RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb + Foto Dek 10, 2018 | 18:45 / Tədbirlər

Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov müasir müstəqil dövlətimizin banisi və qurucusu, dahi rəhbər Heydər Əliyevin tariximizdəki müstəsna yeri və rolundan danışıb. Akademik dahi rəhbər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi xəttinin əhəmiyyətini, doğma Vətən və xalq qarşısında misilsiz xidmətlərini vurğulayıb.

Qeyd edilib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn zaman respublikamız SSRİ ölkələri sırasında öz inkişafına görə xeyli geridə qalırdı. Alim respublikamızın gələcək inkişafı üçün həmin tarixdən etibarən güclü təməllərin atıldığını, qısa müddətdə iqtisadi, hərbi, mədəni və digər sahələrdə bir çox uğurların əldə olunduğunu bildirib. Ümummilli Liderin təşəbbüsü ilə SSRİ-də ilk kondisioner zavodunun 70-ci illərdə Bakıda tikildiyini və istehsal olunan məhsulların bütün ittifaq ölkələrinə göndərildiyini deyən R.Hüseynov bununla Azərbaycanın sənaye həyatında köklü dəyişikliklərin baş verdiyini vurğulayıb.

Alim, həmçinin yüksəkixtisaslı hərbçilərin yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin açıldığını və Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra burada hazırlanmış kadrlardan ibarət ordunun qurulduğunu diqqətə çatdırıb.

Respublikamızın ədəbi, mədəni və tarixi şəxsiyyətlərinə də daim ulu öndər Heydər Əliyevin diqqət göstərdiyini xatırladan akademik bildirib ki, Ümummilli Liderin qətiyyəti sayəsində hələ SSRİ dövründə UNESCO ilə birgə Nəsiminin 600 illik yubileyi keçirilib. Bundan əlavə, Nizami Gəncəvinin əsərləri 100 min tirajla çap olunaraq bütün ittifaq ölkələrinə göndərilib.

R.Hüseynov ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə gələn zaman da respublikamızın inkişafı istiqamətində mühüm işlər gördüyünü qeyd edib.

1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini söyləyən R.Hüseynov 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, respublikamızın böyük inkişaf yoluna çıxdığını diqqətə çatdırıb.

O, ölkənin gələcək iqtisadi inkişafı üçün güclü təməllərin atıldığını, “Əsrin müqaviləsi”nin imzalandığını, nəticədə büdcə gəlirlərinin artdığını vurğulayıb. R.Hüseynov ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Azərbaycanın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayan akademik respublikamızda qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook