RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Prezident İlham Əliyevin qayğıkeşi və dayağı olduğu mədəniyyətimizin yeni zəfərləri mütləqdir Mart 10, 2019 | 21:42 / Mətbuatda çıxışlar

Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin böyük bir dəstəsi ilə növbəti görüşünün geniş, həm də xoş əks-səda doğurması təsadüfi deyil. Əslində, dövlətimizin başçısının cəmiyyətin ən müxtəlif təbəqələri ilə səmimi görüşlərinin hər biri dərhal müzakirə mövzusuna çevrilirsə, bununla əlaqədar münasibətlər isti-isti həm xalq arasında, həm də kütləvi informasiya vasitələrində ifadə olunursa, bu, bir göstəricidir. 

Deməli, nailiyyətlərimizi görüb məmnunluq duyanlar da, ölkədə aparılan genişmiqyaslı işləri dəyərləndirən, xalqla ölkə rəhbərliyinin birliyinə sevinənlər də, əksinə, hər belə görüşün Azərbaycan cəmiyyətində yaratdığı yeni ruh yüksəkliyindən narahatlıq keçirənlər, əlüstü xəbis yozumlarla xoş təəssüratları soyutmağa cəhd edənlər də anlayırlar ki, əsas nailiyyətimiz olan iqtidar-xalq birliyi saat kimi dəqiq, rəvan işləyir.
Hər belə görüş yenidən sübut edir ki, bu cür təmaslar qətiyyən formal səciyyə daşımır, ilk növbədə, daxili ehtiyacdan doğur, Prezidentin xalqın səsini daha yaxından eşidib duymaq istəyindən qaynaqlanır. Ən mühümü isə, hər belə ünsiyyət vasitəsilə Prezident İlham Əliyev yeni və daha güclü Azərbaycan quruculuğunda hansı məqamlara daha artıq diqqət yetirmək qənaətlərinə nə kimi korrektə və əlavələr etmək gərək olduğunu müəyyənləşdirir.
Son Prezident seçkilərindən ötən müddət bir ilə yaxınlaşır. Arxada qalan aylarda biz dövlətimizin başçısının əhatəli və sıçrayışlı inkişafa əhəmiyyətli təkan verəcək islahatlar aparmaq səmtində bir sıra cəsarətli addımlarının şahidi olmuşuq. Həm ölkə rəhbərinin açıqca elan etdiyi, həm də şahidi olduğumuz təşəbbüslərdən hiss edildiyi kimi, bu islahat və yeniləşmələr Azərbaycanı yüksəliş və zənginləşmənin, irəliləyiş və rifahın büsbütün yeni, indiyəcən gördüklərimizdən qat-qat üstün mərhələsinə doğru aparır. 
Əslində, qaçqın və məcburi köçkünlərlə görüşüb onların səsini eşitməyi arzulayanda da, təhsil, ya səhiyyə sahəsinin mütəxəssisləri ilə üz-üzə dayananda da, kənd təsərrüfatı sahəsinin təmsilçiləri ilə fikir mübadilələrinə başlayanda da, təbiətin şıltaqlıqlarından əziyyət çəkmiş insanların yanına tələsib onlara hayan duranda da Prezident İlham Əliyevin nitqi, qaldırılan məsələlərə münasibəti bariz şəkildə nümayiş etdirir ki, dövlətimizin başçısı problemlərin ən geniş spektrinə incəliklərinə qədər bələddir. Ölkənin sabahkı daha yüksək tərəqqisi naminə nəyi haradan başlamalı olmağın, islahatların daha səmərəli alınması üçün hansı yolların və həll üsullarının seçilməsinin də təfərrüatlarından yerli-yataqlı agahdır, bütün suallara dürüst, məntiqli, uzaqgörən cavabları hazırdır. Lakin hər belə görüş həm cənab Prezident, həm də qarşı tərəfdən ötrü qarşılıqlı inam və etibarın daha da güclənməsi, ümumi inkişafımız üçün mümkün variantlardan hansının seçilməsinin daha məqsədəuyğun olması, hansı işlərin birinci növbədə, təxirə salınmadan gerçəkləşdirilməsini aydınlaşdırmaq fürsətidir.
Prezident mədəniyyət xadimlərini müzakirələrə dəvət etmək, onları sərbəstcə ürək açmaq, sözlərini açıq deməyə hazırlamaq üçün əvvəlcə özü giriş nitqi ilə çıxış edir. Bu qəbil görüşlərdə dövlət rəhbərimizin belə nitqlərini ard-arda sıralayıb təhlil edəndə anlayırsan ki, bu çıxışların heç biri, sadəcə, uğurların sadalanması və qarşıdakı vəzifələrin çevrəsinin cızılması kimi qəbul edilməməlidir. Hər belə nitqi, əslində, Prezidentin hər gün içərisində gəzdirdiyi Azərbaycan quruculuğu düşüncələrinin ucadan səsləndirilməsi, müdrik bir şəxsiyyətin, ağlına, istedadına, səviyyəsinə inandıqlarına müraciətlə “bəs siz necə düşünürsünüz?” sualını verməsidir. Dövlət başçısının ziyalılara, Azərbaycan mədəniyyətini yaşadıb irəlilədən sənətkarlara, mənəvi və mədəni dəyərlərimizə, bu sərvətləri qoruyub təbliğ edən mədəniyyət ocaqlarına münasibəti həmişə çox həssas olub. Belə nəvazişkar münasibətin ən azı bir nümunəsinə ən yaxın məsafədən müşahidələrlə özüm canlı şahidəm. 
XIX əsrin ortalarında tikilmiş, onillər boyu sadəcə təmir adı ilə yüngülvari əl gəzdirilmiş Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ağır durumda idi. Divarları çat-çat olmuş, döşəmələri dağılmış, tavanının suvaqları qopub tökülmüş bu nadir mədəniyyət və elm mərkəzi, söz məbədi miskin halı ilə ürək ağrıdırdı. Azərbaycan Prezidenti kimi fəaliyyətə başlayarkən dahi Nizaminin adı ilə bağlı muzeyə cənab İlham Əliyevin dəvət gözləmədən gəldiyi ilk ünvanlardan oldu. Gəldi və muzeyə yeni həyat verdi, aylarla bu və digər muzeylərdəki işlərin gedişini, yenidənqurmanın necə aparılmasını, əgər bina bünövrəsindən təzə tikilirsə inşaatın gedişini vaxt taparaq izlədi, tövsiyələrini verdi, işi ləngidən səbəblərin aradan qaldırılmasını təmin etdi. Belə canıyanan və səriştəli, peşəkar və həm də qətiyyətli yanaşma olmayanda isə öyünüləsi, fəxr edilə biləcək nəticələr də ortaya çıxmır. 
Prezident İlham Əliyevin Azərbaycan mədəniyyət xadimlərinin iri bir dəstəsi və aparıcı yaradıcı təşkilatların rəhbərləri ilə son görüşü mənim xatirimə xeyli əvvəl baş vermiş ayrı bir görüşü saldı.
Böyük yolun başlanması ərəfəsi idi. 2003-cü ilin prezident seçkilərinin lap astanasında idik. Seçkilər oktyabrın 15-də keçiriləcəkdi, ayın 14-ü təbliğat-təşviqat mərasimlərinin yekunlaşması, sükut günü olmalı idi. Ayın 1-dək prezidentliyə namizəd İlham Əliyev o günədək çoxsaylı görüşlər keçirmişdi və musiqili teatrın tarixi binasında təşkil edilmiş son yığıncaq, əslində, seçkiöncəsi görüşlərin zirvəsi sayıla bilərdi. Prezident İlham Əliyevlə görüşə Azərbaycanın ən istedadlı, parlaq insanları, bütün Vətəninki olan şəxsiyyətlər – alimlər, pedaqoqlar, yazıçı və şairlər, incəsənət xadimləri, bir sözlə, ən seçmə ziyalılarımız toplaşmışdılar. İlham Əliyev niyyətlərini açıqlayırdı, Azərbaycanı daha böyük zəfərlərə və tərəqqiyə çatdırmaq üçün həyata keçirməyi düşündüyü layihələrdən danışırdı və sadədən-sadə, amma dərindən-dərin bir vəd etdi. Söylədi ki, etimad göstərilərsə, mən Azərbaycana yaxşı Prezident olacağam. 15 ili bitərək 16-cı ili başlanan möhtəşəm yolu ilə Prezident İlham Əliyev hər gün həmin vədini yerinə yetirməklə məşğul olub və nəticə belə qısa zaman ərzində bunca inkişaf etmiş, qüdrətlənmiş Azərbaycandır.
İndi Azərbaycan dövlətinin inkişafındakı yeni və köklü islahatlara başlayarkən Prezident İlham Əliyevin keçirdiyi hər görüş, Azərbaycanın mədəniyyət xadimləri ilə olan son toplantı da bu istiqamətdəki böyük uğurlarımızın müqəddiməsi, anonsu kimi qavranılmalıdır.
Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə fikir mübadilələrinə başlayarkən belə bir görüşün hansı zərurətdən yarandığını birbaşa diqqətə çatdıraraq dedi ki, indiyədək yaşadığımız illərdən fərqli, indiyədək getdiyimiz sürətlərdən seçiləcək təzə, 2019-cu ilimiz başlanır. Bir az da dəqiqləşdirəcək olsaq, Prezidentin nəzərincə, əslində, tam yeni inkişaf dövrümüz start götürüb. 
Bu başlanan dövrün mədəniyyətə yönələn, yaradıcı insanlara üz tutan başlıca çağırışları nədən ibarətdir? Nələri etməliyik ki, əsas güclərimizdən biri olan mədəniyyətimiz, sənətimiz bir qədər də yüksəlsin, nələri etməliyik ki, daha məhsuldar və daha orijinal yaradıcılıq üçün meydan və üfüqlər genişlənsin, hansı tədbirlər görülməlidir ki, yaradıcılıq təşkilatları, mədəniyyətimizin dayağı olan yaradıcı insanların həyat şəraiti indikindən də qənaətbəxş, ürəkaçan olsun?
Söz yox, bütün bu istiqamətlərin hər biri ilə bağlı cənab Prezidentin öz tutarlı mülahizələri, konkret düşüncələri var.
Zəngin Azərbaycan mədəniyyətinin Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazandığı nailiyyətlər həddən ziyadə çoxdur. Həqiqətdə bu dövrün özü mədəniyyətimizin inkişafı və mədəniyyətimizə qayğı sahəsində misli olmayan tarix parçası kimi qiymətləndirilməlidir, məhz misli olmayan. Çünki Prezident İlham Əliyevin quruculuq işlərinin elə böyükdən-böyük miqyasları var ki, bununla tutuşdurmaya uyğun gələn ölçüləri əvvəlki dövrlərdə müşahidə etmək mümkün deyil. Bu müstəsna uğurun səbəblərindən biri də odur ki, cənab Prezidentin bu yolda son dərəcə mötəbər, bu sahəyə peşəkarcasına bələd, mədəniyyətə ruhən, qəlbən yaxın olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi silahdaşı, məsləkdaşı var.
Mədəniyyət xadimləri ilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu görüşünün ortaya qoyduğu mühüm bir həqiqət də var. Görkəmli mədəniyyət adamları bütövlükdə incəsənətimizin və ədəbiyyatımızın ayrı-ayrı problemləri, eləcə də müəyyən sənətkarlar və tarixi şəxsiyyətlərlə bağlı məsələlər qaldırır, arzularını, xahişlərini dilə gətirirdilər. Prezident bu qaldırılan məsələlərin əksəri ilə bağlı, adətən, belə hallara xas olan “araşdırılar, baxılar, müzakirə edilər, yollar axtarılar” kimi yayğın cavabları heç ağlına gətirmir. Dərhal qərar qəbul edir, göstəriş verir, “icra edilsin!” deyir. 
Çünki işin içindədir, çünki qaldırılan və həlli umulan məsələlərin vacibliyini həm o görüşdəki mədəniyyət sahəsinin nümayəndələri kimi yaxşı bilir, həm də sadiq vətənpərvər, millətinin və dövlətinin yüksəlişini ürəkdən istəyən lider kimi bütün bu işlərin həllini tapmasının mühümlüyünə əmindir. Prezident İlham Əliyevin dövlət idarəçiliyi üslubunun səciyyəvi xüsusiyyətlərindən biri də mərhələlik, nəzərdə tutulan işlərin məntiqi ardıcıllıqla, tam həcmdə, bəlli zaman ərzində icra edilməsidir. 
Mədəniyyət xadimləri ilə görüşdə səslənən fikirlər bu istiqamətdə də hansı irəliləyişlərə müvəffəq olduğumuzu əyani şəkildə aşkarlayırdı.
Azərbaycanın bütün ölkəboyu səpilmiş qaçqınları və məcburi köçkünlərinin bir hissəsi illərlə yazıçıların Şüvəlandakı İstirahət evində yerləşmişdi. 
Cəmiyyətimizin bu əzablar görmüş təbəqəsi Prezident İlham Əliyevin səyləri ilə ilbəil salınan müasir tipli şəhərciklərə köçürüldükcə, hər cür təminatlı rahat mənzillərdə yerləşdirildikcə ağır problem xeyli dərəcədə həllini tapdı və yazıçıların istirahət mərkəzi məsələsinin də həll növbəsi yetişdi, Prezident bu haqda da yüzlərlə qələm sahibini şad edən ani qərarını verdi.
“Mədəniyyətimizin İlham Əliyevli son 15 ilində nələrə nail olmuşuq” sualının cavabını vermək və bu əlvan mənzərəni bütün möhtəşəmliyi ilə xəyalda canlandıra bilmək üçün ölkə rəhbərinin həmin toplantıda apardığı bir müqayisədən düstur kimi yararlanmaq yerinə düşər. Prezident İlham Əliyev 2 il öncə dünyanı silkələyən iqtisadi tənəzzül və maliyyə böhranının bizim ölkədən də yan keçmədiyini yada salaraq vurğulayır ki, təsəvvür edin, gəlirlər 4 dəfə azaldığından məsrəflər də 4 dəfə aşağı düşməlidir və belə olarsa, insanlarımız necə müşkül vəziyyətlə, məhrumiyyətlərlə qarşılaşardılar. 
Lakin dövlət qabaqlayıcı tədbirlər görür və xalq bu sarsıntıdan yan keçir. Prezidentin həmin incə təhlilini ona görə yada salıram ki, bəzən insan ağrını yaşamayanda onun acısını yetərincə hiss etmir, yaxşı günə adət etdikcə mümkün çətin günün nigaranlığını özünə yaxın buraxmır. Halbuki, çox vaxt məhz müqayisələr ən ədalətli münsifə dönərək həqiqətlərin aşkarlanmasına şərait yaradır. Həmin düstur dediyimiz Prezident müqayisəsini mədəniyyət həyatımıza tətbiq edək və bir anlıq düşünək ki, bu qazandıqlarımız, bu görülmüş işlər yoxmuş, onda vəziyyət necə olardı?
Təsəvvür edin ki, elə xalça kimi cazibədar memarlıq həlli, içərisinin genişliyi və təchizatı ən müasir tələbləri ödəyən, gələn qonaqların hamısını valeh edən yeni Xalça Muzeyimizin binası tikilməyibmiş və bu muzey elə əvvəldə olduğu kimi, İçərişəhərdə kiçik və köhnə məscidin dar divarları arasına qısılıb qalır – nə ixtiyarlarında olan qiymətəsığmaz xalça kolleksiyalarının, heç olmazsa, beşdə birini qonaqlara göstərmək, nə də onları lazımi səviyyədə qorumaq imkanları var. Yaxud, nə çağdaş üslubda işləyən bir çox cavan sənətkarımızın özünütəsdiqinə meydan açan Müasir İncəsənət Muzeyi yaradılıb, nə də həmin məkanla bağlı nailiyyətlərimiz var imiş. 
Təsəvvür edin, nə Beynəlxalq Muğam Mərkəzi inşa edilib, nə o məkanda cərəyan edən və Azərbaycanı Yer üzünün muğam paytaxtına çevirən Beynəlxalq Muğam simpoziumları, muğam yarışmaları keçirilib, nə tarımız, muğamımız, kəlağayımız, aşıq sənətimiz, Çövkənimiz, Qobustanımız UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib, nə səma altındakı Qala və ona bənzər onlarca yeni maraqlı muzeyimiz yaranıb, nə şəhərimizin sıra-sıra binalarına sığal çəkilib, nə axırıncı 15 ildə “doğularaq” paytaxtımızı bəzəyən abidələr, heykəltəraşlıq kompleksləri var, nə... 
Bu siyahı xeyli uzana bilər. Artıq alışdığımız, gündəlik həyatımızı onlarsız ağla belə gətirmədiyimiz bu mədəni nailiyyətlərimiz olmasaydı, nə qədər kasıb görünərdik, mədəni gerçəkliyimiz nə qədər itirilmiş olardı! 
Amma bütün bunlar var, bunlara elə öyrəşmişik ki, sanki həmişə beləymiş düşünürük. Ancaq bilirik axı, bunların hər birinin arxasında nə qədər zəhmət, mübarizə, sevgi, fədakarlıq dayanır.
Yaxşımızın, əldə etdiklərimizin qədrini və qiymətini daha yaxşı dərk etmək üçün hərdən-hərdən belə tutuşdurmalardan da yan keçməyək.
Mədəniyyət xadimləri ilə həmin görüşdə müjdələr çox idi - yeni ucaldılacaq abidələrin müjdəsi, ayrı-ayrı sənətkarların özünüifadəsinə daha geniş üfüqlərin açılması müjdəsi, bir silsilə mədəniyyət adamının həyatında, məişətindəki çoxdan gözlədikləri müsbət dəyişikliklərin, nəhayət ki, baş verəcəyinin müjdəsi.
Ancaq ən əsas müjdə ondan ibarətdir ki, mədəniyyət xadimləri həmin görüşdən sənətimizdə, yaradıcılıq həyatımızda qan təzələnməsi, yeni zəfərlərə doğru əngin perspektivlər və imkanların açılmasına dərin ümidlərlə ayrıldılar. 
Məşhur zərbülməsəldə: “Rişələrə nəzər sal” deyilir. Yəni hər söylənən sözün dibini, mahiyyətini qavramağa çalış. 
Azərbaycan Prezidentinin Mədəniyyət xadimləri ilə görüşündə söylənən, sənət adamlarının dilə gətirdiyi istək və təkliflərin də hər birinə məhz bu baxımdan yanaşılarsa, bəlli olar ki, həmin tədbirdə ifadə edilən fikirlərin hər birində mədəniyyətimiz naminə ümumi qayğıların əks-sədası var və o düşüncələrdən heç biri, hətta ən fərdi görünənləri belə qətiyyən sırf şəxsi xahiş sayıla bilməz. Belə bir mahiyyəti görməyən görmürsə, ya görmək istəmirsə o, ayrı məsələdir, danılmaz həqiqətsə, məhz belədir!
Əvvələn, hər bir sənət adamı hamımızınkıdır, Vətəninki, millətinkidir. Ömrünü xalqına xidmətə həsr edən hər hansı sənət adamının həyatının, məişətinin, iş şəraitinin daha da yaxşılaşdırılması, elə onun layiq olduğu səviyyəyə çatdırılması üçün özü, ya bir qeyrisi məsələ qaldırısa və dövlətin başçısı da anındaca həmin umacağın müsbət həllinə münasibətini bildirisə bu, yalnız o şəxsin deyil, elə həm də mədəniyyətimizin daha bir yükünün azalması, daha bir nigarançılığına əncam çəkilməsi deməkdir. 
Yaxud, həmin məclisdə unudulmaz bəstəkarımız Süleyman Ələsgərovn nəvəsi babasıının xatirəsinin əbədiləşdirilməsi, paytaxt küçələrindən birinə böyük bəstəkarın adının verilməsini rica edirsə, məgər bu şəxsi xahişdir? Məgər dahi Üzeyir bəyin sədaqətli tələbəsi, ömrü boyu misilsiz ustadının sənət və insanlıq dərslərini şərəflə davam etdirmiş, ölməz musiqi inciləri yaratmış, doğurduqları bu gün də və bütün sabahlarda da hamımıza zövq verəcək bəstəkar Süleyman Ələsgərov həmin diqqətə lap çoxdan layiq deyilmi? Əlbəttə ki, layiqdir və mədəniyyətimizin mükəmməl bilicisi, Süleyman Ələsgərov irsinə də yaxşı bələd olan Prezident İlham Əliyev elə həmin səbəbdən də dərhal bu təvəqqeyə “hə” deyir, ona xas həssaslıq və ədalətlə “həmin küçənin seçimində ailəsi də yaxından iştirak etsin” tapşırığını verməyi də unutmur. 
Elə bu nöqtədə də məsələnin kökünə baxılarsa, aydın olar ki, bizə əbədi yaşayacaq musiqi irsi yadigar qoyub getmiş, bununla da hamımızın boynunda haqqı olan Xalq artisti, görkəmli bəstəkarımız Süleyman Ələsgərovla bağlı qaldırılan məsələ də daha ümumi səciyyəlidir. Axı bu həm də, mədəniyyət xadimləri ilə mədəniyyətin hamisi olan dövlət başçısının görüşündə diqqətə çatdırılan, ciddidən ciddi, hamıya aid təklif və arzudur ki, müstəsna xidmətləri olmuş sənət xadimlərinin xatirlərinin əbədiləşdirilməsi, onlarla əlaqədar xatirə lövhələrinin vurulması, küçələrin, mədəniyyət müəssisələrinin adlandırılması xüsusi bir nizama tabe edilsin. Cənab Prezidentə, Birinci vitse-prezidentə bununla bağlı mütəmadi hesabat və layihələr təqdim olunsun ki, bu qəbil tədbirlərdə belə səsləndirmələrə heç ehtiyac da qalmasın.
Prezident İlham Əliyevin mədəniyyət aləmimizin seçilmişləri ilə görüşünin ayrıntılarına kütləvi informasiya vasitələrinin, hətta sosial şəbəkənin bu və ya digər münasibət ifadə etməsinə macal tapmamış tədbirin yekunları ilə ilk ən fərəhləndirici reaksiyalar elə dövlət başçımızın özündən gəldi – kino sənətimizin inkişafı üçün 5 milyon vəsait ayrıldı. 
Hələ 2018-ci ilin 6 noyabrında Milli Məclisin bir neçə komitəsinin birləşmiş toplantısında və noyabrın 14-də isə artıq plenar iclasda 2019-cu ilin büdcə layihəsi ətrafında müzakirələrdə çıxış edərkən mən kino sənətimizin problemləri ilə bağlı ayrıca bəhs etmişdim. Dünya kinosu təvəllüd tapandan vur-tut üçcə il sonra yaranmış milli kino sənətimizin 120 yaşı var və bu qürur duyulmalı tarixdir. Lakin növbəti ilin büdcəsində kinomuz üçün cəmi milyon yarım vəsait nəzərdə tutlmuşdu və mən də bunun son dərəcə az olduğunu, irəliləyişlərə nail olmaqdan ötrü həmin rəqəmin bir neçə dəfə artırılmasının zəruriliyini vurğulamışdım. 
İndi ölkə rəhbəri həmin milyon yarıma 5 milyon da əlavə edir və bu ani, həm də ağlımıza gətirə biləcəyimizdən də səxavətli yanaşma minnətdarlıqla qarşılanır. Könül sevindirən Prezident reaksiyasını kino sənayesi təmsilçilərimiz haqlı olaraq “bizə bəxş edilən ikinci nəfəs” adlandırır.
İnanıram ki, həmin görüşdən sonra oxşar qayğıya şahid kəsilən teatr xadimlərimiz də eyni qənaəti bölüşürlər.
Nisgilli duyğularla 1970-ci illəri, tələbəlik dövrümüzü xatırlayıram və gözlərimin önündən köhnə bir kinolentdəki kimi Bakı küçələrindən keçən, əllərinə götürdüyü, çiynindən aşırdığı çantaların ağırlığından beli əyilmiş Sara xanım Tağıyeva canlanır. Ən müxtəlif ünvanlara müraciət edən, həmin ağır çantalarda daşıdığı sənədləri göstərən, atasının bu millət üçün faydalı əməllərindən söz açan, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin haqlarının qiymətləndirilməsini, şanlı adının dillərə qayıtmasını istəyən bu qadın ümidlə açdığı qapılardan adətən peşman qaytarılar, lakin ruhdan düşməz, yenə növbəti gün təzədən başqa ünvanlara yönələrdi.
Görüşdə Hacı Zeynalabdinin də sözü açıldı, cənab Prezident o qiymətli şəxsiyyəti sayğı ilə andı, təsirli ailə xatirələrini söylədi və görüşün istisi soyumamış Mehriban xanım Əliyeva müşavirə keçirərək məsləhətləşmələrdən sonra Hacı Zeynalabdinin Bakıda ucaldılacaq heykəlinin yerini müəyyənləşdirdi.
Zavallı Sara xanım belə bir günün haçansa gələcəyini bilsəydi nə xoşbəxt olardı!
Biz ki görürük, bilirik bunları və biz bəxtiyarıq, dövlətimizə, onun qədirşünas rəhbərinə dərin minnətdarlığımızı dilə gətiririk.
Bu, tarixi adlandırıla biləcək nəticələri ortada olan görüş Azərbaycanın seçkin mədəniyyət və incəsənət xadimlərinin sadəcə bir qrupu, yığcam bir dəstəsi ilə Prezident İlham Əliyev və Birinci xanımın fikir bölüşmə saatları idi. Əlbəttə, bu qəbil üstün mədəniyyət xadimlərimizin sayı, əslində qat-qat çoxdur və indi həmin görüşdə iştirak etməmiş müxtəlif sənətçilərin təəssüratlarını oxuduqca sevinirəm. Aydın olur ki, belə bir görüşün baş tutması hamısının ürəyincədir. O da sezilir ki, həmin sənətçilərin hər birinin ürəyindən çox keçir ki, kaş onlar da cənab Prezidentlə, Mehriban xanımla olan bu görüşdə iştirak etmiş olaydılar.
Bu, təbii ki, ölkə Prezidentinə doğma münasibət və sevgidən, onu gerçəkdən mədəniyyətin ən yaxın dostu və hamisi saymaq inamından doğur. 
Belə bir inam və məhəbbət varsa, söz yox onların da qatıldığı yeni-yeni görüşlər mütləq olacaq! 
Beləcə, mühüm tarixi mənası olan görüşə Azərbaycanın nəhəng mədəniyyət xadimləri ordusunun yalnız bir dəstəsi qatılmışdı. Şübhəsiz, tədbirin iştirakçılarının hamısı həmin səmimi, işgüzar, nəticələri ilə könül sevindirən görüşdən qurub-yaratmaq, sənətləri ilə Azərbaycanı daha gözəl etmək üçün yeni impulslar aldılar. Lakin görüşün oyatdığı fərəhdən, ruh yüksəkliyindən, ilhamlandırıcı, səfərbəredici təsirindən mədəniyyət xadimləri ordumuzun hər nəfərinə pay düşdü. 
Prezidentin səninlədirsə, dövlət başçın səninlə əl-ələ, ürək-ürəyədirsə, sənin peşəkarı olduğun sahə dövlətin başçısına yetərincə doğma, məhrəm bir sahədirsə, sənin qayğılarına səndən artıq narahatdırsa, sənin uğuruna ürəkdolusu qürurlana bilirsə, sənin ağrını, arzunu, niyyətini bircə kəlməndən tutursa, əlbəttə ki, hər yeni günə yeni uğurlar qazanmaq əzmi ilə irəliləməyə dəyər! 

Rafael HÜSEYNOV, 
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik

Xalq qəzeti. 06.03.2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook