RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hər gün keçdiyim küçə və ya onlara alqış borcumuz + Foto Dek 08, 2018 | 18:33 / Mühüm hadisələr

Küçələr adamlara bənzəyir. 
Hər küçənin öz tarixi, öz taleyi. 
Cavanı var, yaşlısı var, hüsnünü illərcə qoruyub saxlayanı, görkəmi tez-tez dəyişəni var, çox adam keçəni, gediş-gəliş seyrək olanı var, təzə doğulanı, ömrünü başa vuranı var.
Hər şəhərin adətən bir, ya bir neçə əsas küçəsi də olur ki, hafizəsində çox insanların surətlərini, çox hadisələrin xatirəsini yaşadır.
İstiqlaliyyət Bakının 3-4 ən əsas, bu şəhərin siması sayılacaq küçəsindən biridir.
Paytaxtda ondan daha uzun, daha genuş küçələr varsa da, bura həmişə baş küçə, əsas küçə hesab edilib.
Çarlıq dönəmində bu küçənin adı Nikolayevski idi.
Bu adı küçəyə imperatorun şərəfinə vermişdilər.
Sonra bolşeviklər gəldi, küçə oldu Kommunist.
Müstəqillik qayıtdı, bu küçə döndü İstiqlaliyyətə.
Elə təkcə adı bu küçənin fərqli tarix kəsiklərində hansı hörmət-izzətə və nüfuza sahib olması barədə çox söz deyir.
Və tale elə gətirib ki, 47 ildir ki, mən Bakıda olduğum vaxtlarda hökmən hər gün bu küçədən keçirəm. 
Özü də bir yox, bir neçə dəfə.
Tələbəydim, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) təhsil aldığım şərqşünaslıq fakultəsi bu küçədə yerləşirdi. 
Hər gün dərsə gəlirdim, dərsdən gedirdim.
Elə birinci kursdaykən başqa bir ünvana da ayaq açdım – “Bakı” axşam qəzetində yazmağa başladım. Həmin redaksiya da İstiqlaliyyətin Niyazi (ovaxtkı Çkalov) küçəsi ilə kəsişməsində idi.
Tələbəlik illərindən Əlyazmaları institutu da mənimçün doğma ünvana çevrildi, başladım orada əski qaynaqlarla ilk təmaslarıma – o da həmin küçədə.
Universiteti bitirdim, təyinatımı Elmlər Akademiyasına verdilər. 
Baş elm ocağımızın rəyasət heyəti bu küçədə – İsmailiyyədə yerləşirdi.
Nizami muzeyində işlədim və işləməkdəyəm – o da bu küçədə.
Yalnız mən hər gün bu küçədən keçmirəm, elə bu küçə də bir ömürdür ki, hər gün mənim həyatımdan keçir.
Və bu küçədə istiqlalımızın, dövlət müstəqilliyimizin rəmzi olan 2 gözəl bina var. Biri Nizami muzeyi, digəri Əlyazmaları İnstitutu.
1918-ci ilin 16 sentyabrından, Bakı daşnaklardan, bolşeviklərdən və digər qəsbkar iştahlı tör-töküntülərdən təmizlənib azad edildikdən, paytaxt məcburiyyət ucbatından müvəqqəti olaraq seçilmiş Gəncədən Bakıya köçdükdən sonra hökumətimiz Metropol otelində – indiki Nizami muzeyində yerləşdi. 
İlk cümhuriyyətimizin nazirlər kabinetinin üzvləri burada həm yaşamağa, həm işləməyə başladılar.
Həmin il dekabrın 7-də isə vaxtilə Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi indiki Əlyazmaları İnstitutunun, keçmiş Qızlar məktəbinin binasında Məclis-i Məbusan – ilk milli parlamentimiz birinci iclasını keçirdi.
Bu il sentyabrın 16-da Hökumətin bizim binada yerləşməsinin 100 ili tamam olanda Nizami muzeyinin bütün kollektivini topladığım mərasimdə bircə-bircə o qurucu babaları andım, şərəfli yollarından, böyük əməllərindən, kədərli talelərindən danışdım.
Sentaybr ayının 21-də dünyanın müxtəlif ölkələrindən gəlmiş mötəbər qonaqların iştirakı ilə Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən möhtəşəm tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu və başlanğıcda ölkə başçımız həmişə olduğu kimi son dərəcə parlaq nitq söyləyərək milli parlamentarizmin bünövrəsini qoymuş insanların xidmətlərini xüsusi qeyd etdi.
Və həmin gün çıxış edənlər də əsasən xarici qonaqlar idi.
Lakin 7 dekabr parlamentimizin ad günüdür, Məclis-i Məbusanın birinci iclasının keçirildiyi tarix. 
Çox arzulayırdım ki, dekabrın 7-də Milli Məclisin bir iclası da Məclis-i Məbusanımızın 100 illiyinə həsr edilsin, başda Əlimərdan bəy Topçubaşı, Həsən bəy Ağayev olmaqla mübarizəli, sınaqlı illərdə millət naminə misilsiz fədakarlıqlar göstərmiş o nadir şəxsiyyətlər anılsın, unudulmamalı, ibrətli və şanlı tarix olan fəaliyyətlərindən danışılsın.
Belə bir iclasın keçirilməsi zəruriyyuətini mən Milli Məclisin 2018-ci il 30 oktyabr tarixli plenar iclasındakı çıxışımda da dilə gətirmişdim və təklif etmişdim ki, həmin iclasa deputatlarla yanaşı cümhuriyyət tariximizi araşdıran alimlər də dəvətli olsun.
Arzulayırdım ki, həmin gün, parlamentimizin 100 yaşının tamamında o millət fədailərini ayaq üstə, dəqiqələr boyu sürən minnətdar alğışlarımızla yad edək.
Dekabrın 7-sində Miılli Məclisin növbəti iclası olmağına oldu, mən isə həmin gün Bakıda deyildim.
Parisdə Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, elm, təhsil, media komitəsinin iclaslarında iştirak edirdim.
Həmin axşam Parisin mərkəzindəki Klaric (Claridge) mehmanxanasına baş çəkdim və bu otelin lap yaxınlığındakı kafedə şam etməyi qərarlaşdırdım.
Klaric otelinə getməyim səbəbsiz deyildi. Bura bizimçün məhrəm bir ünvandır.
Vaxtilə Məclis-i Məbusanımızın ilk sədri Əlimərdan bəy Topçubaşının başıçılıq etdiyi, Paris Sülh Konfransına gəlmiş ilk nümayəndə heyətimiz bu mehmanxanada yerləşmişdi. 
Ən müxtəlif ünvanlara yolladıqları rəsmi məktublarının hamısının sonunda məhz bu ünvan göstərilirdi.
Girdim otelə, 1-2 dəqiqə əyləşib onları məhəbbətlə, sayğı ilə yad etdim.
Az sonra isə lap yaxınlıqdakı – otellə eyni küçədəki, vaxtaşırı baş çəkdiyim Antrekot kafesində Millət Məclisimizin 100 yaşının bayramı münasibətilə Təməlçi, Qurucu Babalarımızın (“baba” deməyə də adamın dili gəlmir. Zavallılar hamısı Dədə kimi, Baba kimi müdrik düşünsələr də, cavanca insanlar idilər) SAĞLIĞINA badə qaldırdım.
Sadəcə şərəflərinə deyil, məhz SAĞLIQLARINA!
Çünki onlar mənimçün həmişə diridirlər! 
Və biz hamımız ONLARA əbədi borcluyuq və daim minnətdarıq.
İstisnasız olaraq hamımız!
Bütün Azərbaycan vətəndaşları!
Ən yüksək vəzifə tutanlarımız da, ən sıravi vətəndaşlarımız da.
Azad, müstəqil, sabaha inamla irəliləyən bir dövlət içərisində yaşayırıqsa, bu onların bizə ərməğanı və əmanətidir.
Bu istiqlalın, bu müstəqilliyin yaşaması naminə, bir xalq kimi var olduğumuz bütün müddət boyunca qazandığımız ən ali sərvətimiz olan bu dəyərlər nəbz kimi həmişə içərimizdə döyünsün, heç vaxt sönməsin deyə, bu üçrəngli bayrağın hər zaman ucala bilməsi xatirinə onlar keçilməsi çətin olan çox şeylərini qurban veriblər.
Həyatlarını, talelələrini, alilələrinin, balalarının, nəsillərinin rahatlığını, firavanlığını, öz evində, Vətənində yaşaya bilmək imkanını!..
Nələri var və nələri ola bilərdisə, hamısını fəda ediblər bu yolda!
Onları necə unutmaq olar?! 
Onları sevməməkmi olar?! 
Onlar hamısı müqəddəs şəhidlərdir, onlara qarşı soyuqluğu, bilməzliyi, biganəliyi Allah da götürməz!
Hamımızın boynunda haqqı olan o əzizlərimizə qaytarmalı olduğumuz borcların müqabilində müdam bacardığımızı edək, gücümüz çatan hər işi görək.
Başqa nəsə etmək imkanımız imkanımız olmayanda belə “dünən onlara rəhmət oxumuşduq” söyləmək tərəddüdü və naqisliyini özümüzə rəva bilərək dua və rəhmətlərimizi o pak, o nigaran ruhlara bu gün bir daha yönəltməkdən vaz keçməyək.
Və hər münasib məqamda onlardan sevgi dolu, hərarətli, minnətdar alqışlarımızı əsirgəməyək!
Bu, Tarix və Millətin Böyük Ruhu qarşısında sadəcə borcumuz yox, vəzifəmizdir!
Dönüb geri baxa bilməməkqəbahətindən uzaq duraq. Axı biz nankor övladlar deyilik!
Axı biz hamımız, hər gün onların yadigarı olan istiqlalın, müstəqilliyin küçəsindən keçirik! 
Bir daha və hər an borclu olduğumuz ŞƏRƏFLİLƏRİN hamısına SALAM olsun!

Akademik Rafael Hüseynov

08.12.2018

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook