RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş elmi sessiya İyun 23, 2017 | 22:10 / Tədbirlər

Molla Pənah Vaqif XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. O, ədəbiyyatımızı realist məzmun və xalq yaradıcılığı ruhunda yazdığı qoşma, bayatı, gəraylı və müxəmməslərlə zənginləşdirmişdir. Şairin ölməz lirikası məhəbbət, insan gözəlliyinin tərənnümü, insanlar arasında xoş münasibətin, səmimiyyətin ecazkar ifadəsinə çevrilmişdir.

2017-ci ildə böyük şairin anadan olmasından üç yüz il ötür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin üç yüz illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Sənəddə Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərin öyrənilməsinin zəruriliyi vurğulanmışdır.

Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə 21 iyun 2017-ci il tarixdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçirildi.

Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri açaraq bildirdi ki, hələ 50 il əvvəl Molla Pənah Vaqifin 250 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuşdur. Həmin dövrdə Vaqif yaradıcılığı haqqında sanballı əsərlər yaradıldı, şeirlərinə mahnılar bəstələndi, rəssamlar şairin əsərlərinə illüstrasiyalar çəkdilər. Ümummilli lider Heydər Əliyev 1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdilər. Sonralar ulu öndərin təşəbbüsü ilə ərsəyə gələn məqbərənin 1982-ci il yanvarın 14-də açılışı oldu. Ötən əsrin əvvəllərində yaşamış Firudin bəy Köçərli Vaqif yaradıcılığını xarakterizə edərək demişdir: – “Vaqif Azərbaycan ədəbiyyatının yaradıcısı, şairlərinin babasıdır. Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə... tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub”.

Muzeyin direktoru “Azərbaycan bədii sözündə Vaqif mərhələsi” adlı məruzəsində dahi sənətkarın Azərbaycan bədii söz və fikir tarixindəki rolundan bəhs etdi. O, M.P.Vaqifin öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkarlarımızdan olduğunu qeyd etdi: “Görkəmli şair bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur”.

R.Hüseynov Vaqifin Azərbaycanın siyasi mühitində də mühüm rol oynadığını, ictimai xadim kimi müdrikliyi və uzaqgörənliyi ilə tarixdə iz buraxdığını qeyd etdi. Akademikin sözlərinə görə, Vaqifin ədəbi irsi və siyasi fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi ədəbiyyatşünas alimlərin qarşısında duran əsas hədəflərdəndir.

Sonra tədbir muzeyin Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Molla Pənah Vaqif - XVIII əsr şairi və ictimai xadimi”, muzeyin elmi işçiləri Natəvan Bağırovanın “Molla Pənah Vaqifin gözəllik idealı” və Sevinc Heydərovanın “Vaqif irsi Azərbaycan şeirində və Nizami Muzeyinin ekspozisiyasında” adlı məruzələri ilə davam etdi.

Çıxışlarda vurğulandı ki, Vaqifin uyuduğu Qarabağ torpağı, əsrarəngiz təbiəti olan Şuşa 25 ildən artıqdır erməni işğalçıları tərəfindən zəbt olunub, oradakı abidələr, muzeylər, o cümlədən şairin məqbərəsi dağıdılıb. İnanırıq ki, yaxın gələcəkdə dövlətimizin apardığı uğurlu siyasət nəticəsində Vaqifin “şux gözəlləri”nin gəzdiyi Cıdır düzü də, digər torpaqlarımız da düşməndən azad ediləcək, yalnız bundan sonra doğma övladlarının yolunu gözləyən nigaran ruhlar dinclik tapacaq. Şair və yazıçılarımızın, incəsənət xadimlərimizin növbəti yubileyləri də Qarabağ torpaqlarında keçiriləcək.

Qabil Yusifoğlu,
“Xalq qəzeti”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook