RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Deputat Rafael Hüseynov Stalin qurbanlarını axtarmaq üçün komissiya yaratmağa çağırdı Okt 24, 2018 | 21:09 / Mətbuatda çıxışlar

“Mən çox arzulayıram ki, Müşfiqin nəşinin qalıqlarının tapılması ilə bağlı ehtimal həqiqətə çevrilsin.  Bu son dərəcədə həssas məsələdir və çox diqqətli araşdırma tələb edir. Amma istənilən halda bu məsələ bizi səfərbər edir ki,  qətlə yetirilmiş şəhid yazıçılarımızın, şairlərimizin, alimlərimizin itkin məzarlarını aşkarlamaq üçün komissiya yaradılsın, axtarışa başlanılsın”.

Bunu virtualaz.org-a açıqlamasında  Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov deyib.

Xatırladaq ki, azərbaycan əsilli məşhur rusiyalı milyarder Fərhad Əhmədov virtualaz.org-a açıqlamasında atası Teymur Əhmədovun qalıqlarını axtararkən bu işə cəlb olunmuş qrup tərəfindən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar edildiyini bildirmişdi. Saytımız bu qalıqların tədqiq edilməsi və Müşfiqə məxsuluğu DNK analizi ilə təsdiqlənərsə layiqli şəkildə dəfn edilməsi, şairin memorialının yaradılması üçün ictimai kampaniya başladıb.

Rafael Hüseynov əlavə edib ki, Müşfiq kimi böyük insanlar hətta cəsədi və ya  cəsədinin qalıqları ilə böyük ideyalara müsbət təkan verə bilirlər: “Bu qalıqların Müşfiqə aid olub-olmaması başqa məsələdir. Amma istənilən  halda ideya yaranır ki, o dövrdə qurban olmuş böyük insanları axtaraq. Əhməd Cavadı, Salman Mumtazı və onlar kimi Azərbaycanın digər görkəmli şəxsiyyətlərini axtaraq”.

R.Hüseynov 1920,  1930 və 1940-ci illərdə sovet repressiyasının qurbanı olmuş alimlər, ziyalılar, qələm sahibləri ilə bağlı araşdırma aparmış şəxslərdəndir. Təkcə Azərbaycanda deyil, Rusiyada, Orta Asiyada keçmiş Dövlət Təhlükəsizliyi  Komitəsinin arxivində saxlanılan yüzlərlə sənədlə tanış olub.

Rafael Hüseynov danışır:  “Onlarla, yüzlərlə işlə tanış olandan sonra  artıq proseslərin necə getməsi ilə bağlı müəyyən təsəvvürlər yaranır. Təsəvvür edin, müstəntiqlər bəzən bir gün ərzində 10 nəfəri dindirməli olurmuşlar, müstəntiqlərin hamısı savadlı deyillərmiş. Amma çox səliqəli xətlə protokollar tərtib ediblər, müxtəlif sənədləri toplayıblar. O şəxsiyyətlərin haqqında bir çox həqiqətləri cinayət işlərindəki məlumatların əsasında bərpa etmək mümkün olub. Güllələnməyə məhkum olanların işlərində hökmün yerinə yetirilməsi ilə bağlı aktlar da var. Amma baxdığım onlarla, yüzlərlə işin içində güllələnənlərin harada və necə dəfn olunması ilə bağlı sənədə rast gəlməmişəm”.

Akademik hesab edir ki, Müşfiqə aid olduğu ehtimal edilən qalıqların ortaya çıxması əslində bir çox ideyaların həyata keçirilməsi üçün başlanğıc ola bilər. Yəni bu hadisə itkin məzarlar, eləcə də  naməlum məzarlar haqda bir daha düşünməyə əsas verir.

“Bəzən elə olub ki, bir gün ərzində bir neçə nəfəri qətlə yetiriliblər. Məsələn, 1937-ci ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan tarixi üçün son dərəcə faciəli bir tarixdir. Həmin gün Azərbaycanın ən görkəmli ziyalıları – Əhməd Cavadı, Məmmədkazım Ələkbərlini, Bəkir Çobanzadəni güllələyiblər. Ola bilər ki, həmin gecə daha çox adamı qətlə yetiriblər”, -R.Hüseynov bildirib.

Təbii ki, eyni ərəfədə qətlə yetirilən şəxslərin fərdi məzarlarda basdırılması inandırıcı görünmür. Komitə sədri deyib ki, Stalin repressiyasının  qurbanı olmuş şəxslərin ailələri ilə söhbət edib. Onlar baş verənlər haqda eşitdikləri, yaxud rəvayətlər, şəiyələr əsasında danışıblar. Belə versiya irəli sürülüb ki, güllələnənlərin bəzilərini istifadədən çıxmış neft quyularına atıb basdırırmışlar, yəni qardaş məzarlığı, topa ilə basdırmaq ənənəsi olub.

“Ola bilər ki, kimlərisə tək-tək də basdırıblar. Düşünürəm ki, repressiya qurbanlarının məzarının tapılması üçün komissiya yaradılmalıdır, Müşfiq və həmçinin digərləri də araşdırılmalıdır. Bununla bağlı real məlumatı Dövlət Təhlükəsizlik Xidmətindən almaq olar. Təbii ki, onların arxivlərində güllələnmiş şəxslərin necə dəfn edilməsinə aid materiallar olacaq. Bu məlumatlarla qardaş məzarlarının axtarılmasının izinə düşmək olar”, -Rafael Hüseynov deyib.

Milli Məclisin deputatı təklif edib ki, qalıqlar Müşfiqə məxsus olmasa belə Stalin repressiyasının qurbanlarının ortaq bir məzarı  olsun. Əgər ortaq məzarların biri-ikisi tapılarsa onların nəşi, qalıqları Fəxri Xiyabana köçürülsün. Fəxri Xiyabana gedənlər məzarın qarşısına gül qoya, ruhlarına salam göndərə bilsinlər…

azinforum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook