RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Millət yaddaşının keşikçisi + Foto Dek 20, 2018 | 19:43 / Yeni nəşrlər

Dünən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində akademik, millət vəkili Rafael Hüseynovun Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov haqqında yazdığı "Millət yaddaşının keşikçisi" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə ictimai xadimlər, ziyalılar, Jurnalistika fakültəsinin professor, müəllim və tələbə kollektivi, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı Vüqar Əliyev Ş.Hüseynovun mətbuat tariximizdə, eləcə də BDU-nun Jurnalistika fakültəsinin tarixindəki müstəsna rolundan danışıb, Rafael Hüseynovun kitabını böyük müəllim haqqında abidə adlandırıb: "Şirməmməd müəllim yaşayan canlı əfsanədir. Təkcə bizim yox, müəllimlərimizin də müəllimi olmuş bu böyük ziyalıdan öyrənəcəyimiz hələ çox şeylər var. Bu cür insanlara qiymət verilməsi mühüm hadisədir. Çox sevindirici haldır ki, Rafael müəllim kimi böyük alimimiz onun haqqında belə bir abidə yaradıb".

BDU-nun professoru Cahangir Məmmədli ustad alim haqqında yazılmış kitabın məhz onun ad günündə təqdim olunmasının Rafael Hüseynovun ona hədiyyəsi kimi dəyərləndirib: "Şirməmməd müəllim bizim ustadımızdır. Məni bu mövqeyəcən gətirib çıxaran müəllimimdir. Bu kitab onun haqqında yazılmış çox gözəl kitabdır. Bu kitabda Şirməmməd müəllimlə bağlı hər şey var. Həm müəllim, həm insan, həm gözəl ailə başçısı kimi onun mükəmməl portreti yaradılıb".

Kitabın müəllifi, akademik Rafael Hüseynov kitabın yazılmasından danışaraq deyib: "Mənimçün kitab böyük anlayışdır. Bu, Şirməmməd müəllim haqqında kiçik bir cizgi, onun doğum gününə bir hədiyyədir. Onun yaradıcılığı elə geniş, elə zəngindir ki, bu mövzuda böyük, çoxcildli, fundamental bir əsər yaratmaq olar. Bu isə çox qısa zamanda yazılmış bir növ improvizədir. Şirməmməd müəllim bu xalqı, bu yurdu bütün qəlbilə sevən ziyalımızdır. O, şərəfli ömür yaşayıb, çox layiqli  alim, xoşbəxt müəllim həyatı sürüb və onun yetirmələri, tələbələri Azərbaycan boyuncadır. O, örnək sayılası ailə başçısı ömrü yaşayıb, Azərbaycana çox dəyərli övladlar bağışlayıb. Və ilk gəncliyindən əli qələmli olub, usanmadan işləyib, bolluca məqalələr, dissertasiyalar, kitablar yazıb. Tanrı, tale, tarix Şirməmməd Hüseynov kimi nadir insanları millətə göndərir ki, cərəyan ötürən naqilə çevrilsinlər, qoymasınlar yaddaş qırılsın, imkan verməsinlər keçmişlə rabitələr kəsilsin. Şirməmməd Hüseynov milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsüdür: Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə bu gün arasında körpü. Allah Şirməmməd müəllimin millət üçün gərəkliyini, tarix üçün faydalığını dəqiq bildiyindən, ona millət körpüsü olmaq vəzifəsini həvalə etdiyindən bu millət üçün onu yaşadır. Sağlam yaşadır, gümrah yaşadır, düşüncəsini aydın, ruhunu təmiz yaşadır. Elə yaşadır ki, bu gün də - doxsanını arxada qoyandan sonra da əli qələmlidir, bu gün də iş başındadır, universitetə gedərək dərsini deyir, bu gün də masasının üstündə yeni tədqiqlər var, millətə təqdim eləyəcəyi yeni işlər sıra gözləyir. Tarix, tale və Tanrı Şirməmməd Hüseynov kimi sərvəti millətimizə çox görməsin!"

Ş.Hüseynovla tanışlığından, uzun illərə söykənən dostluğundan söz açan akademik Vasif Babazadə onun haqqında yazılmış kitabı yüksək qiymətləndirib: "Rafael müəllimin qələmə aldığı bu kitab qısa zamanda yazılsa da, Şirməmməd müəllim və onun şərəfli ömür yolu haqqında çox dəyərli bir əsərdir. Şirməmməd müəllim bütün varlığıyla, canıyla, qanıyla, gördüyü işlərlə əsl vətəndaşdır. Rafael müəllim bu kitaba həmçinin, bir resendent kimi yanaşıb, sanki onun haqqında bir resenziya yazıb".

"Cümhuriyyət haqqında çoxları yazdı, amma Şirməmməd Hüseynov onu milli tariximizə yerləşdirdi" - deyən akademik, millət vəkili Nizami Cəfərov ustad alimin elmi fəaliyyətinin əhəmiyyətinə toxunub: "Hərdən adama elə gəlir ki, Azərbaycan Xalq Cümhuriyyətini milli tarixşünaslığımıza, təfəkkürümüzə Şirməmməd Hüseynov qazandırdı. Buna görə biz hər zaman ona borcluyuq. Cümhuriyyət barədə Azərbaycan xalqının düşüncəsi nə qədər olacaqsa, Şirməmməd Hüseynovun bu haqda kitabları və zəngin elmi fəaliyyəti də yaşayacaq".

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında təqdim olunan kitabı müəllifə İlahidən bir pıçıltı kimi dəyərləndirib: "Kitabın çox qısa zamanda və məhdud şəraitdə yazıldığını qələmə alsaq, sanki bu kitab Rafael Hüseynova göylərin diktəsidir. Şirməmməd müəllim cəmiyyətimizin inkişafına yön verən, qeyrətli, milli ruhlu böyük bir jurnalist, ziyalı ordusunu yaradıb. O insanlar artıq uzun illərdir ki, xalqımızın, dövlətimizin inkişafında mühüm fəaliyyətə malikdirlər. Şirməmməd Hüseynov düşüncəsinin zamanla, məkanla hüdudu yoxdur. O, keçmişdən bu gün kimi danışır və gələcəyi də çox aydın görür".

Professor Asif Rüstəmli də Şirməmməd Hüseynov haqqında fikirlərini bölüşüb: "Jurnalistika fakültəsində oxumasam da, əminliklə deyə bilərəm ki, Şirməmməd müəllim təkcə jurnalistlər üçün deyil, bütün ziyalılar üçün örnəkdir, ustaddır. Onun yaşının bu müdrik çağında da işləmək, yazıb yaratmaq eşqi heyrət doğurur".

Professor Solmaz Tohidi-Rüstəmova Şirməmməd Hüseynovun tələbələri adından çıxış edərək deyib: "Gələn il bizim jurnalistika fakültəsinin ilk məzunları olmağımızın 50 ili tamamlanacaq. Mənim elm dalınca getməyimdə Şirməmməd Hüseynovun rolu əvəzsizdir. Bu gün elmdə qazandığım bütün uğurlarım Şirməmməd Hüseynovun adı ilə bağlıdır. Harda Cümhuriyyətlə bağlı kitab yazılır, tədbir keçirilirsə, orada Şirməmməd müəllimin adı mütləq çəkilir. Çünki Şirməmməd müəllimin Azərbaycan Xalq Cümhuriyyət tarixinə həsr olunmuş kitabları hazır mənbədir".

Sonda çıxış edən Şirməmməd Hüseynov "kim millət sevgisiylə yaşayırsa, yaşamaq özü onun üçün xoşbəxtlikdir" - deyərək, ömür yolunun əsl qayəsini ifadə edib. Qocaman alim ona göstərilən bu diqqət və qayğıya görə, başda kitabın müəllifi R.Hüseynov olmaqla, BDU Jurnalistika fakültəsinin rəhbərliyinə, tədbir iştirakçılarına və çıxışçılara öz təşəkkürünü bildirib.

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook