RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb Fev 20, 2019 | 21:13 / Mühüm hadisələr

Kürdəmirdə keçən il ümumi məhsul buraxılışı inişilki illə müqayisədə 9,3 faiz artaraq 408 milyon 11 min manat təşkil edib. Ümumi məhsul buraxılışının 17,8 faizi sənayedə, 39,9 faizi kənd təsərrüfatında olub. Rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait nəticəsində 912 yeni iş yeri açılıb ki, bunun da 867-si daimidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün bunlar Kürdəmirdə keçən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsində, eləcə də müzakirələrdə 2018-ci ildə tikinti-quruculuq və abadlıq işləri, habelə yol infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə tikilən xalça istehsalı emalatxanasının inşası başa çatdırılıb. Hazırda burada abadlaşdırma işləri aparılır. Həmçinin “ASAN xidmət” mərkəzində əsas binanın ikinci mərtəbəsinin dəmir-beton işləri tamamlanıb, üçüncü mərtəbədə hörgü işləri görülür. Mollakənd-Axtaçı-Öyləqulu, Kürdəmir-Xırdapay-Qağacılı, Cəyli, Topalhəsənli, Pirli-Muradxan-Sor-Sor, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yollarında əsaslı təmir və yenidənqurma işləri görülür.

Məruzə və çıxışlarda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, xüsusən pambıq, barama istehsalı ilə əlaqədar həyata keçirilən tədbirlərdən ətraflı danışılıb. Vurğulanıb ki, hesabat ilində 5030 hektar sahədən 6763,2 ton pambıq tədarük olunub. Pambığın əkilib becərilməsi və yığımına, ümumilikdə 6 mindən çox işçi qüvvəsi cəlb edilib. Keçən il 20 ton 400 kiloqram barama istehsal olunub. Cari ildə barama istehsalının 25 tona çatdırılması üçün lazımi tədbirlər görülür.

Ərzaq təhlükəsizliyi üçün xüsusi önəm kəsb edən taxılçılığın inkişafı sahəsində ciddi səylər göstərilir. 45028 hektar sahədən 136417 ton taxıl götürülüb. Hər hektardan məhsuldarlıq 30,3 sentner olub.

Rayon ərazisində əkin dövriyyəsinə qatılması üçün 20 min hektar əkinəyararlı münbit torpaq sahələri seçilib, həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün tədbirlər görülür. 14573 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilib, bu torpaqları istifadə edən 5 aqropark yaradılıb. Hazırda həmin ərazilərdə suvarma şəbəkələrinin təmiri və tikintisi işləri aparılır, digər infrastruktur layihələri həyata keçirilir.

Heyvandarlıq məhsulları istehsalında da nəticələr uğurlu olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Məhsuldar cins heyvanların sayı 2050 başa çatdırılıb. Hesabat ilində süni mayalandırma yolu ilə 1230 baş cinsi yaxşılaşdırılan bala alınıb.

Məruzə və çıxışlarda yaşayış məntəqələrinin qazlaşdırılması, su təchizatı, habelə təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri barədə də ətraflı danışılıb, qarşıda duran konkret vəzifələr müzakirə olunub.

Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov və Milli Məclisin deputatı Rəfael Hüseynov hesabat yığıncağında çıxış ediblər.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook