RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Bakıda “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir Mart 14, 2019 | 21:50 / Konfranslar

Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVIII beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova 2002-ci ildən etibarən universitet tərəfindən təşkil olunan beynəlxalq konfransın ənənəyə çevrildiyini söyləyib. Bildirib ki, tədbirin məqsədi türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsindən ibarətdir. Konfrans türk xalqlarının bədii mədəniyyətinin araşdırılması sahəsində çalışan mütəxəssislər arasında elmi mübadilənin inkişafına xidmət edir. Azərbaycanın müxtəlif tədris və elmi müəssisələrinin əməkdaşları ilə yanaşı, Türkiyə, ABŞ, Macarıstan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan olan mütəxəssislərin iştirakı ilə keçirilən konfransda türk xalqlarının bədii mədəniyyətinə dair 50-yə yaxın məruzə dinləniləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, XXI əsrdə türksoylu xalqların arasında inteqrasiya prosesləri sürətlə genişlənməyə başlayıb. Bu baxımdan konfransın mövzusu çox aktualdır. Konfrans, ilk növbədə, türkdilli xalqların, eyni zamanda, dünya xalqlarının elmi-mədəni inteqrasiyasına töhfə verəcək mühüm elmi hadisədir. Həmçinin musiqi mədəniyyətinin tərkib hissəsi kimi türksoylu xalqların mədəni birliyinin formalaşmasında çox böyük rol oynayır. İ.Həbibbəyli deyib: “Azərbaycanın musiqi mədəniyyəti dünyada ən qabaqcıl yerlərdən birini tutur. Şərqdə ilk dəfə olaraq teatr, opera, konservatoriya, simfoniya, balet təqdim etmiş Azərbaycan, eyni zamanda, bu böyük mədəniyyətin elmi nəzəri istiqamətdə öyrənilməsində dünyada aparıcı yerlərdən birini tutur. XX əsrdə ölkəmizdə musiqi və musiqi nəzəriyyəsinin tarixi ilə məşğul olan çoxlu elmi məktəblər formalaşıb. Bu istiqamətdə ADMİU-nun da mühüm rolu olub. Müasir dövrdə də bu ali məktəb ölkəmizdə həm musiqi mədəniyyətinin, həm də musiqişünaslıq, sənətşünaslıq elminin inkişafına dəyərli elmi töhfələr verir. ADMİU ilə AMEA-nın müxtəlif institutları arasındakı əlaqə hər iki qurumda elmin müxtəlif sahələrinin, yeni ideyaların meydana gəlməsində və inkişaf etdirilməsində mühüm rol oynayır. Konfransda musiqi mədəniyyətinin nəzəriyyəsi, təcrübəsi, tarixi, ənənələrinin ümumtürk kontekstində təqdim olunması əsas istiqamətlərdəndir. Bu cəhətdən beynəlxalq tədbirin proqramı çox zəngindir”.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Şərq estetik təfəkküründə ortaq qəliblər mühafizəkarlığı və qəlibdaxili ifadə azadlığı” mövzusunda məruzə ilə çıxış edib. O deyib: “Şərq və Qərbin həm fərqli, həm də qovuşabilən olmasına dair tezisimizi Şərq və Qərb mədəniyyətlərinə və konkret olaraq, ədəbiyyata, poeziyaya tətbiq edərkən bir sıra diqqətəlayiq məqamlar ortaya çıxır. Bir tərəfdən qarşılıqlı təsir və əks-təsir proseslərinin izlənilməsi mədəniyyətlərarası dialoqun tarixi və indiki dövründə təkrarlanan prosesləri izləmək və bu gedişatdakı sistemliliyi görmək baxımından faydalıdır. Bu proseslərin doğurmuş olduğu yeni və yaşayan modellər diqqətçəkəndir. Digər tərəfdən belə qarşılaşdırma və təhlillər Şərq və Qərb mədəniyyətlərinin elə cəhətlərini aşkar edir ki, həmin sahə və istiqamətlər sanki bir zireh rolundadır, kanonlaşıblar və nə qədər qarşılıqlı əlaqələr və təsirlər baş versə də toxunulmaz qalırlar. Məhz bu nöqtədə Şərqin və Qərbin sırf özünəməxsus dayanıqlı estetik prinsipləri üzə çıxır. Şərqin Şərq, Qərbin isə Qərb olduğu aydınlaşır. Həm Şərq, həm Qərb mədəniyyətləri və ədəbiyyatlarında müəyyən sabit qəliblər var. Onlara Şərqin və Qərbin sırf özünəxas riayət etmək ənənəsi mövcuddur. Formalar, janrlar, məktəblər, cərəyanlar hər biri özlüyündə qəliblər silsiləsi deməkdir. Hətta Şərqdə Qərbdən əxz edilərək izlənilən modellər, formalar da var. Lakin Şərq üçün sabit forma, bəlli süjet, məlum məzmun, hətta mövcud obrazlar dairəsini saxlayaraq ifadə tərzində fərqlənə bilmək orijinallıq göstəricisi kimi qəbul edilib. Musiqiyə müraciət etsək, Şərqin muğamı, Qərbin simfonik musiqisi var”.

Konfransda AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın “Türk xalqlarının musiqisinin araşdırılmasının bəzi məsələləri”, macarıstanlı etnomusiqişünas Şandor Sabonun “Musiqi və dini təcrübə”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tahirə Kərimovanın “Əhməd bəy Ağaoğlu: haqqın yenilməz cəngavəri” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, konfrans çağdaş dövrdə dünyada gedən qloballaşma prosesləri kontekstində türkdilli xalqların mədəni irsinin araşdırılması, bu sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi məqsədlərini qarşıya qoyub. Tədbir, həmçinin türksoylu xalqların mədəni inteqrasiyası prosesinə fayda vermək baxımından böyük əhəmiyyət daşıyır.

Plenar iclasdan sonra konfrans işini “Türk xalqlarının musiqi mədəniyyəti: ənənə və müasirlik”, “Türksoylu xalqların bədii mədəniyyəti müasir mərhələdə: problemlər və perspektivlər”, “Əhməd bəy Ağaoğlu və türkçülük məfkurəsi” adlı bölmələrdə davam etdirib.

Beynəlxalq konfrans martın 13-də başa çatacaq.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook