RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Köhnə Bakını anlarda yaşadan sənətkar - Fotoqraf Lavrenti Georgiyeviç Breqadzenin nəvəsi ilə görüş + Foto Sen 13, 2017 | 15:24 / Görüşlər

O, sadə bir peşənin sahibi olub – fotoqraf! 
Amma yaşadığı illəri, peşəkarlığının ali səviyyəsini və bizə yadigar qoyub getdiyi irsi göz önünə gətirəndə bu insanın adının-soyadının yanında “sadə” kəlməsini yazmağa əlim gəlmir.
Lavrenti Georgiyeviç Breqadze (1876-1967) Bakıda XX əsrin ilk onuillkilərində yaşayıb. 
İndiki Fəvvarələr meydanında, bir vaxtlar “Nərgiz” kafesinin yerləşdiyi məkanda ikimərtəbəli bina varmış. Həmin tikilinin ikinci mərtəbəsində məşhur fotoqraf Breqadzenin atelyesi yerləşirmiş.
Unudulmaz xalq şairi Süleyman Rüstəm (1906-1989) mənə həmin foto-atelyeni elə dəqiq, canlı təsvir etmişdi ki, sanırdım sanki orda özüm də olmuşam.
1987-ci ildə ilk dəfə işıq üzü görən “Vaxtdan uca” kitabımda mən 1927-ci ilin dekabrında Bakıda qonaq olan Vladimir Mayakovskinin Hüseyn Cavid, Süleyman Rüstəm və daha bir neçə nəfərlə Breqadzenin emalatxanasına gəlmələrini, orada şəkil çəkdirmələrini təsvir etmişdim. 
Sonralar müxtəlif arxivlərdə işlərkən Lavrenti Breqadzenin 1910-20-30cu illər Bakısının həyatından tarix üçün əbədiləşdirdiyi neçə gözəl fotoyla rastlaşmış, şəhərimizin fotosalnaməsini yaratmış nadirlərdən olan bu insana ürəyimdən həmişə minnətdarlıq hissi keçmişdi. 
1924-cü ildə Sergey Yeseninin Bakıda çəkilmiş və şairin, zənnimcə, elə axırıncı fotoportretlərinin də müəllifi Breqadze olub.
Lavrenti Breqadze portret ustası idi. 
Danışırlar ki, kübar ailələrin qadınları fotolarını məhz Breqadzenin çəkməsini çox arzularmışlar. 
Kompüter texnologiyalarının çox gələcəkdə olduğu, fotoşop anlayışının hələ meydana çıxmadığı, hətta retuşun belə hər fotoçu tərəfindən tətbiq edilmədiyi XX əsrin əvvəllərində fotoqraflığından savayı həm də yaxşı rəssam olan Lavrenti Breqadze çəkdiklərini çap etməzdən, kağıza köçürməzdən əvvəl onların üstündə zərgər dəqiqliyi ilə işlərmiş. 
Bəzən qəhrəmanlarının geyimini dəyişər, qurduğu kompozisiyalara müəyyən aksessuarlar əlavə edər, sifətdəki artıq ləkələri, çapıqları götürərmiş. 
1920-30-cu illərdə Azərbaycan mətbuatı da onun xidmətlərindən tez-tez istifadə edərmiş.
Azərbaycanda ilk fotoreportajlar çəkən sənətkarlardan biri də Lavrenti Breqadzedir. Hələ obyektivlərin indiki mükəmməliyinin fantastika sayılacağı, panoram çəkiliş imkanlarının olmadığı vaxtlarda Breqadze hansısa şəhər mənzərələrini hissə-hissə lentə alar, çəkdiklərini montaj edərək qovuşdurar, yaxşı əl qabiliyyəti olduğundan onları bir-birinə elə calaq edərmiş ki, 3-4 kadrdan ibarət foto nəticədə bütöv bir şəkil kimi qavranılarmış.
Bakı su kəmərinin tikintisi, Aleksandr Nevski prospektinin sökülməsi, Bakı Dəmir yol vağzalı, Bakı küçələri, Bakı şəhərində konka, Qara şəhər, Filarmoniyanın binası, Dağüstü park və digər fotosilsilələr əziz şəhərimizin bizə Breqadzenin əmanət etdiyi tarix anlarıdır.
Lavrenti Breqadzenin İosif adlı (1904—1982) bir oğlu olub. 
Bakıda doğulub, burada Tibb institutunu bitirib, mahir cərrah imiş. Həm də alim olub, elmlər doktoru, professormuş. 
İosifin 2 oğlu – Yuri (1935-2017) və Vladimir Breqadzelər elmə bağlanıblar. Birincisi fizik, digəri kimyaçı olub. Hər ikisi elmlər doktoru, professor.
1992-ci ildə mən Bakıdan Moskvaya uçurdum. 
Binə hava limanında kimyaçı alim Telman Ağdamski-Bədəlbəyli ilə rastlaşdım. 
Telman müəllim Azərbaycan mədəniyyətinin nadir simalarından olmuş, 1908-ci ildən, xalası oğlu Üzeyir bəyin “Leyli və Məcnun”unun yaranmasından ta 1920-ci illərə qədər bütün milli opera və operettalarımızda baş qadın rollarını ifa etmişdir. 
Telman müəllim o vaxt məni görəndə çox sevinmişdi. 
Sən demə hava limanına Moskvaya gedən bir tanışla rastlaşmaq arzusu ilə gəlibmiş. 
Doktorluq dissertasiyasının əlyazmasını poçt vasitəsilə bir az gec olar, həm də itib-batar ehtimalı ilə etibarlı adam vasitəsilə əlbəəl yollamaq istəyirmiş.
Söylədi ki, Domodedovada “Breqadze” yazılı lövhəciklə bir nəfər gözləyəcək, bağlamanı ona verərsiniz.
Moskvaya enincə, həmin lövhəciyi əlində saxlayan şəxsə yaxınlaşınca salamdan sonra ilk sözüm bu oldu ki, sizin vaxtilə Bakıda işləmiş fotoqraf Breqadze ilə nəsə əlaqəniz, qohumluğunuz varmı?
“Doğmaca babamdır”, – dedi.
Və beləcə təmaslarımız başlandı.
Vladimir İosifoviç Breqadze 1938-ci ildə doğulub. Rusiya Elmlər Akademiyasının A.N.Nesmeyanov adına elmi-tədqiqat institutunda 30 ildir ki, laboratoriya müdiridir. 400-dən artıq elmi əsərin müəllifi, araşdırmalarına görə SSRİ və Rusiya Dövlət mükafatları laureatıdır.
Bir neçə gün öncə Telman müəllim mənə zəng vurdu ki, professor Vladimir Breqadze xanımı ilə birgə Bakıdadır, burada keçirilən kimya problemləri üzrə beynəlxalq elmi konfransda iştirak edir və görüşməyi arzulayır.
Onları 2017-ci il sentyabrın 12-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinə dəvət etdim. 
Lakin həmin görüşün həm onunçün xüsusi bir tarixə çevrilməsi, həm də bizim bir dəstə sənətkarımız üçün unudulmaz dəqiqələr bağışlaması üçn Azərbaycanın bir neçə tanınmış fotoqrafı və sənət araşdırıcısını da həmin saata muzeyə çağırdım. 
Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənov, onun müavini Rauf Umudov, fotoqraflar Asim Talıbov, Ruslan Məmmədov, foto tarixi araşdırıcısı Bəhruz Hüseynov gəldilər. 
Əliboş da gəlmədilər.
Arxivlərdən köhnə Bakının fotoqrafı Lavrenti Breqadzenin çəkdiy maraqlı şəkilləri tapıb gətirmişdilər. 
Vladimir İosifoviçinsə onlara hədiyyəsi babası ilə bağlı tarix dolu xatirələri idi.
Dostum, böyük sənətkarımız Aydın Qaradağlının oğlu, "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) rəhbəri Vüqar Qaradağlıdan bu görüşün işıqlandırılmasını xahiş etdim. 
O da lütfkarlıqla təvəqqemizi qəbul etdi, bu görüşü tarixləşdirdiş
Çəkiliş qrupu göndərdi, elə həmin gün axşam “Xəbərlər”ində ayrıca süjeti efirə verdi və çəkiliş materiallarının surətini də muzeyin fonduna bağışladı.
Azərbaycan Fotoqraflar Birliyi isə Bakının fotosalnaməsini yaradanlardan olmuş qiymətli sənətkar Lavrenti Breqadzenin xatirəsinə ehtiram əlaməti olaraq onun nəvəsi, görkəmli alim, professor Vladimir İosifoviç Breqadzeyə Birliyin Fəxri üzvlüyünə qəbul edilməsi haqqında sənədi, eləcə də xüsusi hədiyyə – babasının Bakıda çəkdiyi, indi çoxlarına bəlli olmayan fotolardan birinin çərçəivəyə salınmış surətini təqdim etdi.
Və Vladimir İosifoviç Breqadze məndən bir xahiş də etdi. 
İstədi ki, babasının ayağı dəyən yerlərə qədəm bassın, bir zamanlar onun fotoemalatxanasının olduğu yerlərdə xatirə şəkil çəkdirsin.
Lavrenti Breqadzenin hər 2 emalatxanası ilə mənim iş yerim arasında isə göz qırpımlıq məsafədir – əvvəlinci emalatxanası Fəvvarələr meydanınında olub, o biri isə indiki “Vətən” kino-teatrının yanında. 
Beləcə, bizə tariximizin anlarını əbədi ərməğan etmiş Lavrenti Georgiyeviç Breqadzenin borcundan azacıq da olsa çıxdıq, biz də onun nəvəsinə öz etiraf etdiyi kimi “ömründə həmişəlik qalacaq təsirli dəqiqələr” bəxş etdik.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook