RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynovdan AŞPA qarşısında sərt tələb Yan 22, 2019 | 15:40 / AŞPA məruzələr

Deputat: AŞPA-da cinayətkar rejimlərlə həmrəylik nümayiş etdirənlər barədə mövqe ortaya qoyulmalıdır

Seçkilərin gedişi və nəticələri ilə bağlı sosial şəbəkələrdə elə Ermənistanın öz vətəndaşlarının saxtakarlıqlar, müxtəlif əyintilər, kütləvi qanunsuzluq halları ilə bağlı faktlara əsaslanan çoxsaylı paylaşmaları heç də xoş olmayan mənzərə yaradır.

Etikxeber.az xəbər verir ki, bu fikri AŞPA-nın qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.

O, bildirib ki,  bu seçkilərə qiymət vermək, onun nə dərəcədə şəffaf, demokratik olduğunu söyləmək istəmir.

“Bu seçkilərdə seçicilərin yarıdan azının iştirak etməsi əhalidəki inamsızlıq, sönük fəallıq dərəcəsi haqqında kifayət qədər aydın siqnal verir. Başqa məqama da diqqət çəkmək istərdim. Burada – Parlament Assambleyasında Ermənistanda əvvəllər keçirilmiş seçkilər də, ölkədəki demokratik təsisatların vəziyyəti də dəfələrlə müzakirə edilib. Xalqın artıq rədd etmiş olduğu, Ermənistan dövləti tərəfindən cinayətkar elan edilən keçmiş prezidentlər də vaxtilə bu mötəbər salonda kürsüyə qalxıblar.

Biz onlarla bağlı kəskin tənqidi fikirlərimizi hər dəfə bildirmiş, bununla əlaqədar sənədlər hazırlamışıq. Lakin Avropa Şurasının Ermənistanda monitorinq aparan məruzəçiləri haray salan nöqsanları sanki görməmiş, ermənistanlı hüquq müdafiəçilərinin səslərini eşitməmiş, hər şeyin təxminən lap yaxşı olmasını göstərən məruzələr hazırlamışlar. İnkişaf hesabatlarında da hər dəfə seçkilər müsbət qiymətləndirilmiş, kriminal rejimin başında duran şəxslərin buradakı çıxışları zamanı onlar haqqında Avropa Şurası adından müsbət fikirlər ifadə edilib.

Bəs indi necə olsun? Tarixi silib atmaq olmur axı! O söylənilmiş, hazırlanmış hesabatların hamısı stenoqrafik şəkildə Avropa Şurası arxivində və bizim yaddaşlarımızda qalır.

İndi Ermənistan özü – onun xalqı da, rəsmi rəhbərliyi də keçmiş rejimin cinayətkar mahiyyətini açıqca bəyan edir” – deyə, deputat qeyd edib.

R.Hüseynov  sonra deyib ki, vaxtilə burada-AŞPA-da Ermənistanla əlaqədar müsbət hesabatlar təqdim etmiş, əsl həqiqətləri təhrif etmiş, cinayətkar rejimlərlə həmrəylik nümayiş etdirmiş şəxslər barədə mövqe ortaya qoyulmalıdır:

“Bu, Avropa Şurasının nüfuzu məsələsidir. Səhvləri etiraf etmək də cəsarət nümunəsidir”.

etikxeber.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook