kimi ədalətli, tərəzinin gözlərini əyməyən, doğrunu yazan, özü də hansısa nəcib sözü də dilə ağızucu, minnətlə, əmma qoyaraq gətirməyən, əksinə, könül səxavəti ilə ifadə edən, gerçəkləri sevərək çatdıran etibarlı dost deyə biləcəyimiz qələm sahibinə ehtiyacımız çoxdur.
Jerara və yeni-yeni Jerarlara!
Jerar Kardonun iki cilddən ibarət nəzərdə tutduğu romanının birinci kitabında iki gənc – bir qız, bir oğlan Azərbaycan boyu səfərdədir. Bu səfər əsnasında onların əvvəlcə rəsmi olan davranışları, tədricən istiləşərək səmimi dostluğa, daha sonra isə qaynar məhəbbətə çevrilir.
Qəhrəmanlarını qurduğu maraqlı süjetin yönəltməsiylə odlar diyarını şəhər-şəhər, kənd-kənd gəzdirən müəllif bu gedişatda Azərbaycan xalqını bütün əzəməti, istedadı, zəhmətsevərliyi, cəsurluğu, genişqəlbliliyi ilə tərənnüm edir.
Yəni bu cild bir növ Azərbaycannamə olcaq. 
Yurdumuzu qarış-qarış, xalqımızı insan-insan istənilən ensiklopediyadan daha dürüst, daha inanımlı bir tərzdə əcnəbiyə tanıdacaq cəlbedici hekayət!
Birinci cildn yazılıb tamamlanmasına az qalır, amma bununla paralel olaraq oxucusunu qaçqınların və məcburi kökünlərin çətin həyatına, Qarabağın könül dünyasına səyahətlərə aparacaq növbəti cild üzərində də yorulmadan, usanmadan iş gedir.
Jerar Kardonun elə mənimlə də mütəmadiləşmiş görüşləri bizə doğru yol gələn həmin qoşa kitabla bağlıdır.
Hər görüşəndə doğulacaq kitabla bağlı məsləhətləşmələr aparırıq, müəyyən mövzular, süjetlər, mənbələrlə bağlı fikir bölüşürük.
Gücüm nəyə çatır edirəm , çünki bu əsərin Azərbaycan üçün yetərincə fayda gəriəcəyinə əminəm.
Azərbaycana gərək olan hansısa xeyirxah işə lap iynə ucu boyda dəstək olmaqsa, həm savabdır, həm də borc!
Bu totolarda da Jerarla birgəyik. Şəkillərdən üçü bu yay çəkilib, onun Azərbaycana son gəlişi əsnasında, qalanları isə lap az öncə -- oktyabrımn 12-də, mənim Strasburqa axırıncı səfərim vaxtı...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook